Azərbaycan özünəməxsus inkişaf yolu sayəsində dünyanın yeni iqtisadi fenomeninə çevrilir

 

Akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimində bu barədə ətraflı söhbət getdi

 

 Müstəqil respublikamız son illərdə bütün sahələrdə dinamik inkişaf yolu keçmiş, ictimai həyatın bütün sahələrində yüksək tərəqqi və intibaha imza atmış, özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın diqqətini cəlb etmişdir. Bir çox Qərb dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələrini qısa zamanda adlamağa müvəffəq olmuş respublikamızın 2008-2009-cu illərdə dünyanı sarsıdan qlobal maliyyə-iqtisadi böhrandan minimim itki ilə çıxması, ümumi daxili məhsul istehsalında yüksək tempi qoruyub saxlaması dünyanın nüfuzlu iqtisadi-maliyyə dairələrində də heyrətlə qarşılanır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin ideya müəllifliyi əsasında işıq üzü görmüş "İnkişafın Azərbaycan modeli" kitabında respublikamızın ötən 17 ildə keçdiyi tərəqqi yoluna nəzər salınmış, milli inkişaf modelinin səciyyəvi xüsusiyyətləri göstərilmişdir.

Proseslərə elmi-nəzəri yanaşması, ensiklopedik səciyyə daşıması, fakt zənginliyi ilə diqqəti çəkən kitabın bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş təqdimat mərasimində iştirak edən dövlət və hökumət rəsmiləri, Milli Məclis deputatları, müxtəlif siyasi partiyaların təmsilçiləri, elm xadimləri, ictimaiyyət nümayəndələri respublikamızın milli inkişaf modeli ilə bağlı dəyərli fikir və mülahizələrini bölüşmüşlər.

 

 Əli ƏHMƏDOV,

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı, professor

- Akademik Ramiz Mehdiyevin və yaradıcı qrupun Azərbaycanın iqtisadi inkşafının elmi-konseptual təhlilini aparıb ictimaiyyətə təqdim etmək təşəbbüsü mühüm əhəmiyyət daşıyır. Bu mövzu artıq bir neçə ildir ki, ölkənin elmi ictimaiyyətini dərindən düşündürür. Hesab edirəm ki, Azərbaycanın inkişaf modelinin bazasında, ilk növbədə, ölkədəki sabitlik amili dayanır. Ölkədə ulu öndər Heydər Əliyev tərəfindən təmin olunmuş ictimai-siyasi sabitlik, milli həmrəylik müasir inkişafın platforması rolunda çıxış edir.

Ümummilli lider Heydər Əliyevin neft strategiyası ölkəmizin inkişaf modelinin ikinci baza prinsipidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar inkişafımızın təmin olunmasının vacib şərtidir. Bundan əlavə, müvəffəqiyyətlə reallaşdırılan iqtisadi inteqrasiya və modenrləşmə Azərbaycanın inkişaf modelinin əsas komponenti kimi mövcud uğurların əldə edilməsində mühüm rol oynamışdır.

Azərbaycanın iqtisadi inkişafının mühüm komponentlərindən biri də sosial bazanın mövcudluğudur. Bu baza bundan sonra hələ uzun illər davam edəcək və inkişafa xidmət göstərəcəkdir. Yəni mövcud inkişafın əsasını təşkil edən uğurlu iqtisadi siyasət ciddi nəzəri və praktik bazaya söykənir.

2006-cı ildə YAP-ın təşəbbüsü ilə keçirilən "Azərbaycanın iqtisadi inkişafının modeli" mövzusunda konfransı xatırlatmaq istəyirəm. İnkişafın Azərbaycan modelinin formalaşması fikri birmənalı şəkildə qərarlaşıb. Azərbaycanın inkişaf modeli dedikdə nə başa düşülür? Bu barədə söhbət edərkən ilk növbədə bu inkişafın reallaşmasının platforması kimi Azərbaycandakı ictimai-siyasi sabitliyi qeyd etmək lazımdır. Ulu öndərin göstərdiyi kimi, "sabitlik, dinclik olmayan yerdə hər hansı inkişafdan, o cümlədən də iqtisadiyyatın inkişafından söhbət gedə bilməz". Ölkədə Heydər Əliyev tərəfindən təmin edilmiş davamlı ictimai-siyasi sabitlik Azərbaycanın sürətli iqtisadi inkişafının platforması rolunda çıxış edir. Bu mənada ölkədəki ictimai-siyasi sabitlik Azərbaycanın iqtisadi inkişaf modelinin tərkib hissəsinə daxildir. Bu, Azərbaycanın inkişaf modelinin birinci komponenti qismində də götürülə bilər.

