Liderlik zirvəsi

 

Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda

siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazmışlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə fəxr etmişdir.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Ulu öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüşdür. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Azərbaycan neft ölkəsi olmasına baxmayaraq XX əsrin 60-cı illərində sovetlər ittifaqının geridə qalmış respublikalarından biri idi. Heydər Əliyev məhz belə bir vaxtda - 1969-cu il iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldi. Bundan əvvəl isə Heydər Əliyev Azərbaycanda dövlət təhlükəsizliyi sistemində rəhbər vəzifədə çalışmışdı. Böyük öndər hələ bu orqanda fəaliyyəti dövründə Azərbaycan xalqı üçün əvəzolunmaz işlər görmüşdü. Respublikaya rəhbərliyə gəldikdən sonra isə Heydər Əliyev qısa bir zaman ərzində Azərbaycanın ictimai və siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bildi. Ona görə Heydər Əliyev 1982-ci ildə sovetlər ittifaqında ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan artıq inkişaf etmiş sənaye respublikası kimi tanınırdı. O illərdə respublikada çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu.

Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə - müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü - Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi. Sovet ittifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlili materiallarda "Hansı müttəfiq respublika sovetlər ittifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir" - sualına cavab axtarılarkən onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilirdi.

1987-ci ildən başlayaraq sovet rəhbərliyinin himayəsi ilə ermənilər Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün ekstremist fəaliyyətə başladılar. O zaman Azərbaycan xalqı ayağa qalxaraq öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kütləvi xalq hərəkatına başladı. Bu hərəkatda ortada olan qüvvələr məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdə yaratdığı mühitin yetişdirdiyi insanlar idi. Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, bu milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, milli dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Bu mühit Azərbaycanda milli ruhlu kadrların yetişməsinə gətirib çıxarmışdı. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycanda kadr siyasətində azərbaycançılıq prinsipinə ciddi riayət etmiş və bunu məqsədyönlü şəkildə həyata keçirmişdi. Əgər ötən əsrin 50-60-cı illərində Azərbaycanda dövlət idarəçiliyində kadrların böyük əksəriyyəti digər millətlərdən formalaşırdısa, Heydər Əliyevin hakimiyyəti dövründə kadr məsələsində milliləşdirməyə xüsusi diqqət yetirildi. O dövrdə ali təhsil ocaqlarında milli ədəbiyyatımızla, tariximizlə bağlı diskussiyaların aparılması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Heydər Əliyevin milli məfkurənin inkişafına xidmət edən siyasətinin nəticəsi idi. Moskvadan isə həmişə bu işlərə mane olmağa çalışırdılar. Məqsəd də o idi ki, Azərbaycan xalqı öz tarixini, keçmişini, milli ədəbiyyatını və keçdiyi inkişaf yolunu öyrənə bilməsin. Yəni, milli ruhun inkişafına ittifaq mərkəzi həmişə əngəl olmağa çalışırdı. Lakin Heydər Əliyev bunu tədricən, necə deyərlər, damla-damla həyata keçirməkdə idi. Bir fakta diqqət yetirək. Heydər Əliyevin sovetlər dönəmində Azərbaycanda siyasi hakimiyyətdə olduğu illərdə Azərbaycan Elmlər Akademiyasında mərhum Ziya Bünyadovun rəhbərliyi altında Azərbaycan tarixinə dair dəyərli və sanballı əsərlər yazılmışdı. Həmin əsərlərə qarşı ermənilər cidd-cəhdlə mübarizə aparır, onların nəşr olunmasına mane olmağa çalışırdılar. Ermənilər Moskvada olan bəzi dairələrin köməyi ilə Azərbaycan xalqının öz həqiqi tarixini öyrənməsinə mane olmağa cəhd göstərirdilər.

