Uğurlu
xarici investisiya siyasəti Azərbaycanı daha qüdrətli
ölkəyə çevirir
Dünyanın ən
dinamik inkişaf edən ölkələri sırasında yer
alan Azərbaycan həyata keçirilən uğurlu
siyasətin məntiqi nəticələrindən biri kimi
sosial-iqtisadi tərəqqi sahəsində
özünəməxsus mütərəqqi bir modelin
əsasını yaradaraq günü-gündən
qüdrətlənən bir ölkəyə çevrilib.
Qazanılan uğurların miqyasının davamlı olaraq
genişləndirilməsi Azərbaycanın inamla və
böyük nailiyyətlərə imza atmaqla irəlilədiyi
inkişaf yolunun prioritet istiqamətidir. Bu isə o deməkdir
ki, iqtisadi sahədə keçid dövrünü uğurla
başa vurduqdan sonra Azərbaycan bazar iqtisadiyyatı
şəraitində bundan sonra da inkişafını davam
etdirib daha qüdrətli dövlətə çevrilməsini
təmin edəcəkdir.
İqtisadi
cəhətdən davamlı olaraq güclənən, paralel
şəkildə böyük
müvəffəqiyyətlərlə
nəticələnən siyasi islahatlar aparan Azərbaycan
bununla həm də beynəlxalq miqyasda qazandığı
nüfuzunun daha da yüksəlməsinə nail olur.
Beynəlxalq sferada ölkəmizin mövqelərinin
mütəmadi güclənməsinə təkan verən
önəmli amillərdən biri də qlobal enerji
təhlükəsizliyi sahəsində Azərbaycanın
getdikcə artan rolu və həyata keçirdiyi fəal
investisiya siyasətidir. Real faktdır ki, hazırda
Azərbaycan dünyanın ən aparıcı potensial
investorlarından birinə çevrilməkdədir. Bunun
nəticəsidir ki, Azərbaycan sərmayəsini
gözləyən müxtəlif xarici dövlətlərin
sayı durmadan artır, ölkəmizə sözügedən
məsələ ilə əlaqədar ünvanlanan
əməkdaşlıq təklifləri çoxalır.
Böyük maliyyə imkanlarına malik Azərbaycan isə,
öz növbəsində, maraqlarının təmin
olunması şərtilə son bir neçə ildə
ayrı-ayrı xarici ölkələrə artıq
dəyəri milyardlarla dollar həcmində olan investisiyalar
yatırır.
Qoyulan bu
sərmayələr Azərbaycanın iqtisadi
cəhətdən daha da güclənməsinə yol
açmaqla bərabər onun ümumi maraqlarının
təmin edilməsində vacib rol oynayır. Prezident İlham
Əliyev bununla əlaqədar demişdir: "Xaricə
qoyduğumuz milyardlarla ölçülən investisiyalar
Azərbaycanın maraqlarını təmin edir.
Gələcəkdə bu, bizə ondan da çox gəlir
gətirəcəkdir. Çünki bütün bu
investisiyalar iqtisadi amillərə söykənir. Yəni, bu,
kommersiya yönümlü investisiyalardır. Bilirik ki, biz ondan
da çox mənfəət götürəcəyik. Ancaq bu
gün yox, 5 ildən, 10 ildən sonra. Ona görə bu
baxımdan həmin investisiyaların çox böyük
əhəmiyyəti vardır. Bu, Azərbaycanın
gələcəyinə qoyulan vəsaitdir. Gələcək
nəsillər, bax, bu gün qoyulan o sərmayənin
nəticələrini görəcəklər, biz də
görəcəyik".
İndi bir sıra xarici dövlətlər
Azərbaycan investisiyasının öz
ölkələrinə gəlişində xüsusilə
maraqlı tərəf kimi çıxış edirlər
və belə dövlətlərin coğrafiyası Avropadan
Asiyaya qədər uzanaraq kifayət qədər geniş bir
ərazini əhatə edir. Məsələn,
Şərqi Avropanın aparıcı dövlətləri
sırasında yer alan Polşa Azərbaycanı bu
ölkədə keçirilən
özəlləşdirmə prosesində iştirak
etməyə dəvət edir. Ötən ay
ölkəmizdə səfərdə olan Polşa Baş
nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlak Azərbaycan-Polşa
hökumətlərarası komissiyasının Bakıda
keçirilən iclasında artıq bununla bağlı konkret
təkliflər də səsləndirib. Onun sözlərinə
görə, Polşa tikinti, kənd təsərrüfatı
və aqrar sənaye kompleksi məhsullarının emalı da
daxil olmaqla, Azərbaycanla müxtəlif sahələrdə
əməkdaşlıqda maraqlıdır. Bundan başqa,
Polşada böyük özəlləşdirmə
proqramı reallaşır və bununla bağlı da
sözügedən ölkə Azərbaycana konkret
təkliflər ünvanlayıb. Ukrayna, Gürcüstan,
Türkiyə və digər bir sıra xarici
ölkələr də daha böyük miqdarda Azərbaycan
sərmayəsinin gəlişində maraqlı
olduqlarını açıq bəyan edirlər.
