Torpaq
Akademik
Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı
mövsümü" əsərini oxuyarkən
Ordular
üzbəsurət durmuşdular. Süvarilərin
altındakı köhlən atlar fınxırıb
dırnaqları ilə yeri eşir,
yəhər-yüyəndən azad olub irəli şığımaq
istəyirdilər.
Bir az da
keçəcəkdi və bir-birini tanımayan, heç vaxt
üz-üzə belə gəlməmiş, sözləri
çəpləşməmiş insanlar cəng meydanında
sel kimi toqquşub bir-birini al-qana qəltan
edəcəkdilər. Neçə ana
oğulsuz, gəlin ərsiz, uşaq atasız qalacaqdı.
Cütçü kotanına, kəndli hənirinə
möhtac torpağın bağrı qılınc və
nizələrlə dəlmə-deşik ediləcək, suya
təşnə sinəsi cadar torpaq qanla suvarılacaqdı.
Nə üstündə?
Tarix boyunca
bir padşahın o birindən istədiyi torpaq olub.
Tarix boyu
ən müdhiş, qanlı müharibələr torpaq
uğrunda baş verib.
Makedoniyalı
İsgəndərin, Əmir Teymurun, İldırım
Bəyazidin, Napoleonun, Hitlerin işğal, istila, zəbt, yaxud
fəth adlandırılmasından asılı olmayaraq
bəşəriyyətə sırıdıqları
bütün müharibələrin kökündə torpaq,
ərazi iddiası durub.
Analar
dünyaya oğullar - dahi alimlər, böyük filosoflar,
cəsur sərkərdələr bəxş ediblər.
Onların hər birini dünyaya gətirmək
üçün doqquz ay kifayət edib. Amma Yer
üzündə elə bir ana göstərin ki, dünyaya
bircə ovuc torpaq gətirmiş olsun.
Torpaq anadan,
baladan, yardan bir boy uca tutulan, bir qədəm irəlidə
gedən bəşəri nemətdir. Hər şeyi tapmaq,
əldə etmək mümkündür... torpaqdan savayı.
Buna
görə də bağrını şumlayıb buğda da
əksən, üstündə xaniman da tiksən,
torpağın hər qarışı əziz və
qiymətlidir.
Böyük
Amerika yazıçısı Mark Tven nə deyirdi? - Torpaq alın. Onu daha istehsal etmirlər.
Ulu
öndər Heydər Əliyevin də torpaqla bağlı
çox ibrətamiz bir kəlamı vardı. Keçirdiyi
müşavirələrin birində ulu öndər deyirdi:
"Dövlətin mənafeyi torpaqdır. Torpaqdan
qiymətli dünyada heç nə yoxdur. Hər
şeyi almaq, düzəltmək, tikmək olar. Amma Azərbaycanda yenidən bir hektar torpaq sahəsi
yaratmaq olmaz".
2010-cu ilin
oktyabrı. Qədim Zəngəzur torpağı, Gorus.
Təbiətin
bu vədəsində payızın xəzan nəfəsi
Şuşadan keçib, Laçından adlayıb,
Qubadlıda Həkəriylə vidalaşaraq dağların
boynuna dolana-dolana baş alıb gedən yolların yaxasına
səpələnmiş meşələri min bir rəngə
boyayır. Yamaclar, kövşənlər artıq
gecələrin sazağına dözə bilməyib
libasını dəyişir. Təbiətin
belə bir vaxtında Ermənistan başçısı
əzəli türk torpağı Zəngəzurda
görüş keçirirdi.
Başı
xitabət kürsüsünün arxasından güclə
sezilən Ermənistan prezidenti Serj Sarkisyan hansı "tale
küləyininsə" qovub ölkəsinə
topladığı diaspor jurnalistlərinə tarix dərsi
keçirdi. Üzü
üzlər görmüş qosqoca tarix erməni
falsifikatorlarının yeni nəslinin həyasız
səfsəfələri qarşısında mat
qalmışdı. Yenə köhnə dalğa, yenə
köhnə bayatılar...
Əcəba,
fövqəladə bir təbiət hadisəsimi baş
vermişdir?
Yer
kürəsinin qabığında ermənilərin
ululuğunu sübut edən maddi nümunələrlə
zəngin mədəni qatmı aşkar edilmişdir?
Ermənilərin
prezidenti hansı tarixi tapıntılardan bəhs edir?
Yanılmırıqsa,
bayırda üçüncü minilliyin hesabı gedir. Bəs
belə isə miladdan öncəki tarixdən gələnmi
var?
Xeyr, görünəni budur
ki, zaman-zaman bütün iddialarının tarixin
təkzibedilməz faktları ilə
yalanlandığını görən ermənilər
nanotexnologiyalar, gen mühəndisliyi səviyyəsində
milli kimliklərinin qədimliyini isbatlamağa
girişiblər.
Sizif əməyi!
Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
diaspor jurnalistləri ilə keçirilmiş həmin
görüşü absurd teatrına bənzədir. Dəqiq
ifadədir. Tək həmin
görüşün formatını, auditoriyasını
deyil, bütövlükdə mahiyyətini, ideya-qayəvi
əhəmiyyətini, politoloji istiqamətini
müəyyənləşdirib dəyərləndirən təyini
söz birləşməsidir.
