Demokratik
inkişaf yolunun banisi
Hər bir xalqın,
millətin ictimai şüurunda hakimiyyət
anlayışı geniş kütlənin ürəkdən
inandığı lider fenomenində real
təcəssümünü tapır. Məhz buna
görə də xalq özünün taleyüklü
problemlərinin həllini həmişə güclü,
qətiyyətli və ağıllı rəhbərin
əzmkar fəaliyyəti, onun şəxsi və
bənzərsiz keyfiyyətləri ilə bağlayır.
Hansı siyasi şəraitdə və tarixi
mərhələdə yaşamasından asılı olmayaraq
Azərbaycan xalqı da ulu öndər Heydər Əliyev
siyasi kursunun həyati əhəmiyyət daşıyan prinsiplərinə
etibar edib. Bu kurs azərbaycanlıların
bir millət olaraq inkişafını təmin etməyə
qadir konseptual ideologiya kimi nəzərdən keçirilir.
Azərbaycan xalqının
tarixində müstəsna rolu və xidmətləri ilə
ümumxalq məhəbbəti qazanaraq canlı
əfsanəyə çevrilmiş ümummilli lider Heydər
Əliyev müstəqil dövlətçiliyimizin banisi
və qurucusu kimi əbədiyaşarlıq hüququ
qazanmışdır. Ulu öndərin əbədiyyətə
qovuşmasından 7 il ötsə də,
onun nurlu xatirəsi Azərbaycan xalqının qəlbində
silinməz iz buraxmışdır.
Ümummilli lider Heydər
Əliyev Azərbaycanda hamının eyni
dərəcədə inandığı fundamental siyasi
ideologiyanın, bütün vətəndaşlarının
hüquqlarını qoruya bilən dövlətin
əsasını qoymuş, hüququn aliliyinə əsaslanan
idarəetmə sistemi yaratmışdır. Bu
əvəzolunmaz şəxsiyyətin müəyyənləşdirdiyi
strateji siyasi kurs təkcə ümummilli deyil, həm də
fərdlərə aid maraqları özündə ehtiva
etdiyindən, ölkədə konstitusion insan hüquq və
azadlıqlarının təminatı məsələsi
demokratik inkişaf sahəsində daim prioritet
istiqamətlərdən biri kimi nəzərdən
keçirilmişdir. 1993-cü ilin iyununda - son
dərəcə mürəkkəb bir dövrdə xalqın
təkidli tələbi ilə respublika rəhbərliyinə
qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi
sabitliyi təmin etməklə, vətəndaş
qarşıdurmasını aradan qaldırmaqla, respublikanı
parçalanmaq təhlükəsindən xilas etməklə,
sözün əsl mənasında, milli qurtuluşu təmin
etmişdir.
Heydər Əliyevin siyasi uzaqgörənliyinin
nəticəsi olaraq 1994-cü ildə "Əsrin
müqaviləsi"nin əfsanədən
reallığa çevrilməsi ölkənin bütün
strateji əhəmiyyətli sahələrinin inkişafına
təkan verməklə yanaşı, Azərbaycanda hüquqi
islahatların yeni mərhələdə aparılmasına da
geniş imkanlar yaratmışdır. Müdrik
şəxsiyyətin rəhbərliyi altında hazırlanaraq
1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu
ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk
Konstitusiyası ölkənin gələcək inkişaf
prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq və azadlıqlarının
təminatını dövlətin ali
məqsədi kimi ön plana çıxarmışdır.
Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə
əsasən, insan və vətəndaş
hüquqlarının, Azərbaycan Respublikasının
vətəndaşlarına layiqli həyat səviyyəsinin
təmin edilməsi dövlətin ali
məqsədidir. Əsas Qanunda əksini
tapmış müddəaların üçdə ikisinin
sırf insan hüquq və azadlıqları ilə
bağlı olması ulu öndərin ümumbəşəri
dəyərlərə sadiqliyinin, onun daxili demokratizminin bariz
təcəssümüdür.
