Elm dühası
Şəfaət Mehdiyev - 100
Akademik Şəfaət
Mehdiyevin adı hər bir azərbaycanlı ziyalısı
üçün əzizdir. Ensiklopedik biliyə
və geniş erudisiyaya malik olan alim görkəmli
neftçi-geoloq olmaqla yanaşı, eyni zamanda jurnalist,
yazıçı və ictimai-siyasi xadim idi. Ümummilli lider
Heydər Əliyev xatirələrində Şəfaət
Mehdiyevi istedadlı alim olmaqla yanaşı, Azərbaycan
xalqına xas zəngin mənəvi keyfiyyətlərin
daşıyıcısı kimi dəyərləndirərək
demişdir: "Akademik Şəfaət Mehdiyev böyük
alim, böyük ziyalı, böyük şəxsiyyət
olmaqla yanaşı, yaxşı kişi idi".
Şəfaət Mehdiyevin
mənalı və şərəfli ömür yoluna, elmi
fəaliyyətinə nəzər saldıqda onun milli ideallara
bağlı nəcib şəxsiyyət olduğu qabarıq
görünür. O, elmi axtarışları ilə daim
öyrənməyə, həqiqəti üzə
çıxarıb isbatlamağa, əldə etdiyi faydalı
nəticələri praktik surətdə
gerçəkləşdirməyə
çalışmışdır.
Nüfuzlu alim-pedaqoq kimi
Şəfaət Mehdiyev 1958-ci ildə Azərbaycanın ən
nüfuzlu təhsil ocağının - Azərbaycan
Dövlət Universitetinin rektoru təyin edilmişdi. Beləliklə
də böyük alim respublikanın siyasi-ictimai
həyatındakı islahatların, elmi-mədəni
düşüncədəki yeniləşmənin, milli
intellektual-kulturoloji mühitdəki dəyişikliklərin
mərkəzinə düşmüşdür.
Neçə-neçə dövlət xadimi, elm,
mədəniyyət, ədəbiyyat, hüquq və başqa
sahələrin nümayəndələri məhz onun
rektorluğu dövründə universitetdə təhsil
almışlar. Bu insanların hər biri ustad alim, nüfuzlu
ziyalı, tanınmış pedaqoq, ən əsası isə
millətini sevən Şəfaət Mehdiyevi bu gün də
xoş xatirələrlə anırlar. Ardıcılları
və tələbələri xatirələrində qeyd
edirlər ki, Şəfaət müəllim bütün
tələbələrə əsl atalıq qayğısı
ilə yanaşıb. Ağır müharibə
illərində valideynlərini, yaxınlarını itirmiş
yetim tələbələr bu dəyərli ziyalının
simasında əsl himayədarlarını tapıblar. Deyilənlərə görə, hətta zəif
oxuyan tələbələrə də təqaüd yazdıran
görkəmli alimə müxtəlif qüvvələr
tərəfindən müqavimət, basqılar olurmuş.
Lakin təzyiqlər Şəfaət Mehdiyevin ədalətli
və humanist mövqeyinə təsir göstərə
bilməmiş, əksinə, onu daha da
mətinləşdirmişdir.
Şəfaət Fərhad
oğlu Mehdiyev 1910-cu ildə İranın Sarab
qəzasının Şalqun kəndində əkinçi
ailəsində anadan olmuşdur. Dörd
yaşında atasını itirdikdən sonra ailəsi
Bakıya köçmüşdür. 1930-cu ilin aprel
ayında Şəfaət Azərbaycan Sənaye İnstitutunun
(ADNA) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş
və 1934-cü ildə oranı bitirərək neft və qaz
yataqlarının kəşfiyyatı üzrə dağ
mühəndisi ixtisasına yiyələnmişdi.
Hələ
tələbə ikən o, əvvəlcə
"Azneftkəşfiyyat" trestində geoloq, sonra
Mərdəkanda kəşfiyyat sahəsinin geoloqu
vəzifəsində işləməyə
başlamış, daha sonra isə Mərdəkan-Türkan
kəşfiyyat qrupunun böyük geoloqu olmuşdur.