Absurd teatrı (The theatre of
the absurd) - bu, Qərbi Avropa dramaturgiyası və teatrında
XX əsrin ortalarında peyda olmuş və öz
kökləri ilə dadaizm fəlsəfəsinə gedib
çıxan bir istiqamətdir. Adından da
göründüyü kimi, bu tip səhnə
əsərlərində həyat hər hansı bir
məntiqdən xali olan mənasız fakt, hərəkət,
söz və talelər kontekstindən... təqdim olunur.
Qosqoca Parisin Latın
məhəlləsinə sığınmış kiçik
binalarda yaranan bu avanqardçı teatr nə biləydi ki,
onilliklər sonra Gorus şəhərinə qastrola gələcək
və birpərdəli duzsuz-tamsız tamaşanın rejissoru
və yeganə rolun ifaçısı isə
şəxsən Ermənistanın dövlət
başçısı, Qarabağ müharibəsində
əli azərbaycanlı qanına bulaşmış Serjik
Sarkisyan olacaq.
Qəbul
etsək ki, absurdçu "Sizif haqqında
rəvayət"in müəllifi Kamyu F.Dostoyevski, F.Kafka,
S.Kyerkeqor kimi fikir titanlarından bəhrələnə
bilərdi, bəs onda Sərkisyan
yaradıcılığının ilham pərisi kimdir, yaxud
nədir?
Əsrlər boyu öz
bədbəxtliyini özcə ambisiya və xəstə
təxəyyülü ilə yazmış ermənilərin
tarixşünaslığa pinəçi münasibəti!
* * *
"Gorus-2010: absurd teatr
mövsümü" erməni
tarixşünaslığının illərdən bəri
körüklədiyi miflərə,
qayçılaya-qayçılaya gəldiyi həqiqətlərin
yerində dikəltdiyi yalan sütunlarına, erməni etnosu
və dilinin tarixi ilə bağlı dünya
ictimaiyyətinə sırımaq istədiyi cəfəng
mülahizələrə, eləcə də XX əsrin sonu
üçüncü minilliyin əvvəllərində
dövlət ideologiyası səviyyəsinə
qaldırdığı işğalçı-separatçı
siyasətə karlı bir sillə təsiri
bağışladı. Ölkə Prezidenti
İlham Əliyevin beynəlxalq tribunalarda, diplomatik rautlarda
qətiyyət və prinsipiallıqla müdafiə etdiyi
mövqe Prezident Administrasiyasının rəhbəri Ramiz
Mehdiyev tərəfindən elmi-populyar icmal şəklində
ictimaiyyətə çatdırıldı.
Son illər bir-birindən
məzmunlu və sanballı əsərləri ilə
Azərbaycanda fəlsəfi-siyasi fikrin formalaşmasına
və düzgün məcrada inkişafına böyük
töhfə verən, qədim yunan fəlsəfəsindən
başlayaraq çağdaş ideoloji təlimlərədək
demokratiya və liberalizmin ideya qaynaqlarına
söykənən elmi-fəlsəfi baza üzərində
müasir dövrdə dünyada gedən prosesləri incələyən,
qloballaşmanı ənənəvi kanonlar rakursundan deyil,
planetar təfəkkürün formalaşması və
ictimai-siyasi proseslərin ümumbəşəri ideallarla
üzvi tandemində nəzərdən keçirən,
ölkədəki demokratiya, modernləşmə,
bütövlükdə transformasiya prosesləri barədə
elmi-nəzəri görüşlərini təqdim edən
görkəmli dövlət xadimi və filosof Ramiz Mehdiyev
konseptual ümumiləşdirmə və dərin məntiqi
mühakimələrin, elmi axtarış və
araşdırmaların nəticəsi kimi ərsəyə
gətirdiyi növbəti əsəri ilə yenidən
ölkənin elmi ictimaiyyətini, fikir, düşüncə
adamlarını, populyar auditoriyasını
hərəkətə gətirdi.
Əslində, "Gorus-2010:
Absurd teatrı mövsümü" əsərinin mövzusu
təzə deyil. İllərdir bu barədə
söhbət gedir. Ulu öndər
Heydər Əliyev siyasi hakimiyyətdə olduğu
illərdə bu məsələ onun fəaliyyətinin
məhvərini təşkil edib. Cənab İlham
Əliyev prezidentliyinin ötən yeddi ili
ərzində iştirakçısı olduğu
irili-xırdalı, istər daxili auditoriyaya hesablanmış,
istərsə də beynəlxalq əhəmiyyətli
tədbir və görüşlərin hər birində
erməni məsələsinə, Dağlıq Qarabağ
münaqişəsinin bugünkü və tarixi
köklərinə dönə-dönə toxunub. Lakin akademik
Ramiz Mehdiyevin əsərini müstəsnalaşdıran
məqamlar sırasında təhkiyədəki elmi konyunkturla
paralel çıxış edən publisistik ovqatı, filosof
müdrikliyi və tədqiqatçı səbri ilə
ərsəyə gələn
ümumiləşmələrdəki fundamentallığı,
təhlil-təqdimdəki metodoloji innovativliyi,
orijinallığı, tarixi faktlara yanaşma və şərhlərdəki
sərrastlıq, prinsipiallıq və
inandırıcılığı göstərmək
mümkündür. Əsərin gündəlik
fəaliyyətində mütəmadi olaraq Dağlıq
Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin
ortaya qoyduğu problemlərlə qarşılaşan
idarəçi-praktik tərəfindən qələmə
alınması isə mövzuya akademik
mötəbərliklə yanaşı, bir konkretlik,
əyanilik çaları da gətirir.