Konstitusiyanın qəbulundan
sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə
yeni mərhələsi başlanmış, dövrün
tələblərinə cavab verən bir sıra yeni qanunvericilik
aktları hazırlanaraq qəbul edilmişdir. Respublikamız
insan hüquq və azadlıqlarının, demokratik
təsisatların təminatı ilə bağlı
mühüm beynəlxalq konvensiyalara, sazişlərə
qoşulmuşdür. Ulu öndərin hələ
1993-cü ildən tətbiqinə moratorium qoyduğu
ölüm hökmü 1998-ci il fevralın
10-da tamamilə ləğv edilmiş, Azərbaycan
bütövlükdə Şərqdə bu qətiyyətli
və tarixi qərarı verən ilk ölkə olmuşdur.
Yüksək humanizmin və insanpərvərliyin bariz
ifadəsinə çevrilən bu addım Azərbaycanın
beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında
müstəqil respublikamız Avropa Şurası kimi
mötəbər beynəlxalq təşkilata tamhüquqlu
üzv qəbul edilmişdir. Təşkilatla
səmərəli əməkdaşlıq Azərbaycanın
milli qanunvericiliyinin Avropa standartlarına
uyğunlaşdırılmasına, mütərəqqi
məhkəmə-hüquq islahatlarının
aparılmasına ciddi təkan vermişdir.
Ümummilli lider Heydər
Əliyevi böyük şəxsiyyət və insan kimi
xarakterizə edən mühüm keyfiyyətlərdən biri
də onun yeritdiyi siyasətin yüksək humanizm və
insanpərvərlik prinsiplərinə əsaslanması
olmuşdur. 1995-2003-cü illər ərzində Heydər
Əliyev tərəfindən 32 əfv fərmanı
imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil
edilmişdir. Ulu öndərin qanunvericilik
təşəbbüsü əsasında Milli Məclis
1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun
imzalamış, 31 mindən artıq məhkum azadlığa
buraxılmış və yaxud cəzasının
çəkilməmiş hissəsi yarıyadək
azaldılmışdır. Bu addımlar
ciddi tərbiyəvi əhəmiyyət daşımaqla,
cəmiyyətdə pak mənəvi dəyərlər,
humanizm hissi aşılamışdır.
Ulu öndər Heydər Əliyev yeni dövrün
tələblərinə cavab verən hüquq qanunvericiliyinin
formalaşdırılması üçün 21 fevral
1996-cı il tarixdə Hüquq İslahat
Komissiyasının yaradılması barədə
sərəncam imzalamışdır. Həmin komissiya
tərəfindən hazırlanmış "Konstitusiya
Məhkəməsi haqqında",
"Məhkəmələr və hakimlər haqqında",
"Vəkillər və vəkillik fəaliyyəti
haqqında", "Prokurorluq haqqında", "Polis
haqqında", "Əməliyyat-axtarış
tədbirləri haqqında", "Notariat haqqında" və
digər qanunların qəbulu məhkəmə-hüquq
islahatları sırasında xüsusi əhəmiyyətə
malikdir.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycan xalqı qarşısındakı
böyük xidmətlərindən biri də
məhkəmə orqanlarının müstəqilliyinin
təmin edilməsi, hüquq-mühafizə orqanlarının
fəaliyyətinin təkmilləşdirilməsidir. Böyük öndərin
1998-ci il 1 dekabr tarixdə
imzaladığı "Məhkəmələr və
hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi və məhkəmə
islahatlarının həyata keçirilməsi barədə
fərmanı respublikada yeni məhkəmə sisteminin
formalaşmasına mühüm töhfə olmuşdur. Dövrün tələbindən irəli
gələn bu dəyişikliklər
məhkəmələrin işinin
təkmilləşdirilməsinə, onların
fəaliyyətində şəffaflığın geniş
təminatına, hakimlərin seçilməsi
qaydalarının mütərəqqi dəyərlərə uyğunlaşdırılmasına,
işində səhlankarlığa, sui-istifadə hallarına
yol verən və qanunçuluğu düzgün tətbiq
etməyən hakimlər barədə intizam
məsuliyyətinin gücləndirilməsi
məqsədinə xidmət etmişdir.
Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının təmin edilməsi istiqamətində
həyata keçirilən hüquqi islahatların və milli
qanunvericiliyin beynəlxalq, Avropa standartlarına
uyğunlaşdırılması prosesinin məntiqi davamı
kimi 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş
"Azərbayan Respublikasında insan hüquq və azadlıqlarının
həyata keçirilməsinin tənzimlənməsi
haqqında" Azərbaycan Respublikasının Konstitusiya
Qanunu da tənzim etdiyi məsələlərin
dairəsinə görə çox mühüm
əhəmiyyət kəsb edir. Bu qanun
Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının həyata keçirilməsi
vəziyyətini "İnsan hüquqlarının və
əsas azadlıqlarının müdafiəsi haqqında"
Avropa Konvensiyasına uyğunlaşdırılması məqsədi
daşımışdır.
Dövlət idarəetmə
sistemində davamlı uğur və nailiyyətlərə yol
açan vacib amillərdən biri də məhz irs-varislik
ənənələrinin təmin olunmasıdır. Siyasi varisliyin
təmini əsrlər boyu formalaşmış
dövlətçilik irsinin qorunması və inkişaf
etdirilməsi anlamında, əslində, hər bir ölkə
üçün aktualdır. Azərbaycanda
müstəqil dövlətçilik ənənələrini
formalaşdıran Heydər Əliyev də müəllifi
olduğu siyasi strategiyanın davamlılığını
təmin etmiş, parlaq zəkası hesabına
respublikamızın gələcək uğurlarına
təminat yaratmışdır. Əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş islahatları uğurla davam etdirən dövlət
başçısı İlham Əliyev sosial-iqtisadi
inkişafın yeni keyfiyyət mərhələsində
hüquq-mühafizə orqanlarında liberal islahatların
dərinləşdirilməsini son dərəcə vacib
sayır. Azərbaycan Prezidenti ilk
gündən vurğulamışdır ki, demokratik
proseslərin davamlı şəkildə
aparılmadığı hansısa dövlətin iqtisadi
sahədə yüksək nəticələr əldə
etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya
təsərrüfat sisteminə inteqrasiyası mümkün
deyildir. Eyni zamanda iqtisadi
cəhətdən inkişaf etməmiş hansısa
dövlətdə demokratikləşməyə və
vətəndaş cəmiyyəti quruculuğuna
yönələn cəhdlər uğursuzluqla
nəticələnir.
Hazırkı
mərhələdə neft gəlirlərindən əldə
olunan vəsaitin respublikamızda vətəndaş
cəmiyyəti və hüquqi dövlət quruculuğu
prosesinin daha da sürətləndirilməsinə,
ümumilikdə, insan amilinin yüksəlişinə
yönəldilməsi demokratiya sahəsində böyük
təcrübəsi olan dövlətlər və
ayrı-ayrı beynəlxalq təşkilatlar
tərəfindən də müsbət qarşılanır. Respublikamızın
hazırkı sürətli iqtisadi inkişaf tempi demokratik
proseslərin dərinləşdirilməsinə,
qanunçuluğun gücləndirilməsinə və
liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik
islahatlar kursunun genişləndirilməsini ciddi tələb
kimi önə çıxarır.
Bu gün Azərbaycan
ümumbəşəri dəyərlərə əsaslanaraq
mütərəqqi yolla irəliləməklə, insan
hüquq və azadlıqlarının təminatı,
demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza
atır. Son
parlament seçkilərində layiqli qələbə
qazanmış Yeni Azərbaycan Partiyasının lideri,
dövlət başçısı cənab İlham
Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı
ölkənin sabit və davamlı inkişafı heç
də təbii sərvətlərin zənginliyi ilə deyil,
demokratikləşmə proseslərindən, qanunun aliliyinin
qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının
inkişafından asılıdır. Azərbaycanın
bugünkü dinamik iqtisadi inkişafı deməyə
əsas verir ki, respublikamız insan və vətəndaş
hüquq və azadlıqlarının təminatı
sahəsində ən qabaqcıl dövlətlərdən
birinə çevrilməkdədir.
Hikmət
MİRZƏYEV,
Azərbaycan
Respublikası
Ali
Məhkəməsinin inzibati-iqtisadi
kollegiyasının sədri
Azərbaycan.- 2010.- 12 dekabr.-
S.4.