"Bakı Tikiş Evi" ASC yeni yüksəliş dövrünü yaşayır

 

  Bu müəssisə 1937-ci ildən Volodarski adına tikiş fabriki kimi fəaliyyətə başlayıb. Burada hazırlanan kişi qadın kostyumları, gödəkcələr, xəzdərili kürklər keçmiş Sovetlər İttifaqının müxtəlif şəhərlərində, bir sıra xarici ölkələrdə görkəminə, keyfiyyətinə görə yaxşı ad çıxarmışdı. Uzun müddət fasiləsiz fəaliyyətdən sonra müəssisədə yalnız 1988-89-cu illərdə əsaslı yenidənqurma işləri aparılmışdır. 1999-cu ildən "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyəti kimi tanınan müəssisədə beş tikiş sexi, hazırlıq, sınaq, biçim, ütü presləmə sahələri, laboratoriya, buxarxana fəaliyyət göstərir. Səhmdar cəmiyyətə bu sahədə 35 illik təcrübəsi olan Fədail Rəhimov rəhbərlik edir. O bildirir ki, müəssisə 1991-ci ildən ölkənin ordu quruculuğuna mühüm töhfələr verir. Burada silahlı qüvvələrin əsgər zabitləri üçün müxtəlif çeşiddə geyimlər hazırlanır.

- Biz bu sahədə artıq yaxşı təcrübə qazanmış, bir növ, ixtisaslaşmışıq. "Bakı Tikiş Evi" ASC Azərbaycanda yeganə tikiş müəssisəsidir ki, Türk Standartları İnstitutu tərəfindən TS-EN-İSO 9001-2001 (AQAP) Dünya Keyfiyyət Sistemi sertifikatına layiq görülüb. Xatırladım ki, 2002-ci ildə müəssisə qardaş ölkənin İstanbul şəhərində keçirilmiş Dünya Tekstil Geyim Sərgisində istehsal etdiyi hərbi mülki geyimləri uğurla nümayiş etdirərək təşkilatçıların təşəkkürnaməsini almışdır. Müəssisəmiz 2008-ci ildən Azərbaycan Respublikası Ticarət Sənaye Palatasının həqiqi üzvüdür.

 "Bakı Tikiş Evi" ASC-də hazırda 600-dək işçi çalışır. Onların 75 nəfəri ali təhsilli mühəndis texnoloqlardır. Səhmdar cəmiyyətin sədr müavini Eldar Haqverdiyev bildirir ki, mütəxəssislərin çoxu zəngin təcrübəyə malik, xarici ölkələrdə çalışmış, müasir texnologiyalara yiyələnmiş işçilərdir. "1998-ci ildə ölkədə ilk dəfə olaraq bu müəssisədə NATO sisteminə uyğun hərbi modellərin, 2007-ci ildən isə Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün nəzərdə tutulmuş modellərin istehsalına başlanılıb. "Bakı Tikiş Evi" ASC güc nazirliklərinin, əsasən , Müdafiə Nazirliyinin qeyri-rəsmi baza müəssisəsi kimi müasir tələblərə cavab verən modellərin istehsalını uğurla davam etdirir.

Bu ilin əvvəlindən 9 milyon manatlıqdan artıq müxtəlif çeşiddə geyim hazırlanması, həqiqətən , müəssisənin nailiyyətlərindən, yeni yüksəliş dövrünü yaşadığından xəbər verir. Müəssisədə Təhsil Nazirliyinin sifarişləri yerinə yetirilir. Hələlik burada I-VI sinif şagirdləri üçün məktəbli formaları tikilir. Yaxın gələcəkdə sifarişlərin həcminin artması gözlənilir. Hazırda istehsal sahələrinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. Sexlər yeni, müasir avadanlıqla komplektləşdirilir. Gələn ilin martında yeni tikiş sahəsinin açılışı gözlənilir. Bundan sonra müəssisənin istehsal gücü xeyli artacaq. Keyfiyyətin yaxşılaşdırılması ilə bağlı addımlar atılır.

 Statistika göstərir ki, "Bakı Tikiş Evi" ASC bu gün əsl inkişaf yolundadır. Burada çalışanların hamısını - müəssisə rəhbərindən adi tikişçiyədək hər kəsi bir məsələ xüsusilə qayğılandırır; soyuq səngərlərdəki Vətən keşikçilərinin, gecə-gündüz əhalinin asayişini qoruyan polis əməkdaşlarının, strateji obyektlərin toxunulmazlığına cavabdeh insanların hamısı rahat, isti yüksək keyfiyyətli geyimlə vaxtında təmin olunmalıdır. Əslində, onlar artıq öz məqsədlərinə çatıblar.

 

Akif CABBARLI,

 

Azərbaycan.-2010.-16 dekabr.-S.4.