Milli dövlətçiliyimizin ideya
mərkəzi
Bakının Nərimanov rayonu ərazisində son illərin müasir və göz oxşayan tikinti-quruculuq işləri sırasında öz möhtəşəmliyi ilə diqqət çəkən bir ünvan da var. Bu, ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideyalarının dərindən öyrənilməsi və inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin "Heydər Əliyev Mərkəzinin yaradılması haqqında" 2006-cı il 29 dekabr tarixli sərəncamı ilə tikintisinə 2007-ci ilin əvvəllərində başlanılmış Heydər Əliyev Mərkəzidir. Ötən müddət ərzində burada xeyli tikinti-quraşdırma işləri görülüb. Dəfələrlə tikintidə olan ölkə başçısı işlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün 2007-ci il yanvarın 24-də "Heydər Əliyev Mərkəzinin yaradılması haqqında əlavə tədbirlər haqqında" yeni bir sərəncam da imzalamışdır.
Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirəcək memarlıq abidəsi kimi ucaldılan bu mərkəz müasir texnologiyalarla təchiz edilmiş salonları birləşdirən çoxfunksiyalı və çoxşaxəli struktura malikdir. Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin memarı beynəlxalq müsabiqə komissiyası tərəfindən birinci yerə layiq görülmüş dünya şöhrətli "Zaha Hadid Arshitests" şirkətidir. Tikinti işlərini isə "DİA Holdinq FZSO" şirkəti həyata keçirir.
Mərkəzin bir hissəsi ağ plastiklə örtülüb, yaxın vaxtlarda qalan hissələrin də örtülməsi prosesi başa çatacaqdır. Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olmaq üçün burada olmuşlar. Ölkə başçısı mütəxəssislərlə görüşmüş, görülən işləri nəzərdən keçirmiş, növbəti aylarda aparılacaq inşaat və quraşdırma işlərinin eskiz layihələri ilə tanış olmuşdur.
Heydər Əliyev Mərkəzi üç başlıca tərkib hissəni və iki yardımçı strukturu özündə birləşdirəcəkdir. Mərkəzdə nadir əsərlər fonduna və ümumdünya məlumatlar vasitələrinə on-layn rejimdə giriş imkanlarına malik kitabxana media mərkəzi, milli və dünya təsviri sənət incilərinin nümayiş etdiriləcəyi sərgi-salonlar, ölkəmizin tarixindən, mədəni irsindən bəhs edən multimedia və virtual sərgilərə aid muzey və mədəni irs mərkəzi 1000 nəfərə yaxın tamaşaçı tutan konfrans zalı olacaqdır. Yardımçı struktura foye, günün bütün saatlarında fəaliyyət göstərəcək avtomobil parkı və infrastruktur obyektləri daxildir. Mərkəzin ümumi ərazisi 15,25 hektara yaxındır. Bunun 2 hektarını əsas bina və digər tikililər tutacaq. Ətrafındakı 13,25 hektar sahədə yaşıllıq salınaraq dekorativ gül kolları, ağaclar əkiləcəkdir. Kompleksdə kitabxananın daxili ərazisi açıq olacaq, yalnız bir neçə yer arakəsmələr ilə əhatə ediləcək. Burada oxucuların və media mərkəzinin istifadəçilərinin fərdi və ya qrup halında məşğul olması üçün imkan yaradılacaqdır. Bəzi otaqların səs izolyasiyası sistemləri ilə təchiz olunacağı nəzərdə tutulur. Muzey və mədəni irs mərkəzi üç hissədən ibarət olacaqdır. Birnci hissədə XX əsr və müasir Azərbaycan incəsənəti qalereyası yerləşəcək. Müasir milli və dünya incəsənət əsərlərinin nümayiş olunacağı ikinci hissədə müvəqqəti, dəyişkən sərgi qalereyaları fəaliyyət göstərəcəkdir. Üçüncü hissədə isə Azərbaycan, xalqımız, tariximiz, dövlətçiliyimiz və mədəniyyətimiz barədə geniş yayımlanan bilgilər, habelə milli və digər kolleksiyaların nümayişi keçiriləcək qalareyalar yerləşəcəkdir. Bu sərgilərin vahid blok təşkil edərək binanın ikinci mərtəbəsində yerləşədiriləcəyi nəzərdə tutulub.
Bir sözlə, mərkəz ölkənin ictiami-siyasi və mədəni həyatında mühüm rol oynayacaq beynəlxalq səviyyəli tədbirlərin, müxtəlif konfransların, sərgilərin və görüşlərin keçirilməsinə imkan verəcəkdir.
Hazırda tikintidə qızğın iş gedir. İnşaatçı və quraşdırıcılar Prezident İlham Əliyevin noyabrın ikinci ongünlüyündə mərkəzdə tikintinin gedişi ilə yaxından tanış olarkən burada inşaat işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələri səylə yerinə yetirməyə çalışırlar. İşlərin ahəngi ümid verir ki, inşaatçılar vədə vaxtında əməl edərək Heydər Əliyev Mərkəzinin tikintisini nəzərdə tutulmuş vaxtda - 2012-ci ildə yüksək səviyyədə başa çatdıracaqlar.
Rəhman SALMANLI,
"Azərbaycan"
Azərbaycan.- 2010.- 12
dekabr.- S.7.