1932-1936-cı
illərdə Şəfaət Mehdiyev Sənaye İnstitutunun
"Neft kadrları uğrunda" çoxtirajlı, daha sonra
"Gənc işçi" qəzetlərinin, "Gənc
bolşevik" məcmuəsinin, "Azərbaycan
idmançısı", "Qala neftçisi" qəzetlərinin
redaktoru işləmişdir.
1936-cı ildən Pirsaat
neft mədənində, 1937-1938-ci illərdə Neftçala
neft mədənində geoloq kimi çalışmış,
daha sonra Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma
İnstitutunda baş geoloq, direktor müavini
vəzifələrinə irəli çəkilmiş, eyni
zamanda aspiranturaya daxil olmuşdur. Paralel olaraq
1939-cu ildə Azərbaycan Geoloji Fondunun 1940-cı ildə
Abşeron Geoloji-Seysmik partiyasının rəisi
işləmişdir. Şəfaət müəllim 1941-1945-ci
illər müharibəsinin ilk günlərindən hərbi
xidmətə çağırılmış və Qara
dəniz qrupunda, Zaqafqaziya və IV Ukrayna
cəbhələrində zabit kimi vuruşmuşdur.
1944-cü ilin mart ayında o, mühəndis-geoloq kimi arxa
cəbhəyə göndərilmişdir. Yenidən
aspiranturaya bərpa olunmuş, 1945-ci ilin
əvvəllərində "Abşeron
yarımadasının neft yataqlarının
geotermikası" mövzusunda namizədlik, 1950-ci ildə
"Lənkəran vilayətinin geoloji quruluşu və
neftlilik perspektivləri" mövzusunda doktorluq
dissertasiyalarını müdafiə etmişdir.
Şəfaət
Mehdiyev tərəfindən Abşeron yarımadasının
neft yataqlarının istilik rejimi məsələləri
dəqiq surətdə tədqiq olunmuş və dəyərli
əsər hazırlamışdı. Bu əsərin
böyük əhəmiyyəti ondan ibarət idi ki,
dərinlikdən, tektonikadan və digər
amillərdən asılı olaraq geotermik pillənin
dəyişmə qanunauyğunluqları ilk dəfə olaraq
aşkara çıxarılmışdı. Xeyli sonra 1980-ci
ildə Şəfaət müəllim neft və qaz
yataqlarının istilik rejiminin mühüm nəzəri
məsələlərini yenidən araşdırmış
və həmmüəllifləri ilə birgə
"Cənubi Xəzərin qərb şelfinin geotermik
sahələrinin xüsusiyyətləri haqqında" problem
məqalə ilə çıxış etmişdi.
Cənubi Xəzərin
qərb şelfinin tədqiqat obyekti kimi seçilməsi
təsadüfi deyildi və bu, istehsalatın
tələbindən irəli gəlirdi. Təkcə
onu göstərmək kifayətdir ki, 1981-ci ilin əvvəli
üçün Avrasiyanın şelf zonalarında qazılan
dərin və böyük dərinlikli axtarış və
kəşfiyyat quyularının əksəriyyəti məhz
Cənubi Xəzərin qərb şelfində
qazılmışdı. Nəticədə dərinlikdə
yerləşmiş süxurlar haqqında
yeni geoloji məlumatın, xüsusən onların geotemperatur
yatma şəraitləri haqqında informasiyanın toplanmasına
kömək etmiş və baxılan ərazi daxilində
geotermik sahənin bəzi spesifik dəyişmə
xüsusiyyətlərini aşkar etməyə imkan
vermişdi.
1945-1950-ci
illərdə Şəfaət Mehdiyev Azərbaycanın geoloji
cəhətdən bu gün də ən az
öyrənilmiş regionunda - Lənkəran vilayətində
və Dağlıq Talışda regional geoloji tədqiqatlar
aparmış və bu barədə dəyərli monoqrafiya da
yazmışdır.
