Tarixi saxtalaşdırmaq istəyənlərə tutarlı elmi cavab

 

Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: Absurd teatrı mövsümü" əsərini oxuyarkən

 

Ən böyük hakim olan zaman insanlara həm də müəyyən müddətdən sonra keçilən yolun gerçəkliklərini obyektiv dəyərləndirmək - səhvlərdən öyrənib ibrət götürmək, uğurlu nəticələrdən bəhrələnmək imkanı verir. İyirminci ilinə adlayan çağdaş müstəqillik tariximizə bu həqiqət işığında nəzər salarkən düşünürük ki, böyük qürur və fəxarətlə qazandığımız uğurlar həddən ziyadə çoxdur. İllər ötdükcə, hansı böyük çətinliklərdən, ağır sınaqlardan, təlatümlərdən çıxdığımızın daha çox fərqində oluruq. Geridə qalan müstəqillik illəri tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, durğunluqdan inkişafa, səfalətdən rifaha keçidin möhtəşəm salnaməsini özündə əks etdirir. Tariximizin, taleyimizin əsrə bərabər yükünü daşıyır.

Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. Bu 20 ilə yaxın dövrdə Azərbaycan inanılmaz dərəcədə dəyişib, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət edib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Azərbaycan təkcə sosial-iqtisadi sahədə deyil, həm də siyasi müstəvidə bir çox problemləri geridə qoyur. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən müstəqil Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir. Yeni dünya nizamının gerçəkliklərinə cavab verən, müstəqil daxili və xarici siyasət yeridən, milli maraqlarını qətiyyətlə müdafiə edən, Avropanın enerji təhlükəsizliyində əsas söz sahibinə çevrilən respublikamız diplomatik fəaliyyət sferasında artıq müdafiə deyil, hücum taktikasından çıxış edir. Dünya siyasətinə əsaslı təsir imkanları olan fövqəlgüc dövlətləri artıq respublikamızla hesablaşır, mövqeyimizi nəzərə alırlar. "Azərbaycan artıq dünyada gedən proseslərin fəal iştirakçısıdır. Bir çox hallarda bölgə və Avropa üçün önəmli tədbirlərin təşəbbüskarıdır. Bölgədə Azərbaycanın mövqeyindən artıq çox şey asılıdır. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə, - nə siyasi, nə iqtisadi, nə də başqa, - həyata keçirilə bilməz. Ona görə də bu, bizim ölkəmizi möhkəmləndirir" - deyən Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizi beynəlxalq aləmdə layiqincə təmsil edir, xalqımızın maraqlarını qətiyyətlə qoruyur, milli problemlərimizin həllində əsl iradə nümayiş etdirir.

 

Müdafiədən

hücum taktikasına

 

Azərbaycanın dövlət başçısının xalqın iradəsinə əsaslanmaqla irəli sürdüyü "hücum diplomatiyası"nın effektiv nəticələri göz önündədir. Bu gün əksər dünya dövlətləri respublikamızın regionda sülhü, inkişafı, tərəqqini, səmərəli əməkdaşlıq təşəbbüslərini dəstəkləyən dövlət olduğunu yaxşı bilirlər. Sivil birgəyaşayış normalarına uyğun xarici siyasət xətti yeridən respublikamız indi bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli informasiya-təbliğat siyasətini də darmadağın edir. Rəsmi Bakının hücumçu diplomatiyası sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri puça çıxır. Ermənistan bu gün sivil dünyada işğalçılıq siyasəti yürüdən və bununla özünü qlobal iqtisadi layihələrdən təcrid edən, bütövlükdə Cənubi Qafqaz regionunun iqtisadi inkişafını ləngidən, başqa dövlətin "for-postu"na çevrilərək sülh danışıqlarını süni şəkildə uzatmağa, vaxt udmağa çalışan qeyri-konstruktiv dövlət kimi tanınır. Təkcə belə bir faktı qeyd etmək yerinə düşərdi ki, Bakı-Ceyhan neft kəmərinin Ermənistan Respublikasının ərazisindən - 48 kilometr bir ərazidən keçəcəyi təqdirdə İrəvan hər il 8 milyon dollar qazanc əldə edə bilərdi. Bu fakta qaz kəməri, beynəlxalq dəmir yol və şose yolları layihələrini də əlavə etsək, Ermənistanın Azərbaycan hesabına nə qədər gəlir əldə edə biləcəyini təsəvvür etmək olardı. Lakin bu gün Ermənistan özünü bu cür imkanlardan tamamilə təcrid etmiş və beynəlxalq qınaq obyektinə çevrilmiş bir dövlətdir.

