Azərbaycanın müdafiə sənayesinin qüdrəti ildən-ilə artır

 

17 dekabr Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günüdür

 

 Azərbaycanda hərbi sənayenin yaranma tarixi sovet dönəmindən başlasa da, inkişafı tarixi respublikamızın öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı illərə təsadüf edir. Elə bir dövrə ki, artıq Azərbaycana qarşı elan olunmamış müharibə başlamış və torpaqlarımızın bir hissəsi işğal edilmişdir. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan mənfur qonşularımız və onlara havadarlıq edən qüvvələr bu dəfə də respublikamızı parçalamaq, "Böyük Ermənistan" yaratmaq xülyasına düşmüşdülər. Həmin dövrdə Azərbaycanın qeyrətli oğulları doğma torpaqlarımızın müdafiəsinə qalxsalar da, yaranmış könüllü özünümüdafiə dəsətələrinin vahid komandanlıq altında idarə olunmaması torpaqlarımızın 20 faizinin işğal olunmasına, bir milyondan artıq soydaşımızın öz dədə-baba torpaqlarından didərgin düşməsinə və bu yolda yüzlərlə qəhrəman ovladımızın şəhid olmasına gətirib çıxardı.

Belə bir zamanda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmağa başladı və ordumuz vahid komandanlıq altında birləşdirildi.

Ulu öndərin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğısının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq xeyli yaxşılaşdırıldı. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin məhz respublikanın müdafiə sənayesi müəssisələrinə verilməsi ölkə iqtisadiyyatının da inkişafına təkan verdi. Vətənin müdafiəsini təmin edən ordunun hərbi texniki bazasının gücləndirilməsi və bu sahədə xaricdən asılılığın azaldılması məqsədilə 2003-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqamı" təsdiq edildi. Elə həmin tarixdən də respublikada müdafiə sənayesinin inkişafının yeni mərhələsinə qədəm qoyuldu.

Ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı, müdafiə sənayesinə də xüsusi diqqət ayıran Prezident İlham Əliyev 2005-ci ildə Azərbaycan Silahlı Qüvvələrini qısa müddət ərzində yerli istehsal hesabına təmin edəcək gücə qadir olan bir qurumun - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair sərəncam imzaladı. Nazirlik yarandığı zaman onun tabeçiliyinə verilmiş müdafiə sənayesi müəssisələrinin son illərdəki fəaliyyətlərinin təhlili göstərdi ki, ötən əsrin 70-ci illərində istifadəyə verilmiş həmin müəssisələrin əksəriyyəti fəaliyyətlərini dayandırmış, potensial işçi kadrları itirilmiş, maşın və avadanlıq parkı tam yararsız hala düşmüş, bir sözlə, sahə tam tənəzzülə uğramışdır.

Bu vəziyyətdə nazirliyin tabeçiliyindəki istehsal müəssisələrinin yenidən qurularaq istifadəyə verilməsi üçün ilk növbədə Müdafiə Sənayesi Nazirliyi tərəfindən geniş proqramlar, Tədbirlər Planı işlənib hazırlandı və onların icrasına başlanıldı. Bu sırada tabeli müəssisələrdə texnoloji avadanlıq parkının yeniləşdirilməsini və bərpa işlərinin aparılmasını, qanunvericilik bazasının yaradılmasını, maliyyə sabitliyi əldə etmək məqsədilə sağlamlaşdırma tədbirlərinin görülməsini, Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üzrə cari və perspektiv proqnozların hazırlanmasını, sosial sahələrin bərpasını və inkişaf etdirilməsini göstərmək olar.

Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı tarixdən bu günədək tabeliyində olan müəssisələrdə 31 yeni istehsal sahəsi yaradılmışdır. İstifadəyə verilmiş müəssisələrdən dördünün - "Üfüq" İstehsalat Birliyinin "Dalğa" Elmi-İstehsalat Müəssisəsinin və "Şərq" İstehsalat Birliyinin "İqlim" Elmi-İstehsalat Müəssisəsində yeni istehsal sahələrinin, "Aqreqat" İstehsalat Birliyinin Şirvan "Araz" zavodunun və "Telemexanika" zavodunda yeni istehsal sahələrinin açılışı bu ilin əvvəlində olmuşdur. Yeni istehsal sahələrinin açılışında iştirak edən Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı öz fikirlərini bildirmiş və qısa müddət ərzində nazirlik tərəfindən görülmüş işləri yüksək qiymətləndirmişdir.

Artıq demək olar ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan yeni istehsalat sahələri Azərbaycan Respublikası Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün bütün gücü ilə çalışır. Görülmüş işlər nəticəsində 2010-cu ildə müdafiə təyinatlı məmulatların istehsal həcmi 2006-cı illə müqayisədə 115 dəfədən çox artmışdır. 2007-ci illə müqayisədə 2010-cu ilin 11 ayında sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmində 12,8 dəfə artım olmuşdır.