Dağlıq
Talışın geologiyasına həsr olunmuş
əsərində Şəfaət Mehdiyev bir çox yeni,
maraqlı, orijinal məlumatlar vermişdir. O,
Dağlıq Talışın stratiqrafiyasının tam yeni
sxemini işləyib hazırlamış, Lənkəran
vilayətində ilk dəfə olaraq ayrı-ayrı
stratiqrafik vahidlərin, qismən xadum horizontu çöküntülərinin
və koun lay dəstəsinin analoqlarının
mövcudluğunu müəyyən etmişdir. Eyni zamanda, vulkanogen süxurların yaşı
haqqında əvvəlki tədqiqatçıların
baxışlarına böyük düzəlişlər
edilmiş, Lənkəran ərazisində dördüncü
dövr vulkan axmalarının olmaması sübuta
yetirilmiş, intruzivlərin yaşı
dəqiqləşdirilmişdir.
1950-ci
ildən etibarən Şəfaət Mehdiyev Elmlər Akademiyasının
Geologiya İnstitutunda Neft yataqlarının geokimyası
laboratoriyasına rəhbərlik etməyə başlayır
və Azərbaycanın neftli laylarında üzvi
komponentlərin - bitumun, üzvi karbonun, humin
turşularının, azotun və s. keyfiyyət və
kəmiyyətcə paylanma qanunauyğunluqlarını
öyrənir.
Şəfaət
Mehdiyevin bu sahədə yerinə yetirdiyi çoxillik
tədqiqatların nəticələri "Neftin
mənşəyi məsələləri və
Azərbaycanın neft yataqlarının
formalaşması", "Azərbaycanın
çökmə süxurlarının üzvi
komponentləri", "Azərbaycanın cənub-şərqinin
üçüncü dövr kompleksinin bitumluğuna dair"
(D.V.Jabrevlə müştərək),
"Xəzəryanı-Quba sahəsinin tabaşir və
üçüncü dövr
çöküntülərində üzvi maddələrin
yayılması", "Kür çökəkliyinin
şərq hissəsinin üst pliosen
çöküntülərinin geoloji və geokimyəvi səciyyəsi"
(hər ikisi Ad.A.Əliyevlə birlikdə) və digər
əsərlərində öz əksini
tapmışdır.
Neftin
mənşəyi problemi ilə dərindən
məşğul olan Şəfaət Mehdiyev hələ
1966-cı ildə neftin dərinlik-biogen genezisi hipotezini
irəli sürmüş, sonrakı tədqiqatları ilə
onu nəzəriyyə səviyyəsinə
çatdırmışdı. Sonralar bu fikir dünyanın
bir çox alimləri tərəfindən qəbul
edilmişdir.
Şəfaət
Mehdiyev "Neftin mənşəyi problemləri və neft-qaz
yataqlarının formalaşması" (1969-cu il)
əsərində bu problemin bir çox cəhətlərini
geoloji və geokimyəvi tədqiqatlardan istifadə
etməklə təhlil etmişdir. Əsərin məntiqi
davamı kimi o, 1985-ci ildə "Təbiətdə neftin
və qazın formalaşması və tərkibinin
dəyişməsi" monoqrafiyasını çap
etdirmişdir.
Görkəmli
alim yazırdı ki, neftin mənşəyi, neftin və qazın
tərkibinin formalaşması və çevrilmələrini
öyrənərkən yerin inkişafını, onun ilkin
vəziyyətindən başlayaraq bizim günlərə kimi
müxtəlif geosferlərin əmələ gəlməsi
və inkişafını nəzərə
almaq vacibdir, plitələr tektonikasının yeni
ideyalarına diqqətlə yanaşmaq lazımdır.
Çünki tam olaraq mümkündür ki, Zavaritski-Benyof
zonasının müxtəlif rayonlarında yuxarı temperatur
şəraitlərində subdiksiya prosesində çökmə
süxurların üzvi maddəsi mantiya qazlarının
iştirakı ilə karbohidrogen flüidlərinə
çevrilə bilər. Bu problemlərin optimal
həllinin axtarışında təkcə
geoloji-geokimyəvi elmlərin ən yeni nailiyyətlərini
nəzərə almaq kifayət etmir, həmçinin
qonşu, bir-birinə çox yaxın olan elmlərin də
nailiyyətlərindən istifadə etmək lazımdır.