Vətəndaş və ziyalı kimi dövlət başçısının xarici səfərlərini, görüşlərini, qəbullarını müntəzəm izləyərək hər zaman fəxarət hissi duyuram. Elə xarici səfər olmayıb ki, ölkə rəhbəri Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət yönəltməsin, xalqın haqq səsini, ədalətli mövqeyini dövlət başçılarının, dünya ictimaiyyətinin diqqətinə çatdırmasın. Bəli, cənab İlham Əliyev Qarabağ münaqişəsinin həlli üçün gecəli-gündüzlü çalışır. Bu qətiyyətli diplomatiyanın real nəticələrini 7 ilə yaxın müddətdə konkret situasiyalarda dəfələrlə müşahidə etmişik. Uzağa getməyək, bir neçə gün bundan əvvəl ATƏT-in Astana şəhərində keçirilən toplantısında iştirak edən Azərbaycan Prezidenti münaqişənin həlli ilə bağlı Azərbaycanın qətiyyətli, prinsipial mövqeyini növbəti dəfə ortaya qoydu. Azərbaycanın, təcavüzkar Ermənistan dövləti tərəfindən danışıqlar prosesinin uzadılaraq mənasız görüşlərə çevirməsinə yol verməyəcəyini qətiyyətlə bəyan etdi!

Rəsmi Bakı diaspor və lobbi quruculuğu istiqamətində səmərəli tədbirlər həyata keçirməklə erməni lobbisinə qarşı effektiv əks-hücuma nail olub. Ermənistanın təcavüzkarlığı və etnik separatizmi dəstəkləməsi, işğalçı siyasət yeritdiyi son illərdə BMT, Avropa İttifaqı, ATƏT, AŞ PA, İKT kimi mötəbər beynəlxalq təşkilatların sənədlərində rəsmi əksini tapıb. Ölkə rəhbərliyinin uğurlu diplomatik gedişləri nəticəsində dünyanın əksər dövlətləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını birmənalı bəyan ediblər. Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü, hətta onunla sıx iqtisadi münasibətlərdə olan region dövlətləri də birmənalı etiraf edirlər.

Azərbaycanın son 16 ildə danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməsi həm təcavüzkar tərəfə, həm də dolayısı ilə onun təcavüzkarlığına göz yuman ATƏT-in Minsk qrupuna - ABŞ, Rusiya və Fransaya yaxşı məlumdur. Bu da məlumdur ki, artıq Ermənistanın danışıqlar prosesində manipulyasiya etmək imkanları tükənib. Azərbaycanın uğurlu və hücumçu xarici siyasəti nəticəsində küncə sıxışdırılan İrəvan hazırda bütün səylərini danışıqları süni şəkildə uzatmaq yönümündə qurub. "Nə hərb, nə sülh" vəziyyəti onsuz da xarici dəstək hesabına yaşayan Ermənistana milyonlar bahasına başa gəlsə də, Serj Sarkisyan rejimi hələlik hakimiyyətinin ömrünü uzatmaq üçün bundan "yaxşı" çıxış yolu görmür.

Tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin son vaxtlar daha azğın, həm də absurd bəyanatlar verməsi də, əslində, xof və təşviş isterikasının ifadəsidir. Rəsmi İrəvan diplomatik məğlubiyyət acısından doğan bu patoloji aqressiyanı ATƏT-in son Astana sammitindən də xeyli əvvəl - Gorus şəhərində büruzə vermişdi. Dəqiq desək, söhbət Ermənistan prezidenti Serj Sarkisyanın 2010-cu il oktyabrın 16-da Gorusda (XX əsrin 20-ci illərində sovet rəhbərliyi tərəfindən Ermənistana verilmiş Qərbi Azərbaycanın Zəngəzur bölgəsində yerləşən şəhər) erməni diasporunu təmsil edən jurnalistlər qarşısındakı reallıqdan uzaq, tarixi saxtalaşdıran, beynəlxalq hüquq normalarının təhrifinə yönələn sərsəm açıqlamalarından gedir. Həmin görüşdə Sarkisyan nəinki tarixi gerçəklikləri, fakt və sübutları, hətta bu gün beynəlxalq ictimaiyyətin gözü qarşısında cərəyan edən prosesləri belə həyasızcasına təhrif edərək bəsit və primitiv təfəkkür sahibi olduğunu növbəti dəfə təsdiqlədi. Əlləri günahsız azərbaycanlıların qanına batmış, insanlığa yaraşmayan ağır müharibə cinayətlərində öndə getmiş Serj Sarkisyan ziddiyyətli və reallıqdan uzaq mülahizələri ilə beynəlxalq hüquq normalarından xəbərsiz olduğunu, irqi, etnik və milli ədavəti təşviq etdiyini göstərdi.

