Nankorluq
Antiazərbaycançı
şəbəkə xalqımıza və dövlətimizə
qarşı erməni lobbisi ilə
yanaşı sapı özümüzdən olan
siyasi buqələmunların xidmətindən
də yararlanır
Müasir beynəlxalq hüquq məkanında Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlər müstəqil subyekt olaraq fəal siyasət yürütməsi, milli maraqlar çərçivəsində çevik fəaliyyət göstərməsi, mövcud olduğu regionun lideri statusunu daşıması, bütün əsas parametrlər üzrə davamlı şəkildə qüdrətli bir ölkəyə çevrilməsidir. Bu kontekstdə Azərbaycanın qazandığı uğurlar artıq özünəməxsus bir model rolunu oynamaqda, yüksək tərəqqi templərini özündə ehtiva edən inkişafı səciyyələndirməkdədir. Ancaq mövcud dünya reallığı fonunda o da danılmaz həqiqətdir ki, ölkəmizin əldə etdiyi bu nailiyyətlərə xəbisliklə yanaşan, mütəmadi şəkildə onun əleyhinə fəaliyyət göstərən qüvvələr də yox deyil.
Birmənalı şəkildə antiazərbaycan mövqeyindən çıxış edən belə qüvvələr ölkəmizə qarşı istənilən fitnə-fəsad törətməkdən, olmazın böhtanlar atmaqdan, heç bir fakta söykənməyən fikirlər səsləndirməkdən çəkinmirlər. Yeni müstəqillik dövrümüzün tarixində bu zəmində baş verən hadisələrə dair kifayət qədər sübut var. Daha bir diqqəti çəkən məqam ondan ibarətdir ki, hazırda fəaliyyət göstərən antiazərbaycançı şəbəkənin tərkibində yer alanlar təkcə tarixən Azərbaycan əleyhinə çıxanlardan deyil, daha geniş spektri əhatə edən qüvvələrdən ibarətdir. Hətta bəzən belə qüvvələr antiazərbaycançı şəbəkənin bir hissəsi olan ermənilərdən, onların lobbilərindən daha radikal münasibət sərgiləmələri ilə seçilirlər. Təbii ki, Azərbaycan artıq öz sözünü deyən qüdrətli dövlət kimi çıxış etdiyindən onun əleyhinə fəaliyyət göstərən qüvvələrin niyyəti hər zaman puç olub və qarşıdakı dövr ərzində də bunun belə olacağına heç bir şübhə yoxdur. Lakin hələ də tutduqları mövqedən geri çəkilməyən bu cür qüvvələr fəaliyyətlərini davam etdirirlər və təəssüf ki, hər zaman öz məqsədlərinə çatmaq üçün sapı özümüzdən olan baltalar da tapa bilirlər.
Belələrini əllərində bir vasitəyə çevirənlər bəzən bir qədər də irəliyə gedərək dünyada strateji tərəfdaşlığın yeni bir nümunəsinin əsasını qoymuş, eyni dilə, dinə, mədəniyyətə, soykökə, tarixə malik Azərbaycan-Türkiyə dostluğuna da əl uzatmaqdan çəkinmirlər. Bu mənada özünü qardaş Türkiyənin "siyasətçi və diplomatı" kimi təqdim edən Turqut Ər adlı birisinin tarixi faktların təhrifindən ibarət olan, olduqca bəsit və primitiv səviyyədə yazılmış, əsasən cızmaqaranı xatırladan kitabı və burada yer alan fikirlərin üstündən sükutla keçmək mümkün deyil. Azərbaycan vətəndaşı olaraq bu yazıya münasibətimi bildirməsəm, vicdanımı susmuş hesab edər, özümü təhqir olunmuş sayardım.
Qeyd olunduğu kimi, müəllif kitabında tarixi faktları açıq-aydın təhrif etmiş, Türkiyə-Azərbaycan qardaşlığına və dostluğuna xələl gətirən uydurma düşüncələrini qələmə almışdır. Nə yaxşı ki, onun yazdıqları bir və ya bir neçə əsr əvvəli deyil, çağdaş zamanı və tarixi əhatə edir.