Şəfaət müəllim tərəfindən
işlənilib hazırlanmış və 1966-cı
ildə qısa olaraq, 1969-cu ildə isə
hərtərəfli izah olunmuş
neftqazəmələgəlmə nəzəriyyəsi
"neftin dərinlik-biogen mənşəyi
nəzəriyyəsi" adlanır. Burada
neftəmələgəlmənin həm biogen, həm də
abiogen tərəflərinin uğurları və
səmərəli mülahizələri
birləşdirilmişdir.
Akademik Şəfaət
Mehdiyev bir çox geoloji xəritələrin
tərtibçisi və redaktoru olmuşdur. Bu
cəhətdən onun elmi redaktoru və həmmüəllifi
(F.M.Bağırzadə, X.B.Yusifzadə, S.H.Salayev və b.
ilə birlikdə) olduğu və Dövlət mükafatına
layiq görülmüş "Azərbaycanın neft və
qaz yataqları və perspektiv strukturları" (1:500.000
miqyaslı) xəritəsi xüsusilə diqqəti cəlb
edir. Yeni xəritə Azərbaycanın depressiya
zonalarının struktur-tektonik xüsusiyyətlərini,
dərinlik və regional qırılmaları,
çökmə süxur qatının
qalınlığını, əsas neft-qaz daşıyan
və perspektiv kompleksləri, aşkar olunmuş strukturlar
fondunu, neft-qaz yataqlarının yerləşməsini,
ayrı-ayrı perspektiv neft-qaz layları və
horizontlarının stratiqrafik pazlaşma
zonalarını və s. əks etdirir. Bu yeni
xəritə də, öz növbəsində, elmi-tədqiqat
və istehsalat təşkilatlarına respublika
ərazisində, o cümlədən, Xəzər dənizi
akvatoriyasına birləşən rayonlarda neft və qaz
üçün geoloji-axtarış və kəşfiyyat
işlərinin əsaslandırılmasında, yerinə yetirilməsində
çox böyük dəstək oldu.
Şəfaət Mehdiyev
dərinliyə və həddən böyük
dərinliyə gömülmüş çökmə
süxurlar kompleksində sənaye əhəmiyyətli neft-qaz
yataqlarının axtarışına və
kəşfiyyatına ciddi fikir verirdi. Bu cəhətdən
alimin 1984-cü ildə Moskvada Beynəlxalq Geoloji Konqresin XXVII
sessiyasında "Cənubi Xəzərdə dərinliyə
gömülmiş neft-qaz yataqlarının
axtarışının ilkin geoloji şəraiti"
mövzusunda etdiyi məruzə xüsusən diqqəti
cəlb edir. O, ixtiyarı potensial neft-qaz rayonunda
dərinlikdə yerləşmiş (4,5-6,0 km) və
böyük dərinliyə (6 km-dən artıq)
gömülmüş neft-qaz yataqlarının
məqsədyönlü axtarışını aparmaqdan
öncə geoloqların bir neçə suala müsbət
cavab verməsini vacib hesab edirdi: bu dərinliklərdə
metamorfizləşməmiş çökmə süxur
kompleksləri məlumdurmu? Bu dərinliklərdə
əlverişli struktur-tektonik şərait mövcud ola
bilərmi? Bu dərinliklərdə sənaye
əhəmiyyətli neft-qaz yığımlarını
saxlaya bilən kollektorlar varmı? Bu dərinliklərdə
sənaye əhəmiyyətli neft-qaz
yığımlarını qorumaq imkanına malik olan
örtük (ekran) süxurlar mövcuddurmu? Neft
laylarının yatması üçün bu "kritik
dərinlik" kifayət edirmi? Şəfaət
müəllim Cənubi Xəzər akvatoriyası üzrə
toplanmış zəngin faktiki geoloji-geofiziki materialı
ümumiləşdirərək təhlil edir, dərinliyə
və böyük dərinliyə qazılmış
quyuların məlumatlarını əsas tutaraq Cənubi
Xəzər akvatoriyasında dərinlikdə və
böyük dərinlikdə yerləşmiş neft və qaz
yataqlarının axtarışı üçün optimal
plan təklif edir. Konqres iştirakçıları
tərəfindən böyük maraqla dinlənilən bu
məruzə konqresin materialları ilə yanaşı az sonra
1984-cü ildə "Azərbaycanın geologiyası
haqqında" oçerklərdə işıq üzü
görür.