Əslində, xüsusi izahata, şərhə ehtiyac yoxdur. Aşkar görünür ki, Serj Sarkisyanın Gorusda "Ermənilərin dünyanın ən qədim xalqlarından biri olması", "Ermənilərlə azərbaycanlıların etnik uyğunsuzluğu", "Azərbaycan xalqının son əsrlərdə yaranması", "Dağlıq Qarabağ ermənilərinin müstəqil dövlət qurmaq haqqının olması" və digər bu kimi sərsəm bəyanatlar verməsi daxildə aqressivləşən müxalifəti və xaricdəki erməni diasporunu zərərsizləşdirməyə yönəlib. Fəqət, xarici siyasəti dalana dirənən, ideoloji, siyasi, hərbi və iqtisadi sahələrdə Azərbaycana uduzan Ermənistandakı zorakı rejimin başında dayanan Sarkisyan "Gorus teatrı"nda yürütdüyü siyasətin uğursuzluğunu da dolayısı ilə etiraf etməyə məcbur oldu. Başqa sözlə, ciddi diplomatik zərbələr qarşılığında həyəcan təbili çalan keçmiş "səhra komandiri" xaricdəki diaspor təşkilatlarını "ideoloji silahlanmağa", işğal faktını ört-basdır etmək, dünya ictimaiyyətini çaşdırmaq üçün hər cür tarixi saxtakarlığa getməyə, mif və uydurmaları gücləndirməyə çağırdı.

Ermənistan prezidenti gülüş və istehza doğuran qeyri-ciddi açıqlamaları ilə bir tərəfdən ölkəsinin rəzil durumda olduğunu etiraf etdisə, digər tərəfdən Azərbaycan diplomatiyasına ideoloji cəbhədəki əks-hücum strategiyasını möhkəmləndirməyə imkan yaratdı. Söhbət ondan gedir ki, Serj Sarkisyanın Gorusda buraxdığı ciddi tarixi, siyasi, hüquqi səhvlərdən, daha dəqiqi, tarixi saxtakarlıqlarından hələ uzun müddət Ermənistanın özünə qarşı istifadə etmək, təcavüzkar ölkənin iç üzünü açıb göstərmək üçün yeni imkanlar açılıb.

 

Təcavüzkarın ifşası

yönümündə uğurlu addım

 

Bir zamanlar üzləşdiyi "informasiya blokada"sını çoxdan adlamış Azərbaycan son illər Ermənistanı ideoloji-təbliğati müstəvidə əhəmiyyətli dərəcədə üstələyib. Xüsusən də bədnam erməni lobbisinin Azərbaycan və Türkiyə əleyhinə yönəlmiş iftira və böhtan kampaniyasının qarşısının alınması istiqamətində ciddi addımlar atılıb. Müşahidə etdiyimiz "ikili standartlar"a, ədalətsizliklərə rəğmən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü müxtəlif səviyyələrdə etiraf edilir. Təqdirəlayiq haldır ki, bu prosesdə milli elmi elitanın fəallığı da son illər nəzərəçarpacaq dərəcədə güclənib.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev AMEA-nın 2005-ci ilin dekabrında keçirilmiş 60 illik yubiley mərasimindəki dərin məzmunlu çıxışı zamanı ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsi zərurətini alimlərimiz qarşısında mühüm vəzifə kimi müəyyənləşdirmişdi: "Bu gün biz öz təbliğat işimizi daha da səmərəli qururuq. Çünki bizim təbliğatımız reallığa, faktlara əsaslanır, yalana yox. Yəni bu gün Azərbaycanı sadəcə olaraq ləkələmək mümkün deyildir. Ona görə ermənilər yeni bir taktikaya əl atıblar. O da ondan ibarətdir ki, yaxın və keçmiş tarix təhrif olunsun, Dağlıq Qarabağ münaqişəsinin səbəbi təhrif olunsun, Azərbaycan təcavüzkar bir ölkə kimi təqdim edilsin. Eyni zamanda, bizim uzaq tariximiz təhrif olunur. Misal üçün, Azərbaycanda heç kimə sirr deyil ki, ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa qonaq kimi gəlmişlər. Keçən əsrin 70-ci illərində orada onların gəlişini əks etdirən bir abidə qoyulmuş, ermənilərin Qarabağa gəlişinin 150 illik yubileyi qeyd olunmuşdu. Ancaq bizdən başqa bunu az adam bilir" - deyən dövlət başçısı AMEA-nın ayrı-ayrı strukturlarını çirkin erməni təbliğatına qarşı effektiv cavab verməyin ciddi vəzifələrdən biri olduğunu vurğulamışdı.

