Zümrüd hüsnün vurğunu

 

Həmkarları onu "təbiət alimlərinin qibləgahı" adlandırırdılar. Hər bir münasibətdə özünəməxsus ölçünü-biçini gözləyən, uşaqla uşaq, ahılla ahıl dilində danışmağı bacaran akademik Həsən Əliyev şəxsi keyfiyyətlərində bir çox yüksək məziyyətləri birləşdirə bilmişdi. Adilikdə adil, sadəlikdə böyük, səmimi, qətiyyətli və əsl təbiət vurğunu idi. O təkcə təbiətin aşiqi, pərvanəsi deyildi. Həsən Əliyev təbiətin yaşıl hüsnünə zümrüd rənglər əlavə etməyi çox sevirdi. İndi Azərbaycanın dağ yamaclarında, düzlərində bu böyük alimdən hektarlarla meşələr, yaşıllıqlar yadigar qalıb.

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əliyev ötən əsrin yetirdiyi böyük alimlərdən idi. Azərbaycan təbiətini, torpağını, xalqını ürəkdən sevən və bu yolda vətəndaşlıq, cəfakeş alimlik xidməti göstərən Həsən Əliyevin istər elmi fəaliyyəti, istərsə də örnək ola biləcək insanlığı heç vaxt unudulmayacaq. Bu gün respublikamızın elmi-tədqiqat institutlarında, ali təhsil ocaqlarında Həsən Əliyev məktəbinin yetirmələri çalışmaqdadır. O, milli elmi kadrların hazırlanmasında böyük fədakarlıq göstərib. Vaxtilə "Həyəcan təbili" adlı kitabında yazırdı: "Keçmişdə özünün bir nəfər belə ixtisaslı torpaqşünas alimi olmayan respublikamızda indi iri elmi-tədqiqat institutları və yüzlərlə mütəxəssis vardı. Elmlər Akademiyasında və digər institutlarda 20 nəfər elmlər doktoru (onlardan 5 nəfəri akademik və akademiyanın müxbir üzvüdür), 80 nəfərdən çox elmlər namizədi, 200 nəfərdən artıq kiçik elmi işçi, aspirant fəaliyyət göstərir və onlar torpaqşünaslıq sahəsində geniş tədqiqat işi aparırlar".

Xalq şairi Məmməd Araz uzun illər bir yerdə çalışdığı Həsən Əliyev barəsində yazırdı: "O, böyük insan idi, çox böyük! O, böyük alim idi, çox böyük! Hərdən mənə elə gəlir ki, bütün dünyanın, düzün yaşıllığı, çəməni, çiçəyi onun arzularından göyərib. Və bir də mənə elə gəlir ki, bu əbədi, əzəli dünyada təbiətlə yalnız bircə adam danışa bilib. O da Həsən müəllim olub". 86 il ömür yaşamış Həsən Əliyev Azərbaycanın taleyinə yazılmış bir çox ağrıları öz şəxsi həyatında da çəkməli olub. O elə bir zamanda dünyaya gəlmişdi ki, Zəngəzur qan içində boğulurdu. 1905-ci ildə ermənilərin törətdiyi vəhşiliklər hələ də sona yetməmişdi - belə bir vahiməli məqamda - 1907-ci ildə Zəngəzur mahalının Comərdli kəndində Əlirza kişinin ailəsində oğul övladı dünyaya göz açdı. Dinə, imana bağlı olan Əlirza kişi ilk övladının adını Həsən qoymaqla sanki bu bəlalardan Tanrının köməyi ilə sıyrılmaq istəyirdi. Amma vəziyyət olduqca gərgin idi. İl-ildən bəd gəlirdi. Zəngəzurda ermənilər tərəfindən törədilən vəhşiliklər səngimək bilmirdi. Onlar azərbaycanlılar yaşayan kəndləri talan edir, insanları diri-diri yandırır, evləri xaraba qoyurdular. Belə bir ağır vaxtda çoxu ailə üzvlərini başına yığaraq Naxçıvana köçmək məcburiyyətində qalmışdı.

