Paytaxtın yol infrastrukturu
təzələnir
Başa vurmaqda olduğumuz
2010-cu ildə də Bakıda nəqliyyatın
hərəkətində tıxacların
aradan qaldırılması
və piyadaların təhlükəsizliyini təmin
etmək məqsədilə
müasir tələblərə
cavab verən yeni yollar, yol
qovşaqları, yeraltı
keçidlər, körpülər
istifadəyə verilib, bəzi
küçə və
prospektlər genişləndirilib,
bəziləri tamamilə
yenidən qurulub. Ölkə başçısının
sərəncamı ilə
"Bakı şəhərində
nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə
2008-2013-cü illər üçün
əlavə Tədbirlər
Planı"na əsasən şəhərin
əsas magistrallarından
olan Heydər Əliyev prospekti ilə Ziya Bünyadov
prospektinin ("Əzizbəyov"
metrostansiyası dairəsi)
və Ziya Bünyadov prospekti ilə "Azadlıq"
prospektinin kəsişmələrindəki
yol qovşaqlarının
tikintisi yüksək səviyyədə başa
çatdırılaraq istifadəyə
verilib. Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh avtomobil yolu yenidən qurulub. Bilgəh - Sumqayıt yeni avtomobil yolunun inşası başa çatdırılıb.
Bakının qədim məhəllələrindən
olan Beşmərtəbə
ərazisində - Füzuli
meydanında əsaslı
yenidənqurmadan sonra,
cari ilin may ayında istifadəyə verilən
yeraltı piyada keçidi indi əraziyə estetik görkəm verir, insanlarda xoş əhval yaradır. Ümumi uzunluğu 175, eni 6, hündürlüyü 2,2 metrə çatan keçidin dörd çıxışı
var. Pilləkənlərdə
əlil arabaları üçün panduslar quraşdırılıb. Qranit
və mərmər plitələrlə üzlənmiş
döşəmə göz
oxşayır. Keçiddə
havalandırma, yanğınsöndürmə,
müasir işıqlandırma
sistemi, müşahidə
kameraları, mobil telefon rabitəsi üçün xüsusi
cihazlar quraşdırılmışdır.
Burada kitab və məktəbli ləvazimatları satılan
köşklər də
fəaliyyət göstərir.
Ölkə başçısının
sərəncamına əsasən
əsaslı təmir
və yenidənqurmadan
sonra paytaxtın Hüseyn Cavid prospektində, Azərbaycan
Texniki Universitetinin binası qarşısında
istifadəyə verilən
yeraltı piyada keçid Füzuli meydanındakından geri qalmır. Bu keçidin divarları, döşəməsi, işıq
sistemi tamamilə yenidən qurulub. Dörd giriş-çıxışı
olan keçiddə əlillər üçün
ayrıca yol düzəldilib, müşahidə
kameraları quraşdırılıb.
Binəqədi rayonunun ərazisində,
metronun "Azadlıq
prospekti" stansiyası
yaxınlığında inşa
edilmiş və açılışında ölkə
Prezidentinin iştirak etdiyi yerüstü piyada keçiddə insanların, nəqliyyatın
təhlükəsiz hərəkətinə
rahatlıq gətirib.
Ümumi uzunluğu 63
metr, yolun hərəkət hissəsindən
hündürlüyü beş
metrdən çox olan keçid üç aşırımdan
ibarətdir. Müasir
standartlar səviyyəsində
qurulmuş bu keçiddə də fotosellə işləyən
dörd müasir eskalator quraşdırılıb.
Eskalator piyada yaxınlaşanda işə
düşür. Bu isə təhlükəsiz
hərəkətlə yanaşı,
elektrik enerjisinə qənaət etməyə
imkan verir. Xüsusi qurğu vasitəsilə işıqlandırma
sistemi axşam saatlarında avtomatik olaraq işə düşür...
