Naxçıvan intibah
yolundadır
Tarixi təcrübə
sübut edir ki, xalqların təşəkkül
tapmasında, istiqlal mücadiləsində və dövlət
quruculuğu prosesində hər hansı bölgə dinamik mərkəz
rolunu oynayır və həmin regionun taleyi böyük
ölçüdə millətin taleyi ilə xarakterizə
olunur. Bu
baxımdan Naxçıvan bölgəsinin Azərbaycanın
həm qədim, həm də ən yeni tarixində
oynadığı müstəsna rol danılmazdır.
Naxçıvanın keçdiyi tarixi yola və bugünkü
geniş inkişaf perspektivlərinə nəzər salsaq, qeyd
etdiyimiz fikirlərin hərtərəfli və möhkəm
əsaslara malik olduğunu görərik.
Naxçıvan
çoxəsrlik tarixə və zəngin
maddi-mədəniyyət abidələrinə malik ən
qədim Azərbaycan torpağıdır. Burada hələ
neolit dövründə yerli tayfalar oturaq həyat
sürmüş, müxtəlif təsərrüfat və
sənət sahələri ilə məşğul
olmuşlar. Azərbaycan xalqının
formalaşmağa başladığı XII yüzilliyin
ortalarında Naxçıvan Atabəy Eldəgəzlər
dövlətinin əsas ticarət və sənətkarlıq
mərkəzinə çevrilmiş, həmin əsrin 30-cu
illərinin sonundan 1175-ci ilədək bu dövlətin
paytaxtı olmuşdur. Bu dövrdə əsl renessans
epoxasını yaşayan Naxçıvan həm də iqtisadi
və hərbi əhəmiyyətə malik şəhər
idi. Eldəgəzlərin əsas iqamətgahlarından olan
Naxçıvan şəhəri xeyli inkişaf etmiş,
burada sonralar
YUNESKO-nun
bəşəriyyətin mənəvi irsi siyahısına
daxil edilən qiymətli memarlıq abidələri - qala,
saray, məscid, türbə və s. tikilmişdir.
İkinci Rusiya - İran
müharibəsi (1826-1828) gedişində - 1827-ci ildə rus
ordusu XVIII əsrdə yaranmış müstəqil
xanlığın mərkəzi olan Naxçıvanı da işğal
etmişdi. Naxçıvan
xanlığının zorla Rusiyaya birləşdirilməsi
1828-ci ildə Rusiya və İran arasında bağlanan
Türkmənçay müqaviləsi ilə başa
çatdırılmışdı. Azərbaycanın
digər torpaqları kimi, Naxçıvan da Rusiyanın
tərkibinə keçdikdən sonra ermənilərin
həmin torpaqlarda yerləşdirilməsinə
başlanmışdır. Bilindiyi kimi, bu
bölgələrdə erməni əhalisi azlıqda
qaldığından 1828-ci ildə Güney Azərbaycandan,
Təbriz və çevrəsindən, 1829-1830-cu
illərdə Ərzurum və ətraf kəndlərdən
ermənilər köçürülərək
Naxçıvan və İrəvan dairəsində
yerləşdirilmişdi. 1905-ci ildən başlayaraq öz
xain xislətlərinə sadiq qalan ermənilər
Naxçıvan torpaqlarına ərazi iddiaları ilə
çıxış edərək zaman-zaman
azərbaycanlılara qarşı kütləvi qırğınlar
törətmişlər.
Azərbaycanda
bolşeviklər hakimiyyətə gəldikdən sonra
Naxçıvan Sovet Sosialist Respublikası yaradıldı.
Qurumun ali orqanı olan Naxçıvan İnqilab Komitəsi bu
bölgəni Azərbaycanın ayrılmaz hissəsi elan etdi. Bu qərara istinad edərək Moskva və Qars
müqavilələrinə əsasən Naxçıvanın
üçüncü bir dövlətə
güzəştə gedilməməsi şərti ilə
Azərbaycanın himayəsinə verilməsi qərara
alındı. Naxçıvanın ərazisinin qorunmasında
xüsusilə 1921-ci ildə imzalanmış Qars
müqaviləsinin mühüm əhəmiyyəti
olmuşdur. Lakin müqavilə
şərtlərinə baxmayaraq, Sovetlər birliyi
dövründə Naxçıvanın bir sıra ərazisi
Ermənistana verilmiş, həm bölgənin, həm də
bütövlükdə Azərbaycanın qonşu
Türkiyə Respublikası ilə iqtisadi, siyasi və
mədəni əlaqələrinin qarşısı
alınmışdır.
