Davamlı inkişafın təminatçısı  

 

İntibah yolunda olan hər bir xalq gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün ilk növbədə konkret zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Bu dəyərləndirmə fonunda həm də uzaq hədəflərə hesablanmış əməli siyasət yeridən, milli inkişaf üçün dayanıqlı əsasların müəllifi olan böyük liderlərin misilsiz xidmətləri qabarıq görünür. Tarixə öz möhürünü vuran belə liderlər həm də mütərəqqi inkişaf modelinin siyasi və iqtisadi əsaslarını formalaşdırmaq kimi məsul missiyanı çiyinlərinə götürərək mənsub olduqları xalqların gələcək inkişaf strategiyasını müəyyənləşdirirlər.

XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla bünövrəsini qoyduğu uzaqgörən siyasətin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider xalqı can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür.

Böyük strateqin müdrikliklə formalaşdırdığı milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə, xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir. Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modeli özünəməxsus uzaqgörənliklə əsaslandıran ümummilli lider bu inkişaf strategiyasının yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini yaxşı bilirdi. Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunu iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf yolu hesab edir, tətbiq olunan hər hansı mütərəqqi yeniliyin xalqın milli xüsusiyyətləri, ictimai şüur səviyyəsi ilə səsləşməsini vacib sayırdı: "Demokratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tezliklə nail olmaq çətindir".

Ümummilli lider qlobal dünya reallıqları fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji hədəfləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev bu iqtisadi inkişaf modelini irəli sürərkən heç də dünya ölkələrinin təcrübəsini Azərbaycana köçürməmiş, respublikamızın zəngin təbii resurslarını, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyini, geniş tranzit-kommunikasiya imkanlarını, habelə tarixi təsərrüfatçılıq ənənələrini, spesifik xüsusiyyətlərini, sosial-iqtisadi gerçəkliklərini nəzərə almışdır. Bunun nəticəsi kimi də qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investiya axınını stimullaşdıran inkişaf modelini praktik surətdə gerçəkləşdirmişdir. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazaq iqtisadiyyatı və sahibkarlığın inkişafıdır" - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur.

Respublika iqtisadiyyatındakı tənəzzül prosesinin və hiperinflyasiyanın qarşısını almaq, makroiqtisadi sabitliyə nail olmaq üçün ilkin mərhələdə sərt büdcə-kredit siyasətinə üstünlük verilmiş, hökumətin çevikliyini, işləkliyini təmin etmək üçün yeni dövrün tələblərinə cavab verən struktur islahatları həyata keçirilmiş, habelə özəlləşdirmə prosesinə başlanmışdır. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın perspektivdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev Qərb şirkətləri ilə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib mərhələlərlə həyata keçirilmişdir.

"Əsrin müqaviləsi"nin imzalanması ilə bağlı Azərbaycan iqtidarının o zaman bəzi Qərb dövlətləri ilə apardığı danışıqların uğurla nəticələnəcəyinə şübhə ilə yanaşanlar da az deyildi. Cəbhə bölgəsində atəşkəs rejiminin kövrək olduğu, dövlət idarəetmə mexanizmlərinin hələ tam qurulmadığı, bəzi qonşu dövlətlərlə münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyin hökm sürdüyü, Xəzərin hüquqi statusu ilə bağlı mübahisələrin kəskinləşdiyi bir vaxtda "Əsrin müqaviləsi"nin imzalanması çoxlarına əfsanə kimi görünürdü. Qərb şirkətlərinin Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində iştirakı təkcə iqtisadi deyil, həm də strateji-siyasi məsələ kimi nəzərdən keçirilirdi. Azərbaycana kənar təzyiqlərin getdikcə artması fonunda bu danışıqları davam etdirmək ölkə iqtidarından ciddi siyasi iradə, əzmkarlıq və qətiyyət tələb edirdi. Lakin prinsipial xarakterə malik ümummilli lider Heydər Əliyev kənar maneələri dəf edərək Qərbin aparıcı şirkətlərini bu müqavilənin səmərəliliyinə inandıra bilmişdir. Nəhayət, 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi"nin - neft kontraktının təntənəli imzalanma mərasimi keçirilmişdir.

"Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi müstəqilliyinin məhək daşına çevrilərək azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyanı, yeni iş yerlərinin açılmasını təmin etmiş, ölkəyə xarici investisiya axınını sürətləndirmişdir. Bu müqavilə dünyada miqyasca ən böyük enerji layihəsinin həyata keçirilməsini təmin etməklə yanaşı, respublikamızın ciddi elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının gerçəkləşməsinə də imkan yaratmış, dayanıqlı siyasi sabitliyə, iqtisadi və milli təhlükəsizlik maraqlarının beynəlxalq səviyyədə təminatına real zəmin formalaşdırmışdır. Regionda qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi anlamında müsbət presedent yaranmış, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başlamış, respublikamız Cənubi Qafqazda sülhün, sabitliyin, iqtisadi tərəqqi və inkişafın başlıca təminatçısına çevrilmişdir. Son 15 ildə xarici şirkətlərlə imzalanmış 30-dan çox neft-qaz müqaviləsi iqtisadiyyatın digər sahələrinin inkişafına əsaslı təkan vermiş, iqtisadi proseslərdə yüksək dinamizmin əldə olunması, əhalinin maddi rifah halının və alıcılıq qabiliyyətinin yüksəlməsi paralel olaraq milli sahibkarlığın formalaşması prosesini sürətləndirmişdir.

Ulu öndər Azərbaycanın beynəlxalq təsərrüfat sisteminə uğurlu inteqrasiyasını təmin etmək üçün həm də ölkənin tranzit-kommunikasiya imkanlarından səmərəli istifadəni vacib saymışdır. Cənubi Qafqaz xalqlarının iqtisadi və mədəni inteqrasiyasının əhəmiyyətini nəzərə alan Heydər Əliyev Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi kimi qlobal rola malik beynəlxalq layihənin gerçəkləşməsi təşəbbüsünü irəli sürmüş, beləliklə, Azərbaycanın perspektivdə tranzit məkana çevrilməsinə nail olmuşdur. TRASEKA layihəsi Avropa İttifaqının 1993-cü ildə Brüsseldə keçirilən sammiti zamanı Orta Asiya ölkələri, Cənubi Qafqaz respublikaları və təşkilatla imzalanmış sazişə əsasən həyata keçirilmişdir. 1993-cü ilin sonlarında Bakıda Avropa Birliyinin MDB ölkələrinə texniki yardım proqramı nümayəndəliyinin açılması ilə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin Avropa modeli üzrə yenidən qurulması prosesi başlanmışdır. Məhz bu proqram çərçivəsində 1993-cü ildə Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" layihəsi irəli sürülmüş, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Ermənistan nümayəndələrinin iştirakı ilə onun müzakirəsi keçirilmişdir. Müzakirələrin yekunu olaraq "Brüssel bəyannaməsi" adlı iki rəsmi sənəd imzalanmış, qədim Şərq-Qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alınmışdır.

TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans da məhz ulu öndər Heydər Əliyevin diplomatik səyləri ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmişdir. Konfransın yekun sənədi olaraq "Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş" adlanan mühüm sənəd imzalanmışdır. Avropa Birliyinin TASİS-TRASEKA proqramı çərçivəsində "Böyük İpək yolu"nun bərpası üzrə keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.

