Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

 

Dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) Müşahidə Şurasının növbəti iclası olmuşdur. Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda DNF-in 2011-ci il üçün büdcə layihəsi müzakirə edilmişdir.

Fonddan AzərTAc-a verilən məlumata görə, iclasda Müşahidə Şurası tərəfindən DNF-in 2011-ci il üçün büdcə layihəsinə, o cümlədən qurumun idarə olunması ilə bağlı xərclərə dair fondun icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılmışdır. DNF-in 2011-ci il büdcəsi gəlirlərinin 9 milyard 132 milyon 941 min manat, xərclərinin 6 milyard 886 milyon 155,4 min manat, o cümlədən fondun idarə olunması ilə bağlı xərclərinin 57 milyon 494,3 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılmışdır. DNF-in 2011-ci il büdcə layihəsi, o cümlədən qurumun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və fondun idarə olunması ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir.

 

Azərbaycan.- 2010.- 18 dekabr.- S. 1.