Vətəndaş mənafeyinə xidmət edən məhkəmə-hüquq islahatları

 

Müstəqil Azərbaycanın son illərdə demokratikləşmə, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində yüksək nailiyyətlər qazanması bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq və ədliyyə islahatlarının respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əlıyevin insan hüquqlarının prioritetliyini ön plana çəkməklə əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 7 ildə onun layiqli varisi - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdırilir.

Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılması da vacib şərtlərdən biridir. Bu ali məqsəd önə çəkilərək son illərdə regionlarda və paytaxtda yeni məhkəmələrin yaradılması, həmçinin, məhkəmələrdə hakimlərin sayının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Dövlət başçısının hələ 2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanında Məhkəmə-Hüquq Şurasına tövsiyələrdən biri məhz məhkəmələrdə hakimlərin sayının artırılması ilə bağlı olmuşdur.

Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində çətinlik yaratdığını nəzərə alan Prezident İlham Əliyev 2006-cı il avqustun 17-də "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərman imzalamışdır. Bu fərman ilə respublika məhkəmələri hakimlərinin sayı 157 ştat vahidi artırılmışdır. Son illər Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə layiqli insanların seçilməsinə xidmət etmişdir. Hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin Seçki Komıtəsınin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi 2007-ci ildə 55 nəfər, 2008-ci ildə 102 nəfər, 2010-cu ildə isə daha 78 nəfər hakimliyə namizəd şəffaf və mütərəqqi üsulla seçılərək hakim vəzıfələrinə təyin olunmuşlar.

Xüsusi vurğulamaq lazımdır ki, Məhkəmə-Hüquq Şurası tərəfindən yüksək məhkəmə hakimlərindən, habelə ədliyyə, prokurorluq, şuranın aparatı, Vəkillər Kollegiyasının nümayəndələrindən və hüquqşünas alimlərdən ibarət tərkibdə yenidən formalaşdırılmış Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə iddialıların tamamilə şəffaf və demokratik əsaslarla seçilməsi, onların biliyinin qiymətləndirilməsi kimi mürəkkəb bir işin öhdəsindən uğurla gəlir.

Yekunlaşmaqda olan 2010-cu ilin mütərəqqi məhkəmə-hüquq islahatları sırasında regionlarda yeni ağır cinayətlər məhkəmələrinin, habelə mövcud iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələrin yaradılmasını xüsusi qeyd etmək lazımdır. Dövlət başçısının 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanun bu baxımdan həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında" fərmanı ilə respublikada bir sıra yeni məhkəmələr təşkil edilmişdir. Belə ki, fərmanda Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin, habelə Lənkəran, Gəncə, Şəki ağır cinayətlər məhkəmələrinin yaradılması məqsədi önə çəkilmişdir. Eyni zamanda, fərmanın 1.5-ci bəndində Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi əsasında Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi yaradılması nəzərdə tutulmuşdur.

Qeyd olunan fərmanla həmçinin 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Gəncə Yerli İqtisad Məhkəməsi əsasında Gəncə İnzibatiqtisadi Məhkəməsinin, Sumqayıt Yerli İqtisad Məhkəməsi əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin, Şəki Yerli İqtisad Məhkəməsi əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsinin, Şirvan Yerli İqtisad Məhkəməsi əsasında Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yaradılması nəzərdə tutulmuşdur. 2011-ci il yanvarın 1-dən iqtisadi-inzibati xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati-iqtisadi məhkəmələrdə baxılacaqdır. Bu isə iqtisadi xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli "Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtısadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası haqqında" fərmanı da mühüm əhəmiyyətə malikdir. Fərmanla Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası təsdiq edilmişdir.

Prezident İlham Əliyevin 2010-cu il 9 avqust tarixli "Məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında" fərmanı da Azərbaycan Respublikasında məhkəmə quruluşunu təkmilləşdirmək məqsədi daşıyır. Fərmanla respublikanın məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərınin ümumi sayı 600 nəfər müəyyən olunmuşdur. Şübhəsiz, hakim korpusunun sayının artırılması respublikamızda ədalət mühakiməsinin demokratikliyinin, şəffaflığının, obyektivliyinin təmini istiqamətində mühüm addımdır.