Ölkəmizin bu və digər problemlərinə hər zaman əsl ziyalı, vətəndaş yanğısı ilə yanaşan, müasir inkişaf strategiyasının ayrı-ayrı mərhələlərini elmi-fəlsəfi kontekstdən obyektiv təhlil edən, aktual məqalələri ilə cəmiyyətdə ictimai fikrin müsbət məcrada inkişafına təkan verən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: Absurd teatrı mövsümü" adlı iri həcmli məqaləsi bu baxımdan mühüm əhəmiyyətə malikdir. Son dərəcə səhih tarixi mənbələrə, ciddi arqumentlərə əsaslanan görkəmli filosof gərgin zəhmət bahasına ərsəyə gətirdiyi yeni əsərində ermənilərin indiyə qədər səsləndirdikləri iddiaların əsassızlığını sübuta yetirir, ələlxüsus Ermənistan prezidenti Serj Sarkisyanın yeni saxtakarlıqlarına sarkazm ruhunda münasibət açıqlayır. Əsərlə tanışlıq zamanı Ermənistan prezidentinin Gorusdakı açıqlamalarının reallıqdan tamamilə uzaq olduğu, populist xarakter daşıdığı, tarixi həqiqətləri saxtalaşdırmaq niyyəti güddüyü bir daha aydın görünür.

"Gorus-2010: Absurd teatrı mövsümü" əsərinin elmi siqləti, ictimai əhəmiyyəti, ideoloji-siyasi dəyəri həm də onunla səciyyələnir ki, burada ermənilərin cəfəng iddialarına ilk dəfə olaraq sistemli, ardıcıl elmi yanaşma ilə tutarlı cavab verilir. Eyni zamanda bədnam qonşularımızın Azərbaycana qarşı ərazi iddialarının təkcə tarixi, siyasi, coğrafi, antropoloji baxımdan deyil, həm də müasir geosiyasət və beynəlxalq hüquq normaları baxımından da əsassızlığı sübuta yetirilir. Əsərdə toxunulan məsələlərin elmi siqlətini, ideoloji-təbliğati təsir effektini artıran digər nüans bundan ibarətdir ki, akademik Ramiz Mehdiyev Azərbaycanın haqlı mövqeyini əsaslandırmaq üçün ilk növbədə dünyanın nüfuzlu alimlərinə, eləcə də rus və erməni tarixçilərinin əsərlərinə istinad edir, açıq elmi polemika yolu ilə Serj Sarkisyanın Gorusda nə qədər qeyri-ciddi, yalan və iftira xarakterli fikirlər səsləndirdiyini açıq-aydın göstərir.

Əsərin giriş hissəsində akademik haqlı olaraq vurğulayır ki, Serj Sarkisyanın erməni diasporunu Azərbaycana qarşı uydurma iddiaları gücləndirməyə çağırması erməniliyin xislətini açıb göstərən növbəti kampaniyalardan biridir: "Serj Sarkisyan erməni diasporunu təmsil edən jurnalistləri Ermənistana dəvət edib bu şansdan yararlanmaq, onları regionda baş verən hadisələri obyektiv və qərəzsiz işıqlandırmağa çağırmaq əvəzinə, görüşə öz dar təfəkkürünə uyğun yanaşaraq "prezident" tapşırığını vermişdir: tarixi faktları tanınmaz dərəcədə təhrif etmək, tarixi onun dediyi tərzdə yenidən yazmaq, elmi mənbələrə əhəmiyyət verməmək, onların əvəzinə isə Sarkisyanın təklif etdiyi mif və uydurmalara əsaslanmaq".

 

Yaşayış üçün tamamilə

perspektivsiz ölkə

 

Bu gün hər kəsin birmənalı qəbul etdiyi danılmaz həqiqət bundan ibarətdir ki, Azərbaycan beynəlxalq qüvvələrin hərtərəfli dəstəyini almış Ermənistan ilə müharibədə deyil, qeyri-bərabər döyüş meydanında müvəqqəti uğursuzluğa düçar olub. Və millət olaraq hər an birinci Qarabağ müharibəsində itirdiyimiz torpaqları hərb yolu ilə geri qaytarmağa hazır ovqatındayıq! Azərbaycan iqtidarı məhz xalqın bu yekdil və birmənalı rəyinə əsaslanaraq sülh danışıqlarına qoşulub. "Zorən cəlb edildiyimiz müharibədə müvəqqəti itirdiyimiz ərazilərin son qarışınadək geri qaytarılması" əzmkarlığı ilk gündən danışıqlarda Azərbaycanın qəti, birmənalı və prinsipial mövqeyidir. Siyasi baxışlarından, mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlı bu reallığı etiraf etməyə məcburdur. Reallıqsa bundan ibarətdir ki, milli maraqları daim uca tutan, xalqın iradəsinə söykənən ölkə rəhbərliyi 16 ilə yaxın müddətdə prinsipial və qətiyyətli mövqeyindən bir addım belə geri dönməyib, əksinə, daha inadlı və hücumçu xarici siyasət kursunu uğurla davam etdirməkdədir.