İkinci mühüm komponent Heydər Əliyevin müəyyənləşdirdiyi yeni neft strategiyasıdır. Bu komponent bir tərəfdən Azərbaycanın iqtisadi inkişafının təməli rolunda, digər tərəfdən sosial və geopolitik faktor rolunda çıxış edir. Beləliklə, Azərbaycanda formalaşmış inkişaf modelinin reallaşmasının təmin edilməsinə töhfəsini verir. Uğurlu neft strategiyasının aparılması nəticəsində istər aqrar, istərsə də iqtisadiyyatın digər sferalarında gerçəkləşdirilən islahatlar Azərbaycanın sürətli iqtisadi inkşafını təmin etmişdir.

Respublikamız iqtisadi inteqrasiya komponenti sayəsində özünün iqtisadi inkişafının təməl prinsiplərini təmin edir, dünya iqtisadiyyatının vacib hissəsi kimi ona birləşir. Azərbaycan hazırda təkcə Cənubi Qafqaz bölgəsində deyil, bütövlükdə dünyada mühüm tranzit mərkəzə çevrilməkdədir. Bu amil də Azərbaycanın inkişaf modelinin çox vacib tərkib hissələrindən sayılır.

Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin kökündə dayanan çox önəmli məqamlardan biri də bütün sferalarda modernləşmənin tətbiqidir. Bu da inkişaf modelinin kökündə dayanan məqamlardandır. İstənilən inkişaf cəmiyyət üzvlərinin firavanlığını təmin etmək məqsədi daşıdıqda özünün əsas məqsədinə çatmış olur. Bugünkü Azərbaycanın inkişaf modellərindən birini də sosial baza amilində görmək mümkündür. Azərbaycan bazar iqtisadiyyatının bütün prinsiplərini qəbul etsə də, iqtisadi siyasətdə sosial məsələlər, sosial elementlər mühüm yer tutur. Bu isə özünü sosial baza elementlərində göstərir, insanların rifahının yaxşılaşdırılması tədbirlərini özündə ehtiva edir. Artıq Azərbaycan özünün inkişaf modelini formalaşdırıb. Təbii ki, hər bir model təkmilləşib inkişafın növbəti mərhələsində davamlılığı təmin etmək üçün lazım olan komponentlərlə də zənginləşir. Azərbaycanın davamlı inkişafı üçün güclü baza yaradılıb.

Bütövlükdə bu siyasətin həyata keçirilməsini nəzərdə tutan ayrı-ayrı komponentlərin insanlarımız tərəfindən qavranılması və inkişaf amilinə çevrilməsi istiqamətində səylərin uğur qazanmasında bu kitabın əhəmiyyəti böyükdür. "İnkişafın Azərbaycan modeli" kitabı iqtisadçılarla yanaşı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti öyrənənlər və dövrümüzün tədqiqatçıları üçün də mükəmməl nəzəri mənbədir.

 

Əli MƏSİMOV,

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü

- "İnkişafın Azərbaycan modeli" kitabı Azərbaycanın müasir iqtisad elmində irəliyə doğru addım olmaqla yanaşı, bütövlükdə, iqtisadi fikrin əsasını təşkil edən mövzuların təməlini təşkil edir. Bu kitabın ərsəyə gəlməsində xidmətləri olan insanlara təşəkkür edir, yeni nəşri milli inkişaf modelinin tədqiqi istiqamətində ilk uğurlu cəhdlərdən biri kimi dəyərləndirirəm.

İlk növbədə qeyd etmək istərdim ki, yeni kitab həm fəlsəfi, həm nəzəri-metodoloji, həm də praktik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. "İnkişafın Azərbaycan modeli" kitabında xüsusən də Azərbaycanın iqtisad elmində dar mənada başa düşülən model anlayışına geniş yanaşmaya cəhd göstərilib. Əsərdə 20 ilə yaxın müddətdə görülən işlər model anlayışı nöqteyi-nəzərindən tədqiq olunub, sistemləşdirilib, milli inkişafın özünəməxsusluğunun nədən ibarət olması göstərilib.