Akademik Şəfaət
Mehdiyev Orta Kür cökəkliyinin maykop lay dəstəsinin
(oliqosen-aşağı miosen) neft-qazlılıq
perspektivliyinin qiymətləndirilməsi sahəsində də
həmkarları ilə müştərək dəyərli
tədqiqat aparmışdır. Qərbi Azərbaycanda və
Şərqi Gürcustanda geniş yayımış bu cöküntülərin
yayılma sahəsi 35-85 km enində 300 km məsafəyə
qədər uzanır. Azərbaycanın neft-qaz geoloji
rayonlaşdırma sxemində paleogen-miosen kompleksinin
ayrı-ayrı stratiqrafik vahidlərində sənaye
miqyasında neft-qazlılıq nisbətən çoxdan
məlumdur. Xüsusən Yevlax-Ağcabədi
neft-qaz rayonunda Muradxanlı, Zərdab, Şıxbağı,
Kür və Qabırrı çayları arası neft-qaz
rayonunda Tərsdəllər, Gürzündağ, Sacdağ,
Qaflandərə kimi yataqlar məlumdur ki, bunlar da Qərbi
Azərbaycanın paleogen-miosen
çöküntülərinin, o cümlədən maykop lay
dəstəsinin regional planda
neftlilik-qazlılığını sübut edir. Bununla belə, lokal planda ayrı-ayrı struktur
qalxımlarda, başqa sözlə, antiklinal strukturlarda
(onların sayı 70-dən artıqdır) maykop lay
dəstəsinin və onun ayrı-ayrı qumlu
intervallarının müqayisəli
qiymətləndirilməsi aparılmamışdır.
Şəfaət müəllim geoloji-geofiziki, qazma və
quyulardan alınan sınaq və istismar
nəticələrinin təhlilinə, neft və qaz
göstəricilərinin varlığına, əlverişli
qırışıqlıqların, kollektorların və
başqa əlverişli geoloji şəraitlərin olmasına
əsaslanaraq Orta Kür cökəkliyində maykop lay
dəstəsinin neft-qazlılıq perspektivliyini
qiymətləndirir və axtarış-kəşfiyyat
işıərinin nəzərəçarpacaq
dərəcədə geniş miqyasda aparılmasını
tövsiyə edirdi.
Şəfaət
müəllimin əsərlərini nəzərdən
keçirərkən onun tədqiqatlarının nə
dərəcədə çoxşaxəli olmasına
qibtə etməmək olmur. 1990-cı ildə Moskvanın
"Geokimya" jurnalında Şəfaət Mehdiyevin
həmkarı ilə birlikdə "Abşeron
yarımadası neftlərində təbii ingibitorların
paylanma qanunauyğunluğu" adlı
irihəcmli məqaləsində yazırdı ki, neftlərin
antiradikal aktivliyini səciyyələndirən kinetik
parametrlər neftqazəmələgəlmə ocaqlarının
identikliyini və laylı neft sistemləri üçün
miqrasiya yollarını müəyyən etməyə imkan
verir və Abşeron yarımadasının məhsuldar
qatı neftləri üçün təbii
qanunauyğunluq müəyyən edir.
Qeyd etdiyimiz kimi, akademik
Şəfaət Mehdiyev çox orijinal ideyaların
daşıyıcısı olmuşdur. Onlardan biri
"Vulkanların məkan-zaman ərzində qanunauyğun
püskürmələri və onların gizli periodikliyinin
Günəşin aktivliyi ilə bağlı olması"
adlı elmi kəşfidir. Onunla həmfikir olan məşhur
akademik B.Y.Xainlə və digər
həmmüəlliflərilə keçmiş SSRİ
EA-nın məruzələrində və digər
mötəbər elmi jurnallarda məqalələrlə
çıxış etmişdir. Sonradan əldə edilən
bu nəticə alimin ölümündən sonra 2003-cü
ildə elmi kəşf kimi təsdiqləndi və
beynəlxalq reyestrə daxil edildi, baxmayaraq ki, kəşfin
prioriteti alim tərəfindən hələ 1983-cü ildə
təqdim edilmişdi.