İyul ayının əvvəllərində paytaxtın
Heydər Əliyev və Ziya Bünyadov
prospektlərinin kəsişməsindəki
müxtəlif səviyyəli
Böyükşor yol
qovşağının ikinci
kompleksinin istifadəyə
verilməsi də yaddaqalan olmuşdur. Kompleks Heydər Əliyev, Ziya Bünyadov və Qara Qarayev prospektlərini
hava limanı və Bakıxanov qəsəbəsi istiqamətində
yollarla birləşdirən,
ümumi uzunluğu
1194 metrə çatan
beş xüsusi yolötürücüdən və
digər yollardan ibarətdir. Kompleksdəki
yolötürücülərin hündürlüyü 6,5, eni
27,5 metrdir. Aşırımının
uzunluğu 56 metr olan bu yolötürücünün
tağları metaldandır.
Hazırda bu yol qovşağının
üçüncü kompleksinin
inşası davam etdirilir. 665 metr uzunluğunda yolötürücü
və onun yanaşmalarından ibarət
olacaq üçüncü
kompleks hava limanı avtomobil yolunu Qara Qarayev
prospekti ilə birləşdirəcəkdir. Regionda
ilk dəfə inşa olunan vant konstruksiyalı ikiaşırımlı bu
yolötürücünün uzunluğu 360 metr olacaq. Yolötürücü
hava limanı istiqamətindən gələn
nəqliyyat vasitələrinin
8-ci kilometr, Əhmədli,
Günəşli yaşayış
massivi və Zığ dairəsi - hava limanı magistral avtomobil yoluna birbaşa hərəkətini təmin
edəcəkdir. Noyabrın
30-da körpünün "Azadlıq" və Ziya Bünyadov prospektlərinin kəsişməsində
yerləşən yol
qovşağının üçüncü
mərhələsi istifadəyə
verilib. Yol qovşağının kommunikasiya
xətlərinin olduğu
ərazidən keçməsi
ilə əlaqədar
işlər davam etdirilir. Kompleks tam halda gələn
ilin may ayında istifadəyə veriləcəkdir.
Böyükşor yol qovşağı
respublikamızda yol-nəqliyyat
sisteminin ən müasir standartlar səviyyəsində yenidən
qurulmasının əyani
nümunələrindəndir. Ümumi uzunluğu 3245 metr təşkil edəcək 9 körpü,
körpü girişləri
və qovşağın
tərkib hissəsi olan avtomobil yollarını özündə birləşdirən
Böyükşor yol
qovşağı üç
kompleksdən ibarətdir.
Gündən-günə böyüyən
və müasirləşən
Bakının yol xəritəsinə cari ildə çox möhtəşəm bir yolun da adı
əlavə olunub. Bu, Bakı dairəvi
avtomobil yoludur. Paytaxtda nəqliyyatın tıxac probleminin aradan qaldırılması,
ağır yük avtomobillərinin şəhərə
daxil olmadan hərəkətinin təmin
edilməsi baxımından
bu yolun xüsusi əhəmiyyəti
var. Birinci dərəcəli olan əsas yolun uzunluğu 21,5 kilometr, iki istiqamətli yerli yolun uzunluğu
4,8 kilometrdir. Əhalinin
rahatlığı üçün
yollara səsboğucu
baryerlər quraşdırılıb.
Dairəvi yol hər iki istiqamətdə
üç hərəkət
zolağı olmaqla, altı hərəkət zolağından ibarətdir.
Yol boyu iki elektron istiqamətverici
lövhə quraşdırılıb.
Ümumilikdə yolda beş qovşaq, səkkiz ötürücü
və üç piyada keçidi inşa edilib. Dairəvi yol paytaxt küçələrində
tıxacların azalmasına,
ekoloji vəziyyətin
yaxşılaşmasına imkan verəcəkdir. Yol boyu tikilmiş
nəqliyyat qovşaqlarının
hər birinin xüsusi təyinatı var.
