"Azərbaycan Respublikası
Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı
İcması" İctimai
Birliyinin qərargahında
"Xocalıya ədalət"
beynəlxalq təşviqat
kampaniyasının onlayn
fəaliyyəti təqdim
edilmişdir
Dekabrın
15-də "Azərbaycan Respublikası
Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı
İcması" İctimai
Birliyinin qərargahında
Dialoq və Əməkdaşlıq Uğrunda
İslam Konfransı Təşkilatı Gənclər
Forumunun (İKGF) mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi
Leyla xanım Əliyevanın təşəbbüsü
ilə həyata
keçirilən "Xocalıya
ədalət" beynəlxalq
təşviqat kampaniyasının
onlayn fəaliyyəti
təqdim edilmişdir.
Birliyin və İKGF-nin təşkil etdikləri tədbir İnsan Hüquqları Bəyannaməsinin ildönümünə
həsr olunmuşdu.
İctimai birliyin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram
Səfərov tədbir
iştirakçılarını və qonaqları, o cümlədən Qətər, Türkiyə,
Pakistan, Səudiyyə
Ərəbistanı və
Fələstin səfirliklərinin
rəhbərlərini və
təmsilçilərini, Litva
Respublikası Seyminin üzvü Mantas Varaşkanı salamlamışdır.
B.Səfərov demişdir
ki, beynəlxalq hüquq norma və prinsiplərini kobud surətdə pozan Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, silahlı təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizi
işğal olunmuş,
bir milyondan artıq soydaşımız
məcburi köçkün
vəziyyətində
yaşamaq məcburiyyətində
qalmış, ağır
mənəvi sarsıntılar
keçirməyə məruz
qalmışlar. Azərbaycan
xalqının öz torpaqları uğrunda erməni işğalçılarına
qarşı mübarizəsində
bir çox faciələr olmuşdur.
Bunların içərisində
ən qanlı və dəhşətlisi
Xocalı soyqırımıdır.
Xocalı faciəsi erməni
silahlı dəstələrinin
azərbaycanlı əhaliyə
qarşı törətdiyi
vəhşiliklərin ağır
miqyasından xəbər
verir. 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə erməni qatillərinin törətdikləri
kütləvi qırğın
nəticəsində 613 nəfər,
o cümlədən
106 qadın, 63 uşaq,
70 qoca xüsusi qəddarlıqla və amansızlıqla qətlə
yetirilmiş, 1275 nəfər
dinc sakin əsir götürülmüşdür.
Bu qanlı faciə nəticəsində
487 nəfər Xocalı
sakini yaralanmış,
150 nəfər itkin düşmüş, 8 ailə
tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini,
130 uşaq isə valideynlərindən birini
itirmişdir. Erməni
təcavüzkarları bir
gecədə bu şəhəri yer üzündən silmişlər.
Natiq vurğulamışdır ki,
Xocalı soyqırımının
dünyada tanıdılması
istiqamətində ayrı-ayrı
dövlətlər və
beynəlxalq təşkilatlar
səviyyəsində xeyli
iş görülür.
İslam Konfransı Təşkilatı Gənclər
Forumu Xocalı həqiqətlərinin dünyaya
tanıdılması istiqamətində
gördüyü
işlər nəticəsində
xüsusi fəaliyyəti
ilə seçilir.
"Xocalıya ədalət"
kampaniyası Forumun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi
Leyla Əliyevanın təşəbbüsü ilə
həyata keçirilir.
Kampaniyaya 2008-ci il mayın 8-də, Şuşanın
işğalı günü
start verilmişdir. İndiyə qədər təxminən 75 ölkədən
130 min nəfər bu kampaniyanı dəstəkləmişdir. Beynəlxalq informasiya
və təbliğat kampaniyası iki il ərzində 50-dən çox ölkədə tədbirlər və aksiyalar keçirmiş, Xocalı soyqırımı
haqqında həqiqi məlumatların dünyada
500 milyondan artıq insan arasında yayılmasına nail olmuş, ermənilərin
törətdiyi bu vəhşi əməllər bəşəriyyətə
qarşı cinayət
kimi təbliğ edilmişdir.
B.Səfərov BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlarda müxtəlif
dövrlərdə əsl
həqiqəti əks
etdirən qətnamə
və qərar qəbul olunduğunu xatırlatmış, lakin
bütün beynəlxalq
hüququn norma və prinsiplərini pozan təcavüzkar
Ermənistanın bu qətnamə və qərarlara əhəmiyyət
vermədiyini diqqətə
çatdırmışdır. Vurğulamışdır ki, Xocalı
soyqırımının miqyası
barədə həqiqətləri
dünyaya tanıtmaq,
bu soyqırımı
faktına beynəlxalq
hüquqi qiymətin verilməsinə nail olmaq üçün hamımız fəal vətəndaş mövqeyi
nümayiş etdirməli,
haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlimizdən
gələni əsirgəməməliyik.
İKGF-nin baş katibi Elşad İskəndərov
2008-ci ildən bəri
kampaniya çərçivəsində
görülən işlərdən
söz açmış,
Xocalı faciəsinin
insanlığa qarşı
cinayət kimi tanınması ilə bağlı beynəlxalq qurumların qəbul etdiyi sənədlərin əhəmiyyətini diqqətə
çatdırmışdır.
O, "Azərbaycan Respublikası
Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı
İcması" İctimai
Birliyi ilə əməkdaşlığın perspektivlərindən danışmış,
İKGF-nin fəaliyyətinə
qarşı ermənilərin
əks kampaniyalarını
xatırlatmışdır. Məlumat vermişdir ki, "Xocalıya ədalət" sənədli
filminin çəkilişinə
başlanmışdır.
Kampaniyanın əlaqələndiricisi
Nicat Məmmədli yeni internet saytı,
onun Facebook, Twitter və Youtube kimi sosial
şəbəkələrdəki fəaliyyəti barədə
geniş məlumat vermişdir.
Milli Məclisin deputatları Elman Məmmədov, Aqil Abbas, Fuad Muradov,
Ceyhun Osmanlı, birliyin idarə heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz
Hüseynov çıxış
etmiş, təkliflərini
irəli sürmüşlər.
Xüsusi vurğulanmışdır
ki, beynəlxalq ictimaiyyətlə onun başa düşdüyü
dildə "işləmək"
lazımdır. "Xocalıya
ədalət, Qarabağa
azadlıq" kampaniyası
bu dillərdən biridir. Dünyada haqq səsimizi eşitmək istəməyən
"karlarla" bərabər
vicdanlı insanlar da vardır. Təklif edilmişdir ki, www.yusticeforkhoyaly.org saytının
domeni (org) hökumət domeninə (gov) dəyişdirilsin. Saytda materiallar həm də türk və ərəb dillərində
yerləşdirilsin. Bakının
müxtəlif yerlərində
paytaxtdan işğal altındakı rayonlarımıza
qədər məsafəni
diqqətə çatdıran
göstəricilər olsun.
ABŞ-da sosial mövzularda yaradıcılığı
ilə tanınmış
Toni Bləkmanın və Azərbaycanın
"Dəyirman" qrupunun
ifasında rep üslublu "Xocalıya ədalət" mahnısı
səsləndirilmişdir.
Tədbir iştirakçıları
kampaniya çərçivəsində
Xocalı soyqırımına
dünya ictimaiyyəti
tərəfindən hüquqi-siyasi
qiymət verilməsi məqsədi ilə hazırlanmış petisiyaya
beynəlxalq imzatoplama
aksiyasında iştirak
etmiş və sənədi imzalamışlar.
AzərTAc
Azərbaycan.-2010.-16 dekabr.-S.3.