Alimin neft-qaz
yataqlarının istilik rejimi problemləri ilə bağlı
apardığı tədqiqatları, Azərbaycanın termal
sularının xalq təsərrüfatında istifadə edilməsinin
elmi cəhətdən əsaslandırılması,
Xəzər dənizinin sahilyanı zolağının kurort
zonasına çevrilməsi və digər fikirləri böyük
əhəmiyyət daşıyır. Onun
bitumlaşmış süxurların
öyrənilməsinə həsr edilmiş orijinal
tədqiqatları nəticəsində bu "qızıl qumlar"dan
neftin və digər faydalı qazıntıların
çıxarılması əsaslı şəkildə
işlənilmişdir.
Akademik
Şəfaət Mehdiyevin "Respublikamızın təbii
sərvətləri", "Göygöl",
"Azərbaycan neft xəzinəsidir", "Yer necə
və nə vaxt yaranmışdır", "Xəzərin
neft sərvətləri" adlı kitabları geniş oxucu
kütləsi tərəfindən böyük maraqla
qarşılanmışdır. Ə.Yaqubovla birlikdə
hazırladıqları "Neft-mədən
geologiyasının qısa kursu" kitabı uzun illər
Azərbaycan Dövlət Neft Akademiyasının
tələbələrinin stolüstü dərs vəsaiti
olmuşdur.
Akademik
Şəfaət Mehdiyev 400-ə qədər elmi
əsərin, 20-dən artıq monoqrafiyanın,
Azərbaycanın geoloji və tektonik xəritələrinin,
neft və qaz yataqları xəritələrinin redaktoru və
tərtibçisi, Abşeron yarımadasının geoloji xəritəsinin
redaktoru olmuşdur. O, "Azərbaycanın
geologiyası" çoxcildli nəşrində
ayrı-ayrı fəsillərin və bölmələrin
tərtibi, həmçinin redaktəsi işinə
böyük əmək sərf etmişdir.
Görkəmli
alim 1954-1958-ci illərdə Qubkin adına Geologiya
İnstitutunun direktoru və 1958-ci ilin aprel ayından 1965-ci
ilin fevral ayına kimi Bakı Dövlət Universitetinin rektoru
olmuşdur. 1953-1965-ci illərdə universitetdə
əvvəlcə "Neftin və qazın geologiyası",
sonra Ümumi geologiya kafedrasının müdiri olmuşdur.
1965-ci
ildən ömrünün sonuna qədər alim Milli Elmlər
Akademiyasının Geologiya İnstitutunda Neftin və qazın
geologiyası şöbəsinin rəhbəri və ADNA-da
Neft və qaz yataqlarının geologiyası və
kəşfiyyatı kafedrasının müdiri olmuşdur.
İstedadlı alim-geoloq, akademik Şəfaət Mehdiyev
həm də şair-publisist, dramaturq və bir çox
bədii əsərlərin müəllifi idi. O, Azərbaycan
Respublikası Ali Sovetinin deputatı (V
çağırış) olmuş, iki dəfə
"Qırmızı Əmək Bayrağı" və
"Şərəf nişanı" ordenləri,
müxtəlif medallar, Ali Sovetin fəxri fərmanları
ilə təltif edilmişdir.
Azərbaycanda geologiya
elminin formalaşmasında və inkişafında misilsiz
xidmətləri olmuş Şəfaət Mehdiyev geniş elmi
biliyə, yüksək təşkilatçılıq bacarığına
malik bir alim kimi bu gün də böyük hörmət
və ehtiramla yad edilir.
Abel
MƏHƏRRƏMOV,
Bakı
Dövlət Universitetinin rektoru,
akademik,
Milli Məclisin deputatı
Vasif
BABAZADƏ,
BDU-nun
Faydalı qazıntılar kafedrasının
müdiri,
AMEA-nın müxbir üzvü
Azərbaycan.-2010.-15
dekabr.-S.6.