Levent Albayrak: Azərbaycanda tibb sahəsinin inkişafına çox böyük diqqət yetirilir
Azərbaycanda tibb sahəsinin inkişafına çox böyük diqqət yetirilir, səhiyyənin maddi-texniki bazası sürətlə möhkəmləndirilir.
Bu sözləri dekabrın 11-də Bakıda keçirilmiş Beynəlxalq onkourologiya simpoziumunun iştirakçısı, türkiyəli professor Levent Albayrak AzərTAc-a müsahibəsində demişdir.
Qonaq onkologiya sahəsində dünyada tətbiq olunan yeniliklərin artıq Azərbaycanda da uğurla həyata keçirildiyini vurğulamışdır.
Simpoziumun əhəmiyyətindən danışan onkoloq dünyada, o cümlədən bölgədə onkoloji xəstəliklərin geniş yayıldığı bir dövrdə müxtəlif ölkələri təmsil edən mütəxəssislərin bu məsələ ətrafında təcrübə mübadiləsi aparmasının vacib olduğunu bildirmişdir. Bu ortaq müzakirələr xəstəliklə mübarizədə daha müsbət nəticələrin əldə olunmasına şərait yarada bilər.
Professor onu da əlavə etmişdir ki, hazırda dünyada ən çox yayılmış onkoloji xəstəlik prostat vəzinin xərçəngidir. Biz yüksək səviyyədə təşkil olunmuş simpoziumda bu problem ətrafında geniş müzakirələr aparmışıq.
Azərbaycan.- 2010.- 12
dekabr.- S.3.