Heç bir tarixi, elmi, siyasi və hüquqi savadı olmayan istər azərbaycanlı, istərsə də türk yaxşı bilir ki, müasir, müstəqil Azərbaycan dövlətinin qurulması, onun möhkəmlənməsi və bugünkü uğurlu inkişafı məhz xalqımızın ümummilli lideri, həmçinin bütün türk dünyasının haqlı olaraq fəxri sayılan Heydər Əliyevin yorulmaz və təkrarolunmaz titanik fəaliyyəti ilə bağlıdır. Heç kimə sirr deyil ki, daim Azərbaycanın çiçəklənməsi naminə fəaliyyət göstərən, bunu həyatının amalı sayan Heydər Əliyev elə buna görə müəyyən qüvvələr tərəfindən daim çoxsaylı təzyiqlərə, təsirlərə məruz qalmışdır. Azərbaycanın bu böyük oğlu Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək postları tutarkən Moskvaya çoxsaylı təbrik teleqramları ilə yanaşı, həm də yalan və böhtanla dolu, imzalı və imzasız məktublar və teleqramlar da göndərilmişdir.
Lakin bu yalan və böhtanları yazanlar yaxşı başa düşürdülər ki, günəşin üzünü xırda-para qara buludların örtməsi mümkün deyildir. Belə də oldu. Heydər Əliyev Kremldə günəş kimi parladı, siyasi çəkisinə, zəkasına, məharətli idarəçilik qabiliyyətinə, müdrik dövlət xadimi və prinsipial rəhbərlik bacarığına görə lider olduğunu bir daha fəaliyyəti ilə sübuta yetirdi. XX əsrin son onilliyində müstəqil Azərbaycanın banisi və onun davamlı inkişaf strategiyasının müəllifi kimi də ulu öndərin adı bir daha əbədi olaraq xalqın qəlbinə, ölkəmizin tarixinə yazıldı. Bu gün Heydər Əliyev şəxsiyyətinin, zəkasının fenomen bir rəhbər kimi qabiliyyət və məharətinin nələrə qadir olduğunu görməmək ən azı siyasi kütlük və nankorluqdur.
Ötən əsrin 90-cı illərinin ilk yarısınadək Türkiyənin Azərbaycandakı səfirliyində çalışan, əslində isə diplomatiyadan başqa hər bir təxribatçı fəaliyyətlə məşğul olan Turqut Ər də bunları bilməmiş deyil. Buna rəğmən, hadisələrə təhrifçi prizmadan yanaşmaqla Azərbaycanın müstəqillik illərini əhatə edən tarixi haqqında yanlış, həqiqətdən uzaq, saxta, heç bir sənədə, sübuta əsaslanmayan, öz təxəyyülünün məhsulu olan fikirlər səsləndirməklə o, əslində hansı cəbhədə yer aldığını bariz formada nümayiş etdirdi. Onun kitabında yer alan fikirlər heç bir sağlam əqidəli türkün düşüncəsi deyil, hansısa məkrli bir oyun quran, Türkiyə-Azərbaycan dostluğuna və qardaşlığına zərbə vurmaq istəyən qüvvələrin birgə işidir. Bütün dünya Azərbaycanın bugünkü uğurlu iqtisadi inkişafından danışdığı, eləcə də Dağlıq Qarabağ münaqişəsinin çevik və incə bir siyasətlə həllinə nail olmaq ərəfəsində olduğu bir vaxtda belə kitabın ortaya çıxması və onun hissə-hissə daim antiazərbaycançı şəbəkənin yanında yer alan radikal müxalifətə məxsus bir mətbu orqanda dərc olunması hansısa qüvvələrin qarşısında siyasi gözükölgəlikdən başqa bir şey deyildir.
Məsələnin daha bir maraqlı tərəfi ondan ibarətdir ki, öz cızmaqarası ilə Turqut Ər həm də günü-gündən möhkəmlənən Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinə xələl gətirmək istəyir. Bunun üçün o, tapşırıq aldığı dairələrin tövsiyələrinə müvafiq olaraq müstəqil Azərbaycanla Türkiyə arasında münasibətlərin möhkəmlənməsində müstəsna xidmətləri olmuş şəxsiyyətləri hədəfə götürməkdən, onlar haqqında həqiqətə uyğun olmayan, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yaymaqdan belə çəkinmir. Bu mənada heç də təəccüb doğurmur ki, kitabında o, ulu öndər Heydər Əliyevlə yanaşı, Türkiyənin 9-cu prezidenti olmuş Süleyman Dəmirəl barədə də cəfəng fikirlər səsləndirir, bu şəxsin fəaliyyətinə kölgə salmağa cəhdlər edir.
Lakin onun belə sayıqlamaları ilə Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək mümkün deyil. Çünki Azərbaycan və Türkiyə arasında münasibətlər səmimi dostluğa, qardaşlığa əsaslanan kifayət qədər möhkəm özüllər üzərində qurulub. Ona görə də Turqut Ər kimilərinin müəyyən dairələrdən aldığı pullar hesabına ölkələrimiz arasında münasibətlərə çamur atmaq niyyəti iflasa məhkumdur.