Naxçıvan
1921-ci il martın 16-dan başlayaraq əvvəlcə
Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun
16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın
9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası,
1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar
Respublikası adlandırılmışdır.
Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR daim
ölkəmizin istiqlaliyyət mübarizəsinin ön
sıralarında olmuşdur. SSRİ-nin
dağılma prosesi 1980-ci illərin sonunda Dağlıq
Qarabağ hadisələrinin təkrar
alovlandırılmasına və ermənilərin yenidən
ölkəmizə qarşı əsassız ərazi
iddialarına gətirib çıxartdı. Müstəqillik
hərəkatını boğmaq üçün 20 yanvar
1990-cı ildə Sovet ordusu hissələrinin Bakıya
girərək qanlı qırğın
törətməsindən 8 saat əvvəl rus-erməni
birləşmələri Naxçıvan MR-in Kərki
kəndini işğal edərək yüzlərlə
azərbaycanlını qətlə yetirdilər.
Beləliklə, sərhədlərinin qorunmasına təminat
ala bilməyən Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının Ali Soveti Moskva və Qars
müqavilələrini əsas götürərək
SSRİ-nin tərkibindən çıxmaq barədə
qərar qəbul etdi. Bu, faktiki olaraq SSRİ-nin süqutunun
başlanğıcı idi.
Bu dövrdə
Naxçıvanın vəziyyəti olduqca ağır idi.
Bölgəni ermənilər tərəfindən işğal
təhlükəsi gözləyirdi. Belə
mürəkkəb və taleyüklü günlərdə,
1990-cı il iyulun 22-də Heydər Əliyev Moskvadan doğma
vətəni Naxçıvana gəldi. Fəal siyasətə
qayıdan Heydər Əliyev Azərbaycan və
Naxçıvan parlamentlərinə deputat, 1991-ci ilin
sentyabrında isə Naxçıvan MR Ali Məclisinə
sədr seçildi.
Azərbaycan
Respublikası Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasında
SSRİ-nin qorunub saxlanılması barədə referendumda
Azərbaycanın iştirakı məsələsinin
müzakirəsi zamanı çıxış edən ulu
öndər Heydər Əliyev bu cür aksiyanın
xalqımızın dövlət müstəqilliyinə
qarşı yönəldiyini
bildirməklə onun əleyhinə səs vermiş,
beləliklə, məhz onun səyləri ilə
Naxçıvan MR Ali Məclisinin 14 mart 1991-ci il tarixli
sessiyasında SSRİ-nin qorunub saxlanılmasına dair
ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak
etməməsi barədə qərar qəbul edilmişdi.
Bu cür tarixi addımların atılması Heydər
Əliyevin uzaqgörən müdrik siyasətçi kimi
hadisələrin məntiqi gedişini heyrətamiz
dəqiqliklə proqnozlaşdıra bilməsi ilə
bağlı idi.
Ulu öndər Heydər
Əliyevin səmərəli və gərgin fəaliyyəti
nəticəsində blokada şəraitinin
yaratdığı çoxsaylı problemlərlə
üzləşmiş Naxçıvanda sosial-iqtisadi
vəziyyətin normalaşdırılması sahəsində
mühüm nailiyyətlər əldə edildi. Bu məqsədlə muxtar respublika ilə qonşu
dövlətlər olan İran və Türkiyə arasında
sıx iqtisadi və mədəni əlaqələr
yaradıldı. Xüsusilə Naxçıvan və
Türkiyə arasında Sədərək
körpüsünün tikintisi və onun 28 may 1992-ci il
tarixdə istifadəyə verilməsi blokada
şəraitində yaşayan muxtar respublika üçün
həyati əhəmiyyət kəsb edən məsələ
idi.
1992-ci il noyabr ayının
21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının
yaranması və Heydər Əliyevin bu siyasi təşkilata
sədr seçilməsi ölkəmizin ictimai-siyasi
həyatında mühüm tarixi hadisəyə çevrildi.