İkinci bir fakt. Mərhum şairimiz Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması məhz həmin dövrdə nəşr olunmuşdu. Buna da Heydər Əliyevin apardığı siyasət və yaratdığı mühit şərait yaratmışdı. Məhz "Gülüstan" poemasında milliliklə, Azərbaycan xalqının azadlığı və istiqlalı ilə bağlı ideyalar vardı. Həmin dövrdə Bəxtiyar Vahabzadə buna görə hansısa bir cəzaya məruz qalmadı. Çünki bu kimi hadisələrin qarşısını Heydər Əliyev alırdı. Heydər Əliyev ziyalılarımızı, kadrlarımızı qorudu, milli iqtisadiyyatı inkişaf etdirdi. Bütün bunlar sovetlər ittifaqının dağıldığı ərəfədə, milli azadlıq və xalq hərəkatının başladığı dövrdə Azərbaycan xalqının söykəndiyi təməl prinsipləri oldu.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. 1990-cı ilin yanvarında sovet qoşunları Bakıya hərbi müdaxilə edərək qanlı hadisələr törətdilər, yüzdən artıq vətəndaşımız qətlə yetirildi. Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq uğrunda apardığı mübarizə qan içərisində boğuldu. Bu haqsızlığa qarşı Azərbaycan xalqı qəti etirazını bildirirdi. Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi və oradan xalqa səslənməsi, bu faciəni törədənləri kəskin ittiham etməsi tarixi prosesə, tarixi hadisələrə ciddi təsir göstərən addım idi. Məhz bu hadisədən sonra Azərbaycanda xalq hərəkatı milli azadlıq hərəkatına çevrildi. Əgər 1987-ci ildə Azərbaycan xalqı ərazi bütövlüyü və Qarabağın qorunması uğrunda mübarizəyə qalxmışdısa, 1990-cı ilin yanvarından sonra gedən mübarizə artıq müstəqillik, azadlıq, suverenlik, istiqlal uğrunda mübarizə idi. Heydər Əliyevin məhz həmin çıxışı, çağırışı Azərbaycanın siyasi həyatında böyük dəyşiklik məqamı oldu və milli azadlıq, istiqlal uğrunda mübarizə başlandı. Bu mübarizə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yekunlaşdı.

Təəssüf ki, Heydər Əliyevin Azərbaycanda əsasını qoyduğu böyük siyasət və yol istiqlalımızın ilk illərində hakimiyyətə gəlmiş bəzi dairələrin səhvləri nəticəsində ölkəmiz üçün zərərə gətirib çıxardı. İstər ö dövrdə iqtidarda olmuş A.Mütəllibov və onun güruhu, istərsə də onu əvəz etmiş AXC-Müsavat cütlüyünün həyata keçirdiyi siyasət Azərbaycanın, xalqımızın qarşısında duran vəzifələrin həllini ləngitdi. Məhz onların yol verdiyi səhvlər üzündən Ermənistan Azərbaycan üzərində hərbi əməliyyatlarını genişləndirdi və Azərbaycanın bəzi əraziləri işğala məruz qaldı. Lakin xalqımız Heydər Əliyevin gördüyü işləri unutmur və bütün hallarda ölkənin xilas edilməsində böyük şəxsiyyətin həlledici rolunu qiymətləndirirdi. Bunun nəticəsində xalqın çağırışı ilə Heydər Əliyev 1993-cü ildə, ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş mübarihəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıtdı. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişindən, yəni 1993-cü ildən sonra ölkəmizdə gedən proseslər geniş bir təhlil, təhqiqat tələb edən bir məsələdir. Aparılan araşdırmalar və təhlillər Heydər Əliyevin nəhəng siyasətinin ayrı-ayrı elementlərini bir daha göz önünə gətirməyi zəruri edir.

