Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili rusiyalı həmkarına müraciət etmişdir

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova rusiyalı həmkarı Vladimir Lukinə müraciət edərək, Moskvada baş vermiş iğtişaşlarla bağlı narahatlığını bildirmiş, bu ölkədə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə kömək göstərilməsini xahiş etmişdir.

Ombudsman Aparatından AzərTAc-a verilən məlumata görə, məktubda Rusiyada tarixən mövcud olan müxtəlif xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların da öz töhfələrini verdiyi millətlərarası xoşməramlı münasibətlərin qorunub saxlanması və davam etdirilməsinin zəruriliyi vurğulanmışdır. İğtişaşların təşkilatçılarının və iştirakçılarının layiqli cəzalarını alacağına əminliyin ifadə olunduğu sənəddə qeyd olunmuşdur ki, azərbaycanlıların Rusiya ərazisində təhlükəsiz yaşamasının təmin olunması üçün həyata keçiriləcək tədbirlər xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, ölkələrimizdə insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edəcəkdir.

Məktubda Rusiya və Azərbaycanın ombudsman təsisatları arasında insan hüquqları sahəsində bağlanmış ikitərəfli sazişin həyata keçirilməsi üzrə əməkdaşlığın daha da təkmilləşdirilməsi və genişləndirilməsinin zəruriliyi də qeyd edilmişdir.

 

Azərbaycan.- 2010.- 18 dekabr.- S. 3.