Dünyanı dolaşan səs

 

 

Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi Rəşid Behbudov illərdir aramızda olmasa da, səsi həmişə bizimlədir. O, sadəcə müğənni, musiqiçi deyildi, millətini, yurdunu ürəkdən sevən böyük vətəndaş, ictimai xadim idi. İstedadı sayəsində şöhrət çox erkən onun ünvanını tapmışdı. Bu hələ heç bir müğənniyə nəsib olan səadət deyildi ki, bioqrafiyasında çoxlu sayda fəxri adlar, təltiflər olsun: Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Lenin ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş Rəşid Behbudov xarici ölkələrin bir sıra dövlət mükafatlarına da layiq görülmüşdü. Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi kimi fəxri adlar da almışdı. 1946-cı ildə "Stalin" mükafatı ilə təltif edilmişdi...

14 dekabr 1915-ci ildə Məcid kişinin evində bir körpə dünyaya gəldi. Adını Rəşid qoydular. "Xoş taleyini Tanrı yazsın" dedilər. O zaman bir kimsənin ağlına da gəlməzdi ki, qədim Tiflisin köhnə məhəlləsində, əslində, Azərbaycanın sənət korifeyi doğuldu. Bunu qarşıdan gələn illər təsdiqləməli idi. O qaraqaş, gözəl oğlan uşağı gələcəkdə milyonlarla insanı öz səsinin sehrinə salan Rəşid Behbudov idi.

Nə onun haqqında xatirələrə, nə yaxından tanıyanların məlumatlarına qulaq asasan, sadəcə, səsini dinləyəsən. Xoş avazına məftun ola-ola oxuduğu mahnıların mətninə fikir verəsən. Əlbəttə, gözəl və məlahətli səs Allah vergisidir. Xoşbəxtlikdən, Rəşid Tanrının bu bəxşişinə layiq görülmüşdü. Amma İlahidən gələn bu varidatı Rəşid Behbudov məhz öz zəhməti, düşüncəsi, ən başlıcası, məsuliyyəti ilə daha ustalıqla qorudu, onu eşidənlərə yüksək zövqlə, mədəniyyət və cazibədarlıqla təqdim etdi. Bəlkə də elə bu qabiliyyəti, məharəti, böyüklüyü Rəşidə bənzərsizlik və əbədiyaşarlıq bağışladı. Bu gün Rəşidin yeri görünür...

O, ifaçılıq fəaliyyətinə başlayanda cəmi 15 yaşı vardı. Sözün əsl mənasında, qeyri-adi, gözəl və zəngin çalarlı səsə malik olan Rəşid Behbudov nəinki Azərbaycana, eləcə də keçmiş sovet məkanına məxsus ifaçılıq məktəbinin çox görkəmli nümayəndələrindən biri olmuşdur. Bu faktdır, Rəşid Behbudovdan sonra ikinci elə bir sənətkarımız yoxdur ki, dünyada 50-dən artıq xalqın mahnısını öz dillərində ifa etsin. Böyük müğənninin səsinin ahəngində, nəfəsində qəribə bir həzinlik, məlahət vardı. Bu səsin cazibəsi, əfsunu elə güclü idi ki, bu gün də Rəşid Behbudovun görünür. Böyük sənətkarlıqdan öncə unudulmaz Rəşid Behbudov Azərbaycanı, onun təbii gözəlliklərini, insanlarını bütün varlığı ilə sevən vətəndaş idi. Anasından və Vətənindən eyni dərəcədə doya bilməyən, doğma torpağın hər qarışına baş əyməkdən yorulmayan Rəşid Behbudov bu sevgisini öz mahnılarında çox qüdrətlə ifadə edirdi. İndi də həmin nəğmələri eşidəndə qəribə hisslər keçirirsən. Yurdumuz haqqında oxuduğu mahnılarda çəkdiyi Azərbaycan harayı insanın varlığından bir üşütmə keçirirdi. Sanki bu səsin qüdrəti adamın ayağını torpağa bağlayaraq ruhunu göylərə aparırdı. Vətən istəyini səsin vasitəsilə bu cür dərinliklə bildirmək hər müğənniyə müyəssər deyildi. Bu, ancaq Rəşid Behbudova xas olan nadir istedadın sayəsində baş verirdi.

Maraqlıdır ki, xanəndə ailəsində doğulan və uşaq yaşlarından öz səsi ilə hamını məftun edən Rəşid Behbudov əvvəlcə dəmir yolu texnikumuna daxil olub. Həm orta məktəbdə xorda oxuyan, həm də bu təhsil ocağında tələbə özfəaliyyət orkestrində çalışan Rəşid Behbudov sonradan hərbi xidmət zamanı ordu ansamblının solisti olub. Bir müddət Tbilisi estrada qruplarında, sonra da İrəvanda caz orkestrində fəaliyyətə başlayıb. İkinci dünya müharibəsi illərində Rəşidin səsi Krım cəbhəsindən gəlib. Sonralar Üzeyir Hacıbəylinin dəvəti ilə Bakı kinostudiyasına gələrək filmə çəkilən Rəşid Behbudovun taleyi doğma paytaxta bağlanıb.

