Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi
ilə bağlı mərasim keçirilmişdir
Azərbaycanın birinci xanımı, xoşməramlı
səfir Mehriban Əliyeva tədbirdə iştirak etmişdir
Dekabrın 14-də Parisdə
YUNESKO-nun yaradılmasının
65 illiyi ilə bağlı yubiley mərasimi keçirilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva tədbirdə iştirak etmək üçün qurumun Parisdəki mənzil-qərargahına
gəldi.
Mehriban xanım Əliyeva əvvəlcə
YUNESKO-nun Yunanıstandan
olan xoşməramlı
səfiri Marianna Vardinoyannisin "Qadın fərdiliyi ilə bağlı problemlərin
istiqamətində səylər"
kitabının təqdimat
mərasimində iştirak
etdi.
YUNESKO-nun xoşməramlı
səfirlərinin də
qatıldığı tədbirdə
təşkilatın baş
direktoru İrina Bokova Azərbaycanın birinci xanımı, qurumun xoşməramlı
səfiri Mehriban Əliyeva ilə görüşdü.
Sonra mərasim iştirakçıları birlikdə
nahar etdilər. YUNESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyeva naharda iştirak etdi.
Marianna Vardinoyannisin "Qadın fərdiliyi ilə bağlı problemlərin
istiqamətində səylər"
kitabının təqdimat
mərasimində çıxış
edən YUNESKO-nun baş direktoru İrina Bokova bütün qonaqları və xoşməramlı
səfirləri salamladı.
Azərbaycanın birinci
xanımı, xoşməramlı
səfir Mehriban Əliyevanın da iştirak etdiyi mərasimdə İrina Bokova bu kitabın
məhz YUNESKO ailəsinin
üzvü olan bir şəxs tərəfindən yazılmasını
yüksək dəyərləndirdi.
Bildirdi ki, qadınların cəmiyyətin
həyatındakı roluna
həsr olunan kitab YUNESKO dəyərlərinin
təbliği baxımından
da mühüm addımdır.
YUNESKO-nun xoşməramlı
səfiri Marianna Vardinoyannis mərasimə gəldiklərinə görə
hamıya təşəkkürlərini
bildirdi. O dedi ki, qadınlar bəşər sivilizasiyasının
inkişafında hər
zaman mühüm rol oynayıblar və bu kitab
da sivilizasiyanın yaranmasında, inkişafında
zərif məxluqların
iştirakına və
əməyinə həsr
olunmuşdur.
Qeyd olundu ki,
qədim dövrlərdən
bu günə qədər qadınların
cəmiyyətdəki sosiomədəni
fəaliyyətinin araşdırıldığı
bu kitab
YUNESKO irsinə dəyərli töhfədir.
***
Daha sonra YUNESKO-nun
65 illiyinə həsr olunan yubiley mərasimi keçirildi. Mərasim YUNESKO-nun fəaliyyətinə həsr
olunan videofilmin nümayişi ilə başladı. Filmdə qurumun keçdiyi yola nəzər salındı, YUNESKO-nun həyatında baş verən hadisələr illər üzrə fotoşəkillər vasitəsilə
diqqətə çatdırıldı.
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
xalq artisti Firəngiz Əlizadənin
fortepianoda ifası mərasim iştirakçıları
tərəfindən maraqla
qarşılandı.
Tədbirin aparıcısı qonaqları
və Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanı salamladı. Digər aparıcı, Rusiyanın
populyar müğənnisi
Alsu da təbriklərə
qoşuldu, mərasimdə
keçmiş baş
direktorlardan bəzilərinin
iştirak etməsindən
məmnun olduğunu dedi.
BMT-nin baş katibi Pan Gi Mun
YUNESKO-nun 65 illiyi münasibətilə təbriklərini
çatdırdı. O dedi
ki, dünyada sülhün yaranmasına
töhfə verən
YUNESKO bu gün də öz ənənəsinə sadiq
qalır, sivilizasiyalararası
və mədəniyyətlərarası
dialoqun əldə olunmasında yaxından iştirak edir.
Tədbirə Tailanddan qatılan sənətçi
öz rəqsi ilə təbriklərə
qoşuldu.
Sonra 1974-1987-ci illərdə
YUNESKO-nun baş direktoru vəzifəsində
çalışmış Amadou-Mahtar Mbou çıxış etdi.
O, YUNESKO-nun kollektivini
və bu təşkilatın dəyərlərinin
həyatda təsdiqini
tapması uğrunda yorulmadan fəaliyyət göstərən hər bir kəsi təbrik
etdi. Keçmiş baş direktor
dünyada elm, təhsil və mədəniyyət məsələlərinin
həllində iştirak
edərək planetimizdə
sülhün əldə
olunmasına yardım
göstərən YUNESKO-nun
öz missiyasını
bu gün də uğurla davam etdirdiyini bildirdi.
Sonra Kamerundan olan sənətçilər
YUNESKO-nun yubiley mərasimində çıxış
etdilər.
1987-1999-cu illərdə qurumun baş direktoru işləmiş Federiko Mayor da mürəkkəb
dünyamızda YUNESKO dəyərlərinin
hər zaman aktual olduğunu dedi. Bildirdi ki, dünyada sülhün əldə olunmasına böyük töhfələr verən
YUNESKO yarandığı gündən
bu ali məqsəd
uğrunda çalışmışdır.
