Xeyirxahlıq missiyası
Heydər Əliyev Fondu ulu
öndərin ölməz ideyalarını
fəaliyyətində daim rəhbər tutur
Cəmiyyətdə mühüm siyasi prosesləri istiqamətləndirən, hadisələrin fövqündə dayanmaqla tarixi inkişafın gedişini əvvəlcədən müəyyənləşdirən böyük siyasi liderlər ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Müəyyən zaman kəsiyində tarixi inkişafın diktə etdiyi ictimai-siyasi şərait bu şəxsiyyətlərin nəyə qadir olduqlarını qabarıq şəkildə üzə çıxarır. Belə taleyüklü məqamlarda bir daha təsdiqlənir ki, əsl siyasi lider daim öz cəsarəti, çevik və prinsipial qərarları, ən çətin situasiyalardan optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir.
Dünya tarixini, bəşər sivilizasiyasını yaradan ən mühüm amil ta qədim dövrlərdən bəri öz xalqına, millətinə, ümumiyyətlə, bəşəriyyətə xidmət edən dahilərin ideyaları və əməlləri ilə bağlı olmuşdur. XX əsrdə Azərbaycan xalqının yetirdiyi ən böyük şəxsiyyət olan Heydər Əliyev də məhz belə liderlərdən biri kimi daim ehtiramla anılır. Ötən əsrin 70-ci illərindən etibarən ölkəmizin siyasi həyatı və bütünlüklə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni impuls, daha yüksək inkişaf parametrləri kəsb edərək əslində, özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdür. Xalqımız minilliklər boyu qazandığı möhtəşəm nailiyyətləri, tarixi dövlətçilik ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını və özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir.
Bu nöqteyi-nəzərdən ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir. 2004-cü ildən analoqu olmayan əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu da nəcib, xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. İctimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun yaradılması ideyası rəsmi səviyyədə ilk dəfə Azərbaycan Prezidentinin 2004-cü il 10 mart tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanında təsbit edilmiş, burada qarşıya qoyulan məqsədlər kifayət qədər aydın və konkret şəkildə göstərilmişdir. Fond, ilk növbədə, ümummilli liderin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasi kursun öyrənilməsi və təbliği, habelə bu ideyaların reallaşdırılması niyyətilə yaradılmışdır. Təşkilat ilk gündən həmçinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək məqsədini də qarşıya qoymuşdur.
Heydər Əliyev Fondu insanlara müxtəlif səviyyələrdə yardım göstərməklə yanaşı, həm də cəmiyyətdə yalnız sağlam ənənələrin bərqərar olmasına, zəngin əxlaqi dəyərlərin möhkəmlənməsinə çalışır. Qurumun çoxşaxəli fəaliyyətinin bir başlıca məqsədi var: insanlara yaxşılıq! Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva məhz bu amalla ona üz tutmuş insanların mənəvi hamisi, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların problemlərinin həllinə çalışır. Yerli əhəmiyyətli sosial məsələlərin icrasına, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, istedad və qabiliyyətlərinin göstərilməsinə, inkişaf etdirilməsinə yardımçı olmaq qurumun məqsədləri sırasında öncül yerlərdən birini tutur. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun geniş spektrli fəaliyyətinin mühüm məqamları kimi müasir tariximizə unudulmaz səhifələr yazmışdır.
Hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi dəyərlərə bağlı layiqli şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür. Bu baxımdan fond qısa müddət ərzində həyata keçirdiyi böyük layihələrlə dövlətin elm və təhsil strategiyası çərçivəsində qarşıya qoyduğu bir sıra vacib məsələlərin gerçəkləşdirilməsinə töhfəsini vermişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ictimai fəaliyyətinin əsas prioritetləri sırasında elm və təhsilin mühüm yer tutması da qətiyyən təsadufi deyildir. Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını böyük uzaqgörənliklə söyləmiş ulu öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq onların gerçəkləşdirilməsinə çalışan fond fəaliyyəti müddətində cəmiyyətdə maarifçilik xəttinin gücləndirilməsinə təkan vermişdir.
Bu sahəyə yönələn diqqət və qayğının hansı məqsəddən qaynaqlandığını, xalqın, dövlətin gələcəyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini isə xüsusi vurğulamağa ehtiyac yoxdur. Elmin, təhsilin dinamik inkişafı, milli-mədəni irsin mənfi təsirlərdən qorunması, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsi, ilk növbədə, həqiqi vətənpərvərlikdən irəli gəlir.
Xüsusi qeyd olunmalıdır ki, fondun maarifçilik sahəsindəki fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş YUNESKO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək geniş bir spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rezonansa səbəb olmuş, rəğbətlə qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmiri və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər son dərəcə təqdirəlayiqdir. Qurumun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmasına, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırmaqdır. Təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli məktəblər şəbəkəsi yaratmadan, təlim-tədris prosesini keyfiyyətli səviyyədə yenidən qurmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür.
Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirmək olmuşdur. Layihə çərçivəsində yalnız 2005-2009-cu illərdə 75 mindən artıq şagird yerlik 283 məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. 2010-cu il oktyabrın 4-də Bakıda yəhudi məktəbinin açılması da fondun Azərbaycandakı digər xalqlara tolerant münasibətinin təcəssümüdür. Paytaxtın Xətai rayonundakı Əbilov yaşayış massivində Heydər Əliyev Fondu və "Or-Avner" Fondu tərəfindən inşa edilmiş 450 yerlik "Xabad-Or-Avner" təhsil mərkəzinin açılış mərasimində dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etmişlər. 2010-cu il noyabrın 9-da Bakının Nərimanov rayonunda fondun təşəbbüsü və dəstəyi ilə yeni inşa olunmuş məktəb kompleksinin açılışı olmuşdur.
Dünya standartlarına cavab verən məktəb binaları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuşlar. Heydər Əliyev Fondu belə yüksək göstəricilərə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir.
Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli də bu gün Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" bilavasitə fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evlərində, internat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmışdır. Proqram çərçivəsində 31 uşaq müəssisəsi əsaslı təmir edilmiş, yeni avadanlıqlarla təchiz olunmuşlar. Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondu yaşı 18-dən yuxarı olan, uşaq evlərini tərk edən yeniyetmələrin mənzillə təmin olunmasını da diqqət mərkəzində saxlayır.
Fondun təhsil sahəsində beynəlxalq əməkdaşlığı uğurlu nəticələrin əldə olunmasını təmin etmişdir. Bütün dünyada elm və təhsilin, mədəniyyətin hamisi kimi çıxış edən, sivilizasiyalararası dialoq təşəbbüsünü ələ alan mötəbər beynəlxalq təşkilatla - YUNESKO ilə əməkdaşlıq münasibətləri bu baxımdan xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımının 2004-cü ilin sentyabrında təşkilatın xoşməramlı səfiri təyin olunması bu əlaqələrə ciddi impulslar vermiş, strateji əhəmiyyət daşıyan müxtəlif layihələrin müştərək icrasına geniş imkanlar açmışdır. 2004-cü il iyulun 6-da fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları", 2005-ci ilin avqust ayında isə Bakıda "YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri" mövzularında beynəlxalq konfranslar keçirilmişdir. Konfransda çıxış edən Azərbaycanın birinci xanımı milli təhsilimizin problemlərindən söz açmış, həyata keçirilən islahatlar barədə iştirakçılara ətraflı məlumat vermişdir. Mehriban xanım Əliyeva burada Dağlıq Qarabağ problemi barədə də geniş danışmış, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, torpaqlarımızın işğalının ölkə təhsilində yaratdığı ağır problemləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.
Azərbaycan qadınlarının 2009-cu il sentyabrın 26-da keçirilmiş III qurultayında YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qadınların təhsil hüququnun təmin olunması zərurətini xüsusi önə çəkmişdir. Azərbaycanın birinci xanımı gender siyasəti sahəsində əldə olunan uğurlara rəğmən, bəzi problemləri, arxaik təsəvvürlərdən irəli gələn qüsurlu cəhətləri də kəskin tənqid etmişdir. Xüsusən də, qadınların təhsillə bağlı problemlərini diqqətə çəkən Mehriban xanım Əliyeva demişdir: "Mən bu gün sizin diqqətinizi məni narahat edən iki məsələyə cəlb etmək istərdim. Bunun birincisi təhsilə aiddir... Bir sıra bölgələrdə bəzi ailələr qızlarına, hətta orta məktəbi bitirməyə belə icazə vermirlər. Hesab edirlər ki, qız uşağı üçün təhsil o qədər də vacib deyil. Fikrimcə, bu, dözülməz bir faktdır. Biz qadınlar bu məsələlərdə həmrəy olaraq öz qəti sözümüzü deməliyik. İkinci məsələ uşaq evləri və internat məktəblərində tərbiyə alan uşaqlara aiddir. Heydər Əliyev Fondu bu sahədə bir çox işlər görür. Bizim xüsusi proqramımız var və bu proqram çərçivəsində ölkəmizdə 30-dan çox uşaq evi və internat məktəbi yenidən qurulub, ən müasir avadanlıqla təmin olunubdur. Mən bu kürsüdən istifadə edərək, sizə müraciət edirəm və düşünürəm ki, biz bu məsələləri birgə təhlil edib, bu xoşagəlməz meyillərin qarşısını almağa çalışmalıyıq".
Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətli bir hissəsini səhiyyə sahəsində reallaşdırılan layihələr təşkil edir. Tibb ocaqlarının, uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulması, müasir avadanlıqla təchizatı, xarici ölkələrdən mütəxəssislərin yerli klinikalara dəvət olunması, treninqlərin keçirilməsi, həkim mübadiləsinə dəstək, dünyanın bir sıra aparıcı tibb müəssisələri, səhiyyə şirkətləri ilə əməkdaşlıq əlaqələrinin inkişafı bu yöndə həyata keçirilən fəaliyyətin ayrı-ayrı şaxələridir.
Bütün dövrlərdə əhalinin sağlamlığının təmin olunması xüsusi həssaslığı ilə seçilən elə bir sosial amildir ki, bu sahədə mövcud problemlərin tam aradan qaldırılması üçün bəzən dövlət tərəfindən görülən tədbirlər yetərli olmur. Cəmiyyətin ən müxtəlif təbəqələrinə mənsub insanların şəfa tapmaq üçün əlahiddə köməyə ehtiyacı yaranır. 2004-cü ildən bəri Heydər Əliyev Fondu belə bir durumla üzləşmiş insanların üz tutduqları son pənah ünvanıdır. Hər gün bura göndərilən yüzlərlə məktubun bir çoxu insanların sağlamlıqla bağlı problemlərindən bəhs edir. Qurum şəhid, məcburi köçkün, aztəminatlı ailələrin problemlərinə həssaslıqla yanaşır, ilk növbədə, bu kateqoriyadan olan insanlara köməyi zəruri hesab edir.
Fondun həyata keçirdiyi səhiyyə layihələri 2004-2010-cu illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmış, onlara həyat eşqi vermişdir. "Talassemiyasız həyat naminə" layihəsi isə bu xəstəliyin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Lahiyə çərçivəsində inşa edilmiş Talassemiya Mərkəzinin 2009-cu il mayın 10-da - ulu öndərin doğum günündə istifadəyə verilməsi fondun böyük töhfəsi idi.
Bakıda Psixonevroloji Uşaq Evinin yenidənqurulması isə uşaqların müayinə və müalicəsi üçün geniş imkanlar açır. Bundan başqa, son illərdə fondun xəttilə Xəzər rayonunun Türkan və Zirə qəsəbələrində poliklinika, təcili yardım stansiyası, aptek, Şüvəlan qəsəbəsində xəstəxana, İsmayıllı rayonunun İvanovka kəndində poliklinika yenidən qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuşdur.
Körpələrin ana südü ilə qidalandırılmasının ana və uşaqlar üçün faydası, bu sahədə fəal təbliğat işlərinin aparılması da qurumun diqqət mərkəzindədir. 2010-cu il noyabrın 25-də Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondu (YUNİSEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanda ana südü ilə qidalanmanın mövcud problemləri və onların aradan qaldırılmasının yolları" mövzusunda keçirilən milli konfransda da sözügedən məsələlər əsas müzakirə obyekti olmuşdur.
Hər bir xalqı dünya miqyasında tanıdan və məşhurlaşdıran həm də onun əsrlərin süzgəcindən keçib gələn, cilanan mədəniyyəti, milli-mənəvi irsidir. Bu mənada, Heydər Əliyev Fondunun ötən illərdə milli mədəniyyət incilərinin mühafizəsi, eləcə də musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi prosesini diqqət mərkəzində saxlaması Azərbaycanın zəngin mədəni potensialının qorunması işinə əvəzsiz töhfədir. Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin inkişafı və təbliği sahəsində də böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri "Qarabağ xanəndələri" albomunun hazırlanması olmuşdur. 2009-cu ilin mart ayında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq muğam festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalmışdır.
2009-cu ildə aşıq sənətinin, habelə Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi də fondun bu sahədəki əzmkar fəaliyyətinin nəticəsidir. Eyni zamanda, 2009-cu və 2010-cu illərin yay aylarında Qəbələ rayonunda təşkil olunan beynəlxalq musiqi festivalları da, ümumən Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
2010-cu il oktyabrın 22-də Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə birinci beynəlxalq aşıq festivalının keçirilməsi də milli mədəniyyətə qayğı siyasətini özündə ehtiva edir.
Xeyirxah əməllər Azərbaycan xalqının tapındığı yüksək milli-mənəvi dəyərlərdən irəli gəlir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirhaxlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir. Şübhə yoxdur ki, fond ən müxtəlif sahələrdəki fəaliyyətini bundan sonra da davam etdirəcək, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə öz layiqli töhfəsini verəcəkdir.
İ.ƏLİYEVA
Azərbaycan.- 2010.- 12 dekabr.- S.5.