Elə yaxın
günlərdə BMT İnkişaf Proqramının
"Millətlərin həqiqi sərvəti: İnsan
inkişafına aparan yollar" adlı 2010-cu il
İnsan İnkişafı Hesabatının təqdimatı
mərasimində çıxışı zamanı Prezident
Administrasiyasının rəhbəri mötəbər
auditoriyaya səslənərək demişdir:
"Dağlıq Qarabağ heç vaxt erməni
torpağı olmayıb. Bu torpaqlar Azərbaycanın tarixi
hissəsidir... Bura Qafqaz albanlarının
yaşadığı ərazi olub... Beynəlxalq
ictimaiyyət, o cümlədən BMT Təhlükəsizlik
Şurası öz üzərinə düşən
missiyanı yerinə yetirməlidir, torpaqlarımızın
işğaldan azad olunması üçün öz
səylərini gücləndirməli və hüququn
gücünə riayət etməlidir".
Akademik Ramiz Mehdiyev
adıgedən əsərdə 70 il əvvəl alman
alimləri və üçüncü Reyxin liderlərinin ari
irqin müstəsnalığı barədə
"qiymətli direktivlər"inin acı
nəticələrinin ermənilər üçün
dərs olmadığını söyləyərək
bugünkü Ermənistan rəhbərliyinin yaxın
tarixdən ibrət dərsi almadığından təəssüfləndiyini
bildirir.
Bəli,
ermənilər sürəkli olaraq müəlliminin həyat
olduğu tarix dərslərindən qaçan şagirdi
xatırladırlar. Əngin səmalarda süzmək
sürünənlərin əbədi arzusu olduğu kimi,
düz-əməlli kökü-kökəni olmayan
ermənilər də həmişə özlərinə
qədim tarix "qayırmaqla" məşğul olublar.
Bəli,
"Ermənistan tarixin saxtalaşdırılması
məsələləri üzrə dəyişməz
dünya çempionu"dur. (Və çətin
ki, Yer üzündə bu birincilik çələngini ondan
almağa qadir ikinci bir millət tapılsın - X.N.). Akademik Ramiz Mehdiyevin bu sərrast ifadəsi dodaqlarda
ironiyalı təbəssüm yaratmaqla qalmayıb, bir
millətin tarix boyunca qurtula bilmədiyi bəlli fobiya və
imicin bir daha aksiom olduğunu dünyaya car çəkir.
Əgər dünya erməni dilinin səkkiz min il yaşı olduğu səfsəfəsini
qəbul etsə (hər halda dünyamız Markesin "Yüz
ilin tənhalığı"ndakı yaddaşsızlıq
mərəzinə düçar olmuş Makondo
şəhəri də deyil - X.N.), apriori erməni saxtakarlığı
və falsifikatorluğunun da eyni yaşda olduğu arqumenti
ilə barışmalıdır.
Müəllif S.Sarkisyanın
çıxışının Gorus məzhəkəsinin
izləyicilərindən daha çox ətraf aləmə
ünvanlanmış mesaj olduğunu vurğulayaraq əsas
məqsədin növbəti absurd, irreal bir "elmi
qənaətin" dünya ictimaiyyətinə
sırınmasında diaspor jurnalistlərindən
təbliğatçı və təşviqatçı
qismində istifadə etmək olduğunu göstərir. Beynəlxalq
təşkilatların Dağlıq Qarabağın ərazi
mənsubiyyəti ilə bağlı birmənalı
mövqeyinə, millətlərin öz müqəddəratını
təyin etməsi prinsipinin özbaşına
interpretasiyasının yolverilməzliyinə diqqəti
yönəldən akademik Ramiz Mehdiyev erməni prezidentinin
diaspordan olan qonaqlarına səylərini "...ikinci
erməni dövlətinin, Dağlıq Qarabağ
respublikasının təşəkkülünə,
möhkəmlənməsinə, inkişafına və
beynəlxalq aləmdə tanınmasına"
yönəltməyi məsləhət görməsi ilə
Ermənistanı növbəti dəfə "dalana
təpdiyini", "həmvətənlərini saxta
ümidlərlə yaşatdığını" bildirir,
məsələ ilə bağlı Azərbaycanın qəti
mövqeyini ortaya qoyur: "... Dağlıq Qarabağı
Ermənistana birləşdirmək mümkün
olmamışdır və heç vaxt mümkün
olmayacaqdır - nə 20 il bundan əvvəl, nə bu gün,
nə də 100 ildən sonra".