Ustadı təkcə öz Vətənində sevmirdilər! Çoxu bunu indi də etiraf edir ki, vaxtilə dünya Azərbaycanı iki nemətinə - bir neftə, bir də Rəşidin səsinə görə tanıyırdı. Məmləkətlər, ölkələr dolaşmışdı onun səsi. Rəşid Behbudov keçmiş SSRİ-nin bütün respublikalarında, eləcə də Albaniya, Bolqarıstan, ərəb ölkələri, Hindistan, Çin, Finlandiya, İran, İraq, Türkiyə, Çili, Argentina, Misir, Efiopiya və digər ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdu. O yerlərə səsini aparan, nəğmələrini ərməğan edən Rəşid Vətənə ürəyi dolu sevgilərlə qayıdırdı. O, qürbətdə də Azərbaycandan oxuyurdu, Vətənə dönəndə də. Rəşid Behbudov Azərbaycan xalq mahnılarını və bəstəkarların vokal əsərlərini xarici ölkələrdə böyük məhəbbətlə təbliğ edirdi. Rəşid Behbudov həm də qələm sahibi idi. Onun Hindistan səfəri ilə bağlı yazdığı "Uzaq Hindistanda" adlı kitabı bu gün də öz aktuallığını saxlamaqdadır.

Azərbaycan milli kinosunun inkişafında da Rəşid Behbudovun zəhməti çox olub. 1945-ci ildə "Arşın mal alan" filmində can verdiyi Əsgər obrazı çox uğurlu və maraqlı alındı. Təkcə elə bu filmin ona gətirdiyi geniş şöhrət bir ömrə bəs edəcək əsl sənət müvəffəqiyyəti idi. "Bəxtiyar" filmində Bəxtiyar obrazı sanki müğənninin elə öz bioqrafiyası idi. Böyük məharətlə oxuduğu vokal əsərlər filmin son dərəcə mənalı, baxımlı və yaşarlı alınmasını şərtləndirən əsas amillərdən biri idi. Azman sənətçimizin Azərbaycan opera səhnəsində bir sıra möhtəşəm tamaşalarda ifa etdiyi partiyalar vokal sənətimizin tarixində əhəmiyyətli yer tutmuşdur. Üzeyir Hacıbəylinin "Arşın mal alan" (Əsgər), Fikrət Əmirovun "Sevil" (Balaş) operalarında Rəşidin ifasındakı partiyalar həmişə yüksək qiymətləndirilmişdir.

Müxtəlif musiqi kollektivlərində, teatrlarda, ansambllarda çalışan Rəşid Behbudov on il Azərbaycan Dövlət Filarmoniyasının, xeyli müddət Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri işləyib. O, 1966-cı ildə Dövlət Mahnı Teatrını yaradıb. Bununla da, Rəşid Behbudov Azərbaycan musiqi və estrada sənətinin müxtəlif janrlarını birləşdirərək incəsənətimizin yeni, orijinal və pozulmaz səhifələrini yazıb. Dahi sənətçimizdən yadigar və nişanə qalan həmin mahnı teatrı bu gün böyük müğənninin adını daşıyır və yaşadır. Rəşid Behbudov elə böyük ürək sahibi idi ki, həmişə özündən sonra gələnləri düşünürdü. İndi onun yaratdığı bu sənət məbədində məhz Rəşid məktəbinin davamçıları fəaliyyət göstərirlər.

İstər xalq, istərsə bəstəkar mahnılarının yayılıb sevilməsində, populyarlaşmasında Rəşid Behbudovun xidmətləri əvəzsizdir. O bu əsərləri, sadəcə, ifa etmirdi, elə nəğmələr var idi ki, ona öz möhürünü vururdu. Bu günün özündə də həmin mahnıları və ya vokal əsərlərini biz başqa ifada o qədər də qəbul edə bilmirik. Çünki Rəşiddən sonra bu ifalar bizə sönük təsir bağışlayır. Adətən, mahnının iki müəllifi olur: şair və bəstəkar. Amma həmin nəğmə o zaman qüdrətli və yaddaqalan olur ki, onun ifaçısı da müəlliflərin sırasına qoşulmaq şansını qazanır. Bu mənada, Rəşid Behbudovun nəfəsindən qopan nəğmələrə xalq arasında "Rəşidin nəğməsidir" deyiblər. Sənətçinin böyük şövq və məhəbbətlə oxuduğu "Ana" (musiqisi Cahangir Cahangirovun, sözləri İslam Səfərlinindir) mahnısı nə qədər təsirli və unudulmazdır. Doğrudur, öz nəfəsində, öz yozumunda, öz səsinin imkanlarında bu məşhur mahnıya müraciət edənlər var. Yaqub Zurufçudan başlamış gənc ifaçılara qədər "Ana"nı yanıqlı oxumağa çalışanlar oldu. Amma gəlin etiraf edək ki, Rəşid Behbudov kimi o möhtəşəmliyə, ucalığa qalxmaq çox çətindir. Və təbii ki, heç kim Rəşid ola bilməzdi. Nə sirdirsə, hər dəfə Rəşidin bu mahnısına qulaq asanda adama elə gəlir ki, musiqinin ağuşunda çox qeyri-adi bir səs çırpınır və bu çırpıntının titrək sədaları adamın varlığını səs adlı bir xilqətin gücü qarşısında ram edir. Duyursan ki, əslində, dilə gələn bu ürəyin bütün etiraflarında insan adlanan varlığın həsrəti hamıya doğmadır:

 

Gözümün nuru,

canım, ana,

Böyütdün sən

məni yana-yana,

Saçının ağına,

qarasına qurbanam,

Könlünün o həzin

laylasına qurbanam!