Turqut Ərin kitabının məqsədyönlü şəkildə Azərbaycan əleyhinə yönəlmiş fikirlərin toplusundan başqa bir şey olmadığını təkcə burada tarixi faktların təhrif edilməsi göstərmir. Kitabda eyni zamanda Azərbaycandakı bugünkü inkişaf da inkar olunur. Halbuki dünyanın ən nüfuzlu təşkilatları, araşdırma mərkəzləri, tanınmış ekspertləri Azərbaycanın bugünkü tərəqqisini nümunə olaraq göstərirlər. Sözügedən şəxsin bütün bunlara rəğmən nəyə görə Azərbaycan əleyhinə çıxmasına, bunun üçün ölkəmizə şər-böhtan yağdırmasının səbəblərinə gəlincə, hesab etmək olar ki, bu, çatılmamış məqsəddən doğan kin-küdurətdən başqa bir şey deyil.
Xatırlatmaq yerinə düşər ki, 1995-ci ilin mart olayları zamanı dövlətə qarşı qiyam qaldıranların yanında yer alanlardan biri məhz Turqut Ər olmuşdur. AXC-Müsavat iqtidarının aparıcı üzvləri ilə sıx əlaqədə olan, həmin vaxtlar ölkəmizin siyasi və iqtisadi həyatında aparıcı rola malik olmaq istəyən, qaranlıq və qeyri-real geosiyasi layihələr quran Türkiyənin avantürist dairələrinin sifarişlərini yerinə yetirənlərdən biri kimi Turqut Ər Azərbaycanda xaotik bir durumun yaranmasında maraqlı idi. Bunun üçün o, 1995-ci ilin mart hadisələri ilə Azərbaycanda yenicə formalaşmış müstəqil dövlətin dayaqlarını sarsıtmaq məqsədilə fəaliyyətə keçənlərə hər cür yardım edirdi. Lakin yenə də ulu öndər Heydər Əliyevin qətiyyətli iradəsi və mövqeyi sayəsində bu təhlükə Azərbaycan üzərindən sovuşdu və bununla da Turqut Ər də daxil olmaqla, onunla eyni mövqedən çıxış edənlər ölkəmizdən çıxarıldı.
Turqut Ərin Azərbaycanda keçirilən parlament seçkiləri ərəfəsində meydana çıxan cızmaqarasının hissə-hissə radikal müxalifət düşərgəsinin mətbu orqanı olan "Azadlıq" qəzetində dərc edilməsi də xüsusi diqqətçəkən faktorlardan biridir. Əslində, ermənilərə casusluq edən Ruslan Bəşirlini, Xocalı faciəsini azərbaycanlıların adına yazmağa çalışan Eynulla Fətullayevi siyasi məhbus adlandıran "Azadlıq" qəzetindən, onun əsl rəhbəri Əli Kərimlidən başqa bir hərəkət gözləmək də mümkün deyil. Çünki bu qəzet də, onun sahibi də hər zaman Azərbaycanı gözdən salmaq istiqamətində fəaliyyət göstəriblər, bunun üçün ölkəmizə qarşı olan qüvvələrlə daim isti münasibət saxlayıblar. Lakin elə bu istiqamətdə fəaliyyətlərinə görə də daim Azərbaycan xalqının qınağına tuş gəliblər. Bunu cari ilin noyabrın 7-də keçirilən parlament seçkilərinin nəticələri də aydın təsdiqlədi.
"Azadlıq" qəzetində Turqut Ərin bəsit formada qələmə alınmış kitabından hissələr dərc etməklə nə ulu öndər Heydər Əliyevin fəaliyyətinə kölgə salmaq, nə Türkiyə-Azərbaycan dostluq və qardaşlığına xələl gətirmək mümkündur. Bir hüquqşünas kimi həm də bildirirəm ki, Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur. Bu barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsində xüsusi maddə var və o, ciddi məsuliyyət nəzərdə tutur. Hər bir vətəndaş vətənini, xalqını sevməklə yanaşı, onun ümummilli liderini və Prezidentini də milli simvol kimi qəbul etməlidir. Milli hiss və simvollara qarşı xəyanəti, nankorluğu isə tarix heç vaxt bağışlamır və cəzasız qoymur.
Ələkbər
Quliyev, hüquqşünas
Azərbaycan.- 2010.- 2 dekabr.- S. 2.