Ulu öndərin əsasını
qoyduğu uğurlu idman siyasəti bu gün bəhrəsini
verir
Sovet dövründə Azərbaycan idmançılarının beynəlxalq arenalarda daha fəal fərqlənmələrinə imkan yox idi. Buna baxmayaraq ölkəmizdə bütöv bir idman ənənəsi formalaşmışdı. İstər fərdi, istərsə də kollektiv idman növlərində fərqlənən idmançılarımız dünya və İttifaq miqyasında tanınırdılar. Amma müstəqilliyimizin ilk illərində ölkənin düşdüyü böhranlı vəziyyət idmandan da yan ötmədi.
Diqqətsizlik və laqeyd münasibət idman komplekslərinin dağılmasına, tanınmış idmançılarımızın başqa dövlətlərin bayraqları altında beynəlxalq yarışlarda iştirakına, bütövlükdə ölkənin idman potensialının məhvinə gətirib çıxarmışdı.
Bəli dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından ölkəmizi tərk etmək məcburiyyətində qalmışdılar. İdmana tarixən marağın güclü olduğu Azərbaycanda vəziyyətin belə acınacaqlı şəkil alması gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə şəraitində yaşayan məmləkətdə fərarilik hallarının çoxalmasına rəvac verirdi. Digər tərəfdən, ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, idmanımız taleyin ümidinə buraxılmışdı. Bunun subyektiv səbəbləri daha çox idi. O illərdə idman sahəsində yaranmış vəziyyətə münasibət bildirərkən Heydər Əliyev demişdi: "1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi."
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrildi. Beləliklə də, bu sahədə yüksəlişin əsası qoyuldu. Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. İlk dəfə 1996-cı il Atlanta Olimpiadasına 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilk nailiyyəti idi.
Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün fond yaradıldı.
Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi.
Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".
Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Prezident seçildikdən sonra ölkədə idmanın inkişafı daha da sürətləndi.
Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yenilənməsi və idmanımzın inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Dövlət başçısı Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ötən illərdə Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada, Şamaxıda, Lənkəranda, Qazaxda, Bərdədə, Bakının Maştağa kəndində və digər bölgələrdə olimpiya idman kompleksləri tikilmişdir. Hətta cəbhə xəttinin bir neçə kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində möhtəşəm idman qurğusu idmançılarımızın istifadəsinə verilmişdir.
Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmamışdır. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə ölkəmizdə onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir.
Elçin
CƏFƏROV,
"Azərbaycan"
Azərbaycan.- 2010.- 12
dekabr.- S.10.