Qətiyyətli rəhbər
Ulu öndər Heydər Əliyev idarəçilik bacarığına, hadisələri düzgün qiymətləndirmək və proqnozlaşdırmaq dəst-xəttinə, ensiklopedik zəkaya, ilahi yaddaşa malik fenomenal bir şəxsiyyətdir. Onun fövqəlbəşər bir siyasətçi olduğu hamıya bəllidir. Heydər Əliyev imperiyanın bütün ölkə boyu meydan suladığı dövrlərdə belə, milli özünüdərki sovet ideoloji sisteminin buxovlarından xilas etmək, türk-müsəlman xalqlarının qanuni hüquqlarını qorumaq naminə bütün çətinlikləri dəf etmək qüdrətinə malik cəsarətli rəhbər imicini özündə formalaşdıra bilmişdi.
Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri olduğu illərdə SSRİ DTK-sı Sovet İttifaqının bütün respublikalarında milli ruhda düşünən ziyalıları susdurmaq üçün dissident ovuna çıxmışdı. Qəlbi öz xalqına və onun açıq fikirli ziyalı elitasına hörmət və ehtiram mənbəyi olan Heydər Əliyev sənət adamları haqqında toplanmış qərəzli məlumatların Moskvaya ötürülməsinin və ümumiyyətlə, bu cür materialların toplanmasının qarşısını qətiyyətlə alırdı. Həmin qorxulu dövrdə bütün çətinliklərə mərdliklə sinə gərən Heydər Əliyev şair Bəxtiyar Vahabzadəni, görkəmli elm və mədəniyyət xadimlərimizdən Ziya Bünyadovu, Xəlil Rzanı, adları qara siyahiya düşmüş onlarca milli ruhlu vətənpərvər sənət adamlarını sovet rejiminin sərt repressiyalarından, təqiblərindən xilas etmiş, onları qaranlıq həbsxanalara aparan yoldan qaytarmaqla, əslində, Azərbaycan xalqının genefondunu hifz etmişdi. 1937-ci ildə ağır repressiyaya məruz qalmış Hüseyn Cavid kimi qüdrətli bir poeziya ustadının məzarının tapılıb, nəşinin qarlı Sibir tayqalarından Azərbaycana gətirilməsi ulu öndərin milli irsimizə nə qədər hörmət və ehtiramla yanaşdığının, onun bu yolda heç bir riskdən çəkinməyən cəsur bir şəxsiyyət olduğunun əyani sübutudur.
Sovet ideologiyasının əsiri olan, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin məqsəd və məramlarına damğa vurmaqdan belə, çəkinməyən bəzi "tarixçilər" Azərbaycan Dövlət Universitetinin əsasının guya 1920-ci ildə sovet hakimiyyəti tərəfindən qoyulduğunu israr etsələr də, Heydər Əliyev bu ali tədris ocağının yaradıcısının məhz Azərbaycan Xalq Cümhuriyyəti olduğunu nəzərə çapdırdı. Heydər Əliyev universitetin 50 illik yubileyinin 1969-cu ildə təntənəli şəraitdə keçirilməsi barədə sərəncam imzaladı. Sovet dövrünün ehkamları respublika rəhbərlərindən bütün rəsmi tədbirlərdə yalnız yeganə dövlət dili hesab olunan rus dilində danışmağı tələb etsə də, Heydər Əliyev universitetin yubileyində Kremlin nüfuzlu nümayəndələrinin, bütün müttəfiq respublikalardan, sosialist ölkələrindən, yaxın və uzaq xaricdən dəvət olunmuş qonaqların qarşısında doğma Azərbaycan dilində geniş nitq söylədi. O dahi şəxsiyyət Kremlin divarlarını silkələyib, imperiyanın dörd tərəfində böyük sensasiya döğuran bu bəşəri çıxışı ilə beş min illik zəngin dövlətçilik təcrübəsinə malik olan Azərbaycanın varlığını və xalqımızın ən qiymətli milli sərvəti olan ana dilimizin zənginliyini bütün dünyaya bəyan etdi. O vaxt Heydər Əliyev cəmi 4 ay idi ki, hakimiyyət kürsüsündə əyləşmişdi...
