Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Alain Quidettini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Alain Quidettini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlətimizin başçısı səfir Alain Quidettinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin Azərbaycana, özünün isə İsveçrəyə səfərini xatırlayaraq bu səfərlərin önəmini qeyd etdi həmin səfərlər zamanı əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı məhsuldar müzakirələrin aparıldığını bildirdi. İkitərəfli əlaqələrimizin inkişafına verdiyi töhfəyə görə isveçrəli diplomata təşəkkürünü bildirən dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzuladı.

2008-ci ildə İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin iştirakı ilə ölkəsinin Bakıdakı rəsmi nümayəndəliyinin açılışını xatırlayan diplomat Alain Quidetti ötən dörd ilin rəsmi nümayəndəlik üçün uğurlu məhsuldar başlanğıc olduğunu dedi. O, ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda gedən inkişaf proseslərinin şahidi olmasından məmnun qaldığını bildirdi bu inkişaf proseslərinin gələcəkdə davam edəcəyinə əminliyini ifadə etdi.

 

AzərTAc

Azərbaycan.- 2010.- 12 dekabr.- S.1.