Birinci qovşaq Bakı dairəvi avtomobil yolunu Bakı-Rusiya Federasiyası avtomagistralı
ilə əlaqələndirərək
Şimal-Cənub beynəlxalq
nəqliyyat dəhlizi
ilə tranzit yük maşınlarının
hərəkətini şəhərə
girmədən cənuba
və qərbə təmin edir.
İkinci qovşaq Bakı şəhərinin
"Qurd Qapısı"
ərazisində avtonəqliyyat
vasitələrinin hərəkətini
şəhərlə əlaqələndirmək
məqsədi daşıyır.
Qovşaqda inşa edilən iki yolötürücü nəqliyyatın
bütün istiqamətlərdə
hərəkətini təmin
edir. Eyni zamanda, şimal və cənub istiqamətlərində hərəkət
edən nəqliyyat vasitələri üçün
Bakı şəhərinə
əlavə giriş-çıxış
imkanı yaradır.
Üçüncü qovşaq
Bakı dairəvi avtomobil yolunu Lökbatan-Xocasən avtomobil
yoluyla, dəmiryolunun Heybət stansiyası, sənaye və ticarət obyektləri ilə əlaqələndirir.
Dördüncü qovşaq
Bakı-Astara atomobil yolu ilə Lökbatan
dairəsini birləşdirir.
Beşinci qovşaq isə nəqliyyat vasitələrinin Bakı
dairəvi avtomobil yolunun altından tunel vasitəsilə "Sədərək", "Binə"
və digər ticarət mərkəzlərinə
giriş-çıxışını təmin edir.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Bakı
dairəvi avtomobil yolunun açılışında
iştirak edərkən
demişdir:
- Sizi bu gözəl
yolun açılışı
ilə əlaqədar
təbrik edirəm. Bu yolun Bakının nəqliyyat sistemində xüsusi yeri vardır. Çünki bu yol şəhərin
tıxaclardan azad olunmasında xüsusi məna daşıyacaqdır.
Əvvəlki dövrlərdə
cənub istiqamətindən
şimal istiqamətinə
və əks tərəfə getmək
üçün gərək
Bakı ərazisindən
keçəydin. Həm
məsafə çox
böyük idi, həm də ki, tıxaclar vaxt aparırdı. Dairəvi yolun tikintisi bu məsələnin
həlli üçün
əsas məsələdir.
Böyük zövqlə
çox gözəl,
rahat, keyfiyyətli altızolaqlı, bir neçə qovşağı
olan yol tikilibdir.
Əminəm
ki, bu yol
şəhər nəqliyyatı
üçün çox
böyük əhəmiyyət
daşıyacaqdır. İndi
şəhərdə müxtəlif
yerlərdə yeni yollar tikilir. Əvvəlki dövrdə
tikilmiş yollar genişləndirilir, bərpa
olunur, yüksək səviyyədə təmir
edilir. Bununla bərabər, yeni yolların açılması
şəhər nəqliyyatı
üçün çox
vacibdir. Bax bu yol, demək
olar ki, şəhərin ən böyük damarıdır".
Bakını müasirliyə
qovuşduran yol tikinti-quruculuq işləri
davam etdirilir. Ölkə başçısının
sərəncamına əsasən,
şəhərin mərkəzində,
birbaşa Bulvara çıxışı olacaq
yeni yeraltı keçidin tikintisinə başlanılıb. Bülbül
prospektində yerləşən
və başlanğıcını
Üzeyir Hacıbəyli
küçəsindən götürən
keçid Milli Parkadək davam edəcəkdir. Uzunluğu
300 metrə çatan
bu keçidin hər yol kəsişməsində
dörd, yəni 12 çıxışı nəzərdə
tutulub.
"Gənclik" metrostansiyası
("Qələbə" meydanı) yaxınlığında
tikintisi davam etdirilən yeraltı kompleksə 5-7 tunelin inşası daxildir. "Qələbə" meydanında
üçmərtəbəli yeraltı avtomobil dayanacağı və iki yeraltı keçid də inşa olunur.
Rəhman SALMANLI,
Azərbaycan.-2010.-17 dekabr.-S.6.