Bu həzin haray adamın ürəyini tərpədərək sanki səni əməlli-başlı silkələyir, bu təsirin gücünə tərbiyə edir: "Qədrini el bilir, ətrini gül bilir". Elə bil ayılırsan. İstər-istəməz analı günlərinə boylanırsan, kövrəlirsən, uşaqlaşırsan. Paklığa, təmizliyə qayıtmağın özü də bir möcüzədir. Qəribədir ki, mahnı sona çatdıqdan sonra da xeyli müddət Rəşidin nəfəsindən qopan sözlər səni düşündürür:

 

Başımın üstə laylay

çaldın,

Gecələr sübhədək

qadamı aldın.

İsti nəfəsini həmişə

yaz bilmişəm,

Olub ki, mən sənin

qədrini az bilmişəm,

Əziz Ana!

 

Ötən əsrin sonlarında bədnam qonşumuzun "Qarabağ kartı"nı ortalığa ataraq başladığı münaqişə Rəşid Behbudovun da əsəblərini tarıma çəkmişdi. Xüsusilə də, soydaşlarımızın indiki Ermənistandan - əslində, dədə-baba torpaqlarından vəhşicəsinə qovulması Rəşid Behbudovu bir vətəndaş olaraq qəzəbləndirmişdi. Həmin vaxt SSRİ Ali Sovetinin deputatı olan Rəşid Behbudov soydaşlarının tapdanmış hüquqlarının müdafiəsi naminə xalqımıza düşmənçilik etmiş Mixail Qorbaçovla üz-üzə gəldi. 1989-cu ilin yayında elə Moskvada ürəyi dayanan Rəşid Behbudovun bu müəmmalı ölümü sirli qaldı.

Sən bizi bağışla, böyük ustad. Hərdən ekranda bir musiqili görüntünü tamaşaçılara təqdim edirlər. Rəşid Behbudov pencəyini çiynində tutaraq bağrı dağlı lalələrin arasında onların boyunu oxşayır, gözəlliyini, məhzunluğunu dilə gətirir:

 

Nə vaxtdır Rəşidin

gözü yoldadır,

Bir qonaq gələsiz

bizə, lalələr!

 

Bilmirəm, ustad o lalələri niyə Bakıya qonaq çağırırmış? Amma ürəyi göynədən tamam başqa məsələdir. Əslində, gözəl səs ölmür. Onu gəzdirən, Yer üzünü dolaşdıran varlıq dünyasını dəyişərək haqqa qovuşur. Bu gün Rəşidin səsi bizimlədir, cismi torpağa tapşırılıb. Allahın altında bütün varlığı ilə ürəkdən sevdiyi əcdadlarının vətəni olan Şuşadan o böyük müqəddəs cismin Bakıda uyuduğu qəbrinin üstünə bir qucaq dağ çiçəkləri gətirə biləydik. Bu günlərdə Rəşid Behbudovun müqəddəs məzarı çiçəklərdən libas geyib, amma unudulmaz Ağabəyimin məşhur bayatısında çəkdiyi nisgili yaşayırıq. O güllərin arasında yoxdur Xarıbülbül. Yenə Rəşidin Araz nidalı, Kür ədalı "Azərbaycan" harayı gəlir. Belə yerdə adamın ruhu varlığında qalarmı? Allah sənə rəhmət eləsin, böyük ustad! Səsinin ahənginə qoşulub quş sədaqətinə malik olaydıq:

 

Daş da bizdən vəfalı,

Quş da bizdən vəfalı,

İldə bir yol Vətəndə,

Qış da bizdən vəfalı!

 

Rəşid Behbudov nikbin ruhlu, həyat eşqli bir sənətkar olub. Oxuduğu bütün nəğmələrdə də bu coşqunluq var. Hətta ən kədərli, həzin şərqilərində yaşamaq həvəsi duyulur. Bu səbəbdən də, onu xatırlayanda xiffətlənməkdən çəkinirsən. Çünki bu yurdun, bu torpağın dağı, daşı kimi Rəşidin səsi də əbədidir, həmişə bizimlədir. Yaxşı ki, onun nəğmələrini, arzularını, musiqili ömrünü yaşadan övladı var. Bu gün Rəşidə Behbudovanın səsi müasir musiqi sənətimizin rövnəqlənməsində öz bəhrəsini verir.

 

Flora XƏLİLZADƏ,

 

Azərbaycan.-2010.-16 dekabr.-S.6.