Məhkəmələrin iş şəraitinin yaxşılaşdırılması, hakimlərin sayının artırılması, o cümlədən sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər yalnız bir məqsədə xidmət edir: cəmiyyətdə məhkəmə hakimiyyətinin müstəqil statusunu möhkəmləndirmək və ictimaiyyətin onlara inamını daha da yüksəltmək! Yeni məhkəmələrin yaradılması, hakimlərin sayının artırılması, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir. Son illər ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı, habelə imzalanmış dövlət proqramları sayəsində regionlarda iqtisadi həyat canlanmış, işgüzar fəallıq artmış, özəl sektor inkişaf etmişdir. Belə olan təqdirdə bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarının təkmilləşdirilməsi də obyektiv sosial tələbatdan irəli gəlir. Məlumdur ki, son illərdə bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, bəzi bölgələrdə regional iqtisad məhkəmələri (inzıbati-iqtisadi məhkəmələr) yaradılmışdır. Regionlarda ağır cinayətlər məhkəmələrinin yaradılmasına da məhz bu kontekstdən yanaşmaq lazımdır. Belə ki, əgər əvvəllər yalnız Bakıda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə fəaliyyət göstərirdisə, son aylarda Lənkəran, Gəncə, Şəki şəhərlərində də belə məhkəmələrin yaradılması vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında həlledici rol oynayacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2010-cu il tarixli "Azərbaycan Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" sərəncamı ilə yeni yaradılmış Bakı, Gəncə, Lənkəran və Şəki ağır cinayətlər məhkəmələrinə, inzibati-iqtisadi məhkəmələrə, o cümlədən bir sıra birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin olunmuşdur. Prezident İlham Əliyevin 2010-cu il 13 dekabr tarixli "Ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və bir sıra digər birinci instansiya məhkəmələrinin sədrlərinin təyin edilməsi haqqında", habelə "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" sərəncamları da bu baxımdan böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır.

Məhkəmə-Hüquq Şurasının təqdimatı əsasında Prezident İlham Əliyev bir çox hakimlərə yüksək etimad göstərmiş, eyni zamanda, bəzi məhkəmə sədrlərini və hakimlərini təkrarən bu vəzıfəyə təyin etmişdir. Sərəncamla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri və hakimləri də vəzifələrinə təyin olunmuşlar. Hakim təyin edilmiş şəxslər dövlət başçısının bu yüksək etımadını doğrultmaq, insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmələrdə etıbarlı şəkildə qorunmasını təmin etmək üçün səylə çalışacaqlar.

Ölkə başçısının fərman və sərəncamlarının, habelə tövsiyələrinin yerinə yetirilməsi, o cümlədən yeni apelyasiya və digər regional məhkəmələrin formalaşdırılması, yeni məhkəmə binalarının inşası, hakimliyə namizədlərin seçimi, tədrisi, hakimlərin sayının artırılması, onların peşə səviyyəsinin yüksəldilməsi, fəaliyyətində ciddi qanun pozuntularına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb olunması üçün ciddi tədbirlərin görülməsi üzrə Məhkəmə-Hüquq Şurasının böyük həcmli, gərgin işi də xüsusi vurğulanmalıdır.

Son illər ardıcıl şəkildə gerçəkləşdirilən məhkəmə islahatları yalnız bir məqsədə - insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına xidmət edir. Bütün bunlar həm də Azərbaycanda həyata keçirilən islahatların əsasında insan və vətəndaş amilinin dayandığını əminliklə söyləməyə ciddi əsaslar verir.

 

Tahirə ƏSƏDOVA,

1 saylı Bakı İnzibati-İqtisadi

Məhkəməsinin hakimi

 

Azərbaycan.-2010.-17 dekabr.-S.3.