Ötən müddət ərzində hərbi texniki əməkdaşlıq sahəsində görülmüş işlər nəticəsində bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən artıq dövlətinin 60-dan çox şirkət və firmaları ilə sıx əməkdaşlıq edir. 2010-cu ildə nazirlikdə bir sıra rəsmi görüşlər keçirilmiş və nazirliyin rəhbərliyi xarici ölkələrdə işgüzar səfərlərdə olmuş, 4 Beynəlxalq Sərgidə iştirak etmişdir.

Bu il beynəlxalq sərgilərdə nümayiş olunan məmulatların çeşid sayı ötən illə müqayisədə xeyli artmışdır. Belə ki, ilk dəfə olaraq 2009-cu ilin aprel ayında Türkiyədə keçirilən IX Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-2009) 27 adda məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi, bu il qatıldığı "SOFEX-2010" sərgisində 55 adda və "AAD - Afrika Aerospace Defence-2010" sərgisində 67 adda məmulatla təmsil olundu.

Müstəqil Azərbaycanın formalaşan hərbi qüdrətinin nümayiş etdirilməsi məqsədilə beynəlxalq sərgilərdə iştirak edən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatların çeşid sayının hər ötən sərgiyə nisbətən artması çox sevindirici haldır. Məşhur silah istehsalçıları hesab olunan ölkələrin qabaqcıl şirkətlərinin qatıldığı sərgilərdə nümayiş etdirilən Azərbaycan istehsalı olan məmulatar, xüsusilə 14,5 mm-lik "İstiqlal" snayper tüfəngi və bu il ilk dəfə olaraq sərgiyə çıxarılan 12,7 mm-lik "İstiqlal" snayper tüfəngi sərgidə iştirak edən xarici ölkə nümayəndələri tərəfindən xüsusi maraqla qarşılanmışdır. Sərgilər zamanı bir çox ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilmiş və qarşılıqlı əməkdaşlığa dair razılıqlar əldə olunmuşdur. Həmin ölkələrin şirkətləri ilə bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Qısa müddət ərzində respublikanın hərbi potensialının artırılması məqsədilə yaradılan müdafiə sənayesi sahəsində əldə olunan nailiyyətlərə məhz ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqəti nəticəsində nail olunmuşdur.

2010-cu ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatların həcmi ötən illə müqayisədə 4 dəfə artmış, çeşid sayı isə 370-ə çatdırılmışdır. Cari ildə Dövlət Müdafiə Sifarişi Proqramı üzrə 2007-ci ilə nisbətən yerinə yetirilmiş mövzuların sayı 5,3 dəfə, başa çatdırılmış mərhələlərin sayı isə 9,4 dəfə artmışdır. İstehsalı mənimsənilmiş məhsullar sırasında uzaqməsafəli minaatanları, snayper tüfəngini, əl qumbaraatanını, müxtəlif növ tank əleyhinə minaları, optik nişangahları, aviasiya təlim bombalarını, maskalanma torunu, müxtəlif döyüş sursatlarını və bir sıra digər məmulatları göstərmək olar.

"Matador" və "Marauder" tipli zirehli transportyorların birgə istehsalı, NATO standartlarına uyğun "Zəfər", "Zəfər-K" və "İnam" tipli müasir tapançaların istehsalı, hazırda Silahlı Qüvvələrdə istifadə edilən keçmiş SSRİ istehsalı olan müxtəlif tıpli zirehli döyüş maşınlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi işləri uğurla həyata keçirilir. Qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin əldə etdiyi uğurlara respublikanın güc strukturları ilə yaradılmış qarşılıqlı əməkdaşlıq da öz təsirini göstərmişdir.

Hazırda nazirliyin tabeli müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud olan istehsal bazasından istifadə etməklə mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. Məhz bunun nəticəsidir ki, son 4 ildə müəssisələrdə mülki məmulatların istehsal həcmi 2,3 dəfədən çox artmış, çeşid sayı isə 358-ə çatdırılmışdır.

Bu gün nazirliyin müəssisələrində neft-qaz sənayesində işlədilən fontan armaturları, fontan siyirtmələri, terminalda qazın qəbulu, tənzimlənmə və ölçmə qovşaqlarının avtomatlaşdırılmış məlumat-nəzarət sistemləri, neft quyularının dağ-mədən işlərinin perferasiyası üçün müxtəlif ölçülü perferatorlar, traktorlar üçün tırtıllar, 1 və 2 yaruslu çarpayılar, səyyar yemək termosları, smart-kartla işləyən qaz sayğacları, rəqəmli işıqforlar, müxtəlif güclü akkumulyator batareyaları və digər yeni növ mülki məhsullar istehsal edilir.