Dünyanın
nüfuzlu maliyyə institutları isə bildirir ki,
qarşıdakı dövr ərzində Azərbaycanın
investisiya potensialı daha da güclənəcək və bu
sahədə ölkə aparıcı mövqedən birinin
sahibi kimi çıxış edəcək.
Məsələn, Dünya Bankının proqnozlarına
görə, ortamüddətli perspektivdə Azərbaycan xalis
xarici investora çevriləcək. Buna şərait yaradan
əsas amillərdən biri ölkəmizin həm
böyük valyuta ehtiyatlarına malik olması, həm də
xarici investisiyaların yatırımına daha böyük
diqqət yetirməsidir. Hazırkı şəraitdə
ölkəmizin sərmayə qoyduğu əsas
dövlətlər sırasında Gürcüstan,
Türkiyə, Rusiya və digərləri yer alır.
Azərbaycanın sərmayə
yatırdığı dövlətlər sırasında
qonşu ölkələrin ilk yerdə olması isə
təsadüfi xarakter daşımır. İlk
növbədə ona görə ki, Azərbaycanın
investisiya üçün seçdiyi xarici dövlət
və burada sərmayə qoyulan sahələr kifayət qədər
düşünülmüş bir strategiya əsasında
həyata keçirilir. Bunun nəticəsidir ki, ölkəmiz
qonşu dövlətlər olan Gürcüstan və
Türkiyədə enerji infrastrukturuna kifayət qədər
böyük sərmayələr yatırır. Bu, həm
də ondan irəli gəlir ki, Azərbaycanın dünya
enerji bazarına çıxışının
təminatı baxımından əsas tranzit ölkələr
sırasında məhz adıçəkilən iki
dövlət çıxış edir. Bu
səbəbdən enerji məhsullarının tranzitinin
davamlılığını tam təmin etmək, eyni zamanda,
bundan da gəlir götürmək üçün
Gürcüstan və Türkiyənin xarici investisiya
sahəsində əsas ölkələr olaraq
seçilməsi Azərbaycanın uğurlu enerji
strategiyasının tərkib hissəsi sayılır.
Sözügedən ölkələrə investisiya
yatırımı əsasən Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti (ARDNŞ) vasitəsilə həyata
keçirilir. Son məlumatlara görə, təkcə
ARDNŞ vasitəsilə Gürcüstana qoyulan
investisiyaların həcmi 500 milyon dolları keçir.
Baki-Tbilisi-Qars dəmir yolunun inşası üçün
isə Azərbaycan tərəfindən Gürcüstana
uzunmüddətli kreditlər ayrılıb.
Ümumiyyətlə, potensial xarici investor olmaqla yanaşı,
Azərbaycan həm də beynəlxalq miqyasda kreditor
ölkələrdən birinə çevrilməkdədir.
Azərbaycanın
xarici investisiya siyasətinin əsas
mərkəzlərindən biri ölkəmizin strateji
tərəfdaşı olan Türkiyədir. Artıq
"SOCARTurcasInjaz" şirkətlər alyansı
Türkiyənin nəhəng "Petkim" neft-kimya
kompleksinin nəzarət səhm paketinin həlledici
hissəsinin sahibidir. 2014-cü ilə qədər
"Petkim" və onun təsislərinə
yatırılacaq sərmayələrin həcmi 10 milyard
dolları keçəcək. Perspektivdə ARDNŞ
Ceyhanda neft emalı və neft-kimya kompleksinin
inşasını planlaşdırır. Enerji
ilə yanaşı xarici sərmayələrin qoyuluşunda
Azərbaycan digər sahələrə, məsələn,
qiymətli kağızlar bazarına, aktivlərə,
səhmlərə də maraq göstərir. Ölkənin
valyuta ehtiyatlarının durmadan artması və maliyyə
imkanlarının güclənməsi isə
Azərbaycanın daha böyük miqdarda xaricdə
investisiyalar yatırmasına şərait yaradır ki, bu da
ölkəmizin sərmayə bazarında əsas
dövlətlərdən birinə çevrilməsinə
gətirib çıxarır.
Azərbaycan
tərəfindən xarici ölkələrdə investisiyalar
təkcə Türkiyə və Gürcüstanla
məhdudlaşmayaraq bir çox postsovet ölkələrini,
məsələn, Ukrayna və Moldovanı da əhatə edir.
Bir çox Şərqi Avropa dövlətləri,
xüsusən də onların enerji infrastrukturuna
sərmayə yatırımı Azərbaycanın diqqət
mərkəzində saxladığı əsas məqamlar
sırasında yer alır.