1905-ci ildən başlanan qara tufanın nəticəsində Andranikin qoşunları azərbaycanlılar yaşayan kəndləri bir-bir yer üzündən silməyə başladılar. Comərdli bu fəlakətin - 1918-ci ilin payızında ən dəhşətli məqamını yaşadı. Gecə qəflətən kəndə hücum edən daşnaklar əhaliyə divan tutdular. Birtəhər canını götürüb Naxçıvana tərəf qaça bilənlər bu qətldən xilas oldular. O vaxtlar Zəngəzurdan Naxçıvana pənah gətirən insanlar çox idi. Vəziyyət çətin olduğundan ayağı yer tutan işləyirdi, çünki ailəyə çörək gətirmək lazım gəlirdi. Əlirza kişinin də külfəti böyük idi. Ona görə 11 yaşlı Həsən də işləmək məcburiyyətində qalır. Bununla bərabər, oxumaq, savadlanmaq arzusunu da kənara qoymur. Hələ 5 yaşında olarkən atası onu doğma kənddə molla məktəbinə qoymuşdu. O, ilk savadını burada almışdı. Zaman ağır gəldiyindən təhsilini davam etdirməyə gecikmişdi. Naxçıvan şəhərindəki axşam məktəbində oxumağa başlayanda artıq onun 17 yaşı var idi. Həsən Əliyevin həmin məktəbdə oxuduğu illərdə "Şərq qapısı" qəzetində (1925) "Bizə də teatr lazımdır", "Molla Nəsrəddin" jurnalının 16-cı sayında isə (1929) "Müəllim lazımdır" adlı məqalələri dərc edilmişdir.

Həsən Əliyev çox bacarıqlı, istedadlı, kənd təsərrüfatının bütün incəliklərini bilən mütəxəssis kimi o illərdə diqqət çəkirdi. Altı il ərzində orta təhsil, üç il ərzində isə ali təhsil almış Həsən Əliyevi birbaşa aspiranturaya qəbul etmişdilər. O, Azərbaycanın təbii sərvətlərinin öyrənilməsi, coğrafiyası, iqtisadi rayonlaşması üçün səmərəli elmi-tədqiqat işləri aparırdı. 1937-ci ildə Həsən Əliyev Bakıya gələrək SSRİ EA-nın Azərbaycan filialının torpaqşünaslıq bölməsində elmi işçi, elmi katib vəzifəsində çalışıb. Bu dövrdə Həsən Əliyevin ilk monoqrafiyası işıq üzü görüb, bir neçə elmi əsəri çap edilib. Lakin İkinci dünya müharibəsinin başlanması onun elmi işlərini yarımçıq saxlayıb. O, Şimali Qafqazın faşistlərdən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Şiddətli döyüşlərin birində ağır yaralanıb. Ömrü boyu müharibədən yadigar olaraq sifətində gəzdirdiyi nişanəyə kədərlə işarə edən Həsən müəllim deyərdi: "Mən müharibəni hər gün görürəm".

Arxa cəbhəyə, öz ailəsinə isə Həsən Əliyev haqqında "qara kağız" gəlir. Ağır yaralandığına görə hərbi hissədən vaxtından əvvəl tərxis olunub vətənə qayıdan Həsən Əliyev yas mərasimindən xəbər tutarkən yarızarafat, yarıciddi deyir: "Mən ikinci dəfə doğuldum". 1943-1944-cü illərdə Azərbaycan EA-nın coğrafiya bölməsinə rəhbərlik edən Həsən Əliyev 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsinə yiyələnir. Doqquz il sonra isə Azərbaycan EA-nın akademiki kimi şərəfli bir missiyanı yerinə yetirir.

Həsən Əliyevin bioqrafiyası olduqca zəngin hadisələrlə səciyyələnir. Uzun illər Torpaqşünaslıq İnstitutunda elmi işlər üzrə direktror müavini, Botanika İnstitutunda direktor, Azərbaycan KP MK-nın katibi vəzifələrində çalışmış Həsən Əliyev digər akademik həmkarları - M.Mirqasımov, Y.Məmmədəliyev, H.Hüseynov, M.Qaşqay, M.Topçubaşov, M.Əliyev və başqa alimlərlə birgə Azərbaycan elminin gələcək inkişafının uğurlu özülünü qoyanlardandır. O bir tərəfdən torpaqşünas alim kimi tədqiqatlar apararaq ətraf mühitin çirklənməsinə, suyun, havanın, torpağın zəhərlənməsinə, bitki və heyvanat aləminin məhvinə səbəb olan amilləri tədqiq edirdisə, digər tərəfdən də ətraf mühitin mühafizəsi üçün alim kimi elmi fəaliyyətinin ikinci istiqamətinin inkişafına səy göstərirdi. 1955-ci ildən isə respublikada təbiəti mühafizə üzrə komissiyanın sədri kimi fəaliyyətə başladı. Bu sahədən onlarca məqalə yazıb, monoqrafiyalar çap etdirən alim 1969-cu ildə direktoru seçildiyi Coğrafiya İnstitutunda ətraf mühitin qorunmasına aid ilk elmi-tədqiqat şöbəsinin yaradılmasına nail oldu.

