Meşələr əmanətdir
İlk dəfə
ədəbiyyatda "təbiət abidələri" termini
məşhur alman təbiətşünası və
səyyahı Aleksandr fon Humbolt tərəfindən
işlənmişdir. Azərbaycanda akademiklər Həsən Əliyev, Validə Tutayuk, Budaq Budaqov təbiət abidələrinə min bir naxış vurublar. Bu "təbiət memarları"
Azərbaycan təbiətinin,
xüsusilə meşələrin,
qədim ağacların
qorunması yolunda mücadilə aparıblar
desək, yanılmarıq.
1982-ci ildə təbiət abidələrinin - qədim
ağacların qorunması
haqqında Mərkəzi
Komitənin, Nazirlər
Sovetinin qərarları
qəbul edilmişdir.
Böyük dövlət adamı, ulu öndər Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə respublikamızda yaşı
yüzdən yuxarı
243 ağac - təbiət
abidəsi qeydə alınıb, dövlət
tərəfindən mühafizəsi
təmin edilmişdir.
Meşələr tarixin dürüst və möhtərəm şahidləridir.
Xan ağac!
Xaqan ağac!
Əslində, meşələr
haqqında gərək
əlavə izahat verməyəsən. Ancaq insanın şahidi olduğu hadisələri kiminləsə bölüşmək
ehtiyacı var.
Qəribə mənzərəsi
var bizim dağların. Gah dağlar meşələri
dövrələyib, araya
alıb, gah da meşələr dağların başına
dolanıb. Yolçular
bir palıdın ətəyində bir çobanın sürüsünün
kölgələndiyini çox
görüblər. Onu
da görüblər ki, günün altında çoban iti dişinin qırağı ilə qoca palıdın torpağın üstünə
çıxmış köklərinin
qabığını necə
didir.
Meşənin sərin yeli ilin bütün
fəsillərində nəfəsinizə
dəyəndə adamın
elə bil ayaqları yerdən üzülür. Özünü
göyün yeddinci mərtəbəsində hiss
edirsən. Meşənin
suyunda, havasında min bir dərdin
dərmanı var.
Tarixilik baxımından xüsusi statusu olan mədəniyyət və təbiət abidələri YUNESKO-nun qərarı ilə qorunur. Respublikamızın
ərazisində 3000-ə qədər
təbiət abidəsi
var. AMEA-nın Botanika İnstitutunun əməkdaşları 2469 abidə-ağacı
qeydə alıblar. Alimlər abidə-ağaclar
haqqında müfəssəl
elmi məlumatlar hazırlamışlar. Ağacın
yaşı "illik həlqələri"nin
sayılması yolu ilə müəyyən edilir. Respublikamızda ən qədim ağacın 2000 il yaşı var.
Xocavənd, Qubadlı (Xanlıq kəndi), Samux, Qəbələ, Şəki, Ağdaş (Qəsil kəndi), Lənkəran, Lerik və Gəncədə yaşı 600-1000 il arasında olan ağaclar var. Samux rayonunun Kolayır kəndindəki
"Düldülü çinar"
əsrlərdir ziyarətgaha
çevrilib.
İndi dünya üçüncü
minilliyin ilk on ilini başa vurur. Acısaq da,
gileylənsək də,
bu illər ərzində insan təbiətə elədiyini
eləyib. Keçmiş olsun. Hazırda respublikamızın meşə
fondunun ümumi sahəsi 1213,7 min hektardır. Bu fondun
82 faizi meşə ilə örtülüdür.
Meşənin ailə
üzvlərinin adlarını
anmasaq, qəbahət etmiş olarıq: Palıd, Çinar, Qaracöhrə, Dəmirağac,
Şümşad, Şabalıd,
Qoz, Tut, Vələs, Fısdıq,
Şam, Ardıc, Cökə, Göyüş,
Dağdağan, Qovaq, Azat, Söyüd, Saqqız, Akasiya. Meşə kollarının, bitkilərin
adlarını sayası
olsaq, sözümüz
uzanar.
İllər uzunu meşənin məhsulu dedikdə anındaca yadımıza gələn oduncaq olur. Meşələrə qənim kəsilən
əlibaltalıların oduncaq
"sevda"larını bilərəkdən
çözmək istəmirik.
Ümidliyik ki, regionlarımızın iqtisadi-mədəni
cəhətdən inkişaf
etdirilməsi, rayonların
qazlaşdırılması, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin gördüyü
işlər imkan verəcək ki, istilik üçün oduncaq adlı məhsulu daha istifadə etməyək, ona olan tələbat
aradan qaldırılsın.
Meşənin o qədər məhsulu
var ki, bu
sahə ilə bağlı sistemli fəaliyyət göstərilsə,
yaxşı nəticələr
əldə etmək olar.
Avropa şəhərlərinin dükanlarında
ən çox satılan meşə meyvələrindən emal
olunmuş məhsullardır. Əczaçılıqda da meşə məhsullarına üstünlük
verilir. Respublikamızda da alıcılar
meşə məhsullarını
həvəslə alırlar.
Bizim emal sənayesində meşə məhsullarının
çəkisi çox
azdır. Amma kəndlərdə,
rayonlarda fəaliyyət
göstərən ailə
təsərrüfatlarında meşədən əldə
edilmiş məhsuldan
yaxşı istifadə
edirlər. Bu işin bizdə həm də yaxşı ənənəsi
var. Meşə məhsullarının
təbliğ edilməsi
bu sahənin həcmini və çeşidini artıra bilər. Nə yaxşı ki,
indi bu işə
sahibkarların marağı
artıb. 2003-cü ildə "Azərbaycan Respublikasında meşələrin
bərpası və artırılmasına dair"
Milli Proqram qəbul olunub. Yoxsulluğun
azaldılması və
iqtisadi inkişaf üzrə Dövlət Proqramının qəbul edilməsi də, heç şübhəsiz,
meşələrin inkişaf
etdirilməsinə, meşə
məhsullarının istehsalına
xüsusi təkan verəcək.
Havanın təmizliyi yaşıllıqlardan,
meşələrdən çox
asılıdır. Son illər dövlət səviyyəsində meşə
ilə bağlı görülən işlər
təqdir olunmalıdır.
Hər il
dövlət büdcəsindən
yaşıl zolaqların
salınması, yetişdirilməsi,
bərpası, mühafizəsi
işlərinə kifayət
qədər vəsait
ayrılır. Meşəçilik müstəqil elm kimi öyrənilir, elmi-tədqiqat
işləri aparılır.
Hazırda ölkəmizdə
meşə turizmi, meşə təsərrüfatı,
meşə məhsulu
və s. adlı tanıtma nişanlarına,
sosial reklamlara ictimai ehtiyacın olduğunu da yaddan çıxarmamalıyıq.
Vüqar TAPDIQLI
Azərbaycan.-2010.-16 dekabr.-S.5.