Dünyada 200-dən çox ölkə olsa da, onların çox az qisminin özünəməxsus milli inkişaf modeli formalaşıb. Bu baxımdan ABŞ, İçveç, Almaniya, Cənubi Koreya və digər modelləri qeyd etmək olar. İqtisadçı olaraq hesab edirəm ki, Azərbaycanın ötən 20 ildə keçdiyi yol, aparılan islahatlar, qazanılan nəticələr respublikamızın milli iqtisadi inkişaf modelinin formalaşdığını əminliklə söyləməyə ciddi əsaslar yaradır.

Sovet İttifaqının dağılması və mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidin ilkin mərhələsini analiz etdikdə paradoksal mənzərə yaranır. Nə qədər qəribə görünsə də, o illərdə ən çox böhranla üzləşən dövlətlər islahatlarda daha çox irəli gedənlər oldu. İslahatlarda geridə qalan dövlətlər isə bu qlobal dəyişikliklər fonunda böhranın təsirini daha az duydular. Bu sırada Mərkəzi Asiya respublikalarını, o cümlədən Özbəkistanı göstərmək olar. Lakin o dövrdə Gürcüstanda 70 faizdən, Ermənistanda 60 faizdən, Moldovada 60 faizdən çox enmə baş verdiyi halda, Azərbaycan iqtisadiyatında geriləmə 60 faizdən az oldu. Bu, birinci mərhələni əhatə edən xaotik dövrün əsas nəticələrindən idi.

İkinci mərhələdə isə islahatların sistemli şəkildə həyata keçirilməsi, güclü siyasi iradə, düzgün iqtisadi siyasət öz uğurlu nəticələrini verdi. Bu üç komponentin birləşməsi nəticəsində Azərbaycan nəinki orta MDB, hətta orta dünya göstəricisindən də çox inkişaf etdi, 10 faizlik artıma nail oldu. 1997-1998-ci illərdə Cənub-Şərqi Asiyadan başlayaraq dünyanın bir çox ölkələrini əhatə edən iqtisadi böhrandan kənarda qaldı.

 Hesab edirəm ki, respublikamız 2008-2009-cu illəri əhatə edən növbəti maliyyə-iqtisadi böhranın mənfi təsirlərinə də uğurla müqavimət göstərdi. 1929-1933-cü illərin iqtisadi böhranından heç də az dəhşətli olmayan bu böhran dalğası respublika iqtisadiyyatının dayanıqlılığını bir daha nümayiş etdirdi. Əgər dünya ölkələri 3 faiz, MDB ölkələri 9 faiz gerilədisə, Azərbaycan ümumi daxili məhsulun 9,3 faizlik artımına nail oldu. Bir daha təsdiqləndi ki, Azərbaycanın milli iqtisadi inkişaf modeli ən dəhşətli böhrana da layiqli müqavimət göstərmək imkanındadır! Məhz buna görə Azərbaycanın hazırkı iqtisadi inkişaf yolu dünya miqyasında maraqla, heyrətlə qarşılanır, milli iqtisadi inkişaf modeli kimi qəbul edilir!

"İnkişafın Azərbaycan modeli" kitabının əhəmiyyəti həm də ondan ibarətdir ki, burada keçid dövrünün xaos, iqtisadi artım və iqtisadi yüksəliş mərhələləri kifayət qədər sistemli, dolğun, faktoloji baza əsasında tədqiq olunmuşdur. Kitabda milli iqtisadi inkişaf modelinin dünyada mövcud olan digər modellərdən fərqli xüsusiyyətləri dəqiq şəkildə göstərilmişdir.

Məlumdur ki, hər bir iqtisadi inkişaf modelinin özünün mühüm komponentləri, səciyyəvi xüsusiyyətləri olur. Məsələn, ABŞ iqtisadi modeli daha çox "fərdin qabiliyyəti" amilinə əsaslanır. Yapon iqtisadi modeli isə "fərd və texnologiya" amili üzərində köklənib. Avropa ölkələrinin iqtisadi modelində isə fərddən çox texnika öndə dayanır. Azərbaycan iqtisadi modeli isə üç mühüm komponent üzərində formalaşıb: resurs, insan və inteqrasiya amilləri! Bu üç amilin uğurlu kombinasiyası Azərbaycanın milli iqtisadi inkişaf modelini daha dayanıqlı və möhkəm edir.