İqtisadi və hərbi cəhətdən güclənən Azərbaycan danışıqları imitasiya xatirinə aparmadığını, bu prosesdə müsbət dönüşün yaranmayacağı halda, rəsmi Bakının hərbi varianta əl ata biləcəyini Ermənistan rəhbərliyi də yaxşı dərk edir. Hələliksə Prezident İlham Əliyevin son illərdə münaqişənin həlli istiqamətində yeritdiyi siyasət Ermənistanın mövqeyinin beynəlxalq hüquq baxımından tam əsassızlığını sübuta yetirməyə, təcavüzkar ölkəni Cənubi Qafqazdakı dinamik inkişaf prosesindən, qlobal enerji-kommunikasiya layihələrindən təcrid etməyə, ən nəhayət, Azərbaycanın iqtisadi-hərbi qüdrətini artırmaqla qarşı tərəfin mövqeyinə təsir göstərməyə yönəlib. Tam əminliklə qeyd etmək olar ki, bu sahələrdə mühüm hədəflərə nail olunmuşdur.

Təcavüzkar ölkə olan Ermənistan özünü Cənubi Qafqazda gerçəkləşən bütün strateji layihələrdən kənarda qoyub. Ermənistanın xarici borcları getdikcə artır, ölkədə sosial-iqtisadi tənəzzülün qarşısının alınmaması əhalinin vəziyyətinin pisləşməsi ilə müşayiət olunur. Rusiyaya olan borclarını ödəmək iqtidarında olmayan Ermənistan getdikcə bu ölkənin vassalına çevrilir, bütün strateji əhəmiyyətli müəssisələrini itirir. Yoxsulluğun səviyyəsinə görə MDB-də liderliyi əldən verməyən Ermənistan siyasi sahədə də ciddi problemlərlə üz-üzədir.

ATƏT-in Astana toplantısından hasil olan qənaət bundan ibarətdir ki, rəsmi İrəvan münaqişənin həllində siyasi iradə nümayiş etdirmək imkanında deyil. Yenilənmiş Madrid prinsipləri əsasında aparılan danışıqların nəticəsiz qalması da məhz təcavüzkar tərəfin siyasi cığallığı ucbatındandır. Ermənistan prezidenti indi daha çox öz hakimiyyətinin hayında olduğu üçün münaqişə ilə bağlı mövcud "status-kvo"nun saxlanılmasına səy göstərir. Lakin bu vəziyyətin özü işğalçı ölkəni iflic vəziyyətdən çıxmağa qoymur. İqtisadiyyata yönəldilməli olan xərclər işğalçı ordunun, separatçı rejimin saxlanılmasına sərf edilir. Ermənistanda sosial-iqtisadi vəziyyətin müsbətə doğru dəyişmədiyini, insanların aclıq və səfalət içində yaşadığını müxtəlif beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir. Hakim rejimin bütün səylərinə rəğmən, ölkədən köçüb gedənlərin sayı durmadan artır.

"Gorus-2010: Absurd teatrı mövmüsü" əsərində bu və digər məsələlərə geniş diqqət ayrılır, Ermənistanın yaşamaq üçün perspektivsiz ölkə olması konkret faktlar əsasında vurğulanır: "Bu gün Ermənistan özünü tamamilə təcrid etmişdir, nəqliyyat yolları və boru kəmərləri ondan yan keçir, onun dənizə çıxışı yoxdur, sərhədlərinin çox hissəsi bağlıdır və onun dörd sərhədindən ikisi bundan sonra da "qıfıllı" vəziyyətdə qalacaqdır. Daha hansı ölkənin sərhədlərinin 85 faizi onun öz təqsiri üzündən bağlıdır? Dünyada ikinci belə ölkə yoxdur. Ermənistanın əhalisinin sayı durmadan azalır. BMT İnkişaf Proqramının himayəsi altında dərc edilən İnsan Potensialının İnkişafı Haqqında Məruzədə göstərilir ki, hər il 23 mindən 27 minə qədər adam Ermənistanı tərk edir. Ermənistanın qeyri-hökumət təşkilatlarının məlumatına görə isə 1991-ci ildən bəri 1,5 milyon nəfər bu ölkəni tərk etmişdir. İyirmi il bundan əvvəl Ermənistan Respublikasında, Arsaxda və Cavaxkda təqribən 3,7 milyon erməni yaşayırdı. Bu gün isə həmin ərazidə 2,2-2,3 milyon erməni yaşayır, yəni burada ermənilərin sayı 40 faiz azalmışdır".

Emiqrasiyaının belə yüksək artımı, şübhəsiz, Ermənistanı yaşayış üçün perspektivsiz, inkişaf üçünsə potensialsız dövlətə çevirib. Azərbaycan Türkiyə və Gürcüstanla müxtəlif iqtisadi layihələr həyata keçirməklə Ermənistanı faktiki olaraq üç strateji müttəfiqin əhatəsində - təcrid vəziyyətində yaşamaq gerçəkliyi ilə üz-üzə qoyub. Təcavüzkarlıq siyasətindən əl çəkməyən Ermənistan, əslində, özü-özünü Cənubi Qafqazda gerçəkləşən bütün strateji layihələrdən kənarda saxlayıb.

