AZƏRBAYCANIN BAŞ
ZİYARƏTGAHI
Ölkəmiz üçün kifayət qədər mürəkkəb sayılan taleyüklü bir dönəmdə xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən, müasir Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyev bəşəriyyətin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi tarixdə silinməz iz qoymuşdur. Məhz ümummilli liderin titanik xidmətləri sayəsində həqiqi dövlət müstəqilliyinə qovuşan, dinamik və sürətli bir inkişaf yoluna çıxan Azərbaycan dünyanın siyasət meydanında öz sözünü deyə bilən qüdrətli bir dövlətə çevrildi. Böyük oğlunun tarixi xidmətlərini hər zaman dərin ehtiramla anan xalqımız Azərbaycanın qurtuluşuna və tərəqqisinə həyatını həsr etmiş ulu öndərin xatirəsini daim əziz tutur, onu böyük minnətdarlıq hissi ilə yad edir.
Bunun nəticəsidir ki, ulu öndərin əbədiyyətə qovuşmasının yeddinci ildönümü ilə əlaqədar respublikamızın bütün şəhər və rayonlarının nümayəndələri, paytaxt sakinləri, eyni zamanda xarici ölkələrdən çoxsaylı qonaqlar Fəxri xiyabana gələrək Azərbaycanın Baş ziyarətgahında ümummilli liderin məzarını ziyarət edir, xatirəsini əziz tutur, ruhu qarşısında baş əyirlər. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə sevilir, anılır.
Əməkdaşlarımız Fəxri xiyabana Milli Məclisin deputatları ilə söhbət edərək onların ulu öndərlə bağlı xatirələrini bölüşmüşlər.
Hadi RƏCƏBLİ:
- Ulu öndər Heydər Əliyev şəxsi keyfiyyətləri, davranışı, keçdiyi şərəfli ömür yolu ilə hər birimizə nümunə olan dahi şəxsiyyətdir. Onun dövlətimiz qarşısındakı tarixi xidmətləri o qədər böyükdür ki, bütün bunları sadalamaqla qurtarmaq olmaz. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin gələcək inkişafını müəyyənləşdirdi. Ölkəmizin tərəqqisi, insanların rifahının yaxşılaşması ulu öndərin uzaqgörənliklə və müdrikliklə düşünülmüş siyasətinin bəhrəsidir.
Bu gün Azərbaycan Heydər Əliyevin əsasını qoyduğu uğurlu yolla gələcəyə doğru inamla addımlayır. Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan Prezident İlham Əliyevin dərindən düşünülmüş, xalqının və dövlətinin maraqlarına xidmət edən siyasəti nəticəsində Azərbaycanın dinamik inkişafı davamlı xarakter almış, respublikamızın beynəlxalq aləmdə yeri və nüfuzu daha da möhkəmlənmişdir.
Heydər Əliyev elə bir tarixi şəxsiyyət idi ki, onun ideyaları Azərbaycanın özü qədər əbədidir. Biz Azərbaycan xalqının dünyaya belə bir şəxsiyyət bəxş etməsindən qürur hissi keçiririk. Bu dahi insanın vətən qarşısındakı xidmətləri, həyat və fəaliyyəti hər birimiz üçün örnəkdir.
Fərhad QƏRİBOV:
- Zəngin bir keçmişə malk Azərbaycan xalqının XX əsr tarixinin ən parlaq səhifələrini əhatə edən dövr məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan olduqca böyük və sürətli inkişaf yolunu keçib. Dünyanın siyasi sistemində Azərbaycanın müstəqil və get-gedə artan nüfuzlu mövqeyini, dövlətçiliyin əsaslarını və fəlsəfəsini Heydər Əliyev müəyyənləşdirib. Buna görə də hamı tərəfindən qəbul olunan birmənalı həqiqətdir ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.
Ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin bazasını hələ sovet dönəmində respublikaya rəhbərlik etdiyi zaman yaratmışdı. O, Azərbaycanı sovet dönəmində geridə qalmış respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevirdi. Ulu öndərin təşəbbüsü ilə yaradılan yeni sənaye müəssisələri müstəqillik illərində Azərbaycanın iqtisadiyyatının inkişafına təkan verən ünvanlar oldular. Heydər Əliyev Moskvaya rəhbər vəzifəyə gedəndən sonra da Azərbaycan üçün əlindən gələni etdi.
Azərbaycan yaşadıqca, ulu öndərin adı hər zaman onunla qoşa çəkiləcək. Daim Heydər Əliyev yoluna sadiq qalan Azərbaycan davamlı olaraq yüksələcək, ucalacaq və dünyanın daha zəngin, qüdrətli ölkəsi kimi tanınacaq. Xalqımız, bütün dünya azərabycanlıları isə həmişə Heydər Əliyevlə fəxr edəcək.
Aydın MİRZƏZADƏ:
- Dekabrın 12-si ümummilli lider Heydər Əliyevin anım günüdür. Bu gün biz bir daha Heydər Əliyevi anmaqla, məzarını ziyarət etməklə, ulu öndərin əziz xatirəsinə öz ehtramımızı bildiririk.
Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi dahi şəxsiyyət onun sıralarından çıxıb. Bu gün ölkəmizin müstəqilliyinə, dinamik inkişafına görə Heydər Əliyevə borcluyuq. Biz bu gün atdığımız hər bir addıma Heydər Əliyevin baxışları ilə qiymət verməliyik. Tarix sübut edir ki, Heydər Əliyevin Azərbaycan üçün seçdiyi yol düzgün və uğurlu yoldur. Bu gün Azərbaycan bütün parametlər üzrə nəinki regionun, ümumilikdə götürdükdə böyük bir arealın inkişaf nümunəsidir. Heydər Əliyev irsinə dünyanın bir çox yerlərində müraciət edirlər. 11 xarici ölkədə ulu öndərin abidəsi qoyulub, onun irsi öyrənilir. Biz Heydər Əliyevlə fəxr edirik, ondan nümunə götürürük.
Prezident İlham Əliyevin fəaliyyəti bu gün Heydər Əliyev siyasətinin həyata keçirilməsində, reallaşmasında ən gözəl nümunədir. Güclü dövlət, güclü iqtisadiyyat, güclü diplomatiya Heydər Əliyev siyasəti nəticəsində formalaşmışdır. Sevinirik ki, ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rüstəm XƏLİLOV:
- Müasir Azərbaycanın yaradıcısı olan ulu öndər Heydər Əliyev xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət olaraq yaddaşlara əbədi həkk olunub. Harada olmasından asılı olmayaraq dünyanın istənilən yerində hər bir azərbaycanlı Heydər Əliyev şəxsiyyətini, onun irsini əziz xatirə kimi yad edir. Ən böyük hakim olan zaman get-gedə Heydər Əliyevin Azərbaycan qarşısında nə dərəcədə misilsiz xidmətlər göstərdiyini daha qabarıq şəkildə üzə çıxarır.
Danılmaz həqiqətdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə zəmanəmizin bənzərsiz lideri və şəxsiyyəti olan Heydər Əliyevin adı ilə bağlıdır. Həyatının mənasını xalqına xidmətdə, Azərbaycanın tərəqqisində görən Heydər Əliyev ölkəmizi bütün bəlalardan hifz edərək qoruyub, Azərbaycanın parçalanmasının qarşısını alıb, milli qurtuluşunu təmin edib. Azərbaycanı hərtərəfli sürətli inkişaf yoluna çıxarmış Heydər Əliyevin xatirisi əəbdiyaşardır və daim xalqımız tərəfindən böyük ehtiramla anılacaq.
Elman MƏMMƏDOV:
- Ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixində əbədiyaşar bir şəxsiyyətdir. Xalq bu şəxsiyyəti ulu öndər, ümumilli lider kimi qəbul etmişdir. Bu, əbəs yerə deyil. Azərbaycan deyəndə ilk növbədə Heydər Əliyev yada düşür, anılır. Heydər Əliyevin Azərbaycana ilk dəfə olaraq rəhbərlik etməyə başladığı 1969-cu ildən etibarən Azərbaycanda dövlət quruculuğu, hərtərəfli inkişaf, xalqın rifahının yüksəlməsi, gələcəyi məhz onun adı ilə bağlı olub.
Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri əvəzedilməzdir. Həssas bir regionda yerləşən Azərbaycanda dövlətçiliyin yaradılması və bu dövlətçiliyin bütün bəşəriyyətə örnək olan inkişaf modelinin qurulması Heydər Əliyevin tarixi xidmətidir və bu bütün dünyanın qəbul etdiyi və öyrəndiyi zəngin bir irsdir. Heydər Əliyev müasir dövlət quruculuğu fəlsəfəsini yaradan bir siyasətçi idi. O, sivil, demokratik, dünyəvi dövlət quruculuğu təcrübəsini ortaya qoydu. Heydər Əliyev kimi şəxsiyyətlər tarixi yaradırlar, sonrakı nəsillər üçün örnək və məktəb olurlar.
Tahir RZAYEV;
- Tarixdə dahi şəxsiyyətlərin rolu çox böyükdür. Onlar nəiniki öz fəaliyyətləri ilə tarixi proseslərə xalqlarının, dövlətlərinin rifahı naminə təsir göstərir, həm də bəşəriyyət üçün böyük dəyərlər, zəngin irs yaradırlar. Heydər Əliyev elə bir dahi şəxsiyyət idi ki, onun ideyaları və irsi nəinki Azərbaycan, bütün dünya tərəfindən qəbul edilir, öyrənilir. Ona görə Heydər Əliyevin anım günü hər bir azərbaycanlı üçün müqqəddəs bir gündür. Bu gün nəinki dünya azərbaycanlıları tərəfindən, eləcə də Heydər Əliyevin idealarını dəstəkləyən hər bir insan tərəfindən ulu öndərin xatirəsi anılır.
Heydər Əliyev
1993-cü ildə parçalanmaq təhlükəsi
qarşısında qalan Azərbaycanın dövlət
müstəqilliyini qorudu, möhkəmləndirdi. Onun
sayəsində ictimai-siyasi sabitlik təmin edildi, sosial-iqtisadi
islahatlara start verildi. Heydər Əliyevin ən böyük
xidmətlərindən biri bütün dünya
azərbaycanlılarını azərbaycançılıq
ideologiyası ətrafında birləşdirməsidir.
Bu gün çox
təəssüflənirik ki, Heydər Əliyev cismən
bizimlə bir yerdə deyil. Lakin Heydər
Əliyev mənən bizimlədir. O, ideyaları,
zəngin irsi ilə hər bir azərbaycanlının
qəlbində yaşayır və hər zaman da
yaşaycaqdır.
"Azərbaycan",
Foto F.Bağırovundur
Azərbaycan.- 2010.- 12 dekabr.-
S.3.