Əsərdə düzgün olaraq keçid dövrü bitdikdən sonra Azərbaycanın hansı yolla inkişaf edəcəyi sualına da cavab axtarılır. Eyni zamanda vurğulanır ki, Azərbaycan Konstitusiyasına edilmiş son dəyişikliklərdən sonra respublikamızın sosialyönümlü bazar iqtisadiyyatı yolu ilə irəliləyəcəyi tam təsdiqini tapıb. Yəni ölkənin əldə edəcəyi iqtisadi nailiyyətlər hansısa mücərrəd məqsədlərə yox, bilavasitə insan amilinin tərəqqisinə, insan kapitalından səmərəli istifadə edilməsi məqsədinə yönəldiləcəkdir. Çünki kiçik dövlət olmasına baxmayaraq respublikamızın 30 milyard dollar valyuta ehtiyatı formalaşıb. Eyni zamanda ölkədə neft gəlirlərini əvəz edəcək informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində atılan addımlar perspektiv yüksəliş üçün əsas amillərdən birinə çevriləcəkdir. Qısası, respublikamız insan kapitalından səmərəli istifadə etməklə təkcə regionda deyil, bütün dünyada iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən biri kimi tanınacaqdır.

Hesab edirəm ki, Azərbaycanın milli inkişaf xüsusiyyətlərini özündə əks etdirən bu sanballı nəşrin başqa dillərə də tərcümə olunaraq yayılması vacibdir. Eyni zamanda iqtisadçı alimlərimiz bu kitabdan sonra milli iqtisadi inkişaf modelinin ayrı-ayrı komponentlərinin tədqiqi istiqamətində işləri davam etdirməlidirlər.

 

Fazil MUSTAFA,

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri

- "İnkişafın Azərbaycan modeli" kitabı cəmiyyətdə çox mühüm, ciddi və əhəmiyyətli diskussiyaların davam etdirilməsinə yeni təkandır. Bəllidir ki, model anlayışı iqtisadiyyatda birmənalı qəbul olunmur. İlk növbədə, bu iddianı ortaya qoyan ölkə ciddi elmi mülahizələrlə onu isbat etməlidir. Akademik Ramiz Mehdiyevin ideya müəllifliyi və ön sözü ilə çapdan çıxmış bu fundamental əsər, ilk növbədə, respublikamızın milli iqtisadi inkişaf modelinin formalaşması ilə bağlı iddianın əsaslandırılmasına xidmət edir. Yəni Azərbaycanın özünəməxsus iqtisadi inkişaf modelinin formalaşdığı təkcə ölkə hüdudlarında deyil, dünya miqyasında da qəbul olunmalıdır.

Ümumiyyətlə, keçid iqtisadiyyatının ümumi qanunauyğunluqları məsələsi həmişə mübahisə doğurur. Yəni hər bir ölkənin spesifik inkişaf yolu, resursları olur. Azərbaycan kimi yeni müstəqillik qazanmış respublikaların ən ciddi problemi, adətən, ilkin kapital yığımı ilə bağlı olur və biz bu ağır mərhələni yaşamışıq. Lakin davamlı kapitalist sistemini yaşamayan Azərbaycanın transmissiya prosesində hansı alternativləri, variantları secəcəyi olduqca maraqlı idi. Belə ki, bu gün dünyanın bir sıra ölkələri neftlə zəngin olsalar da, onların əhalisi olduqca kasıb yaşayırlar. Neft heç də həmişə inkişafa xidmət edən vasitəyə çevrilmir. Düşünülməmiş siyasət yeritdikdə, neft həm də sabitliyin pozulmasına, "Holland sindromu"nun yaranmasına gətirib çıxarır.