Bu partiya AXC-Müsavat iqtidarının ona qarşı
yönəlmiş təqib və təzyiqlərinə
baxmayaraq, qısa vaxt ərzində təşkilati və
ideoloji baxımdan güclənərək öz
ətrafında böyük intellektual potensialı və
geniş sosial bazanı birləşdirdi. Bu gün qürur
hissi ilə deyə bilərik ki, Azərbaycan siyasi
həyatının ən fenomenal reallığına
çevrilmişdir.
XX əsrin
90-cı illərinin əvvəllərində Azərbaycan
cəmiyyətində hadisələrin dağıdıcı
istiqamətdə sürətlə cərəyan etməsi
və hakimiyyətdaxili ziddiyyətlərin
kəskinləşməsi, vətəndaş
qarşıdurmasının yeni və həlledici
mərhələyə qədəm qoyması ölkədə
ictimai-siyasi vəziyyəti daha da
gərginləşdirmişdi. Məhz
AXC-Müsavat iqtidarı özünün ən gərgin
anlarını yaşadığı bir vaxtda Heydər
Əliyevin Azərbaycan xalqı arasındakı nüfuzunu
nəzərə alaraq bu görkəmli
şəxsiyyətə müraciət etmək
məcburiyyətində qaldı. Nəhayət,
qədirbilən xalqımızın təkidli tələbləri
nəticəsində 1993-cü ildə ümummilli lider
Heydər Əliyevin siyasi hakimiyyətə yenidən
qayıdışı ilə ölkəmizin və onun tarixi
bölgəsi olan Naxçıvanın ictimai-siyasi və
sosial-iqtisadi həyatında yeni mərhələnin
əsası qoyuldu.
Minilliklərin
sınağından çıxmış təcrübə
göstərir ki, fenomenal keyfiyyətlərə, yüksək
dövlətçilik və idarəçilik təfəkkürünə
malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət
yarada bilməmiş, hətta dünya səhnəsindən
tamamilə silinmək təhlükəsi
ilə üzləşmişlər. Ümummilli lider ilk
növbədə xalqının əsrlər boyu
cilalanmış dövlətçilik
təfəkkürü, siyasi dünyagörüşü,
milli dəyərləri əsasında optimal dövlət modeli
və siyasi varislik ənənələri yaratmış
şəxsiyyətdir. Heydər Əliyevi
ümummilli lider kimi xarakterizə edən ən başlıca
amil də məhz onun ən çətin, mürəkkəb
siyasi şəraitdə heç bir zaman tarixi məsuliyyətdən
və şərəfli missiyadan boyun qaçırmaması,
xalqının, dövlətinin problemlərinə biganə
qalmaması olmuşdur.
Ulu
öndər Heydər Əliyevin Azərbaycanın
dövlət müstəqilliyinin əldə olunması, milli
dövlətçilik ənənələrinin qorunub
saxlanılması istiqamətində atdığı
addımlar yenicə müstəqillik qazanmış
xalqımızın həyatında mühüm tarixi
əhəmiyyət daşıyır. Cəmiyyətin
mənafeyini qarşıya qoyduğu ali
məqsədlərdə təcəssüm etdirən belə
nüfuzlu şəxsiyyətlər dövlət
hakimiyyətini ölkənin yalnız bugünkü deyil,
həm də gələcək mənafeyi baxımından
təşkil etməyə, dövlətçiliyin ideoloji-siyasi
və iqtisadi əsaslarını formalaşdıraraq
yeni dünya nizamı ilə uzlaşan optimal dövlət
modeli yaratmağa çalışırlar. Azərbaycan və
Naxçıvan bölgəsinin bugünkü yüksək
inkişaf səviyyəsi həmin tarixi missiyanın və
təcrübənin praktikada təsdiq olunmuş
reallığıdır.
Bu bir həqiqətdir ki,
son on beş ildə Naxçıvan MR-in sosial-iqtisadi
inkişafında böyük irəliləyişlər
yaranıb. Təbii ki, bu irəliləyişlər ilk növbədə
xalqımızın ümummilli lideri Heydər Əliyevin
müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının
bəhrəsidir. Naxçıvanda ulu öndərin
əsasını qoyduğu quruculuq xəttinin Prezident
İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi muxtar respublikada böyük dəyişikliyə
səbəb olub. Bu siyasətin bölgədə uğurla
və dönmədən həyata keçirilməsi
nəticəsində region nəinki iqtisadi və sosial
böhrandan qısa vaxt ərzində yaxa qurtara bilmiş,
həmçinin dayanıqlı inkişafı təmin
etmişdir. Regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı isə ölkəni yeni inkişaf
müstəvisinə çıxarmaqla bərabər, bu
inkişafın regionlara doğru
istiqamətlənməsində mühüm rol oynadı.