Heydər Əliyev Fondunun
fəaliyyətə başlamasının 5 illiyinə həsr
olunmuş tədbirdəki çıxışında
Prezident İlham Əliyev eyni mövqeni
səsləndirmişdir: "Beynəlxalq
təşkilatların qərarları, Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsi bizə
belə imkan verir ki, torpağımızı hərbi yolla
işğalçılardan azad edək. Biz
başqa ölkələrin ərazi
bütövlüyünə müdaxilə etmək
istəmirik. Hamı yaxşı bilir ki,
indiki Ermənistan əzəli Azərbaycan torpaqlarında
yaradılıbdır.
1918-ci ildə
İrəvan Ermənistana bağışlandı. O tarixdən 100 il keçməmiş bizə qarşı yeni
iddia qaldırılır. Azərbaycan
torpaqlarında bir erməni dövləti yaradıldı.
İndi ikinci erməni dövlətini yaratmaq
istəyirlər. Bu, heç bir məntiqə
sığmır, Azərbaycan xalqı, Azərbaycan
dövləti heç vaxt buna razı ola
bilməz. Heç vaxt Dağlıq Qarabağ
müstəqil olmayacaqdır. Bunu biz də
deyirik və bunu beynəlxalq birlik də deyir. Bizim
razılığımız olmadan Dağlıq Qarabağ
heç vaxt müstəqil ola bilməz. Biz isə buna heç vaxt razılıq
verməyəcəyik".
Erməni
separatçıları vaxtaşırı beynəlxalq
hüququn vacib elementi olan "millətlərin öz
müqəddəratını təyin etmək" hüququ
ilə manipulyasiya etməyə çalışırlar. Həmin prinsipi beynəlxalq
hüququn vazkeçilməz imperativi kimi
dəyərləndirən akademik Ramiz Mehdiyev yazır:
"Azərbaycanın dəstəklədiyi millətlərin
öz müqəddəratını təyin etmək
hüququ hərc-mərcliyi və sərhədləri
ağlına gələn kimi dəyişmək hüququnu
nəzərdə tutmur... Hazırda Dağlıq
Qarabağın erməni əhalisinin aid olduğu milli
azlıqların təyini-müqəddəratının
yalnız beynəlxalq hüquq
çərçivəsində mümkün olması ilə
Ermənistan barışmalı olacaqdır".
* * *
Tarix
kitablarımıza fikir vermisinizmi heç? Çəpərinin
yağısı, başının qeylü-qalı heç
vaxt əskik olmayıb Azərbaycanın. Üzü
Şimaldan Cənuba, Qərbdən Şərqə və
geriyə cahangirlik xülyası ilə at belinə qalxıb
yola süvar olan neçə sərkərdənin
nəfsinə şikar olub Azərbaycan. Amma
bu xalq, bu millət yüzminlik orduların qarşısında
duruş gətirməyi bacarıb. Bizi atdöşü
eləyib Asiyanın qum, yaxud Sibirin qar
səhralarına sürdürə bilməyiblər. Mərdimiz, mərdanəmiz, müdrikimiz,
cəngavərimiz çox olub deyə.
Bütün
çətinliklərə, məhrumiyyətlərə
rəğmən Azərbaycan etnosu
özgünlüyünü itirməyib, əksinə,
mətinləşərək inkişaf edib,
dövrünün şifahi və yazılı tarixinin
çoxsaylı faktlarına söykənən
mədəniyyət olmağı bacarıb. "Kitabi-Dədə-Qorqud",
"Oğuznamə", "Koroğlu" kimi epik-monumental
yaradıcılıq nümunələri əsrlər
öncə Azərbaycana gəlib kök salmış oğuz
mədəniyyəti ilə uğurlu sintezin
Azərbaycan bəşər
sivilizasiyasına Nizami, Xaqani, Nəsimi, Füzuli,
Bəhmənyar, Nəsirəddin Tusi, Şah İsmayıl
Xətai, M.F.Axundov, M.Ə.Sabir, Mirzə Cəlil, N.Nərimanov
kimi söz, fikir, ziya dühaları bəxş etmişdir. Böyük
Səttar Bəhlulzadənin, Tahir Salahovun, Toğrul
Nərimanbəyovun rənglər fəlsəfəsi,
ölməz Üzeyirin, Qara Qarayev, Fikrət Əmirov, Niyazi
və Arif Məlikovun musiqi şedevrləri hələ uzun
müddət bu sənət incilərinə müraciət
edənləri ehtizaza gətirməkdə və
heyrətləndirməkdə davam edəcəkdir.
Azərbaycan bu
gün tolerantlığı, etnik və dini polifoniyanı
özünün bəşəri dəyərlər sistemi
kimi təqdim edə bilməsi ilə güclü və
fərqlidir. Müxtəlif millətlər, dillər və
dinlər bu ölkənin özgün koloritinə
çevrilmiş, əqidə və milli
mənsubiyyətindən asılı olmayaraq hər bir
şəxs Azərbaycan vətəndaşı kimi
Vətəninin milli-dövlət maraqlarının
təbliğatçısı və əsgəri olmuşdur.