Azərbaycanın ən böyük uğurlarından biri neftin məhz sabitlik yaradacaq amilə çevrilməsidir. Ümumiyyətlə, ictimai-iqtisadi formasiya dəyişikliyi prosesində üç əsas mərhələnin adlanması vacib sayılır. Birinci növbədə, böhran fazasının keçilməsi üçün qətiyyətli addımların atılması zəruridir. Yəni planlı iqtisadiyyatdan bazar iqtisadiyyatının hansı modelinə keçilməsi vacib amillərdən biridir. Azərbaycan bu mərhələni uğurla geridə qoyaraq neft strategiyasını düzgün müəyyənləşdirdi. Bu vacib xammaldan ölkənin perspektiv inkişafı üçün istifadə olunması yönümündə strateji qərarlar qəbul edildi, "Əsrin müqaviləsi" imzalandı.

İkinci mərhələdə siyasi, hüquqi, iqtisadi sahədə islahatların aparılması, zəruri qanunvericilik bazasının formalaşdırılması son dərəcə aktual idi. Hesab edirəm ki, Azərbaycan bu sahədə də kifayət qədər uğurlu addımlar atdı, qanunvericilik sistemi yeni dövrün tələblərinə uyğunlaşdırıldı, struktur islahatları həyata keçirildi.

Üçüncü mühüm addım isə inkişaf istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi idi. Bu gün biz məhz kompleks inkişaf istiqamətinin nəticəli tərəflərini müzakirə edirik. Nəzərə almalıyıq ki, keçid dövrünü yaşayan respublikaların heç də hamısı uğurlu nəticələr əldə edə bilməyib. Azərbaycan isə ona görə uğur qazandı ki, iqtisadiyyatını yalnız neft amili üzərində qurmadı, qeyri-neft sektorunun inkişafı, sahibkarlar ordusunun formalaşması istiqamətində sistemli tədbirlər həyata keçirdi. Eyni zamanda respublikamız sosial məsələlərə daha çox diqqət yetirərək insan amilinin yüksəlişinə xidmət edən geniş infrastruktur islahatlarını inamla həyata keçirdi və bu proses bu gün də davam edir. Nəticədə respublikamızda alman iqtisadi modelinə daha çox bənzəyən sosialyönümlü bazar iqtisadiyyatı formalaşıb.

Hesab edirəm ki, "İnkişafın Azərbaycan modeli" kitabı Azərbaycanın özünəməxsus inkişaf yolunun olması ilə bağlı 2 ilə yaxın müddətdə davam edən elmi diskussiyaları yeni keyfiyyətdə canlandırır. Kitabda daha çox siyasi-ideoloji əsaslandırmaya geniş yer verilir, nəzəriyyə məsələləri bir qədər azlıq təşkil edir. Bu da təbiidir - çünki kitabın ərsəyə gəlməsində xidmətləri olan insanlar iqtisad nəzəriyyəçiləri deyillər. Məhz bu baxımdan iqtisadçı alimlərin də üzərinə mühüm vəzifələr düşür. Onlar Azərbaycanın özünəməxsus iqtisadi inkişaf modelinin nəzəri-metodoloji əsaslarını yaratmaq istiqamətində səyləri genişləndirməlidirlər. İdeoloji yükü çox görünməyən, nəzəri və faktoloji məsələlərə daha geniş yer ayıran sanballı əsərlərin yazılmasına ehtiyac vardır. Çünki belə kitablar Azərbaycanın milli iqtisadi inkişaf modeli ilə bağlı dünya ictimaiyyətində daha aydın, dolğun təəssürat formalaşdıra bilər.

Çıxışımın sonunda kitabın ərsəyə gəlməsində xidmətləri olmuş insanlara təşəkkürümü bildirmək istəyirəm. Hesab edirəm ki, bu diskussiyaların davam etməsi ölkəmizin davamlı və tarazlı iqtisadi inkişafında da faydalı izlərini buraxacaqdır.

 

