Türk Ölkələri Əməkdaşlıq
Şurasının baş katibi Xəlil Akınçı
ADU-da olmuşdur
Dekabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Türk Ölkələri Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı ilə universitetin tələbə-müəllim heyətinin görüşü keçirilmişdir.
Universitetin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ADU-nun prorektoru, professor Dünyamin Yunusov qonağın 42 illik diplomatik fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Diplomatik fəaliyyətindən danışan Türk Ölkələri Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı Sloveniya, Hindistan və Rusiyada səfir kimi çalışdığını bildirmişdir. Azərbaycan-Türkiyə əlaqələrinə toxunan baş katib 1992-ci ildən Bakıda Türkiyə diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyini vurğulamışdır.
Diplomat bildirmişdir ki, Türk Ölkələri Əməkdaşlıq Şurasının yaradılması haqqında razılıq 2009-cu ildə Naxçıvanda keçirilən IX zirvə toplantısında əldə edilmişdir. 2010-cu ilin sentyabrında İstanbulda keçirilən X zirvə toplantısında isə qurumun fəaliyyətə başlaması haqqında qərar qəbul edilmişdir. Sentyabrın 16-da quruma baş katib təyin olunmuşdur. Türk Ölkələri Əməkdaşlıq Şurası fəaliyyətini türkdilli ölkələr arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində qurur.
Qurumun ölkələr arasındakı əməkdaşlıqda mühüm rol oynadığını vurğulayan diplomat əzəli və əbədi qardaşlıq tellərinin möhkəmlənməsi istiqamətində konkret addımların atılacağını söyləmişdir.
Diqqətə çatdırılmışdır ki, Qazaxıstanda Türk Akademiyası fəaliyyət göstərir. Akademiyada türk xalqlarının dili və mədəniyyətinin araşdırılması istiqamətində iş aparılır. Əsas məqsədimizdən biri türk xalqları arasında ortaq dil və əlifbanın yaradılmasına nail olmaqdır. Qurum iş adamları arasında əlaqələrin gücləndirilməsi, ali təhsil müəssisələri, eləcə də elm adamları arasında qarşılıqlı münasibətlərin qurulması istiqamətində də real addımlar atacaqdır.
Sonra Xəlil Akınçı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç iştirak etmişdir.
Azərbaycan.- 2010.- 18 dekabr.- S. 3.