Amma nə
zillətdirsə, tarix boyu əl-ayağımızı
dalayanlar, böyür-başımızda yalmananlar,
girəvə tapan kimi gizlətdikləri namərd
xəncərini köksümüzə saplamaq
istəyənlər sarıdan da Tanrı bizi "binəsib
eləməyib". Və bugünün
gerçəkliyindən üzü aşağı - tarixi
taleyimizin keçdiyi o qarğaşalı yollara nəzər
salarkən indimizə, əlimizdəkilərə, hələ
tərk etmədiklərimizə baxıb şükür
eləyirik. Bu qədər nəfsin, iddianın,
məkrin, riyanın dövrəsində baş salamat
saxlamağın və üçüncü minilliyin
əvvəlində böyük bir coğrafiyanın -
Cənubi Qafqazın aparıcı, öncül
ölkəsinə çevrilməyin özü balaca iş
deyil, axı.
Son illər
Azərbaycanın iqtisadi yöndən daha da
qüdrətlənməsi Dağlıq Qarabağ probleminin
həlli ilə bağlı danışıqlarda rəsmi
Bakının diplomatik mövqelərinin güclənməsi
ilə müşayiət olunur. Respublikamızın
hərtərəfli inkişafı, hərbi büdcəsinin
ildən-ilə artması fonunda danışıqlar prosesi
keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Akademik Ramiz Mehdiyev
təcavüzkar mövqeyindən çəkilməyən
rəsmi Ermənistanın anlaşma üçün yaranan
hər bir obyektiv imkanı əldən qaçırmaqla real
sülhü uduzduğunu, münaqişənin həlli
yolları və şərtləri masaya
yatırıldığı zaman Azərbaycanın
hərtərəfli inkişaf faktorunun hamının
hesablaşmaq zorunda qalacağı güclü arqumentə
çevrildiyini qabardır: "Bu gün Ermənistan
tamamilə özünü təcrid etmişdir, nəqliyyat
yolları və boru kəmərləri ondan yan keçir, onun
dənizə çıxışı yoxdur,
sərhədlərinin çox hissəsi bağlıdır...
hər il 23 mindən 27 minə qədər adam
Ermənistanı tərk edir... Ağır demoqrafik
vəziyyətdə olan bu ölkə özü tezliklə
əhalisiz qalacaqdır... Ermənilərin
öz ölkəsini asanlıqla tərk etməsinin və başqa
ölkələrə köçüb getməsinin
səbəbini izah etmək çətin deyil - onlarda bu
torpağa bağlılıq hissi yoxdur. Çünki
instinktiv səviyyədə gəlmə olduqlarını hiss
edirlər".
Müharibəni
tək müasir və güclü silahla deyil, qüdrətli
iqtisadiyyatla aparırlar. İşğalçı ambisiyalar
ura-patriotizmə, militarist bəlağət və tövrə
deyil, dayanıqlı, zəngin iqtisadi potensiala
söykənməlidir. Görünəni
budur ki, Ermənistan belə bir iqtisadiyyatdan məhrumdur.
Azərbaycanın inkişafı fonunda ötən il bu olkənin iqtisadiyyatı 17 faiz tənəzzül
edib. Ölkənin iqtisadi "vücudu" az
qala 100 faiz əcnəbi sərmayəsi hesabına
nəfəs alır.
Bu gün
yerləşdiyi regionda faktiki şəkildə
təklənmiş Ermənistana ən böyük pul
kütləsi Rusiyadan daxil olur. Bu ölkə
Ermənistanın dünyaya yeganə pəncərəsidir
və vaxtilə Yeltsinin söylədiyi forpostdan vassala
çevrilib. Əhalinin haradasa
üçdəiki hissəsinin dolanışığı
Rusiyanın "maliyyə inyeksiyasından"
asılıdır. Qarabağdakı
işğalçı qüvvələrin qarnını
doyurmaq xərcləri də Rusiyadakı iş
adamlarının üzərinə düşür. "Ayastan"
fondunun xaricdə yaşayan ermənilərdən pul
dilənmək məqsədilə hər il
keçirdiyi telemarafonlar artıq əvvəlki rekordları
"qıra bilmir". Pul qazanmağı bacaran
ermənilər verdikləri ianələrin qondarma
respublikadakı korrupsioner rejimin caynağına keçdiyindən
xəbərdardırlar.
Ermənilərin
tarixən gəlmə olduqlarını, həyasız
qaraçılar tək külli-ərzi gəzəndən
sonra gözləri tutan yerdə üzlü qonaq kimi
köç salıb oturduqları bu millətin tarixi ilə
az-çox maraqlananların hamısına əyandır. Azərbaycan Prezidenti
İlham Əliyev oktyabrın 14-də Yevlax şəhər 1
nömrəli orta məktəbinin
açılışındakı
çıxışında bu məsələyə bir daha
toxunmuşdur: "Mən dəfələrlə
söyləmişdim ki, bugünkü Ermənistan -
xəritədə Ermənistan Respublikası
adlandırılan ərazi, əzəli Azərbaycan
torpağıdır. Bu, həqiqətdir.
Əlbəttə, Zəngəzur, İrəvan
xanlığı bizim torpaqlardır! Orada
azərbaycanlılar əsrlər boyu
yaşamışlar".
* * *
Absurd
teatrın səhnələşdirildiyi məkan - Gorusun
özü də itirdiyimiz qədim yurdlarımızdan olan
Zəngəzurda yerləşir.