1993-cü ilin iyun hadisələri zamanı siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. Hərb cəbhəsində atəşkəsə nail olundu. Bu, Azərbaycan üçün olduqca vacib idi. Çünki hərbi əməliyyatların davam etməsi Azərbaycan iqtisadiyyatının onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıra bilərdi. Azərbaycan həmin müharibəni yalnız Ermənistanla aparmırdı. Hamıya bəlli idi ki, Ermənistana silah pulsuz verilirdi. Ermənistana müxtəlif vasitələrlə ayrı-ayrı ölkələrdən də yardımlar göstərilirdi. Ermənistan tərəfi Azərbaycan Ordusunun hücumları qarşısında tab gətirməyərək atəşkəsə razılıq vermək məcburiyyətində qaldı. Atəşkəsin əldə edilməsi ilə yaranmış fasilədən ümummilli lider Heydər Əliyev ölkədə dövlət quruculuğu işinin aparılması və ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi və maliyyə sabitliyinin yaradılması üçün çox ciddi siyasətin həyata keçirilməsinə başladı. İctimai-siyasi sabitliyin yaradılması üçün Heydər Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini qanunçuluq və möhkəm dövlət intizamının yaradılması təşkil edirdi. Hamıya bəllidir ki, o dövrdə ayrı-ayrı qrupların nəzarətində qanunsuz fəaliyyət göstərən silahlı dəstələr var idi. Bu silahlı dəstələrin, hökumətə, hakimiyyətə tabe olmayan qanunsuz hərbi birləşmələrin mövcudluğu dövlətçilik və müstəqillik, o cümlədən vətəndaşların təhlükəsizliyi üçün qorxu törədirdi. Heydər Əliyevin atdığı ilk əhəmiyyətli addımlardan biri belə silahlı dəstələrin ləğv edilməsi, onlarda olan silahların yığılması oldu.

Ulu öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu siyasətinin tərkibində əsas yerlərdən birini Milli Ordunun yaradılması tuturdu. 1993-cü ilə qədər hakimiyyətdə olan iqtidarların heç biri ordu yarada bilməmişdilər. Heydər Əliyevin qarşıya qoyduğu ən vacib və təxirəsalınmaz vəzifələrdən biri vahid komandanlığa əsaslanan ordunun yaradılması idi. Az zaman içərisində Müdafiə Nazirliyinin tabeçiliyində və dövlətin nəzarətində olan ordu birləşmələri yaradıldı və düşmənin hücumlarının qarşısı alındı.

Heydər Əliyev ictimai-siyasi sabitliyi qorumaq üçün qanunçuluğun yüksək səviyyədə təsbit olunması istiqamətində mühüm addımlar atdı. Ölkədə xaos və özbaşınalığın qarşısı alındı. Xalqın Heydər Əliyevə inamı, etimadı o dərəcədə yüksək idi ki, onun hər bir çağırışı Azərbaycan xalqının bütün təbəqələrində böyük əks-səda doğururdu. 1994-cü ilin oktyabrında xarici qüvvələrin köməyi ilə bəzi dairələr Azərbaycanda dövlət çevrilişinə cəhd göstərdilər. Keçmiş baş nazir S.Hüseynovun rəhbərliyi ilə dövlət çevrilişinə cəhd edən dairələrin məqsədi ölkəmizin həyata keçirdiyi müstəqil siyasəti əngəlləmək, Azərbaycanı yenidən xarici qüvvələrin, imperiya dairələrinin təsiri altına keçirmək idi. Azərbaycan xalqının Heydər Əliyevə olan inamı hesabına dövlət çevrilişinə cəhdin qarşısı qətiyyətlə alındı.

Dövlət çevrilişinə cəhd təsadüfən baş verməmişdi. O dövrdə Azərbaycan öz təbii sərvətlərini dünyaya çıxarmaq və neft-qaz ixracının köməyilə iqtisadi problemlərini həll etmək üçün addımlar atırdı. Xəzərdə Azərbyacana məxsus neft yataqlarının birgə işlənməsi ilə əlaqədar xarici neft şirkətləri ilə danışıqlar aparılırdı. Bu danışıqları pozmaq istəyən qüvvələr 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd göstərdilər. Qeyd etdiyimiz kimi, Heydər Əliyevin qətiyyəti sayəsində bu cəhdin qarşısı alındı və ictimai-siyasi sabitlik qorundu.