Artıq nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki təyinatlı məmulatlar da beynəlxalq sərgilərdə nümayiş olunur. Cari ilin noyabr ayında Özbəkistanda keçirilən Azərbaycan Respublikasının ilk Milli Sərgisində Müdafiə Sənayesi Nazirliyi 59 adda mülki məhsul nümayiş etdirmişdir. Sərgi zamanı Özbəkistanın müxtəlif dövlət və özəl qurumları ilə işgüzar danışıqlar və hərtərəfli əməkdaşlığın yaradılması barədə fikir mübadiləsi aparılmışdır.

Müdafiə Sənayesi Nazirliyinin qarşısında duran əsas prioritet məsələlərdən biri də sahənin ixtisaslı kadrlarla təmin edilməsidir. Bu məqsədlə ölkənin ali məktəblərində ixtisaslı mütəxəssislərin hazırlanması üçün imkanlar araşdırılmış və mövcud universitetlərin birində müvafiq fakültənin yaradılması təklifi verilmiş və təklif müsbət qarşılanmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" Yerin kosmosdan tədqiqi sahəsində perspektiv istiqamətləri müəyyənləşdirməklə ölkədə bilavasitə kosmik texnika və texnologiyaların yaradılması və aerokosmik məlumatlardan istifadə etməklə müxtəlif tətbiqi məsələlərin həlli ilə məşğul olan nazirliyin Milli Aerokosmik Agentliyinin texniki tərəqqisi üçün yeni imkanlar yaratmışdır. Dövlət Proqramının həyata keçirilməsi üçün hazırlanmış tədbirlər planında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin istismarı ilə əlaqədar sahənin lazım olan cihaz və avadanlıqlarla, həmçinin ehtiyat hissələri ilə təminatında gələcəkdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin istehsal imkanlarından və MAKA-nın texniki bazasından istifadə etmək nəzərdə tutulmuşdur. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

Nazirliyin tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat İnstitutu tərəfindən ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində elmi-tədqiqat, axtarış işlərinin aparılması, müdafiə təyinatlı məmulatların istehsalının mənimsənilməsi ilə yanaşı, yeni texnologiyaların, hərbi-texniki sahədə olan yeniliklərin əldə edilərək müəssisələrdə tətbiqinə lazımi kömək göstərilir.

Ötən müddət ərzində nazirliyin əməkdaşlarının sosial-məişət problemlərinin həlli istiqamətində də müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, işçilərin maddi rifahının yaxşılaşdırılması məqsədilə son 5 ildə orta aylıq əməkhaqqı 2,6 dəfə artırılmış, istirahətlərinin səmərəli təşkili məqsədilə respublikanın müxtəlif istirahət zonalarına göndərilmiş, ehtiyacı olanlar isə sanatoriya putyovkaları ilə təmin edilmişdir.

Respublikamızın ərazi bütövlüyünün bərpa olunması istiqamətində daim qətiyyətli mövqeyini nümayiş etdirən ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev noyabr ayında regonlara səfəri zamanı ictimaiyyətlə görüşündə bəyanatla çıxış edərək doğma torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günün çox da uzaqda olmadığını vurğuladı və qeyd etdi ki, daim sülh tərəfdarı olan xalqımız əks təqdirdə torpaqlarını hərb yolu ilə azad etməyə qadirdir.

Daim ölkə rəhbərliyinin diqqət və qayğısını hiss edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da öz fəaliyyətində ümummilli lider Heydər Əliyevin ideyalarını rəhbər tutan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun yeni növ silah, hərbi texnika və döyüş sursatları ilə təmin edilməsi üçün bütün qüvvəsini səfərbər edəcəkdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hər il dekabr ayının 17-nin "Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü" kimi qeyd edilməsinə dair imzaladığı 10 noyabr 2009-cu il tarixli sərəncamına əsasən nazirliyin kollektivi artıq ikinci ildir ki, öz peşə bayramını yüksək fəxr və qürur hissi ilə qeyd edir. Ötən il olduğu kimi, bu il də peşə bayramı ərəfəsində nazirliyin bir qrup əməkdaşı respublika Prezidentinin müvafiq sərəmcamları ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb, "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunub.

Sonda bütün müdafiə sənayesi işçilərini respublika Prezidenti cənab İlham Əliyev tərəfindən onlara bəxş olunmuş gün - "Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü" münasibətilə təbrik edir, hər birinə bu məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram.

 

Yavər Camalov,

müdafiə sənayesi naziri

 

Azərbaycan.-2010.-17 dekabr.-S.2.