Həsən Əliyev təbiətlə ünsiyyətdə olmağı çox sevərdi. O, Naxçıvandan tutmuş Dəvəçiyə, Qubaya, Şamaxıya, Gəncəyə, Abşerona, Qəbələyə və digər rayonlara tez-tez gedərdi. Onun sorağı İlanlı dağdan, Çıraqqaladan, Təngə dərəsindən, Pirquludan, Göygöldən gələrdi. Həsən Əliyevin təbiətin mühafizəsində, ondan səmərəli istifadə edilməsi sahəsində apardığı tədqiqatların, gördüyü işlərin miqyası olduqca genişdir. Bütün varlığı ilə torpağa bağlı olan Həsən Əliyev Azərbaycan təbiətinin vurğunu idi. Akademikin oğlu, memar Rasim Əliyev söyləyir: "Atam Azərbaycan meşələrinin məftunu idi. Deyərdi ki, ən qansız, qəddar insan təbiətə qəsd edəndi. Mən istəyirəm ki, Azərbaycanda heç bir ağacın budağı kəsilməsin, meşələr qırılmasın, nadir sərvətlərimizin nəsli kəsilməsin. Bir ağacı ərsəyə gətirmək üçün bəzən bir insan ömrü bəs etmir. İnsanlar bilməlidirlər ki, selin-suyun, daşqının qarşısını kəsən, təbii fəlakətlərə sinə gərən meşələrdir. Meşələr həm də torpağın zinətidir. Bir sözlə, Azərbaycan təbiəti bütün nemətləri, gözəllikləri ilə atamı özünə elə bağlamışdır ki, o, ömrünün mənasını bu zümrüd dünyanın mühafizəsində görürdü. Onun üçün heç bir fəslin fərqi, vaxt anlayışı yox idi. O, hər bir ağaca, gülə, çiçəyə, bulağa nəfəsi gedib-gələn varlıq kimi baxırdı. Təbiətin qoynunda onunla yol getmək müşkül məsələ idi. Çox iti yeriyirdi. Dağlara quş kimi qalxırdı".

Azərbaycan meşələrinin qorunmasında, heyvanlar aləminin mühafizəsində, çəmənliklərin nəzarətə alınmasında Həsən Əliyevin xidmətləri həddən artıq böyük idi. O, Azərbaycanın şoran torpaqlarında yeni meşə zolaqlarının salınmasında əsl şücaət göstərirdi. Bütün bunlar isə Azərbaycan təbiətinin mühafizəsinə, ekoloji tarazlığına xidmət edirdi. Akademik Həsən Əliyevin böyük xidmətlərindən biri də Azərbaycanda dövlət qoruqlarının yaradılmasında, təşkilində əvəzsiz rolunun olmasıdır. O yazırdı: "Qoruq" sözü varsa, deməli, təbiətimiz qorunur. Qorunursa, daha da gözəlləşəcək və zənginləşəcək". Tuqay meşələrinin qorunub saxlanması məqsədilə Qarayazı, eləcə də Bəsitçay, Türyançay, Hirkan, Qızılağac, Şirvan dövlət təbiət qoruqları Həsən Əliyevin təşəbbüsü ilə yaradılmışdı. Bu qoruqlarda Azərbaycanın nadir təbiət kompleksləri qorunub saxlanaraq gələcək nəsillərə çatdırılır. 1961-ci ildə respublika ərazisində cəmi 100 baş ceyran qalmışdı. "Qırmızı kitab"a daxil edilmiş bu təbiət gözəlinin qorunub saxlanmasında Həsən Əliyevin xüsusi qayğısı olmuşdu. İndi bu zərif varlıqların sayı 5 mini ötməkdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində hazırda 15-ə yaxın dövlət qoruğu və 20 dövlət yaşıllığı mövcuddur. Bunların da əksəriyyəti akademik Həsən Əliyevin nişanəsidir. O, milli parkların yaradılmasına da xüsusi əhəmiyyət verərdi. Dünyanın bir çox ölkələrində belə parkları görən Həsən Əliyev Azərbaycanda da milli parkların yaradılmasını arzulayırdı. Onu yaxından tanıyanlar həmişə səmimiyyətlə etiraf edirlər ki, Həsən müəllim el, xalqcanlı insan idi. O buna görə ümumxalq məhəbbəti qazanmışdı. Bütöv bir ömrü gənclik eşqi ilə başa vuran, yazıb-yaradan, xitabət kürsülərində cəsarətli, alovlu çıxışlar edən, təbiəti, dünyanı gəzib dolaşmaqdan həzz alan bir alimin taleyinə düşən xoşbəxtlik, əslində, alın yazısıdır. O alın yazısı ki, Tanrı onu ən sevimli övladlarına bəxş edir. Həsən Əliyev də məhz həmin xoşbəxt taleli insanlardan biri idi.