1995-ci ilin martında yenidən dövlət çevrilişinə cəhd olundu. Cavadov qardaşları və onları himayə edən xarici dairələr Azərbaycanda sabitliyi pozmaq və ölkənin həyata keçirdiyi siyasəti əngəlləmək üçün dövlət çevrilişinə cəhd etdilər. Bu cəhdin də qarşısı qətiyyətlə alındı.

Beləliklə, Heydər Əliyevin fədakar zəhməti sayəsində Azərbaycanda silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyuldu. Ulu öndərin həyata keçirdiyi siyasət praktik olaraq silahlı çevrilişin Azərbaycan siyasətindən çıxarılmasına gətirib çıxardı. Bu, müasir Azərbaycanın tarixində Heydər Əliyevin adı ilə bağlı olan çox böyük bir nailiyyətdir.

İctimai-siyasi sabitliyin təmin edilməsi iqtisadi islahatların həyata keçirilməsinə yol açdı. Dövlət idarəçiliyi ilə bağlı qanunlar hazırlanaraq təsdiq olundu. Ən başlıcası isə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Azərbaycan xalqı tarix boyu çox dövlətlər qurub. Lakin Azərbaycan xalqının respublika idarə quruluşunun konstitusiyası demək olar ki, olmayıb. 1918-1920-ci illərdə cümhuriyyət mövcud olub. Lakin o dövrdə konstitusiya qəbul olunmadı. Sovetlər dönəmində olan konstitusiya isə müstəqil dövlətin yox, müttəfiq respublikaların konstitusiyası idi.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Bu Konstitusiyanın müəllifi ulu öndər Heydər Əliyevdir. Azərbaycan xalqının siyasi taleyini, siyasi fəaliyyətini, məqsəd və məramını, iqtisadi və dövlət idarə üsulunu müəyyən edən Konstitusiyanın qəbul edilməsi olduqca əhəmiyyətli hadisədir. Bu Konstitusiya ilə Azərbaycanda hakimiyyət bölgüsü - qanunverici, icra və məhkəmə hakimiyyəti arasında bölgü müəyyənləşdirildi. Konstitusiya ilə təsbit edildi ki, Azərbaycan demokratik, hüquqi və unitar dövlətdir. Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi göstərdi ki, Azərbaycanın yolu demokratiyadır. Bütün bunlar ulu öndərin dövlət quruculuğu sahəsində gördüyü böyük işlərin əsas istiqamətlərindən biridir.

Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçısına çevrilməsidir. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri neft strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir. Ulu öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bu neft strategiyası dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar olması üçün böyük rol oynadı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən iqtisadi islahatlar aparılması üçün böyük baza yaradıldı, sosial islahatlar üçün iqtisadi potensial əldə edildi.

Heydər Əliyevin həyata keçirdiyi nəhəng geopolitik layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi bu gün həm Azərbaycan, həm də region üçün böyük rol oynayır. Bütün iqtisadi təhlilçilərin və tədqiqatçıların fikri ondan ibarətdir ki, belə nəhəng layihənin həssas bir bölgədə, geopolitik baxımdan dartışmalar mərkəzi olan Cənubi Qafqazda həyata keçirilməsi yalnız böyük şəxsiyyətin - Heydər Əliyevin uzaqgörənliyi ilə reallaşa bilərdi.

Enerji təhlükəsizliyi bütün dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biridir. Ona görə də Azərbaycanın, o cümlədən Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına əngəl olmaq istəyən qüvvələr var idi. Onların maneələrinə baxmayaraq Heydər Əliyev BTC neft kəmərinin, sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması üçün böyük siyasət həyata keçirdi. Bu layihələrin reallaşması Heydər Əliyevin uğuru, onun böyük şəxsiyyət olaraq tarixi prosesə göstərdiyi təsirlərin nəticəsi idi.