1970-ci illərin əvvəllərində Azərbaycanda cəmi iki ali hərbi məktəb -Ali Ümumqoşun Komandirləri Məktəbi və Ali Hərbi Dənizçilik Məktəbi fəaliyyət göstərirdi. Hər ikisi də Moskvanın tabeçiliyində idi. Rəhbər heyəti yalnız ruslardan və xalqımızın qatı düşməni ermənilərdən ibarət olan həmin məktəblərdə 550 nəfər xarici ölkə vətəndaşı təhsil alsa da, orada azərbaycanlı gənclərə rast gəlmək olmurdu. Ulu öndər hələ o zaman Azərbaycanın nə vaxtsa imperiya əsarətindən sıyrılıb öz müstəqilliyinə qovuşacağını, bu müstəqilliyi qorumaq üçün milli orduya böyük ehtiyac hiss olunacağını və bu hərbi tədris müəssisələrinin gələcəkdə Azərbaycanın milli ordusunun təşəkkülündə müstəsna rol oynayacağını bilirdi. Elə buna görə də həmin hərbi məktəbləri Azərbaycanın sərəncamına keçirmək üçün Moskva ilə çox ciddi danışıqlar aparmalı oldu və nəhayət ki, böyük çətinliklər bahasına olsa da, öz arzusuna çatdı. Rus və erməni zabitlərini qısa bir zaman çərçivəsində, müxtəlif yollarla həmin ali hərbi məktəblərin rəhbərliyindən uzaqlaşdıran Heydər Əliyev SSRİ-nin müxtəlif regionlarında çalışan azərbaycanlı hərbçi kadrları, respublikamıza dəvət etməklə, həmin tədris müəssisələrini milliləşdirməyə və cəmi bir il ərzində oraya qəbul olunanların tərkibində azərbaycanlı gənclərin sayını 50 faizə qaldırmağa nail oldu. Heydər Əliyev 1971-ci ilin aprelində Azərbaycan Hərbi Komissarlığının və respublika Maarif Nazirliyinin gənclərimizi ali hərbi məktəblərə hazırlamaları barədə xüsusi sərəncam imzaladı. Və elə həmin il iyulun 20-də milli hərbçi kadrlar üçün baza rolunu oynayacaq liseyin əsasını qoydu. Həmin liseyə Azərbaycan xalqının qüdrətli sərkərdəsi Cəmşid Naxçıvanskinin adının verilməsi də o dövrdə respublika rəhbərindən böyük cəsarət və qətiyyət tələb edirdi. Heydər Əliyevin əzmkarlığı və məğlubedilməzliyi burda da qələbə çaldı. Uzaqgörən dahi şəxsiyyət həmin liseyi yaratmaqla müstəqilliyimizi göz bəbəyi kimi qorumaq və hər hansı bir düşmən ordusunu diz çökdürmək qüdrətinə malik bugunkü milli ordumuzun təməlini qoydu.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra son dərəcə mürəkkəb bir dövrdə Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq kimi ağır bir missiyanı öz üzərinə götürmüş, erməni daşnaqlarının "qatı millətçi" damğası vurduqları görkəmli partiya və dövlət xadimi Nəriman Nərimanovun Bakının mərkəzində əzəmətli heykəlini ucaltmaq Heydər Əliyevin ən böyük arzusu idi. Bu arzunun gerçəkləşməsi naminə atdığı cəsarətli addıma görə Heydər Əliyev öz siyasi karyerasını da itirə bilərdi. Ulu öndərimiz nəhayət ki, 1972-ci ildə öz istəyinə nail oldu. Heydər Əliyevin "xalqımızın tarixi inkişafının hərəkətverici qüvvəsi, o zaman Azərbaycanı tarix səhnəsindən silinmək qədər ağır bir faciədən qurtarmış qeyri-adi siyasi şəxsiyyət" adlandırdığı N.Nərimanovun möhtəşəm heykəli bu gün də paytaxtımızı bəzəyir. Heydər Əliyev Nəriman Nərimanovu böhtan hədəfinə çevirməkdən hələ də əl çəkməyən çirkin xislətli erməniləri birdəfəlik susdurmaq üçün 1972-ci ildə "Pravda" qəzetində o böyük şəxsiyyət haqqında iri həcmli bir məqalə ilə də çıxış etmişdi. 1977-ci ildə məhz onun səyilə Ulyanovski şəhərində də N.Nərimanovun möhtəşəm bir abidəsi ucaldılmış, 1982-ci ildə isə Moskvada onun xatirə lövhəsinin açılışı olmuşdu.