Muxtar
respublikanın müasir tərəqqi yoluna nəzər salsaq
görərik ki, təməli ümummilli lider Heydər
Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri
işlədiyi dövrdə qoyulan yeni həyat quruculuğu
xətti 1995-ci il 12 noyabr tarixindən - ilk milli
Konstitusiyamızın qəbulundan sonra dönmədən
və ardıcıllıqla həyata keçirilməyə
başladı. Bu dövrdə müstəqil
dövlətçilik tariximizdə olduğu kimi, cənab
Vasif Talıbovun 16 dekabr 1995-ci ildə Naxçıvan Ali
Məclisinin sədri seçilməsi Naxçıvanın
müasir tarixində mühüm əhəmiyyət
kəsb edən hadisə oldu. Məhz onun rəhbərliyi
altında Naxçıvanda ulu öndər
tərəfindən əsası qoyulan ictimai-siyasi sabitliyin
və sosial-iqtisadi inkişafın
ardıcıllığı təmin edildi. Cənab
Vasif Talıbovun məqsədyönlü səyləri,
Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi
və Azərbaycan Respublikasının nümayəndə
heyətlərinin tərkibində xarici ölkələrə
etdiyi çoxsaylı səfərlər nəticəsində
bölgəyə iri həcmdə investisiya axını
sürətlənmişdir.
Bütün yerli və
xarici ekspertlərin ümumi qənaəti belədir ki,
Azərbaycanın bu regionunun sosial-iqtisadi uğurları
ildən-ilə və sürətlə artır.
Naxçıvanda bütün sahələrdə əldə
edilən nailiyyətlər hər şeydən əvvəl bu
diyarın sakinlərinin rifahının
yaxşılaşdırılmasına xidmət edir. Sənaye dinamik inkişafdadır, sahibkarlıq
üçün əlverişli şərait mövcuddur,
müəssisələrin fəaliyyəti bərpa edilir,
yeni-yeni istehsal sahələri yaradılır. Əhalinin
təxminən 70 faizi kəndlərdə yaşayan
Naxçıvanda aqrar sahənin inkişafına daim diqqət
yetirilir, kənd əhalisinə güzəştli
kreditlər verilir, əhalinin qaz və elektrik enerjisinə
tələbatı tam ödənilir.
Səhiyyə
müəssisələrinin tikintisi və
yenidənqurulması prosesi uğurla davam etdirilir. Təhsilin
inkişafı prioritet sahələrdən biri elan olunub və
hazırda məktəblər sürətlə müasir
informasiya-kommunikasiya vasitələri ilə təmin
olunmaqdadır. Məmnunluq və qürur hissi ilə deyə
bilərik ki, Heydər Əliyev Fondunun dəstəyi bu regionun
təhsilinə də misilsiz töhfələr verir.
Naxçıvan qədim
mədəniyyət mərkəzi, tarixi abidələr
diyarıdır. Bu mənada mədəniyyət
obyektlərinin bərpası və müasir obyektlərin
tikintisi də daim diqqət mərkəzindədir. Kitabxanalar,
muzeylər, mədəniyyət evləri yenidən qurularaq
istifadəyə verilir. Tarixi abidələr də bərpa
olunaraq gələcək nəsillər üçün
qorunub saxlanılır.
Naxçıvan
şəhərinin və muxtar respublikanın rayonlarında
aparılan abadlıq-quruculuq işləri də xüsusi
əhəmiyyət kəsb edir. Naxçıvanda Ali
Məclisin sədri Vasif Talıbovun rəhbərliyi altında
həyata keçirilən işləri yüksək
qiymətləndirən dövlət başçısı
İlham Əliyev demişdir: "Mən çox şadam ki,
Naxçıvanda nəzərdə tutduğumuz bütün
məsələlər bu gün öz həllini tapır.
Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq
işləri çox sürətlə gedir, bütün
sosial məsələlər həllini tapır, yeni
müəssisələr, fabriklər açılır, yollar
çəkilir... Bu gün Naxçıvanda elektrik enerjisi
və qazla təminat ən yüksək
səviyyədədir. Naxçıvanda qazlaşdırma
siyasəti uğurla başa çatıbdır və
hətta sovet dövründə qazlaşdırılmayan
kəndlər, məntəqələr bu gün hamısı
qazlaşdırılıbdır. Yəni, bu, böyük bir
proqramın icrası nəticəsində mümkün ola
bilmişdir".