Məhz bu səbəbdən Azərbaycanın regionda yeri daha da möhkəmləndi, beynəlxalq təşkilatlarda nüfuzu artdı. Biz bunu Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlarda görə bilərik. Azərbaycanın artan nüfuzunun nəticəsi idi ki, respublikamız bölgənin lider dövlətinə çevrildi. Eyni zamanda artan nüfuzun nəticəsi idi ki, Ermənistanın Azərbaycana təcavüzü BMT səviyyəsində, ATƏT çərçivəsində ölkəmizin xeyrinə qərar və qətnamələrin qəbul edilməsi ilə müşayiət olundu.

Ulu öndərin əsasını qoyduğu yeni neft strategiyası bu gün də uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən yeni neft strategiyası xalqımızın öz sərvətinə sahib olmasında mühüm rol oynayır. Bu gün BTC və BTƏ Qərblə Şərq arasında körpü rolunu oynayır. Bu layihələr Xəzər regionu ilə Avropa arasında qırılmaz tellərdir, Azərbaycanla Türkiyəni polad kəmərlərlə bir-birinə bağlayıb. Bu bağlılığı hansısa bədxah qüvvələr, çirkin niyyətli dairələr qıra bilməzlər. Bu gün Azərbaycanın razılığı və iştirakı olmadan Qafqazda hansısa bir layihəni həyata keçirmək mümkün deyil. Bu, ulu öndər Heydər Əliyevin başladığı böyük siyasətin davamı və məntiqi nəticəsidir.

Heydər Əliyevin həyata keçirdiyi siyasətin başqa bir istiqaməti iqtisadi tənəzzülün qarşısının alınmasıdır. 1995-1996-cı illərdən başlayaraq iqtisadi böhran aradan qaldırıldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu. İqtisadi islahatların bəhrəsi xalqın rifahına da müsbət təsir göstərməyə başladı. Qısa zaman kəsiyində Azərbaycan iqtisadi baxımdan Qafqazın ən qabaqcıl ölkəsi oldu.

Azərbaycan dövlətçiliyində Heydər Əliyevin adı ilə bağlı olan əsas məqamlardan biri təməl prinsipləridir. Müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin müəllifi Heydər Əliyevdir. Bu təməl prinsipləri yalnız bu gün üçün deyil, eyni zamanda gələcəyə yönəlib. Hər bir xalq öz dövlətçiliyinin idarə olunmasında müəyyən ideoloji prinsiplərə söykənir. İdeologiyasız dövlətçilik mümkün deyil. Xalq ideologiyaya söykənmədən irəli gedə bilməz. Dünyanın aparıcı dövlətlərinin keçdiyi tarixi inkişaf yoluna nəzər salsaq onların müəyyən prinsiplərə söykəndiyini görərik.

Heydər Əliyev Azərbaycan dövlətinin ideoloji cəhətdən altı təməl prinsipini müəyyənləşdirib. Bunlardan birincisi müstəqil dövlətçilik prinsipidir. Müstəqil dövlətçilik prinsipinin qayəsini Azərbaycanın müstəqilliyinin hər şeydən uca olması, suverenliyinin qorunması üçün bütün vasitələrdən istifadə olunmasının zəruriliyi ideyası təşkil edir. Müstəqil dövlətçilik prinsipi hər şey dövlət naminə şüarına söykənir. Azərbaycanda müstəqil dövlətin qurulması yolunda Heydər Əliyevin hələ sovetlər dönəmindən başladığı işlər nəticə etibarilə bu prinsipin reallaşması ilə başa çatdı. Heydər Əliyevin sayəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi tam təmin olundu.