1972-ci ilin mayında Moskvada İttifaqlar Evinin Sütunlu Salonunda Aşıq Ələsgərin 150 illik yubileyinin təntənə ilə qeyd olunması da adi məsələ deyildi. Bu, ilk növbədə, o böyük el sənətkarının doğulub dünyaya göz açdığı və sovet dövründə zorla əlimizdən alınıb qondarma erməni dövlətinin tərkibinə qatılmış Göyçə mahalının tarixi Azərbaycan torpağı olduğunu Kremldə əyləşənlərin nəzər-diqqətinə bir daha çatdırmaq idi.
1970-ci illərin sonlarında Yaponiyada, İtaliyada, Böyük Britaniyada, İsveçdə və digər ölkələrdə təntənəli şəraitdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi də Heydər Əliyevin məmləkətimizin dar sərhədlərə sığışmayan qüdrətli sənətkarlar, müdrik şəxsiyyətlər beşiyi olduğunu dünyaya bəyan etmək arzusunun əyani nümayişi idi.
Heydər Əliyev 1977-ci ildə SSRİ Konstitusiyasının layihəsinin hazırlanması üçün yaradılan komissiyada Cənubi Qafqazı və bütünlükdə müsəlman-türk xalqlarını təmsil edən yeganə siyasi xadim idi. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nin 4-cü konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi qəbul edilməsi də o ali şəxsiyyətin siyasi uzaqgörənliyinin və əzmkarlığının təntənəsi idi. 1970-ci illərdə nəşr olunmuş və xalqımızın milli şüurunun formalaşmasına ən qiymətli töhfə olan üç cildlik "Müasir Azərbaycan dili" dərsliyinin dövlət mükafatına layiq görülməsi də Moskva tərəfindən birmənalı qarşılanmamışdı. Bütün bunlar ulu öndərimizin millətin əbədiyaşarlığının təmin olunması, onun yadlaşdırılması imkanlarının qarşısının qətiyyətlə alınması, xalqın milli özünüdərk prosesinin stimullaşdırılması və hüquqlarının bərpası naminə imperiyaya qarşı müxalifətçilik missiyası idi.
O illərin ən yaddaqalan hadisələrindən biri də 1976-1987-ci illərdə Heydər Əliyevin təşəbbüsü və mənəvi dəstəyi ilə hazırlanmış on cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın nəşr edilməsi ilə bağlı idi. Respublikamıza aid bütün məlumatları özündə cəmləşdirən, ölkəmizin qədim, kəşməkəşli tarixinin, zəngin mədəni irsinin dünya xalqları tərəfindən dərindən öyrənilməsinə imkan verən bu toplu həmin dövrün təkzibedilməz mənəvi abidəsi idi.
Heydər Əliyevin həyatından bu cür faktları çox gətirmək olar. Bütün bunlar o dahi şəxsiyyətin hələ keçmiş sovetlər dövründə yüksək demokratizmə söykənən idarəçilik missiyasının aliliyinə, humanizm və insanpərvərlik kimi ilahi dəyərlərə sadiqliyinə əyani sübutdur. Heydər Əliyev milli maraqlarla bağlı məsələlərdə daim cəsarət və əzmkarlıq nümayiş etdirmişdir. Xalqımız bu gün o dahi şəxsiyyətin müqəddəs ideyalarının layiqli davamçısı, respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında sivil və bəşəri yolla daha xoşbəxt sabahlara doğru inamla addımlamaqdadır.
Zeynal
VƏFA,
"Azərbaycan"
Azərbaycan.-
2010.- 12 dekabr.- S.5.