2009-cu ilin oktyabrında
isə günü-gündən inkişaf edən
Naxçıvan möhtəşəm beynəlxalq
tədbirə - Türkdilli ölkələrin dövlət
başçılarının IX zirvə toplantısına ev
sahibliyi etdi. Türk dünyasının tanınmış
liderləri Naxçıvan Muxtar Respublikasına
toplaşdılar. Bu hadisə Naxçıvanın qısa
müddət ərzində əyalət
şəhərindən regionun ən mühüm beynəlxalq
siyasi mərkəzlərindən birinə çevrilməsinin
ən bariz nümunəsidir.
Onu da qeyd edək ki, 2009-cu
ilin oktyabrında Bakıda keçirilən İslam
Konfransı Təşkilatına üzv ölkələrin
mədəniyyət nazirlərinin 6-cı toplantısı
çərçivəsində Naxçıvan 2018-ci
ildə İslam mədəniyyətinin paytaxtı elan olundu.
Sevindirici haldır ki, bununla da Azərbaycanın mirvarisi olan
Naxçıvanda keçiriləcək silsilə
beynəlxalq tədbirlər bir daha ölkəmizin zəngin
mədəniyyət və tarixini bütün dünyaya
nümayiş etdirəcək.
İndi Naxçıvan
Azərbaycanın ən sürətlə inkişaf edən
bölgəsi olmaqla uzun illər blokada şəraitində
inkişaf etməyin, tərəqqi yolunda olmağın
nümunəsini də nümayiş etdirir. Prezident İlham
Əliyev bu amili xüsusi vurğulamışdır:
"Naxçıvanın xüsusiyyəti ondan ibarətdir
ki, coğrafi baxımdan Azərbaycanın əsas hissəsi
ilə bağlantısı yoxdur. Vaxtilə Azərbaycanın
qədim torpağı olan Zəngəzur diyarının
Ermənistana verilməsi, demək olar ki, Naxçıvanı
coğrafi baxımdan Azərbaycandan ayırıbdır.
Naxçıvan uzun illərdir ki, blokada şəraitində
yaşayır və bu blokadanı Ermənistan tətbiq edir.
Ancaq buna baxmayaraq, Naxçıvanın bütün
imkanları səfərbər olunub və əlavə
tədbirlər görülür, proqramlar icra olunur. Bu gün
Naxçıvan uğurla və sürətlə inkişaf
edən diyardır, respublikadır. Bütün
şəhərlər abadlaşır,
gözəlləşir, yeni mehmanxanalar, sənaye
müəssisələri yaradılır. Enerji
təhlükəsizliyi əsas məsələdir və bu
gün bu, Naxçıvanda öz həllini tapır.
Əminəm ki, gələcəkdə bu sahədə
əlavə tədbirlərin görülməsi
nəticəsində Naxçıvandan qonşu
ölkələrə daha da böyük həcmdə elektrik
enerjisinin ixracı mümkün olacaqdır. Hər halda
biz buna nail olmaq üçün bütün tədbirləri
görürük".
Naxçıvanın
sosial-iqtisadi inkişafının göstəricisi olan konkret
rəqəmlərə müraciət etsək,
hərtərəfli tərəqqinin əyani
mənzərəsinin şahidi olarıq. Yalnız cari ilin ilk
on ayının statistik məlumatına görə, 21 noyabr
2010-cu il tarixdə muxtar respublikada ilin əvvəlindən
istehsal olunmuş ümumi daxili məhsulun həcmi 1 milyard
manat səviyyəsinə çatmışdır. Bu isə
muxtar respublika iqtisadiyyatında indiyədək
müşahidə olunmuş ən yüksək
göstəricidir. Ötən il analoji göstərici 1 milyard
Amerika Birləşmiş Ştatları dolları
səviyyəsini üstələmişdi. Hazırda muxtar
respublikada adambaşına düşən ümumi daxili
məhsul istehsalının həcmi 2464 manat (3067 Amerika
Birləşmiş Ştatları dolları)
səviyyəsindədir.
