Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrant Günü ilə əlaqədar tədbir keçirilmişdir

 

Dövlət Miqrasiya Xidmətində (DMX) 18 dekabr - Beynəlxalq Miqrant Günü ilə əlaqədar tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, DMX-nin rəisi Arzu Rəhimov tədbirdə çıxış etmişdir. Rəis demişdir ki, 1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qərarı ilə "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Beynəlxalq Konvensiya qəbul edilmişdir. Məhz bu tarix 2000-ci il dekabrın 4-də Baş Məclis tərəfindən dünyada Beynəlxalq Miqrant Günü elan olunmuşdur.

Beynəlxalq Konvensiyanın 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunduğunu söyləyən A.Rəhimov demişdir ki, ölkəmiz bu problemlə hələ keçmiş sovetlər ittifaqı dağılanda ciddi surətdə üzləşmiş, 250 mindən artıq azərbaycanlı Ermənistandan deportasiya edilmişdir. Mənfur qonşularımızın işğalçılıq siyasəti nəticəsində isə ümumilikdə bir milyondan artıq soydaşımız ata-baba yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilmişdir. A.Rəhimov qeyd etmişdir ki, respublikamız miqrant problemi ilə üzləşəndən etibarən bu sahədə işlərin tənzimlənməsi, digər qurumların fəaliyyətinin əlaqələndirilməsini həyata keçirən qurumun yaradılması zərurəti meydana gəlmişdir. Bütün bunlar nəzərə alınaraq bu sahədə dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində ölkə qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirmək məqsədi ilə Azərbaycan Prezidentinin 2007-ci il 19 mart tarixli Fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılmışdır.

Ölkəmizdə aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsi yüksəlmiş və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf respublikamıza gələn əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuş, bu da miqrasiya proseslərinin intensivləşməsini şərtləndirmişdir. Azərbaycana gələn miqrantların hüquqlarının qorunduğunu deyən DMX-nin rəisi xarici miqrantlar arasında əsasən turist kimi, tədbirlərdə iştirak etmək məqsədi ilə gələn, dövlət qurumlarına, eləcə də şirkətlərə dəvət edilən şəxslər, əməkçi miqrantlar və onların ailə üzvləri, tələbələr, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, investorlar, yaşamaq məqsədi ilə gələnlər, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda və ya yaxın qohumluq münasibətlərində olanların üstünlük təşkil etdiyini söyləmişdir.

Sonra mövzu ilə bağlı müzakirələr aparılmışdır.

Tədbirdə Dövlət Sərhəd Xidməti, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Beynəlxalq Miqrasiya Təşkilatının, həmçinin Miqrasiya Mərkəzi İctimai Birliyinin, Miqrantlara Hüquqi Yardım Mərkəzinin və s. qurumların nümayəndələri iştirak etmişlər.

                                                          

Azərbaycan.- 2010.- 18 dekabr.- S. 3.