XVIII
əsrdə Zəngəzur mahalının ərazisinin
böyük hissəsi Qarabağ xanlığının, bir
hissəsi isə Naxçıvan və İrəvan
xanlığının tərkibində olub. Ötən
əsrin əvvəllərində bu mahalda 149
azərbaycanlı (türk), 91 kürd və 81 erməni
kəndi var idi.
1918-1920-ci
illərdə Zəngəzur Azərbaycan Xalq
Cümhuriyyətinin ərazisi olub. Elə həmin
dövrdə Ermənistan (daşnak) Respublikası
Zəngəzurla bağlı torpaq iddiaları irəli
sürür, bölgədə münaqişə, milli nifaq,
silahlı toqquşma ocaqları yaradırdı. 1905-1907 və 1914-1920-ci illərdə erməni
daşnaklarının törətdiyi qırğınlar
nəticəsində bu mahalda təxminən yarım milyon
azərbaycanlı həlak olmuşdur. Həmin
illərdə Zəngəzurda 115 kənd yer üzündən
silinmiş, 4472 qadın və uşaq ermənilər
tərəfindən vəhşiliklə qətlə
yetirilmişdir.
Azərbaycan
Müvəqqəti İnqilab Komitəsi 1920-ci il
30 aprel tarixli notası ilə Ermənistandan öz
qoşunlarını Zəngəzur və Qarabağdan
çıxarmasını tələb etmişdi.
Bu arada
bolşevik Rusiyası Azərbaycanın ardınca
Ermənistanın da sovetləşməsi üçün
erməni əhalisini müxtəlif şirnikləndirici
addımlarla ələ almaq istəyirdi. Bu
şirnikləndirici addımlar isə Azərbaycan
ərazisinin bir hissəsinin Ermənistana verilməsi ilə
bağlı idi. Bu məsələdə
Qafqazın faktiki canişini Serqo Orconikidze, Rusiyanın xarici
işlər naziri Çiçerin də ermənilərin
tərəfində idilər.
1920-ci il avqustun 10-da Rusiya
K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik
rəhbərliyinin razılığı olmadan
Naxçıvanın Şərur-Dərələyəz
bölgəsini Ermənistana vermək barədə qərar
çıxardı, Qarabağ və Zəngəzur isə
Azərbaycanla Ermənistan arasında "mübahisəli
ərazilər" elan olundu.
Azərbaycan
Müvəqqəti İnqilab Komitəsinin sədri
Nərimanov belə bir yanlış, təhlükəli və
ədalətsiz qərara qarşı çıxaraq Leninə
ünvanladığı məktubda yazırdı ki,
mərkəzin çıxardığı qərarlar
Azərbaycan əhalisi arasında Rusiyaya və sovet
hökumətinə inamı sarsıda bilər:
"Zəngəzur və
Qarabağın neytrallaşdırılması, yaxud
daşnaklara verilməsi... (Azərbaycan müsəlman
əhalisi tərəfindən) xəyanət
sayılacaqdır... Müsəlman kütlələr sovet
hakimiyyətinin Azərbaycanın ərazi
bütövlüyünü qorumamasını
satqınlıq, ermənipərəstlik, yaxud sovet
hakimiyyətinin zəifliyi hesab edəcəklər..."
Lakin bu
etirazların faktiki nəticəsi olmadı. Çünki
Azərbaycanın sovet rəhbərliyində ermənilər
güclü qüvvə və dayağa malik idilər. AK(b)P MK Siyasi və Təşkilat
bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında
"Zəngəzurun müsəlman hissəsinin inzibati
cəhətdən təşkili" haqqında qərar
çıxarıldı. Qərara əsasən,
Zəngəzur qəzasının 6.742 kvadratverstlik
ərazisindən 3.105 kv.versti Azərbaycan SSR tərkibində
qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi.
Zəngəzurun
Ermənistana verilmiş hissəsində Qafan, Gorus,
Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı
və nəticə etibarilə Naxçıvan digər
Azərbaycan torpaqlarından ayrı salındı. Azərbaycanın
ixtiyarında qalan hissədə isə Zəngilan, Qubadlı
və Laçın rayonları təşkil olundu.
