TürkPA ilə TÜRKSOY-un birgə əməkdaşlığı türkdilli ölkələrin ortaq fəaliyyətinə təkan verəcəkdir

 

Azərbaycanda səfərdə olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov dekabrın 17-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovla görüşmüşdür.

AzərTAc xəbər verir ki, R.Həsənov qonağa TürkPA-nın fəaliyyəti, il ərzində görülmüş işlər, beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunmuş uğurlar barədə danışmışdır. TürkPA ilə TÜRKSOY arasında birgə fəaliyyətin, ortaq layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanmış, gələcəkdə ikitərəfli əməkdaşlıq barədə sazişin imzalanmasının buna təkan verəcəyi qeyd edilmişdir.

Düsen Kaseinov TürkPA-nın fəaliyyətinə xüsusi önəm verdiklərini, TÜRKSOY-un beynəlxalq təşkilat olaraq TürkPA ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.

TÜRKSOY-un fəaliyyəti ilə bağlı məlumat verən Düsen Kaseinov TürkPA ilə ortaq layihələrin, birgə seminarların və konfransların təşkili məsələsində həmrəy olduqlarını bildirmişdir.

Görüşdə TürkPA baş katibinin Türkiyədən və Qazaxıstandan olan müavinləri Kürşat Melih Sarıarslan və Mels Semqaliyev iştirak etmişlər.

 

Azərbaycan.- 2010.- 18 dekabr.- S. 3.