"Toska"nın Bakı həyatı

 

Məşhur italyan bəstəkarı Cakomo Puççininin "Toska" operası dünyanın ən populyar on operası sırasına daxil edilmişdir. Onun premyerası 1900-cü il yanvarın 14-də Romanın Teatro Kostansi opera teatrında olmuşdur. Bu yaxınlarda həmin tamaşa Azərbaycan Milli Opera Balet Teatrında yenidən göstərilmişdir. Bəri başdan qeyd edək ki, operaya baxanlar həmin gün xoş ovqat yaşadılar. Onlara bu ovqatı xalq artistləri Azər Zeynalov (Kavaradossi), Qərinə Kərimova (Toska) əməkdar artist Əvəz Abdullayev (polis rəisi Skarpia) öz bənzərsiz ifaları ilə bəxş etdilər.

Opera teatrımızın səhnəsində bu partiyaları yaxın keçmişlərə qədər qeyri-azərbaycanlı solistlər orijinalın dilində yox, rus dilində oxuyurdular. Onlar həm cavanlıq dövrlərini çoxdan geridə qoymuş ifaçılar idilər.

Toska musiqili dramdır. Mövzusu bir tərəfdən əsarət, zülmət, digər tərəfdən azadlıq aydınlıq arasındakı ziddiyyətə əsaslanmışdır. Cərəyan edən hadisələrin mərkəzində üç obrazın mübarizəsi durur. Bunlar qəddar polis rəisi Skarpia, insansevər, dost yolunda canından keçməyə hazır olan Kavaradossi son dərəcə fərdi xüsusiyyətli etibarlı qadın Toskadır.

Üzdə özünü aristokrat kimi göstərməyə çalışan Skarpia əslində çox riyakar tipdir. İstedadlı gözəl müğənni Toskanı ələ keçirməyə çalışan Skarpia müxtəlif hiylələrlə istəyinə çatmağa, qadının sevgilisi, rəssam Kavaradossini gözdən salmağa çalışır imkan düşən kimi rəssamın qətlinə fərman verir. Lakin son nəticədə Toskanın qəzəbinə tuş gələrək həyatını itirir. Sonda Toska da özünü məhbəs qalasından yerə ataraq öldürür.

Yuxarıda qeyd etdiyimiz kimi, "Toska" operası XIX əsrin möhtəşəm musiqi yaradıcılığı nümunələrindən sayılır. Puççini qadın qəlbinin bilicisi olduğu üçün yaratdığı əksər sənət inciləri qadınların həyatına həsr edilmişdir. "Manon Lesko", "Qərbdən gələn qız", "Turandot", "Madam Batterflay" operaları bu qəbildəndir. "Toska" operasının musiqisi həmişə qəlbləri riqqətə gətirir. Toskanın ariyası Kavaradossinin iki ariyası Puççininin ən yaxşı melodik nailiyyəti hesab olunur.

Sevindirici haldır ki, həm Qərinə Kərimova, həm Azər Zeynalov bu ariyaları Avropa ifaçılıq standartlarına uyğun səviyyədə oxumaqla dinləyiciləri məftun qoydular.

Polis rəisi, amansız Skarpianın kabinetində cərəyan edən hadisələrdə həm ifa baxımından, həm aktyorluq baxımından Qərinə Kərimova rolunun öhdəsindən məharətlə gəldi. Səsi bütün registrlərdə xoş təsir bağışladı tamaşanın təsir gücünü daha da artırdı.

Azər Zeynalov İtaliyada ustad dərsləri keçəndən sonra Bakıda əvvəllər Kavaradossinin ikinci ariyasını oxumaqla dinləyicilərə xoş təsir bağışlamışdı. Estrada müğənnisi kimi tanınan Azərin birdən-birə ifaçılıq ampluasını opera müğənniliyinə istiqamətləndirməsi onun səs imkanlarının genişliyindən, xəbər verirdi. Beləliklə Azər Zeynalovun opera müğənniliyinə qoşulması, onun tamaşaçılar arasında opera müğənnisi kimi sevilməsinə gətirib çıxardı. Fikrət Əmirovun "Sevil" operasında Balaş, məşhur italyan bəstəkarı Leonkavallonun "Məzhəkəçilər" operasında qısqanc məzhəkəçi Kanio, dahi italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasında Alfredo partiyaları Azər Zeynalovun ifasında tam parlaqlığı ilə səslənir.

