Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmişdir
Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda anma mərasimi keçirilmişdir.
Mərasimdə İran rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulluğunun kollektivi, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Şəhərin müəssisə və təşkilatlarından Heydər Əliyevin xatirəsinə ehtiram olaraq baş konsulluğa əklillər, gül çələngləri, tər çiçəklər gətirilmişdir. İştirakçılar ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən nadir kitablardan ibarət sərgini maraqla seyr etmişlər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunmuş, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimi giriş sözü ilə açan baş konsul Əli Əlizadə ulu öndərimizin xilaskarlıq missiyasından bəhs edərək demişdir ki, Heydər Əliyev otuz ildən çox dövrü əhatə edən siyasi fəaliyyətini Azərbaycan xalqının işıqlı gələcəyinə həsr etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və qüdrətlənməsi, xalqımızın hərtərəfli inkişafı, ölkəmizin çiçəklənməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin yürütdüyü səmimi qonşuluq və mehriban dostluq siyasəti region xalqlarının ümumi maraqlarına xidmət edən strategiya kimi tarixə düşmüşdür. Azərbaycan xalqı ulu öndərimizin tarixi nailiyyətlərini həmişə uca tutmuş, bundan sonra da onun əziz xatirəsini ehtiramla yad edəcəkdir.
Sonda Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə dair sənədli film nümayiş etdirilmişdir.
* * *
Bu gün Azərbaycanın Ukraynadakı səfirliyinin yanındakı bağçada ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında ulu öndərin xatirəsinin yad edilməsi mərasimi keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülməsi mərasimindən sonra tədbir iştirakçıları onun nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli mərasim iştirakçıları qarşısında nitq söyləmişdir.
O, öz çıxışında Azərbaycan dövlətçiliyinin memarı, zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin tarixi rolunu qeyd etmişdir. Diplomat ulu öndər Heydər Əliyev tərəfindən dövlət siyasəti dərəcəsinə çatdırılmış ideya - Azərbaycan xalqının həmrəyliyi ideyası üzərində xüsusi dayanmışdır. Bununla əlaqədar səfir xatırlatmışdır ki, 1997-ci ilin mart ayında Prezident Heydər Əliyev Ukraynada dövlət səfərində olarkən bizim diasporun nümayəndələri ilə görüşmüş və onları Azərbaycanın ətrafında daha sıx birləşməyə, tarixi Vətənlə qırılmaz əlaqəni daha da möhkəmlətməyə, dost Ukraynada güclü və vətənpərvər bir ictimai təşkilata çevrilməyə çağırmışdır.
Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) sədri İlqar Abbasov və Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin rəhbəri, UAK-ın Kiyev şəhər təşkilatının sədrinin müavini Arif Quliyev də çıxışlarında Heydər Əliyevin bizə vəsiyyət etdiyi xalqın daha sıx birləşməsi mövzusunu davam etdirdilər. Arif Quliyev öz çıxışının sonunda mərasim iştirakçılarını dekabrın 25-26-da Kiyevdə keçiriləcək gənclər arasında sərbəst güləş üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş II Beynəlxalq turnirə dəvət etmişdir.
Tədbirdə ölkəmizin diplomatik nümayəndəliyinin əməkdaşları, UAK-ın rəhbərləri və üzvləri, UAK-ın regional təşkilatlarının sədrləri, Ukraynanın rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri, Kiyevdəki ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr və başqaları iştirak etmişdir.
Tədbirin sonunda səfir havanın şaxtalı olmasına baxmayaraq, Ukraynanın müxtəlif guşələrindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsini yad etmək üçün Kiyevə gəlmiş mərasim iştirakçılarının hamısına ürəkdən təşəkkür etmişdir.
* * *
Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü ilə dekabrın 10-da Londonda tədbir keçirilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, anma mərasimində Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının, o cümlədən Azərbaycan Beynəlxalq Bankının, Dövlət Neft Şirkətinin, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Londondakı təmsilçiləri, eləcə də "Azərbaycan Evi" mədəniyyət və dostluq mərkəzinin, Avropa-Azərbaycan Cəmiyyətinin rəhbərləri və nümayəndələri iştirak etmişlər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin səfirliyin binasındakı büstü önünə əklil qoyulmuş, xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Fəxrəddin Qurbanov ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan və çoxşaxəli siyasi fəaliyyətindən bəhs etmiş, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən söhbət açmışdır. Diplomat ötən əsrin 90-cı illərində dövlətçiliyimizin qorunub saxlanılması, ölkəmizin dünya birliyində özünə layiqli yer tutması, eləcə də davamlı iqtisadi inkişafın möhkəm təməllərinin atılmasının məhz görkəmli dövlət xadiminin gərgin fəaliyyəti sayəsində mümkün olduğunu nəzərə çarpdırmışdır.
Qeyd edilmişdir ki, ulu öndərin uzaqgörənliklə müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün istiqamətlərdə mövqelərini gündən-günə gücləndirir.
Londonda fəaliyyət göstərən "Azərbaycan Evi"nin İdarə Heyətinin sədri Əli Təkin Atalar ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinin əvəzsiz olduğunu bildirmiş və onunla bağlı xatirələrini bölüşmüşdür. O, xarici ölkələrdəki Azərbaycan diasporunun güclənməsi və milli maraqların beynəlxalq səviyyədə müdafiəsinin Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu bildirmiş, dahi öndərin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulamışdır.
Mərasimdə ümummilli lider Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 12
dekabr.- S.9.