"Gorus-2010: Absurd teatrı mövsümü" əsərində bütün bunlarla yanaşı, Ermənistanın ötən 20 ildə heç nəyə nail olmadığı da düzgün olaraq xüsusi vurğulanır. Ermənistanın dəstəklədiyi Dağlıq Qarabağ separatçı rejimini ötən 20 ildə heç bir dövlət tanımayıb. Əksinə bu gün aparıcı dövlətlər, o cümlədən beynəlxalq təşkilatlar belə nəzarətsiz zonaların sivil dünyanın təhlükəsizliyi üçün ciddi problemə çevrildiyini açıq etiraf edirlər. Xatırladaq ki, bu gün Azərbaycanın işğal altında olan əraziləri beynəlxalq təşkilatlar üçün analoqu olmayan nəzarətsiz zonaya çevrilmişdir. Narkotik maddələr qaçaqmalçılığının əsas yollarından biri buradan keçir və Ermənistan rəhbərliyi bu prosesdə fəal iştirak edir. Bir müddət əvvəl NATO-nun Lissabon şəhərində keçirilmiş sammitində postsovet məkanındakı separatçı rejimlərin mövcudluğu pislənildi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Bu addım Ermənistana diplomatik müstəvidə daha bir sarsıdıcı zərbə oldu.

Əsərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qeyri-mümkünlüyünü bir daha qətiyyətlə vurğulayan akademik Ramiz Mehdiyev ermənilərin bundan sonra da heç nəyə nail ola bilməyəcəklərini qətiyyətlə vurğulayır: "Onlar mənasız müharibədən, minlərlə taleyin qırılmasından, milyonlarla qaçqından, dağıntılardan, geniş sahələrin becərilmək əvəzinə minalanmasından, sosial xərclər əvəzinə hərbi xərclərin artırılmasından başqa heç nəyə nail olmamışlar - Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır - nə 20 il bundan əvvəl, nə bu gün, nə də 100 ildən sonra. Nə birbaşa, nə də qondarma "müstəqillik" sayəsində. Nəhayət, bu səhvi başa düşmək və diasporu təmsil edən jurnalistlərə daha ağıllı məsləhətlər vermək vaxtı çatmamışdırmı?!".

 

Ermənilər öz

müqəddəratını çoxdan

müəyyən ediblər

 

ATƏT-in Minsk qrupu çərçivəsində son illər intensivləşən danışıqlar prosesi hələlik nəticə verməsə də, rəsmi Bakı ötən müddətdə fürsəti fövtə verməyərək münaqişənin həllində məhz beynəlxalq hüquq normalarına əsaslandığını ən müxtəlif səviyyələrdə sübuta yetirə bilib. Bunun nəticəsidir ki, Ermənistan rəhbərliyinin tez-tez istinad etdiyi "Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi" iddiası hazırda beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul olunmur. Separatçı rejim bu və digər vasitələrlə, xarici dəstək faktoru ilə qeyri-qanuni şəkildə nəzarət altında saxladığı ərazilərdəki fəaliyyətini "pərdələmək" üçün beynəlxalq hüququn "milli özünütəyinetmə" kimi müstəsna prinsipinə istinad etməyə çalışır. Ermənistan tərəfi belə bəhanələrlə çıxış edir ki, guya millətlərin müqəddəratını təyin etmək hüququ dövlətin ərazi bütövlüyündən daha öndə dayanır. Halbuki, beynəlxalq hüquqi nöqteyi-nəzərindən, millətlərin öz müqəddəratını təyin etmək hüququnun bu cür bəsit şərhi ciddi qanuni baryerlərə dirənir.

Prezident İlham Əliyev daim vurğulayır ki, milli özünütəyin - öz müqəddəratını təyinetmə prinsipi hər bir xalqın beynəlxalq hüquqda təsbit olunmuş müstəsna hüququdur və Azərbaycan dövləti də bu hüquqa hörmətlə yanaşır. Lakin beynəlxalq normalara görə, müstəqil dövləti olmayan xalqlar müəyyən hüquqi çərçivədə öz müqəddəratını təyin etmək iddiası ilə çıxış edə bilərlər. Erməni xalqının isə tarixi Qərbi Azərbaycan torpaqları hesabına yaradılmış müstəqil dövləti var və bu baxımdan, Dağlıq Qarabağdakı separatçı rejimin belə bir iddia ilə çıxış etməsinin hüquqi-siyasi əsasları yoxdur.

