Dünya
durduqca yaşayan lider
Türkiyə Cümhuriyyətinin mərhum Başbakanı Bülent Ecevit demişdir: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür".
Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, dünya ölkələri ilə münasibətlərin inkişafı və genişlənməsində Heydər Əliyevin rolu misilsizdir. Ulu öndər bütün istedadı və müdrikliyini, məhəbbətini və fədakarlığını Azərbaycanın tərəqqisi yoluna həsr edərək ölkəsinin dünya birliyində layiqli yer tutmasına nail olmuşdur. Heydər Əliyev Azərbaycanın bugünkü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin, iqtisadi uğurlarının memarıdır. Onun siyasətini dünya dövlətləri diqqətlə izləmiş, bazar iqtisadiyyatı və demokratiyanın bərqərar olması üçün əzmlə çalışmasını təqdirəlayiq saymışlar.
Heydər Əliyev siyasətinin qayəsini milli birlik və qüdrətli dövlət ideyası təşkil edirdi. Ulu öndər dövrü düzgün qiymətləndirərək, düşməni neytrallaşdıraraq Qarabağ probleminin həlli yolunda ciddi addımlar atmışdır. Şirin yalanı deyil, acı həqiqəti önəmsəyən ümummilli lider Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallığın Azərbaycan tərəfinə keçməsi fikrini 1991-ci ildə Ali Sovetin iclasında belə ifadə etmişdir: "Bundan sonra Ermənistan barəsində biz müdafiə mövqeyi deyil, hücum mövqeyi tutmalıyıq və burada deputatların dediyi kimi, zəbt olunmuş bütün torpaqların qaytarılması uğrunda mübarizə aparmalıyıq. İndi biz hücuma keçməliyik və mən də buna hazıram".
Azərbaycanın heç bir basqı altında qalmayacağını, hər bir təzyiqə lazımi cavab verə biləcəyini, lazım gəldikdə isə sülh danışıqlarından çıxıb problemi hərbi yolla həll etməyi bacaracağını Heydər Əliyev hər zaman dünya ictimaiyyətinə öz siyasətilə çatdırmışdır.
Böhran dövründə ölkəsinə sabitlik gətirən lider 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"ni imzalamaqla ölkəsinə iqtisadi sahədəki ən önəmli uğurlardan birini qazandırdı. Bu önəmli addım neft sənayesinin inkişafına xidmət edərək, ölkəyə daxil olan gəlirlərin "Güclü iqtisadiyyata sahib olan dövlət hər şeyə qadirdir" prinsipinin reallaşmasına şərait yaratdı. "Əsrin müqaviləsi" Heydər Əliyevin prezidentliyi dövründə yeni neft strategiyasını müəyyən etmiş ilk iri iqtisadi sənəd olmuşdur. Bu sənəd həmçinin ictimai rifaha xidmət edən dəyərləri özündə əks etdirir.
Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülün sözləridir: "Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi və mədəni tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı dərindən kədərləndirmişdir."
"Davamlı inkişaf strategiyasının müəllifi", "Milli maraqların təminatçısı", "XX əsrin ictimai-siyasi fenomeni", "Dünyanı heyran qoyan insan" və bu kimi adlarla tarixə imzasını atan ulu öndər Heydər Əliyevi itirmək Azərbaycan xalqı üçün nə qədər hüznlü hadisədirsə, türk dünyası, dünya birliyi üçün də bir o qədər kədərli olaydır. Tarix belə şəxsiyyətləri hər gün yetişdirmir.
"Özkaya Group" şirkətinin rəhbəri olaraq, mən belə bir şəxsiyyəti yaxından tanıdığım üçün fəxr edirəm. Dostluğa sadiq insanlara hər zaman diqqətli olan, millətini sevən, Azərbaycan və Türkiyəni "Bir millət, iki dövlət" kimi qəbul edən ulu öndər çox zəngin bir xəzinədir. Türk xalqlarının bir-birlərinə yaxınlaşması və qardaşlıqlarının hər zaman davam etməsi üçün yaradılan körpülərin qorunmasında Heydər Əliyevin əvəzsiz rolu vardır.
Bu gün onun siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin bu böyük və zəngin irsi qoruduğunun hər gün şahidi oluruq. Öncə Heydər Əliyev inandı. Ardınca İlham Əliyev inandı. Sonra bütün Azərbaycan inandı. Zəfər məhz o zaman qazanıldı. Beləcə, Qafqazda azad, güclü, inkişaf etmiş və müasir Azərbaycan yarandı. Türk dünyasının daha bir güclü dövləti tamamlandı.
İngiltərənin məşhur dövlət xadimi Uinston Çerçil "Siyasətçi növbəti seçkilər, əsl lider isə gələcək nəsillər barədə düşünür" demişdir. Heydər Əliyev və onun kursunun layiqli davamçısı olan İlham Əliyev daim gələcək nəsilləri, Azərbaycanın taleyini düşünən əsl liderlərdəndir.
Dünyada dahi şəxsiyyətlər hər yüz ildən bir doğulurlar. Atatürkdən sonra tarixə, Azərbaycan və türk dünyasına son yüz ildə imzasını atan dahi lider Heydər Əlirza oğlu Əliyevdir.
Sonda qəlbimdəki sevginin bəhrəsi olan misralarla Azərbaycan xalqının hüznünə şərik olduğumu bildirirəm:
Yeddi il keçdi aradan...
Nə gözəl xəlq eləmişdi Səni yaradan
Alışmadıq yoxluğuna!...
Sən ölmədin!
Yaşadın, Yaşayırsan, Yaşayacaqsan!
Osman
GEZEKER,
"Özkaya Group" şirkətinin
rəhbəri
Azərbaycan.- 2010.- 12
dekabr.- S.7.