Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Ağsu şəhərinə dağlardan su kəməri çəkilmişdir

 

Dövlət başçısı İlham Əliyevin "Ağsu rayonunda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2009-cu il 23 noyabr tarixli sərəncamına əsasən, Prezidentin Ehtiyat Fondundan ayrılmış 3,7 milyon manat vəsait hesabına Ağsu şəhərinə dağlardan su kəməri çəkilmişdir.

AzərTAc xəbər verir ki, şəhərə 21 kilometr məsafədən 219 millimetrlik polad borularla Quzay kəndinin Suluçay ərazisindəki bulaqların suyu gətirilmişdir. Bulaq suyu Ağsu çayının sahili ilə çəkilən kəmərlə öz axını ilə gətirilərək şəhərin şimal hissəsində tikilmiş 500 tonluq anbara vurulur. Oradan isə hələlik mövcud kəmərlə şəhərə, eyni zamanda, rayon mərkəzinə bitişik olan Qaraqaşlı yaxınlıqdakı Pirhəsənli kəndlərinə verilir.

Bu məqsədlə Pirhəsənli kəndində ayrı-ayrı məhəllələrdə 3 bulaq tikilmişdir. Hazırda hər birinin tutumu 500 ton olan daha 2 su anbarında da tamamlanma işləri aparılır.

Bununla da Ağsu şəhərinin yaxın 2 kəndin sakinlərinin onilliklər boyu ekoloji cəhətdən təmiz suya olan ehtiyacları aradan qaldırılmışdır. Sakinlər Yeni il ərəfəsində sosial həyatlarında baş vermiş bu əlamətdar hadisəni dövlətimizin başçısının onlara bayram hədiyyəsi kimi dəyərləndirmişlər.

Rayonda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə gələn il Girdiman çayının yatağından şəhərə digər yaxın kəndlərə ikinci su kəmərinin çəkilməsi, habelə şəhərdaxili su kanalizasiya xətlərinin təzələnməsi nəzərdə tutulmuşdur.

 

Azərbaycan.-2010.-16 dekabr.-S.1.