Ulu öndərin uzaqgörən siyasəti sayəsində respublikamız beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması kimi mürəkkəb sosial, iqtisadi və təşkilati-texniki prosesdə yaxından iştirak edərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin gerçəkləşdirilməsi təşəbbüslərini də dəstəkləmişdir. Azərbaycanın əlverişli iqtisadi mövqeyə malik olması ona Şərq-Qərb və Şimal-Cənub əlaqələrində xüsusi əhəmiyyət verilməsinə gətirib çıxarmış, respublikamız bu əlverişli geoiqtisadi məkanda ticarət dəhlizi rolunu gücləndirmişdir. Avropa və Asiyanın, Şimal və Cənubun kəsişməsində yerləşən Azərbaycan regionda enerji və yük axınları üçün qovşaq yolunu oynamaq üçün unikal imkanlara malik olduğunu nümayiş etdirmişdir

Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, bazar mexanizminin hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin uğurla reallaşdırılmasında mühüm rol oynayır. Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması da Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlmişdir. 1995-ci ildən başlayaraq respublikada həyata keçirilən islahatlar Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir.

Respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi daim diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də neft gəlirlərindən düzgün istifadə etmək, "Holland sindromu"na imkan verməmək idi. "Neft təkcə indiki deyil, həm də gələcək nəsillərə mənsubdur" - deyən ümummilli lider iqtisadiyyatın birqütlü inkişafının yolverilməzliyini daim vurğulamaqla yanaşı, istehsal sahibkarlığının geniş vüsət almasına, fəaliyyəti dayandırılmış bir sıra iri müəssisələrin işə salınmasına, bir sözlə, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmışdır. Neftdən qazanılan gəlirlərin indiki və gələcək nəsillərin mənafeyi naminə düzgün istifadə olunması üçün zəruri tədbirlər həyata keçirilmiş, Dövlət Neft Fondunun yaradılması bu istiqamətdə mühüm addım olmuşdur.

Aqrar islahatları daha da dərinləşdirmək, onun ikinci mərhələsinə keçidi təmin etmək, kəndli-fermer təsərrüfatlarının bazar iqtisadiyyatı prinsiplərinə cavab verən, keyfiyyətcə yeni forma, prinsiplər və qaydalara əsaslanan, müasir tipli kollektiv əməyin tətbiqi sahələrini yaratmaq məqsədilə ciddi addımlar atılmışdır. Ulu öndər aqrar sektorda sürətli islahatların aparılmasına mühüm diqqət yetirərək torpağı əsl sahibinə - kəndlilərə qaytarmağa nail olmuş, bu sahəni bir sıra vergilərdən azad etməklə nümunəvi fermer təsərrüfatlarının formalaşmasına əsaslı dəstək vermişdir. Görülən işlərin nəticəsi kimi, özəl sektorun milli iqtisadiyyatdakı xüsusi çəkisi 1996-cı ildəki 27 faizdən 2003-cü ildə 70 faizə yüksəlmişdir.

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildə qüvvəyə minmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı" əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. İqtisadi inkişaf prosesində sahibkarlıq subyektlərinin həlledici rolunu önə çəkən dövlət proqramında bu sahədə hökumətin üzərinə düşən əsas öhdəliklər əksini tapmış, həyata keçiriləcək islahatların məzmunu açıqlanmışdır. Dövlət proqramında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır. Dövlət proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər sayəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir.

Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər zəruri qanunlar qəbul edilmişdir. Həmin qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Ulu öndər Heydər Əliyev daim iş adamlarının mənəvi hamisi kimi çıxış edərək bu təbəqənin milli iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilməsinə çalışmış, mövcud problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsinə böyük əhəmiyyət vermişdir. 2002-ci il aprel ayının 10-da və 25-də yerli və xarici sahibkarlarla görüşən Heydər Əliyev onları üzləşdiyi problemlər barədə açıq danışmağa dəvət etmiş, onları dinləmiş, mövcud problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına zəruri tapşırıq və tövsiyələr vermişdir. Həmin görüşlərin nəticəsi olaraq imzalanmış bir sıra vacib fərmanlar sahibkarlığın dəstəklənməsi və ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi baxımından keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur.