2010-cu ilin
yanvar-oktyabr ayları ərzində muxtar respublikada
iqtisadiyyatın bütün sahələrində dövlət
texniki, maliyyə və innovasiya dəstəyi ilə 52
layihə üzrə istehsal və xidmət obyektləri
istifadəyə verilmiş, 42 layihə üzrə isə eyni
təyinatlı obyektlərin icrası davam
etdirilməkdədir. 2010-cu ilin yanvar-oktyabr aylarında
Naxçıvan Muxtar Respublikasında 262 milyon 395 min 200
manatlıq sənaye məhsulu istehsal edilmiş və bu
göstərici 2009-cu ilin müvafiq dövründəki
göstəricini 49,8 faiz üstələmişdir. Sənaye
sahəsində mövcud inkişaf templərinin
dayanıqlığı müntəzəm əsasda
dəstəklənmiş və 2010-cu ilin yanvar-oktyabr
aylarında sənaye profilli təsərrüfat
subyektlərinə 6 milyon 737 min 800 manat həcmində
kreditlər verilmişdir. Hazırda digər layihələrin
maliyyələşdirilməsi istiqamətində
tədbirlər davam etdirilir.
2010-cu ilin
yanvar-oktyabr ayları ərzində muxtar respublikada
bütün maliyyə mənbələri hesabına əsas
kapitala 429 milyon 879 min 500 manat həcmində investisiya
yönəldilmişdir. 2009-cu ilin müvafiq dövrü
ilə müqayisədə istifadə edilmiş investisiyanın
həcmi 27,4 faiz və ya 92 milyon 412 min 300 manat artmışdır.
2010-cu ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan
Muxtar Respublikasında tikinti və ya əsaslı
təmirdən sonra ümumilikdə 527 obyekt istifadəyə
verilmiş, 184 obyektin isə tikintisi və ya əsaslı
təmiri davam etdirilməkdədir.
2010-cu ilin yanvar-oktyabr
ayları ərzində informasiya və rabitə
xidmətlərinin həcmi 29 milyon 418 min 600 manat olmuşdur
ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə
müqayisədə 17,3 faiz çoxdur. Bu müddət
ərzində mobil rabitənin həcmi 25 milyon 219 min 900 manat
olmaqla bir il öncəki göstəricini 18,5 faiz
üstələmişdir. Cari ilin yanvar-oktyabr
aylarında muxtar respublikada əhalinin gəlirləri 2009-cu
ilin müvafiq dövrü ilə müqayisədə 21,3 faiz
artaraq 841 milyon 387 min 500 manat, onun adambaşına
düşən həcmi isə 18,6 faiz
yüksələrək 2059,3 manat təşkil etmişdir.
Bu dövr ərzində əhali əmanətlərinin
həcmi üzrə 34,7 faizlik artım müşahidə
olunmuşdur.
Yuxarıda sadalanan faktlar,
son on beş ilin hərtərəfli nailiyyətləri
bizə belə deməyə əsas verir ki, qədim
Naxçıvan diyarı hal-hazırda intibah
dövrünü yaşayır. Bu gün
Naxçıvan Muxtar Respublikası rəhbərliyinin
məqsədyönlü siyasəti nəticəsində
bərqərar olan sağlam ictimai-siyasi mühit,
vətəndaşların yüksələn rifah halı
bölgənin parlaq gələcəyindən və geniş
inkişaf perspektivlərindən xəbər verir.
Prezident İlham Əliyevin 2010-cu ilin 5 oktyabr tarixində
Naxçıvana səfəri zamanı qeyd etdiyi kimi:
"Naxçıvanda iqtisadi inkişaf sürətlə
gedir. Keçən il ümumi daxili məhsul
artmışdır, bu il də artır, templər
yüksəkdir. Bütün bu gözəl
nəticələri biz Naxçıvanın
dəyişən, gözəlləşən simasında
görürük. Naxçıvan qədim Azərbaycan
diyarıdır, qədim tarixə, mədəniyyətə
malik olan diyardır, eyni zamanda, müasir şəhərdir,
müasir respublikadır. Mən əminəm ki,
gələcəkdə Naxçıvan daha da
gözəlləşəcək, inkişaf edəcək
və bütün işlər burada, həmişə
olduğu kimi, yüksək səviyyədə təşkil
olunacaqdır".
Siyavuş NOVRUZOV,
Milli Məclisin İntizam
komissiyasının sədri,
YAP İdarə Heyətinin
üzvü
Azərbaycan.-2010.-15
dekabr.-S.2.