Azərbaycan Prezidenti haqlı olaraq bildirir ki, ayrı-ayrı dövlətlərin ərazisində yaşayan ermənilər öz müqəddəratlarını təyin etmək niyyətinə düşsələr, bu halda dünyanın hazırkı siyasi xəritəsindən əsər-əlamət qalmaz. "Gorus-2010: Absurd teatrı mövsümü" əsərində görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyev bu tezisi daha da inkişaf etdirərək yazır ki, ermənilər artıq bir dəfə müqəddəratlarını əzəli Azərbaycan torpaqlarında "təyin etməklə" Ermənistan Respublikasını yaratmışlar. Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına isə heç zaman yol verilməyəcəkdir.

Dövlətin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı millətlərin öz müqəddəratını təyin etməsində başlıca şərtdir. Heç bir dövlətin hazırkı siyasi birliyi və ərazi bütövlüyü separatçılıqla bölüşdürülə bilməz. Eyni zamanda unutmaq olmaz ki, Dağlıq Qarabağda separatçı erməni rejimi formalaşanadək burada əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil ediblər. Həmin muxtar vilayətdə rusların və digər millətlərin nümayəndələri də yaşayıblar. Belə olan halda həmin ərazidə yalnız ermənilərin öz müqəddəratını təyin etmək kimi iddia ilə çıxış etməsi yolverilməzdir. Eyni zamanda, oradakı ermənilərin "Dağlıq Qarabağ xalqı" kimi qələmə verilməsi tamamilə absurddur. Azərbaycan Prezidenti bu reallıqdan çıxış edərək gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi zamanı erməni icması ilə yanaşı, azərbaycanlı icmasının da maraqlarının və təhlükəsizliyinin əsas götürülməsini vacib sayır.

Ermənilərin iddialarının beynəlxalq hüquq baxımından əsassız olduğunu vurğulayan akademik Ramiz Mehdiyevin bu qənaəti də tamamilə düzgündür ki, hazırda mövcud olan dövlətlərin sərhədləri "kim əzəldən harada yaşamışdır və kim haraya köçmüşdür" prinsipi ilə müəyyənləşmir. Eyni zamanda başqa dövlətin ərazisini işğal edərək onu özününküləşdirmək dövrü çoxdan geridə qalmışdır: "Başqasının torpağını zəbt etmək və işğal faktına əsasən onu öz torpağı elan etməyin mümkün olduğu vaxtlar keçmişdir. Artıq dünya bir neçə əsr bundan əvvəlki dünya deyildir. Buna görə də Ermənistanın ekspansionist başbilənləri qonşularına ərazi iddialarını əsaslandırmaq üçün əvvəlcə tarixi arqumentə müraciət etməyi qərara almışlar: "Bu torpaqlar vaxtilə bizim olmuşdur, biz yerli xalqıq, siz gəlmə, deməli, haqqımız var". Bu məqsədlə faktlarla heç bir əlaqəsi olmayan saxtalaşdırılmış tarix versiyası uydurulmuşdur. İnsanlar başa düşəndə ki, müasir dünyada ərazi mübahisələri orta əsrlərə xas olan məhdud təfəkkür çərçivəsində və tarix müstəvisində deyil, beynəlxalq hüquq müstəvisində həll edilir, Ermənistanda öz ərazi iddialarını beynəlxalq hüquqda mövcud olan millətlərin təyini-müqəddərat prinsipi ilə əsaslandırmağı qərara almışlar. Erməni tərəfin arqument bazası hər iki halda zəif olmuşdur və yenə zəifdir, çünki o, tarixi baxımdan uydurmalara, saxtalaşdırmalara və qeyri-elmi mühakimələrə, hüquqi baxımdan - beynəlxalq hüquq müddəalarının özbaşına interpretasiyasına əsaslanır, bu isə yolverilməz və səmərəsizdir. Buna görə də ermənilərin iddiaları dünyada dəstəklənmir".

 

Tarixi saxtakarlığın

yeni mərhələsi

 

"Gorus-2010: Absurd teatrı mövsümü" əsərində ermənilərin tarixən saxta və əsası olmayan təbliğatla qonşu dövlətlərin tarixi ərazilərini ilhaq etmək siyasəti də ifşa edilir. Həqiqətən də daşnak ideoloqları uzun əsrlər boyu ermənilər haqqında "məzlum", "əzilən" xalq obrazı yaratmağa çalışmış, əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunmuş, azərbaycanlılara qarşı soyqırımı törədənlər "soyqırımı qurbanları" kimi qələmə verilmişlər. Hazırda da davam edən bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçiləri və ideoloqlarının uydurduğu "dənizdən-dənizə böyük Ermənistan" dövləti qurmaqdır. Bu məqsədlə tarixən həyata keçirilmiş terror və soyqırımının qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, insanlığa qarşı yönəlmiş ən amansız, dəhşətli cinayətlərə rəvac vermişdir. Əsərdə bötövlükdə türk dünyasına qarşı yönəlmiş bu iftira kampaniyasının əsassızlığı tarixi faktlar əsasında sübut olunur.