Zəngəzur
mahalının qədim tarixi abidələri bu ərazinin
əzəli türk torpaqları olduğunu bir daha təsdiq
edir. Müxtəlif mədəni qatlara məxsus həmin
maddi mədəniyyət nümunələrinin
əksəriyyəti ermənilər tərəfindən
vəhşicəsinə məhv edilmiş, yaxud
mənşəyi dəyişdirilmişdir. Tədqiqatçıların fikrincə, talan
edilmiş Zəngəzur abidələri Urud (ermənilər
bu kəndin adını dəyişərək Oront
adlandırıblar) qəbiristanlığında 1961-ci
ildə aşkar edilən XV-XVI əsrlərə aid sənduqə
formalı və qoç heykəlli məzar daşları
üzərindəki kitabələr və qədim türk
tayfalarına məxsus onqonların (tanrıların)
təsvirləri alban tayfalarının islamı qəbul
etməsini və ondan çox-çox əvvəl
türkləşməsini, azərbaycanlaşmasını
sübut edir. Alimlər sübut edir ki, həmin tarixi
abidələr əvvəllər mövcud olmuş
"Qafqazın xilafətin istilasından sonra alban
tayfalarının erməniləşməsi və
gürcüləşməsi konsepsiyasını"
alt-üst etməklə azərbaycanlıların Qafqazda
yerli-köklü xalq olduğunu ortaya qoyur və indiyə kimi
ermənilərin "Azərbaycanlılar Qafqaza gəlmə
xalqdır" fikrinin əsassız olduğunu
təsdiqləyir. Erməni "alimləri" "xəttat
savadsız olub, kitabəni səhv yazıb", - deyə
avlade-avğvan (alban övladları) sözünə
hərflər əlavə edərək "avlağum
vağudlu" kimi oxuyub, Zəngəzurda heç vaxt
azərbaycanlıların yaşamadıqlarını
"sübut" etməyə çalışsalar da,
istədiklərinə nail ola bilməyiblər.
* * *
Ötən
əsrin 20-ci illərinə qayıdaraq deyək ki,
Naxçıvanın Türkiyə silahlı
qüvvələrinin nəzarətində olması onun siyasi
anneksiyasının qarşısını aldı. Türkiyənin
qəti mövqeyi, eləcə də Nərimanovun
Naxçıvanla bağlı öz prinsipial mövqeyini
mərkəzə (Leninə) bildirməsi Azərbaycanın bu
tarixi torpağının Ermənistana ilhaq edilməsinin
qarşısını aldı. 1921-ci il
oktyabrın 13-də imzalanan Qars müqaviləsi ilə
Naxçıvanın Azərbaycan ərazisi kimi təsbit
olunması Ermənistanın çoxdan bəri
Naxçıvana yiyələnmək cəhdlərini iflasa
uğratdı.
Ermənistanın iddia etdiyi
Qarabağla bağlı isə 1921-ci il iyulun 4-də RK(b)P MK
Qafqaz Bürosunun Stalinin iştirakı ilə
keçirilən iclasında "Qarabağ məsələsi"
müzakirə edilərək Dağlıq Qarabağın
Ermənistan SSR-in tərkibinə daxil edilməsi barədə
qərar çıxarılsa da, Nərimanov buna qəti etiraz
etdi. Qərarla razılaşmayan Azərbaycan
kommunistləri ilə ermənipərəst qüvvələr
(Kirov, Orconikidze, Myasnikov, Fiqatner) arasında ciddi ixtilaf
yarandı. Məsələnin belə bir prinsipial
şəkil aldığı və əlavə müzakirə
üçün heç bir şans, qeyd-şərt
buraxılmadığına görə bir gün sonra
Qarabağ məsələsinə N.Nərimanovun qəti
tələbi ilə yenidən baxaraq Dağlıq
Qarabağın Azərbaycan SSR hüdudlarında
saxlanılması və inzibati mərkəzi Şuşa
şəhəri olmaqla geniş muxtariyyət verilməsi
qərara alındı.
* * *
Tarix ən
ədalətli münsifdir. XIX əsrin
əvvəllərində müasir Ermənistanın
ərazisində 2000-dən artıq azərbaycanlı kəndi
vardı. Bu gün həmin yerlərdə
nə bir azərbaycanlı qalıb, nə də bir
Azərbaycan adı. Total falsifikasiya tarixlə yanaşı,
onun yaddaş sübutlarından olan toponimikanı da ehtiva edib.
Ən yaxın tariximizə aid
məxəzləri vərəqləmək kifayətdir ki,
Ermənistandakı məskən və ərazi
adlarının sonradan dəyişdirildiyinin şahidi olasan.
Bu gün
dünya yeni bəşəri dəyərlərdən,
çoxtərəfli inteqrasiya proseslərindən,
qloballaşmadan bəhs edir. Çoxmillətlilik
hər bir dövlətin, ölkənin özgün
koloritinə, beynəlxalq ictimaiyyətin çox böyük
önəm verdiyi tolerantlıq əmsalına çevrilib.
Ermənistanın əhatəsindəki
ölkələrə nəzər salaq - Azərbaycan, Gürcüstan,
Türkiyə, İran. Dilindən,
dinindən asılı olamayaraq bu ölkələri
səciyyələndirən məqamlar arasında etnik
polifoniya amili vurğulanmalıdır.
Ermənistanın
2001-ci ilin məlumatlarına istinad edən etnik-demoqrafik
coğrafiyası əlvandır. Yezidlərin, rusların, malakan,
assuriyalı, yunan, yəhudi, kürd, polyak, alman və
başqa millətlərin nümayəndələrinin də
daxil olduğu siyahı 60 min nəfərdən yuxarı
qalxmır.
Maraqlı olan
nədir?
Əgər 1979-cu il siyahıyaalmasına
əsasən, Ermənistanda 160 min azərbaycanlı (-?) və
70 min rus yaşayırdısa, 2001-ci ilin məlumatlarında
azərbayanlıların adı çəkilmir, rusların
sayının isə 14 min nəfər olduğu
göstərilir. Əvəzində katolikos seçkiləri
ərəfəsində Ermənistan ali ruhani şurası
Rusiyada 2,5 milyon nəfər erməninin
yaşadığını təsdiq etmişdir. Görəsən, bu rəqəm Ermənistanı
cənubda öz forpostu sayan Kremlə nələri isə
pıçıldayırmı?
