Davranış gözəlliyi
şəhərin gözəlliyini
tamamlamalıdır
Bakı dünyanın ən gözəl, müasir və yaraşıqlı şəhərlərindən
birinə çevrilib.
Bunu artıq biz bakılılar yox, şəhərimizə
gələn minlərlə
qonaq deyir. Onların arasında dünyanın tanınmış sənət
adamları, ictimai-siyasi
xadimləri və dövlət başçıları
kifayət qədərdir.
30-40 il bundan əvvəl şəhərin
darıxdırıcı görkəmi,
hər yeri göbələk kimi bürüyən "xruşovka"lar və sovet
heykəltaraşlığının
nəhəng və bəsit nümunələri,
yəqin ki, hamının yadındadır.
Müstəqilliyin sonuncu iki onilliyində sərvətlərinə
sahib çıxan neft səltənətinin paytaxtı yeknəsəq mənzərələrdən və
darıxdırıcı görkəmindən
yaxa qurtardı. Müasir, yaraşıqlı
göydələnləri, binaları
və küçələri
ilə gecənin sinəsində büllur çilçıraqlar
kimi bərq vuran şəhəri, əlbəttə ki, köhnə Bakı ilə tutuşdurmaq mümkün deyil. Lakin şəhərlər
də, insanlar kimi, zahirən nə qədər dəyişsələr də,
əsrlərin yaddaşından
sızıb gələn
fərdi cizgilərini
qoruyub saxlayırlar. Məhz belə cizgilər, çalarlar dünyada bütün şəhərləri bir-birindən
fərqləndirməyə, ayırmağa imkan verir.
Söhbət Bakının
qədim, lakin tədricən unudulan qaydalarından, yaşam tərzindən və mentalitetindən gedir. Vaxt var idi şəhərimizdə
ictimai nəqliyyatda qadın ayaq üstə qalanda kişilərin oturması
eyib sayılardı. Köhnə Bakı belə əxlaqı qəbul eləmirdi və bu şəhərə
ayaq basan istənilən kəs müəyyən yaşam
qanunlarına riayət
etməyə borclu idi.
İndi biz heyrətamiz
mənzərələrlə zənginləşən dəbdəbəli
bir şəhərin sakinləriyik. Dəstələrlə
küçələri gəzən,
müxtəlif mənzərələrin
gözəlliyindən zövq
alan turistlərə rast gəlirik. Onlar qədim binaların, tarixi abidələrin qarşısında
durur, şəkil çəkir və öz aralarında təəssüratlarını bölüşürlər. Lakin
əcnəbilər üçün
dövlətin birinci şəhərinin memarlıq
nümunələri qədər
də, insanların davranışı, şəhərin
ümumi mədəniyyəti,
bakılıların şəhər
əxlaqına necə
riayət etmələri
diqqətçəkəndir
Kimsə başqalarına məhəl
qoymadan qışqıra-qışqıra
danışırsa, səliqəli
və gözəl bağda oturub durmadan tum çırtlayaraq
ətrafında zibillik
yaradırsa, sinəsini
arıtlayıb ciyərindəki
tullantılardan asfalta
"gül" düzürsə,
bu, qonaqları təəccübləndirməyə bilməz. Axı dünyanın müasir meqapolislərində qəbul
edilmiş davranış
qaydaları mövcuddur.
Arı pətəyi kimi uğuldayan şəhərdə
harasa tələsən
insan axını, küçələri başına
götürən avtomobil
karvanları şəhərlilərin
əsəblərini gərginləşdirir,
onları tez yorur, əsəb xəstəliklərinin yaranmasına,
stress hallarının
artmasına təkan verir. Bütün bu çətinliklər hər birimizdən müəyyən etik normalara riayət etməyi, başqalarını
narahat etmədən nəzakətlə davranmağı
tələb edir. Bu baxımdan milli adət-ənənələrimizdən
şəhər etiketi
ilə uzlaşan, ruhumuza sakitlik bəxş edən və rəğbət doğuran münasibətlər
sisteminin harmonik inkişafı vacibdir.