Qanunçuluq prinsipi. Qanun alidir və hər kəs ona tabe olmalıdır. Tutduğu mövqedən, cəmiyyətdəki fəaliyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanuna əməl etməlidirlər. Bu baxımdan qanunçuluq Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün müəyyən etdiyi əsas prinsiplərdən biridir.

Azərbaycançılıq prinsipi. Bu prinsip bütövlükdə Heydər Əliyev ideologiyasının ana xəttini təşkil edir. Azərbaycançılıq dünyada olan azərbaycanlıların vahid bir ideya ətrafında birləşməsini, eyni zamanda Azərbaycanda yaşayan hər bir vətəndaşın dövlətə, xalqa bağlılığını zəruri edir. Azərbaycançılıq dünyada olan azərbaycanlıları müstəqil Azərbaycan uğrunda mübarizədə səfərbər edir.

Varislik prinsipi. Burada söhbət siyasətin varisliyindən gedir. Heydər Əliyev böyük siyasət müəyyənləşdirib. Bu yol davamlı olmalıdır.

Konstruktiv əməkdaşlıq prinsipi. Bu prinsip vətəndaş həmrəyliyini özündə əks etdirir. Vətəndaş həmrəyliyi dünən də lazım idi, bu gün də lazımdır, sabah da lazım olacaq. Çünki istənilən cəmiyyətdə iqtidar-müxalifət mübarizəsi, bu və ya digər məsələdə fikir ayrılığı ola bilər. Bu mübarizə konstruktiv şəkildə, qanun çərçivəsində getməlidir. Bu mübarizə eyni zamanda vətəndaş həmrəyliyində özünü büruzə verməlidir. Bir-birinə əks ideyalar ortaya qoyan qüvvələr nəticə etibarilə ölkəmizin maraqları naminə birləşməli, vətəndaş sülhünü, həmrəyliyini qorumalıdırlar.

Bu prinsip daim Heydər Əliyev tərəfindən qorunub. Heydər Əliyevin yaratdığı, qurucusu olduğu Yeni Azərbaycan Partiyası 1992-ci ildən siyasi arenadadır. YAP müxalifətdə olduğu dövrdə də konstruktivlik nümayişi etdirmiş, vətəndaş sülhünə və həmrəyliyinə əməl etmişdir. Heydər Əliyevin müəyyən etdiyi bu siyasət YAP-ın fəaliyyətində həmişə özünü büruzə verib.

Sosial ədalət prinsipi. Heydər Əliyev siyasətində sosial ədalət önəmli yer tutur. Sosial ədalət olmayan cəmiyyətlərdə insanlar arasında hansısa bir sülhdən, əməkdaşlıqdan söhbət gedə bilməz. Cəmiyyətdə bazar münasibətlərinin inkişafı sosial ədaləti inkar etmir. Dövlətin sosial müdafiə siyasəti həmişə qorunub saxlanılmalıdır. Sosial ədalət vətəndaşın daim dövlətin himayəsində olması deməkdir.

Bu prinsiplər Prezident İlham Əliyevin fəaliyyətində yaxından hiss olunmaqdadır. Biz ulu öndər Heydər Əliyevi yad edərkən, xatirəsini anarkən onun xalqımıza ərmağan etdiyi müstəqil Azərbaycanı qorumağı qarşımızda bir vəzifə olaraq görürük. Bu gün Azərbaycan xalqının bütün təbəqələri üçün Heydər Əliyev ümummilli liderdir. Cəmiyyətimizin inkişafı ulu öndərin ideyalarına söykənir. Heydər Əliyev yolu ilə, Heydər Əliyev ideyaları ilə Azərbaycan daim böyük uğurlar əldə edəcək və böyük zirvələri fəth edəcəkdir.

 

Mübariz QURBANLI,

Milli Məclisin deputatı,

YAP icra katibinin müavini

Azərbaycan.- 2010.- 12 dekabr.- S.2.