Mərasimə Boliviyadan dəvət alan müğənni də öz maraqlı ifası ilə təbriklərə qoşuldu.
1999-2009-cu illərdə
YUNESKO-nun baş direktoru olmuş Koişiro Matsuura çıxış edərək
dedi ki, II Dünya müharibəsindən
sonra Yer üzündə sülhün
əldə olunması
üçün belə
bir təşkilatın
yaradılmasına ehtiyac
var idi. YUNESKO-nun yaradılması
ilə bu sahədə mövcud olan boşluq dolduruldu və onun fəaliyyəti bütün dövrlərdə
sülh məqsədlərinə
xidmət etdi. Koişiro Matsuura XXI əsrdə də YUNESKO-nun bu missiyasının davam etdiyini bildirdi.
Türkiyə, Yunanıstan
və Kanadadan gələn musiqiçilərin
də ifası maraqla qarşılandı.
"65 ildə YUNESKO bizim dünyanın bir parçasına çevrilmişdir",
- deyən YUNESKO-nun baş konfransının sədri Devidson Həpbörn qurumun fəaliyyətində humanizm
ideyalarının hər
zaman hakim olacağını vurğuladı.
YUNESKO-nun icra şurasının sədri
Eleanora Mitrofanova təşkilatın həyata
keçirdiyi proqramlar
sırasında əsas
diqqəti təhsillə
bağlı layihələrin
icrasına yönəltdi.
Mərakeş və Livandan dəvət olunan musiqiçilər ərəb ritmləri ilə salona xüsusi ovqat gətirdilər.
Sonra YUNESKO-nun XXI əsrdəki fəaliyyətində
prioritet elan etdiyi sahələrdən bəhs edən filmin nümayişi oldu.
Yubiley mərasiminə
YUNESKO-nun baş direktoru İrina Bokova yekun vurdu.
Baş direktor dedi ki,
YUNESKO dünyanın yaddaşıdır,
bəşəriyyətin maddi-mədəni
irsini qoruyan ən mötəbər təşkilatdır. Bu təşkilatın fəaliyyəti
dünyada sülhün
qorunmasının təməl
prinsiplərini təşkil
edir.
YUNESKO-nun tarixinin böyük ideallara söykəndiyini deyən İrina Bokova bu dəyərlərin
yaranmasında YUNESKO ailəsinin
mühüm səylər
göstərdiyini diqqətə
çatdırdı. Qeyd
etdi ki, dünyada təhsilin, elmin, mədəniyyətin
qorunmasında və inkişafında yaxından
iştirak edən
YUNESKO bu yüzillikdə
də həmin prinsiplərinə sadiq qalacaq, müxtəlif ölkələrdə və
regionlarda mədəni
irsin təbliğinə
mühüm töhfələr
verəcəkdir. Sonda
baş direktor bir daha yubiley
münasibətilə təbriklərini
çatdırdı.
Qeyd edək ki, YUNESKO 1945-ci ilin noyabrında yaradılmışdır.
Mərkəzi qərargahı
Parisdə yerləşən
təşkilata dünyanın
müxtəlif bölgələrində
yerləşən 67 büro
və altbölmələr
daxildir. Hazırda 191 ölkə bu təşkilatın üzvüdür.
YUNESKO-nun əsas məqsədi
irqindən, dilindən
və dinindən asılı olmayaraq xalqların təhsil, elm və mədəniyyət
sahələri üzrə
əməkdaşlığını genişləndirmək yolu
ilə sülhün və təhlükəsizliyin
möhkəmlənməsinə yardım etməkdir.
YUNESKO bu məqsədlərini
təşkilata üzv
ölkələrdə qurulan
Milli Komissiyalar vasitəsilə reallaşdırır.
Azərbaycan da BMT-nin ən mötəbər qurumlarından
olan YUNESKO-nun fəal üzvlərindəndir.
Azərbaycan-YUNESKO əməkdaşlığında
ölkəmizin birinci
xanımı Mehriban Əliyevanın böyük
əməyi vardır.
Məhz Mehriban xanımın xidmətləri
sayəsində 2003-cü ildə
muğam YUNESKO-nun
"Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri"
siyahısına daxil edilmişdir. Bakıda Beynəlxalq Muğam
Mərkəzi yaradılmışdır.
2004-cü ildən YUNESKO-nun
xoşməramlı səfiri
olan Mehriban Əliyevanın YUNESKO dəyərlərinə
sadiqliyinin nəticəsidir
ki, bu gün
ölkəmizin bir çox mədəniyyət
abidələri bu qurumun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Müxtəlif vaxtlarda YUNESKO-nun baş direktorları ölkəmizə
gəlmiş və Azərbaycanın tarixi, mədəniyyəti, milli
dəyərləri ilə
tanış olmaq imkanı qazanmışlar.
Bir sözlə, Azərbaycan-YUNESKO əməkdaşlığı
hazırda özünün
inkişaf dövrünü
yaşayır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2010.-16 dekabr.-S.2.