Bəs tarix
nə deyir?
Çar Rusiyası və kommunist rejiminin bütün
mənbələri ötən dövr ərzndə
Ermənistanın etnik mənzərəsinin necə
dəyişdiyinin xronologiyasını göstərir:
1850-ci il - 76%
azərbaycanlı, 24% erməni; 1910-cu il - 64%
azərbaycanlı, 33% erməni; 1948-ci il - 52%
azərbaycanlı, 48% erməni; 1990-cı il - 98% erməni, 2%
digər millətlər.
Özünü
dünyanın məzlum xalqı kimi qələmə verib
gündə bir ölkənin "yaxasına
hönkürən", etnik və coğrafi
təcavüzü milli ideologiya, dövlət siyasəti
səviyyəsinə qaldıran rəsmi İrəvanın
"beynəlmiləlçi obrazının" bariz
təcəssümü deyilmi bu rəqəmlər?!
Mənbələr
göstərir ki, "Türkmənçay"
müqaviləsindən sonra Rusiya imperatoru I Nikolay 21 mart 1828-ci
il tarixli fərmanı ilə İrəvan
və Naxçıvan xanlıqları ərazisində
"Erməni vilayətinin" yaradıldığını
elan etdi. 7331 azərbaycanlı və 2369
erməni ailəsinin məskunlaşdığı
İrəvan şəhəri də vilayətin
tərkibinə daxil edildi.
Həmin fərmandan sonra adıgedən
müqavilənin XV bəndinə istinad edən ali
hakimiyyət İrandan İrəvana, Qarabağa və
Naxçıvana ermənilərin
köçürülməsini həyata keçirməyə
başladı. Məqsəd azərbaycanlıları
məskunlaşdıqları ərazilərdən
çıxarmaq idi. Tarixi mənbələrə
istinadən 1829-1830-cu illərdə Qafqaza İrandan 40000,
Türkiyədən 84600 erməni
köçürülmüş və onlar əsasən
Naxçıvan, Qarabağ və İrəvanda
yerləşdirilmişdir. Bununla yanaşı, uzunsürən
müharibə illərində azərbaycanlıların
yaşadıqları yüzlərlə yaşayış
məntəqəsi viran qoyulmuş, minlərlə insan
öldürülmüş, insanlar döğma
yurdlarını tərk etməli olmuşdular. Yəni,
bütün bu faktlar zaman-zaman uydurduqları yalanlara tarixin
dərinliklərində istinad divarı axtaran
ermənilərin bu gün yaşadıqları coğrafi
arealda gəlmə olduqlarını sübut edir.
* * *
Kim deyir ki,
torpaq canlı deyil?! Onun da hissiyyatı, duyğuları,
arzuları, ürəyi, təfəkkürü var. Hər bir
qadının ən böyük arzusu dünyaya uşaq
gətirmək, ana çağırılmaq olduğu kimi,
torpaq da dünyaya nemət gətirmək istəyir.
Azərbaycan
özünü tanıdığı gündən bəri
dağına, daşına, suyuna, qənirsiz
gözəlliyinə, qiymətli nemət və
sərvətlərinə görə həmişə
yadellilərin tamahını qıcıqlandıran
coğrafiya olub. Kimlərin ağzı daşa
dəyməyib sərhədlərimizdə?! Zaman-zaman qoynumuzda bəslədiyimiz əfi ilanlar
baş qaldıraraq millətimizin
üzüyumşaqlığından və bir də bəzi
rəhbərlərin maymaqlığından istifadə
edərək torpaqlarımızı yağmalayıblar. Babalarımızın
sözüdür: hər şeydən pay olar, tək torpaqdan
savayı.
...Və akademik Ramiz Mehdiyevin
"Gorus-2010: absurd teatrı mövsümü"
əsərini oxuduqca bir daha əmin oluruq ki, biz tarixi
torpaqlarımızın davasını
apardığımız üçün həqiqət bizim
tərəfimizdədir. Haqlı olduğumuza
görə ədalətli, ədalətli olduğumuz
üçünsə güclüyük. Əmin
oluruq ki, ermənilik milli mənsubiyyət deyil, daha çox
əlamətdir, fərdin mənəvi-əxlaqi
vəziyyətidir. Bu etnosun sosial-psixoloji
portretinin immanent məziyyətləri sırasında daha
çox müdriklik əvəzinə
çılğınlıq, sağlam təfəkkür
əvəzinə xəstə təxəyyül, qürur
əvəzinə təkəbbür, iddia əvəzinə
ambisiyanın qatı rəngləri üstünlük
təşkil edir. Təsadüfi deyil ki,
məhz belə bir dayanıqsız sosial insan tipi
əsrlərdən bəridir ki, dünyaya özünün
sarsaq ideyalarını sırımağa
çalışır.
Dünya həminki deyil!
Dünya xali deyil!
Xalid
NİYAZOV,
Azərbaycan.-2010.-17 dekabr.-S.4.