Məlumdur ki, hələ 1813-cü və 1828-ci illərdə Rusiya və İran arasında imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələrı Azərbaycan xalqının parçalanmasının, tarixı torpaqlarının bölünməsinin əsasını qoymuşdur. 1849-cu ildə Rusiya ərazisində İrəvan quberniyası yaradılmış, ermənilərin İrandan və Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülməsinə başlanılmışdır. Beləliklə, soyqırım, deportasiya və terrorizm Azərbaycan torpaqlarının işğalı üçün istifadə edilən əsas vasitələrdən birinə çevrilmişdir. Təkcə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza İrandan 40, Türkiyədən 84 min erməni köçürülərək Şimali Azərbaycan ərazisində yaradılmış Yelizavetpol və İrəvan quberniyalarının ərazisində yerləşdirilmişdir. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsı altında 1828-ci il martın 21-də "Ermənı vilayəti" adlandırılan süni inzibatı bölgünün yaradılmasına nail olmuşlar. Bununla da azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılmasının və soyqırımı siyasətinin əsası qoyulmuşdur.

"Gorus-2010: Absurd teatrı mövsümü" əsərində bütün bu gerçəkliklərə tarixi faktlar əsasında toxunan akademik Ramiz Mehdiyev ermənilərin Qarabağa son əsrlərdə köçürüldüyünü yazır: "ESerj Sarkisyan ermənilərlə türklərin yerini dəyişmiş və "köçəri" sözünün ünvanını səhv salmışdır. Statistik məlumatlar və həmin hadisələrin şahidi olmuş müəlliflərin (onların "Azərbaycan təşviqatına" xidmət etməsindən çətin ki, şübhələnmək olar) təsvirləri Türkmənçay müqaviləsinə qədər türk əhalisinin sayının erməni əhalisinin sayından qat-qat çox olmasına və erməni əhalisinin sayının Qarabağ və bugünkü Ermənistanın (İrəvan xanlığı) Rusiyaya birləşdirilməsindən sonra onların bu torpaqlara köçürülməsi nəticəsində kəskin surətdə artmasına dəlalət edir. Erməni tarixçilərinin özləri də bunu təsdiq edirlər. Onlardan heç biri "türk köçəriləri"nin "qədim erməni" torpaqlarına köçürülməsi və bu vilayətlərin "yekcins erməni" əhalisi barədə yazmır. Onlar müfəssəl və dəqiq surətdə əks hadisələri qeyd edirlər.

Ermənistanın bugünkü rəhbərləri Qarabağda çətin ki, "türk-müsəlman köçəriləri"nin buraya gəlməsinin ildönümü ilə əlaqədar ucaldılmış abidə taparlar. Əvəzində, 1978-ci ildə Ağdərə rayonunun Marquşevan kəndində ermənilərin Qarabağa köçmələrinin 150 illiyi ilə əlaqədar abidə açılmışdı. Münaqişə başlayandan sonra abidənin başına nə gəldiyi və Sarkisyanın həmyerlilərinin onu nə səbəbdən tez-tələsik dağıtdıqlarını Ermənistan prezidenti diaspordan olan jurnalistlərinə gələn dəfə danışar".

Ümumiyyətlə, əsərlə tanışlıq zamanı aydın görünür ki, əsrlər boyu qonşu dövlətlərin ərazilərinə göz dikən ermənilər millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını rəhbər tutaraq son iki əsrdə "ictimai-mədəni", siyasi və hətta terrorçu təşkilatlar yaratmış, erməni diasporunun və lobbisinin imkanlarını bu məqsədlərlə səfərbər etmişlər. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist, özgə xalqlara nifrət ruhunda tərbiyə olunmasına zəmin yaratmaq üçün bunu dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaratmaq məqsədi güdür.

Müasir dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli inteqrasiya proseslərinin geniş yayıldığı bir zamanda ermənilərin "böyük dövlət" ideoloqları beynəlxalq hüquq normalarına açıq hörmətsizlik nümayiş etdirir. Xalqları bir-birinə qarşı qoyur, milli və dini əlahiddəlik, ayrı-seçkilik siyasəti və təbliğatı aparır. "Gorus-2010: Absurd teatrı mövsümü" əsəri isə keyfiyyətcə yeni mərhələdə onların saxta iddialarına tutarlı cavab verir. Əsərin sonunda akademik Ramiz Mehdiyev Dağlıq Qarabağdakı separatçı rejimin heç bir dövlət tərəfindən tanınmadığını və ümumiyyətlə, ermənilərin işğalçılıq siyasətinin heç bir perspektivinin olmadığını da xüsusi vurğulayır.

 

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin

elmi işlər üzrə prorektoru,

professor

 

Azərbaycan.-2010.-15 dekabr.-S.4.