İslam Konfransı Təşkilatı Gənclər Forumunun idarə heyəti "İl Foglio"nun böhtan xarakterli yazısı ilə bağlı bəyanatla çıxış etmişdir

 

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKT ilə affilə edilmiş beynəlxalq təşkilat) İstanbuldakı iqamətgahından AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, forumun idarə heyəti İtaliyanın "İl Foglio" qəzetində yer alan və Azərbaycanın birinci xanımının beynəlxalq aləmdə tanınmış imicini ləkələməyə yönəlmiş böhtan xarakterli yazını pisləyən bəyanatla çıxış etmişdir. Bəyanatda bildirilir ki, forumun üzvü olan ölkələrin gəncləri təxribat məzmunlu və çirkin xarakterli bu aksiyadan hiddətlənmişlər.

Bəyanatda deyilir: "Azərbaycanın birinci xanımı, İKT GF-nin Gəncliyin İnkişafı uğrunda səfiri Mehriban Əliyeva xeyriyyəçilik və humanitar fəaliyyəti ilə bütün dünyada, o cümlədən İKT ölkələrində geniş tanınır. Bu fəaliyyət, xüsusilə müsəlman gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, savadsızlığın aradan qaldırılmasına yönəldilmiş təşəbbüslərin dəstəklənməsinə, gənclər arasında işsizliyin azaldılmasına, mədəniyyətlərarası dialoqun nizama salınmasına istiqamətlənmişdir. Mehriban xanım Əliyevanın "Gənclər Sivilizasiyaların Alyansı Uğrunda" beynəlxalq hərəkatın yaradılması barədə təşəbbüsü 5 qitənin gənc liderləri tərəfindən dəstəklənmiş, bu ilin mayında isə BMT Azərbaycanın birinci xanımının ideyasını tam bəyənərək, həmin hərəkatı öz himayəsi altına almışdır".

Bəyanatda vurğulanır: "Mehriban xanım Əliyevanın fəaliyyəti sivilizasiyalararası gərginliyin və dini zəmində ekstremizmin azalmasına, müxtəlif mədəniyyətlərin nümayəndələri arasında daha yaxşı qarşılıqlı anlaşmaya kömək edir. İslam dünyası ilə Avropanın qovuşuğunda yerləşən İtaliya da Azərbaycanın birinci xanımının təşəbbüsü və hamiliyi ilə həyata keçirilən beynəlxalq layihələrin potensial benefisiarıdır. Odur ki, "İl Foglio"nun böhtan xarakterli yazısı nəinki ümumbəşəri əxlaq normalarına, katolik İtaliyanın dəyərlərinə ziddir, həm də öz nəticələrinə görə İtaliya cəmiyyətinin milli maraqlarına və təhlükəsizliyinə qarşı yönəlmişdir".

İKT GF Bəyanatında qurumun həm üzv ölkələrdəki, həm də Avropadakı on minlərlə fəalı adından nəşrin menecmentini Mehriban xanım Əliyevadan rəsmi üzr istəməyə və bu hədyanın işıq üzü görməsinin günahkarlarını cəzalandırmağa çağırır. Bəyanatda deyilir: "Böhtançılar yalana görə cavab verməlidirlər". Sənəddə daha sonra deyilir ki, belə reaksiya "həmçinin Mehriban xanım Əliyevanın humanitar fəaliyyətinin dünyadakı çoxsaylı tərəfdarlarının hisslərinin təhqir olunmasına görə üzrxahlıq kimi dəyərləndiriləcəkdir". Əks halda, forum İtaliya hakimiyyətini bilərəkdən yalan informasiyanın yayılması barədə məsuliyyətin hüquqi prosedurlarının qəzet tərəfindən pozulması perspektivləri məsələsinə baxmağa çağırır. Təşkilat, həmçinin həmin məqsədlərə nail olanadək İtaliyada və bütün dünyada digər etiraz aksiyaları keçirmək hüququnu özündə saxlayır.

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 dekabr.- S. 1.