Məşhur italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasında Kavaradossi partiyası da bu qəbildəndir. Onun dramatik çalarlı, geniş diapazonlu lirik tenor səsi lirik ovqatlı qəhrəmanının ağrı-acılarını dinləyicilərə lazım olduğu səviyyədə çatdırmağa imkan verir. Azər bu dəfə öz qəhrəmanının vokal baxımından heç asan olmayan bütün ariyalarını inamla oxudu, səsi bütün diapazonlarda parlaq səsləndi. Geniş səs diapazonlu Qərinə Kərimiova ilə duetlərdə zil notların öhdəsindən uğurla gəldi, səsinin nüfuzediciliyi metallığı oxuduğu ariyaları daha da gözəlləşdirdi. İlk pərdədə nikbin ovqatla səhnəyə çıxaraq sevgilisi Toskanın portretinə ürəkdən gələn rənglər vuraraq özünün birinci ariyasını oxuyan Kavaradossi - Azər Zeynalov onu ruh yüksəkliyi ilə vokal çətinliyi çəkmədən sona çatdırdı tamaşaçıları razı saldı.

Üçüncü pərdədə ölüm hökmünün icrasını gözləyən zaman həyatla vidalaşmaq anında oxuduğu ariyada Azər Kavaradossinin ağrı-acılarını səsinin möhtəşəmliyi aktyorluq məharəti ilə göstərərək tamaşaçı qəlbini riqqətə gətirməyi bacardı.

Azərbaycan Opera Balet Teatrının aparıcı dramatik sopranası Qərinə Kərimova bütün registrlərdə fenomenal ifaçılıq nümayiş etdirən sənətkardır. O, Toska partiyasını Rusiyanın Böyük Teatrında da ifa edərkən yüksək ifaçılıq qabiliyyəti nümayiş etdirmişdi. Milli Akademik Opera Balet Teatrının səhnəsində onun Toska partiyasında çıxışı həmişə uğurlu olmuşdur. Qərinə Kərimovanın səs diapazonu dramatik sopranalar üçün səciyyəvi olmayan genişliyi ilə diqqəti çəkir. Tamaşanın bir neçə yerində yuxarı "do" notunu təmiz götürməsi dediklərimizə sübutdur. Qərinə Kərimova Böyük Teatra Toskanı oxumaq üçün dəvət alanda bəzi ağzıgöyçəklər demişdilər ki, onun Toska partiyasını oxumaq üçün tələb olunan yuxarı registrli səsi yoxdur. Bu səbəbdən onu Böyük Teatra gələn kimi imtahana çəkmiş, səs diapazonunun sonsuz olduğunu yəqin etdikdən sonra tamaşaya buraxmışdılar.

Bu tamaşada Qərinə Kərimova baron Skarpianın qulluq otağında Toskanın "Dua" ariyasını elə məharətlə oxudu ki, dinləyicilərin bir çoxu təsirlənərək göz yaşlarını gizlədə bilmədi. Onun baron Skarpianı bıçaqla qətlə yetirməsi səhnəsi çox inandırıcı alındı bu səhnədə o, yüksək aktyorluq məharəti nümayiş etdirdi.

Polis rəisi, baron Skarpia partiyasının ifaçısı Əvəz Abdullayev nüfuzedici səs tembri geniş səs diapazonu sayəsində tamaşaya möhtəşəmlik gətirdi. Müğənni Əvəz zahirən məftunedici görkəmli, daxilən amansız xislətli Baron Skarpianın qeyri-insani keyfiyyətlərini müğənni-aktyor məharəti ilə nümayiş etdirdi. Ona görə tamaşaçılarda Skarpiyaya qarşı nifrət hissi yarandı. Əvəz Abdullayevin bütün ifası Avropa ifaçılıq standartları səviyyəsində idi.

Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun tamaşaya məharətlə dirijorluq etməsi öz sözünü dedi. Mənfi xislətli obrazların səhnəyə gəlişini təlatümlü taktlarla canlandırdı, xor ifaçılığı uğurlu alındı.

 

Arif HÜSEYNOV

 

Azərbaycan.-2010.-16 dekabr.-S.6.