Xariclə
yanaşı, daxildə yatırılan investisiyaların
ümumi payında əsas mövqe yenə də
Azərbaycanın özünə məxsusdur və bu
sahədə ölkəmizin xüsusi çəkisi durmadan
artır. Xatırladaq ki, ilk dəfə olaraq 2007-ci ildən
etibarən Azərbaycanda yatırılan daxili
investisiyaların miqdarı xaricdən gələn
sərmayələrin həcmini geridə qoymağa
başlayıb. Yatırılan investisiyaların struktur
təhlili göstərir ki, Azərbaycan daxildə enerji sahəsilə
yanaşı, qeyri-neft sektorunun inkişafına xüsusi
önəm verir. Eyni zamanda xarici
investisiyaların da ölkəyə cəlb edilməsi
siyasəti uğurla davam etdirilir. İstər daxili,
istərsə də xarici investisiyalar sahəsində həyata
keçirilən siyasətin prioritet istiqamətlərindən
biri isə qeyri-enerji sahələrində yaşanan
inkişafın daha da sürətləndirilməsinə nail
olmaq, belə sahələrə daha çox
sərmayə cəlb etməkdir.
Ümumilikdə isə ölkə iqtisadiyyatına
investisiyaların cəlb olunması məqsədilə
hökumət tərəfindən "açıq
qapı" siyasəti həyata keçirilir.
İnvestisiyaların tələb olunan həcm və
keyfiyyətinin təmin edilməsi məqsədilə
ölkədə investisiya mühitinin daha da
yaxşılaşdırılması istiqamətində
konkret addımlar atılır. Bu
məqsədlə şəxsi mülkiyyətin qorunması
və korporativ idarəetmənin
təkmilləşdirilməsi, mülkiyyətin formasından
asılı olmayaraq bütün investorlar üçün
daha əlverişli rəqabət mühitinin
yaradılması, investisiya fəaliyyətinin hüquqi-normativ
bazasının daha da təkmilləşdirilməsi,
mühasibat uçotunun və
statistikanın beynəlxalq standartlara
uyğunlaşdırılması istiqamətində
tədbirlər davam etdirilir. İnvestisiya axınının
qeyri-neft sektorunun və regionların inkişafına
yönəldilməsinin stimullaşdırılması,
ölkədə investisiya fəaliyyətinin sosial
istiqamətinin gücləndirilməsi, insan kapitalına,
infrastruktura qoyulan investisiyaların prioritetliyi,
dövlət investisiya siyasətinin tam
şəffaflığının təmin edilməsi kimi
məsələlər də uğurla öz həllini
tapır.
Qeyd
olunanların nəticəsidir ki, ölkəmizdə qeyri-neft
sektorunun davamlı olaraq yüksək artım tempi təmin
edilib, həmçinin infrastruktur əhəmiyyətli
dərəcədə müasirləşdirilib və ya
yeniləri qurulub. Sənaye sektorunun inkişafına
yönəldilən investisiyalar ölkədə elmtutumlu
və yüksək texnologiyalı,
rəqabətədavamlı və ixracyönümlü,
dünya standartlarına cavab verən sənaye
məhsullarının istehsal edilməsinə imkan verir.
Bütün
bunlar ölkəmizdə yatırılan sərmayələrin
ümumi həcminin davamlı artmasına yol açır,
Azərbaycan iqtisadiyyatını daha güclü hala
gətirir, ümumi inkişaf prosesində mühüm rol
oynayır. Hesablamalar göstərir ki, cari ilin ilk üç
rübündə ölkəmizin iqtisadi və sosial sahələrinin
inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 6 milyrad 157,8 milyon
manat vəsait yönəldilib. Bu isə o
deməkdir ki, ötən ilin müvafiq dövrü ilə
müqayisədə əsas kapitala yönəldilmiş
vəsait 15,2 faiz çox olub. Əsas kapitala
yönəldilmiş vəsaitin 77,3 faiz və ya 4 milyard 758
milyon manatını daxili investisiyalar, 22,7 faiz və ya 1 milyard
399,8 milyon manatını isə xarici investisiyalar
təşkil edib. Burada mühüm faktorlardan biri ondan
ibarətdir ki, yatırılan investisiyaların əsas
kütləsi qeyri-neft sektoruna yönəldilib. Belə ki,
hesabat dövrü ərzində əsas kapitala
yönəldilmiş ümumi investisiyanın 4 milyard 188,8
milyon manatı, yaxud 68 faizi qeyri-neft sektorunun, 1 milyard 969 milyon
manatı və ya 32 faizi neft sektorunun inkişafında
istifadə edilib.
Makroiqtisadi
proqnozlara əsasən, Azərbaycanda 2010-cu ilin yekununda
əsas kapitala yönəldilən investisiyaların ümumi
məbləği 9,8 milyard manat olacaq. Bunun 69,1 faizinin
daxildən, 30,9 faizinin isə xaricdən cəlb edilmiş
investisiyalar hesabına təmin ediləcəyi
gözlənilir. Bir məqamı da qeyd edək ki,
dövlət müstəqilliyini əldə etdikdən sonra
əlverişli investisiya mühitinin yaradılması
nəticəsində Azərbaycan iqtisadiyyatına
yatırılan ümumi sərmayənin miqdarı artıq 90
milyard dollara yaxınlaşır. Bu potensial
investora çevrilməkdə olan Azərbaycanın
sərmayələr yatırılması üçün
olduqca cəlbedici ölkə olduğunu bir daha təsdiq edir.
İnvestisiya miqdarının böyük olması isə
Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli
ölkəyə çevrilməsi deməkdir.
R.BAYRAMOV,
Azərbaycan.-2010.-17 dekabr.-S.1.