Azərbaycanın neftayırma sənayesində əsaslı dönüş yaradan hadisə

 

Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl Bakı Neft Emalı Zavodunda ən müasir qurğu istismara verilmişdir

 

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu yarım əsrdən çoxdur fəaliyyət göstərir. Bu illərdə zavodun kollektivinin əldə etdiyi bütün uğurlarda ulu öndər Heydər Əliyevin xüsusi əməyi olmuşdur. Ötən əsrin 70-80-ci illərində məhz ulu öndərin təşəbbüsü ilə müəssisədə istehsalın əsaslı surətdə təkmilləşdirilməsi üçün yeni texnoloji qurğular inşa edilmişdir.

30 il əvvəl - 1980-ci ilin dekabrında ümummilli lider Heydər Əliyevin təşəbbüsü, prinsipiallığı və köməyi sayəsində hazırda dahi rəhbərin adını daşıyan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda tikilmiş katalitik riforminq qurğusu istismara verilmişdir. Bu, keçmiş İttifaqda ilk belə qurğu idi.

1994-cü il sentyabrın 17-də - "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində zavoda gəlmiş ulu öndər Heydər Əliyev kollektivlə birgə xarici diplomatik nümayəndələrin də iştirak etdiyi görüşdə həmin qurğunun tikintisi haqqında danışarkən demişdir: "Mən belə bir qurğunun Azərbaycanda tikilməsi məsələsini Moskvada, Sovetlər İttifaqının rəhbərləri qarşısında bir neçə dəfə qoymuşdum. SSRİ-nin Bakıya gələn rəhbər işçiləri, xüsusən, neft emalı naziri Viktor Fyodorov, Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov, Nazirlər Soveti sədrinin birinci müavini Nikolay Tixonov və başqaları (çox adlar çəkə bilərəm) ilə həmin məsələni burada dəfələrlə müzakirə edib bu qurğunun Bakıda yaradılmasının zərurətini sübut etməyə çalışmışdım. Bunların hamısına baxmayaraq, bu qurğunu almaq üçün mən o vaxtlar Sovetlər İttifaqına rəhbərlik edən baş katibin razılığını əldə etmişdim. L.İ.Brejnev, A.N.Kosıgin bu işə qarışandan sonra biz bu qurğunun Azərbaycanda tikilməsinə başladıq".

Zavodun ən böyük texnoloji qurğularından sayılan katalitik riforminq qurğusu ABŞ-ın "UOP" şirkətinin texnologiyası əsasında inşa edilmişdir. Qurğunun layihəsi isə Fransanın "Litvin" şirkəti tərəfindən həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, katalitik riforminq qurğusuna qədər zavodda neftayırma qurğularının sayı çox idi. Lakin sözügedən bu texnologiya tamamilə yeni idi. Buna görə də buraxılışa qədər zavoddan bir neçə mütəxəssis Amerikaya göndərilmiş, qurğunun işi ilə bağlı təcrübə mübadiləsi keçmişdir.

Beləliklə, nəzərdə tutulan buraxılışa hazırlıq işləri başa çatdırıldıqdan sonra - 1980-ci il dekabr ayının 14-də əvvəlcə kompressor işə salındı, ayın 16-da isə qurğudan ilk məhsul alındı. O vaxt bu prosesin şahidlərinin, qurğunun işə buraxılışında iştirakı olanların sevincinin həddi-hüdudu yox idi. Çəkilən zəhmət hədər getməmiş, gözlənilən nəticə uğurlu alınmışdı. Qurğunun işə salınması nəinki zavodumuzda, ümumilikdə respublikamızın, o cümlədən keçmiş Sovetlər İttifaqının neft sənayesində böyük və əlamətdar bir hadisə kimi qiymətləndirilmişdir.

Mürəkkəb texnologiyaya malik olan yüksək oktanlı benzin komponenti istehsal edən katalitik riforminq qurğusu mühüm dövlət əhəmiyyəti kəsb etdiyindən istismara verilən vaxtdan həmişə diqqət mərkəzində olmuşdur. Qurğunun işə salınması müəssisənin iqtisadi qüdrətinin daha da artmasında mühüm rol oynayırdı. O zaman nəzərdə tutulmuş bütün məsələlər özünü tam doğruldurdu. İstismara verildiyi ildən başlayaraq qurğunun kollektivi tərəfindən plan-tapşırıqların, normaların artıqlaması ilə yerinə yetirilməsi bir ənənəyə çevrildi. Yüksək peşəkarlıq sayəsində qurğunun fasiləsiz rejimi təmin olundu.

Zavodumuzda katalitik riforminq qurğusunun işə buraxılmasında, istismarında öz bilik və təcrübələrini sərf etmiş Fərəməz Rüstəmov, Davud Məmmədov və başqaları, sözün əsl mənasında, bir məktəbin bünövrəsini qoymuşlar. Onların həyatında da bu qurğu müəyyən izlər qoymuş, az rol oynamamışdır. Bu mənada qurğu yüksək səviyyəli mütəxəssislərin yetişməsi baxımından böyük əhəmiyyətə malikdir. Günü bu günkatalitik riforminqə xidmət edən, texnoloji sxemdə göstərilən bütün göstəricilərə bələd olan texniki heyət- mühəndislər, operatorlar, maşinistlər qurğunun işini bir an belə, nəzarətsiz buraxmırlar. 3 saylı istehsalatın rəisi Güləli Ağamirov, rəis müavini Fərhad Fiqarov, qurğu rəisi Hüsaməddin Əliyev (sonuncu ikisi qurğunun buraxılışında iştirak edib), istehsalat mexaniki Xanlar Ramazanov və digər işçilər qurğunun saz vəziyyətdə qəzasız istismarını müvəffəqiyyətlə təmin edirlər.

Ötən dövr ərzində qurğuda yeni texnologiyanın tələblərinə uyğun olaraq avadanlıqların dəyişdirilməsi prosesinin həyata keçirilməsi obyektin uzun müddət istismarına zəmin yaratmışdır. İstismara buraxıldığı 30 il əvvəl olduğu kimi, katalitik riforminq qurğusu bu gün də Azərbaycanın neft sənayesində, eləcə də zavodun iqtisadi potensialının yüksəlməsində böyük rol oynayır.

Zavodumuzun kollektivi gələcəyə nikbin baxır. Neftayıranlar Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə də dinamik inkişafın davam etdirilməsində, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının inkişafında öz əməklərini əsirgəməyəcəklər.

 

Nail ƏMİROV,

Heydər Əliyev adına BNEZ-nin baş mühəndisi

 

Azərbaycan.-2010.-16 dekabr.-S.4.