Əli HƏSƏNOV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor

- İlk növbədə, fürsətdən istifadə edib burada Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin, o cümlədən "İnkişafın Azərbaycan modeli" kitabının yaradıcı heyətinin ünvanına söylənilən xoş fikirlərə görə təşəkkürümü bildirmək istərdim. Bu kitab sözün həqiqi mənasında orijinal nəşrdir. "Azərbaycan" qəzetinin kollektivi ildə bir dəfə belə orijinal kitablarla oxucuları sevindirir. Əlbəttə, qəzet hazırladığı kitabların əks etdirdiyi sahələrin bütün suallarına cavab verməyi qarşısına heç zaman məqsəd qoymur. Bu gün təqdimatına yığışdığımız kitaba "İnkişafın Azərbaycan modeli" adının seçilməsi heç də o demək deyildir ki, respublikamızın inkişaf modelinin bütün xarakteristikası, mahiyyəti burada əksini tapmışdır. Qətiyyən belə deyil! İstər kitabın ideya rəhbəri, istərsə də onun tərtibçiləri bu vəzifəni qarşılarına məqsəd qoymamışlar. Kitabın hazırlanmasında əsas məqsəd bir müddət əvvəl Yeni Azərbaycan Partiyasının başladığı təşəbbüsü yeni rakursda, yeni şəraitdə davam etdirmək, ölkə ictimaiyyətinin, əsasən də elm xadimlərinin diqqətini Azərbaycanın mövcud iqtisadi, siyasi, sosial inkişaf xüsusiyyətlərinə, milli inkişaf modelinin mahiyyətinə cəlb etməkdir.

"İnkişafın Azərbaycan modeli" kitabı diskussiyalar, "dəyirmi masa"lar, təhlillər üçün sanballı əsas yaradır. Ayrı-ayrı elmi baxışların ortaya qoyulması, faydalı müzakirələrin aparılması üçün bir növ konseptual-metodoloji sövqetmə funksiyası daşıyır. Yəni kitabın hazırlanması zamanı yeni ictimai müzakirələr, diskussiyalar üçün zəmin yaradılması məqsədi qarşıya qoyulmuşdur.

Azərbaycanın özünəməxsus iqtisadi inkişaf modelinin banisi ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası inkişafın təməl prinsiplərini müəyyən edir. Burada iqtisadi inkişafın təməl prinsipləri, mülkiyyətin çoxnövlülüyü, azad bazar mexanizmləri, sosial inkişafın xüsusiyyətləri və digər məsələlər əksini tapmışdır. 1995-ci ildən Azərbaycan müxtəlif inkişaf mərhələlərini keçdi və əvvəl çıxış edən natiqlər bunlara geniş toxundular. Əlbəttə, inkişaf deyəndə daha çox iqtisadi inkişaf nəzərdə tutulur. Amma dövlətin inkişafı sırf iqtisadiyyatla məhdudlaşmır. Bütün sahələrdə əldə olunan inkişaf alimlərimiz tərəfindən geniş tədqiq edilməli, sistemləşdirilməli, onların nəzəri-metodoloji bazası yaradılmalıdır.

Milli iqtisadi inkişaf modelinin fərqli cəhətləri, xüsusiyyətləri araşdırılmalıdır. İqtisadi inkişafın dayanıqlılığının səbəbləri göstərilməlidir. İqtisadi sistemin çatışmayan cəhətlərinin elmi-siyasi təhlili aparılmalı, müvafiq dövlət qurumları tərəfindən səmərəli təkliflər irəli sürülməlidir. Əminəm ki, gələcəkdə ayrı-ayrı sahələrin mütəxəssisləri, elm-tədris müəssisələri, ilk növbədə, Azərbaycan Milli Elmlər Akademiyası bu istiqamətdə müzakirələri davam etdirəcək, keçilən yolu, yaradılan tarixi xarakterizə edəcəklər.

Əsas məsələ budur ki, Azərbaycan dövlətinin iradəsi ortadadır. Azərbaycanın inkişafı ilə bağlı mövcud proqramlar səmərəli nəticələr verir. Dövlət başçısının iradəsi, mütəxəssislərin iştirakı ilə ərsəyə gəlmiş dövlət proqramlarının əhəmiyyəti və ictimaiyyətin bu prosesə verdiyi qiymət - bu üç mühüm komponent əsasında gələcək inkişaf perspektivlərimizi müəyyənləşdirməliyik. Nəhayət, Azərbaycanın milli iqtisadi inkişaf modelinin elmi-nəzəri və praktik xüsusiyyətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Sonda kitabın bütün yaradıcı heyəti adından bu müzakirələrdə iştirak edən qonaqlara təşəkkürümü bildirirəm. Əminəm ki, "İnkişafın Azərbaycan modeli" kitabı iqtisadçı alimlərin gələcək elmi tədqiqatları üçün də ciddi əsaslar yaradır.

 

Azərbaycan.-2010.-15 dekabr.-S.3.

 

Əvvəli qəzetin 14 dekabr sayında