Məşhur fransız aktyoru Jerar Depardye Qəbələdə olmuşdur

 

Azərbaycanda səfərdə olan məşhur fransız aktyoru Jerar Depardye dekabrın 15-də Qəbələ rayonuna gəlmişdir.

Qonaq rayondakı "Beltman" piano fabrikində olmuş, burada istehsal prosesi ilə yaxından maraqlanmışdır. Jerar Depardyeyə məlumat verilmişdir ki, ölkəmizdə sənayenin, xüsusilə qeyri-neft sektorunun inkişafı diqqət mərkəzindədir. Bu baxımdan ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələri fəaliyyətə başlamışdır.

Qəbələ rayonunda inşa edilmiş "Beltman" piano fabriki belə istehsal qurumlarından biridir. Regionda bənzəri olmayan ən son beynəlxalq standartlara cavab verən fabrikdə pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir sazlanır.

Daha sonra Jerar Depardye "Gilan" Holdinqin Qəbələ konserv zavodunda olmuşdur. Qonağa məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti istismara verilmiş, xaricdən gətirilmiş avadanlıq quraşdırılmışdır. Müəssisənin prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir zavodun məhsulları 30-dan çox ölkəyə ixrac olunur.

Qonaq Qəbələyə səfəri çərçivəsində rayonun Nic qəsəbəsindəki alban məbədi ilə yaxından tanış olmuşdur. Məlumat verilmişdir ki, əsaslı bərpadan sonra əvvəlki görkəminə qaytarılmış məbəd yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur.

Məşhur aktyor sonra rayondakı "Qafqaz Resorte", "Qafqaz Riverside" hotellərini "Qafqaz Gənclik" istirahət mərkəzini parkları gəzmiş, bu yerlərin səfalı istirahət üçün gözəl bir məkan olduğunu vurğulamışdır.

Qonağa xatirə olaraq xalça hədiyyə edilmişdir.

 

AzərTAc

 

Azərbaycan.-2010.-16 dekabr.-S.3.