Ümummilli lider Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı" özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb etmiş, dövrün bir sıra reallıqları ilə şərtlənmişdir. Dövlət proqramında respublikada formalaşmış siyasi və makroiqtisadi sabitliyin yaratdığı imkanlardan yetərincə istifadə olunmadığı, sahibkarlığın inkişafı üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulduğu fikri öz əksini tapmışdır. Həmin proqram sahibkarlığın daha sürətli inkişafına, özəl sektorun ölkənin ixrac potensialındakı rolunun gücləndirilməsinə, onun bazar iqtisadiyyatı sisteminə təsirinin daha da artırılmasına əlavə impulslar vermişdir. Proqramın başlıca qayəsi sahibkarlıq fəaliyyətinin tənzimlənməsi prosesinin təkmilləşdirilməsinə nail olmaqdan, kiçik və orta sahibkarlığın maliyyə-texniki imkanlarını yaxşılaşdırmaqdan, regionlarda bu sahənin inkişafını sürətləndirmək yolu ilə yeni iş yerlərinin yaradılması idi.

Sahibkarlığa dövlət maliyyə dəstəyinin hüquqi əsaslarının formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin 27 avqust 2002-ci il tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi təsdiqlənmiş, strukturu formalaşdırılmışdır. Fondun vəzifəsi ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi vermək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsini təmin etmək, bir sözlə, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır. Fondun maliyyə mənbələrini əsasən, dövlət büdcəsindən daxilolmalar, dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitlər, habelə yerli və xarici hüquqi, fiziki şəxslər tərəfindən könüllü verilən yardımlar təşkil edir.

Ümummilli lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında" və 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyası sonrakı illərdə onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, respublikamız bütün sahələrdə uğurlu inkişaf yoluna çıxmışdır. Dövlət başçısı Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, bütün sahələrdə proqressiv islahatları təmin etməklə, cəmiyyətdə böyük nüfuz qazanmış, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu əməli işi ilə sübuta yetirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası bir daha respublikamızın iqtisadi sahədə yeni nailiyyətlərə imza atdığını göstərdi. İclasda qeyd olundu ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ümumi daxili məhsul 4,1 faiz artaraq 29,3 milyard manata, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsul 2,8 faiz artaraq 3 min 286 manata çatmışdır. Ölkənin ümumi valyuta ehtiyatlarının qısa müddətdə 28 milyard dolları ötməsi də dinamik inkişafın real miqyası barədə kifayət qədər dolğun təəssürat formalaşdırır.

Ölkənin qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəlilədiyini 2011-ci ilin dövlət büdcəsi də təsdiqləyir. Dövlət başçısı İlham Əliyev ötən dövrdə qazanılmış nailiyyətləri yüksək qiymətləndirmiş, habelə gələn ilin dövlət büdcəsinin qənaətbəxş səviyyədə olduğunu demişdir: "2010-cu ildə müsbət nəticələr göz qabağındadır. Bunun əlaməti gələn ilin dövlət büdcəsidir. Gələn ilin dövlət büdcəsi bu il və əvvəlki illərdə əldə edilmiş, qazanılmış uğurlar əsasında formalaşıb. Artıq büdcənin parametrləri açıqlanıbdır. Gələn il Azərbaycanda dövlət xərcləri 12 milyard 700 milyon manat təşkil edəcəkdir. Bu, 15 milyard dollar deməkdir. Bu, çox böyük rəqəmdir. Əgər biz bu büdcəni adambaşına hesablasaq, görərik ki, Azərbaycan bu sahədə qabaqcıl ölkələr sırasındadır. Büdcə kəsiri də lazımi səviyyədədir. Yəni, vaxtilə Avropa İttifaqı tərəfindən qəbul edilmiş meyarların altındadır. Bu da çox gözəl göstəricidir".

2011-ci ilin dövlət büdcəsi əhalinin maddi rifah halının yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, makroiqtisadi sabitliyin təmin olunmasını strateji məqsəd kimi müəyyənləşdirməklə yanaşı, davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir. Büdcə zərfinin məzmunu ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını, sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri nəzərdə tutur.