Əslində, ictimai yerlərdə özünü
yersiz aparan, əməlləri və səviyyəsi təəssüf
doğuranlara qarşı
hamımız barışmaz
olmalıyıq. Axı
40 il bundan qabaq şəhərdə
yaşlı adam istənilən gəncin yersiz hərəkətinin
qarşısını alardı,
iradını bildirərdi.
Bir neçə gün bundan qabaq 96 nömrəli avtobus marşrutunda heç kimə məhəl qoymadan, avropasayağı bir-birlərinə hisslərini
bildirən gənc oğlanla qızı utandırmağa çalışdım:
"Özünüzü valideynlərinizin
qəbul edəcəyi
tərzdə aparın".
Təsiri oldu.
Getdikcə gözəlləşən, müasirləşən
şəhərimizin ictimai
yerlərində, təəssüf
ki, nəinki gənclərin, hətta yaşlıların belə
saymazyana davranışları,
milli mentalitetə sığmayan hərəkətləri
mənəvi aşınmaların
baş aldığından
xəbər verir. Şəhər dəyişib,
varlı, zəngin olub. Lakin bu dəbdəbələrin
ümumi mənzərəsində
bəzilərinin ictimai
etiketi gözləməməsi
daha çılpaq, daha sərt nəzərə çarpır.
Zəngin şəhərlə
cılız münasibətlər
uyuşmur, bayram libasına vurulan yamaq təəssüratı
yaradır. Evimizdə
xalının üstünə
ayaqqabı ilə çıxsaq, hay-küy qopar. Onda niyə
gözəlliyinə və
rahatlığına milyardlar
xərclənən şəhərin
sərvətlərinə layiq
əxlaq nümayiş
etdirməkdə acizik?
Avtobusa minirsən, səni heç kim görmək istəmir. Nə cavan oğlanlar "görür," nə də ki qızlar!
Şəstlə oturublar
yerlərində: kimisi
telefonla oynayır, kimisi pəncərədən
bayıra baxır, kimisi də özünü elə
"fikirli" aparır
ki, avtobusdan düşənədək heç
kimi "görmür".
Amma 30 il bundan qabaq yaşlı
adam görən kimi bir neçə
nəfər yerindən
qalxardı, hörmətlə
yer verərdi.
İndi isə cavan oğlan ağsaqqal adamı, yaşlı qadını "görmür",
bir cavan qız gözünə sataşan kimi avtobusun o biri
başından millənib
yerindən elə qopur ki, baxanda
xəcalət çəkirsən.
İctimai nəqliyyatda
yaşlı və ya hamilə qadına təsadüfi hallarda cavan qızlar yer verirlər. Məgər bu qızların
hər biri ana olmağa hazırlaşanda elə mindikləri marşrutda sabah kimlərinsə yer təklif edəcəklərini gözləməyəcəklərmi?
Şəhərdə bütün
insanlar bir-birini tanımasalar da, yad olsalar da,
min ilin adətlərini unutmalı
deyillər! Böyüyü
saymaq, kiçiklərlə
nəzakətli davranmaq
hər birimizə başucalığı gətirir
və bir-birini tanımayan insanları mehriban edir. Gərək həmişə
hərəkətinin kənardan
necə göründüyünü
düşünəsən. Özünü reklam etmək xatirinə ucadan danışmaq, ədalı və ya etinasız davranmaq artıq Bakının əxlaqı
ilə uyuşmur.
Görünür, hər bir valideyn evində,
müəllimlər isə
məktəblərdə müasir
şəhərlərdə davranışın etik normalarını uşaqlara
öyrətməli, başa
salmalıdırlar. Müstəqillik,
azadlıq gözəl
anlayışlardır, biz
də bir xalq kimi, dövlət
kimi formalaşdıqca
qüsurlu vərdişlərdən,
davranış tərzlərindən
yaxa qurtarmalı, kamilləşməliyik. Paytaxtın gözəlliyi
yalnız onun milli memarlığının
zənginliyi, küçələrinin
abadlığı və
sayrışan işıqları
ilə ölçülmür.
İnsanların davranışı,
bir-birlərinə hörmət
qoymaları, şəhər
nəqliyyatında, ictimai
yerlərdə, parklarda
başqalarının istirahətinə
rəğbətlə yanaşmaları,
əslində, bütün
gözəllikləri tamamlayan
vacib elementdir.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2010.-17
dekabr.-S.7.