"Təbiətin mühafizəsini insanın mənafeyi tələb edir", - deyən akademiki dünyanın məşhur təbiətşünas alimləri çox gözəl tanıyırdılar. O, ən nüfuzlu, beynəlxalq elmi konfranslarda adi nümayəndə kimi yox, təşkilatçılardan biri kimi iştirak edirdi. Kanada, Yaponiya, Macarıstan, Almaniya, Fransa, Belçika, ABŞ, Vyetnam və başqa ölkələrdə keçirilən konqreslərdə maraqlı məruzələrlə çıxış edirdi. 1960-cı ildə Beynəlxalq Torpaqşünaslıq Cəmiyyətinin üzvü seçilən Həsən Əliyev Azərbaycanda təbiəti mühafizə və ekologiya elminin banisi və əsas yaradıcısı kimi tanınırdı.

İnsan var ki, gündəlik ruzi qayğısı ilə çalışır, həyatı ancaq kiçik sevinclərdən ibarət olur. İnsan da var ki, onun bütün fəaliyyəti, xidməti çətinliklərdən, ağrı-acılardan, uzun illərin çalışmalarından keçərək millətin, xalqın xoş sabahına yönəlir. Həsən Əliyevə görə, Azərbaycan təbiəti, Azərbaycan torpağı xalqın varlığından xəbər verirdi. Ona görə də bütün həyatını, elmi fəaliyyətini Azərbaycan təbiətinin gələcək nəsillərə olduğu kimi çatdırılmasına yönəltmişdi. Ən böyük arzusu bu idi ki, insanlar ətraf mühitə ağıllı nəzərlə baxsınlar. O deyirdi ki, təbiətin ahəngini, səliqə-sahmanını pozmaq olmaz. Onun fikrincə, ahəng torpaqdır, sudur, havadır, yaşıllıqdır, canlı aləmdir, onlarla insanın təmasıdır. Təbiətdə hər şey vəhdətdədir. Akademik yazırdı: "Təbii gözəlliyi görmək ilk əvvəl ona qayğı göstərmək deməkdir. Əgər biz gözəlliyin qayğısına qalmırıqsa, demək, onu görmürük".

Son dərəcə zəngin və mənalı ömür yaşayan Həsən Əliyev alimliyindən, sənətindən, vəzifəsindən öncə əsl insan, hamıya nəsib olmayan böyük ürək sahibi idi. Neçə-neçə insanın həyatında, taleyində bu müqəddəs şəxsin elə mühüm rolu olub ki, həmişə onu hörmətlə xatırlayır, ruhu qarşısında ehtiramla baş əyirlər. Xalq şairi Nəriman Həsənzadə yazır: "Həsən Əliyev kimsəsizlər kimsəsi idi". Belə şəxslərin yoxluğu onu yaxından tanıyanları məyus etsə də, müqəddəs əməlli xeyirxah insanların ruhu həmişə başımızın üzərində olur. Həsən Əliyev təkcə vətənimizdə deyil, dünyanın hər yerində təbiətin təəssübkeşi kimi tanınırdı...

Həsən Əliyev kimi şəxsiyyətlər haqqında bir fikri də söyləmək yerinə düşərdi. O, adi bəndələrdən yuxarıda, Allahdan aşağıda dayanan imam yiyəsi idi. Hara getsəydi, özü demişkən, ürəyində ancaq Azərbaycan olardı. Həsən Əliyevin Azərbaycan təbiətinin qorunmasında, mühafizəsində göstərdiyi xidmət dastanlara, salnamələrə sığmayan, bitib-tükənməyən ümman xislətli fədakarlıqdır. Bu çağlayan, bu bitməyən ümmanın nişanələri isə Azərbaycan torpağında illər boyu Günəşi salamlayan müxtəlif növlü palıdlardı, çinarlardı, küknarlardı, vələslərdi, şam ağaclarıdı... Bu yurdun zümrüd hüsnü Həsən Əliyev arzularının əbədi göyərdiyindən, yaşıllığından, yaşarılığından xəbər verir.

 

Flora XƏLİLZADƏ,

 

Azərbaycan.-2010.-15 dekabr.-S.6.