Dünya iqtisadiyyatının tənəzzüldən yenicə çıxması nəzərə alınaraq dövlət büdcəsi gəlirlərinin hesablanmasına mühafizəkar yanaşılmış, 1 barel xam neftin qiyməti 60 ABŞ dolları civarında götürülmüşdür. Neftin qiymətlərinin 70 dollardan yuxarı olacağı təqdirdə, dövlət büdcəsinin gəlirlərinin daha yüksək olacağını da proqnozlaşdırmaq mümkündür. Dövlət Neft Fondundan büdcəyə daxilolmaların əvvəlki illərlə müqayisədə nisbətən artaraq 6 milyard 480 milyon manat təşkil etməsi də tamamilə təbiidir: nəzərə almaq lazımdır ki, bu il respublikada 50 milyon tondan çox neft, 28 milyard kubmetr qaz çıxarılacağı proqnozlaşdırılır. Respublikamızdan xarici ölkələrə nəql edilən xam neft və mavi yanacağın həcmi də ildən-ilə artır. Bu artım təbii olaraq həm də Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləğinin yüksəlməsində əksini tapır. Başqa sözlə, Azərbaycan hökuməti Dövlət Neft Fonduna daxil olan vəsaitləri ölkənin ümumi gəlirlərindən təcrid edilmiş halda götürmür. Bu və digər layihələrin maliyyələşdirilməsi üçün Fondun vəsaitlərindən hər il dövlət büdcəsinə müəyyən həcmdə transfertlər edilir. Fond yaradılan zaman da əsas məqsədlərdən biri məhz ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyi qoruyub saxlamaq, habelə strateji əhəmiyyətli layihələri maliyyələşdirmək olmuşdur.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, ölkədə həyata keçirilən neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların formalaşmasına, vətəndaşların təhsil, səhiyyə, sosial təminat kimi konstitusion hüquqlarının təminatına, habelə insan kapitalının formalaşmasına xidmət etməlidir. Azərbaycan dövlətinin rəhbər tutduğu bu strategiya vətəndaşların azad və bərabər mühitdə yaradıcı düşüncələrini, istedadlarını inkişaf etdirmələrinə, onların qloballaşan dünyaya inteqrasiyasını təmin etməyə imkan vermişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ümumi daxili məhsulun 4,1 faiz artaraq 29,3 milyard manata, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirlərinin 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsulun 2,8 faiz artaraq 3 min 286 manata çatması, eləcə də ölkənin ümumi valyuta ehtiyatlarının 28 milyard dolları ötməsi insan amilinin tərəqqisinə xidmət edən siyasətin uğurlu nəticələrinə dəlalət edir. Bütün bu makroiqtisadi göstəricilər, ilk növbədə, Azərbaycan vətəndaşının gündəlik həyatında, yaşayış səviyyəsinin davamlı şəkildə yüksəlməsində özünü göstərir.

BMT-nin İnkişaf Proqramının 4 noyabr 2010-cu il tarixli yeni hesabatı da respublikamızın insan inkişafı indeksinə görə qabaqcıl ölkələr sırasında olduğunu təsdiqləyir. 182 ölkənin yer aldığı hesabatda Azərbaycan Rusiya və Qazaxıstandan sonra 67-ci, Gürcüstan 74-cü, Ermənistan 76-cı, Türkiyə isə 83-cü yerdə qərarlaşmışdır. Müqayisə üçün bildirək ki, 2005-ci ilin hesabatında 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. Respublikamız 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə nail olmuşdur. Nəticədə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur.

Göründüyü kimi, ulu öndər Heydər Əliyevin sosialyönümlü iqtisadi siyasəti bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirmişdir. Bütün bunların nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır.

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar

Cəmiyyətinin sədri,

iqtisad elmləri doktoru

Azərbaycan.- 2010.- 12 dekabr.- S.7.