Bir kəndin övladları

 

Bu kəndin adı və tarixi çox qədimlərə gedib çıxır. Müxtəlif dövrlərdə ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rolu olan bu kəndin - Tuğun tanınmış ziyalılarından, onun qürur və iftixar hissi doğuran tarixindən söhbət açacağıq. Azərbaycan Milli İstiqlal hərəkatı tarixində ictimai siyasi xadim kimi tanınan, xalqımızın əsrlər boyu yetirdiyi böyük şəxsiyyətlərdən biri olan Cavad bəy Rza bəy oğlu Məlikyeqanov 1883-cu ildə Tuğ kəndində anadan olmuş, ilk təhsilini Tuğ məktəbində aldıqdan sonra Şuşa realnı məktəbində davam etdirmişdir. O, 1903-cü ildə Bakıya gələrək neft mədənlərində işə düzəlmişdir.

Cavad bəy Məlikyeqanovun dünyaya gəldiyi Tuğ kəndi Azərbaycan tarixində əhəmiyyətli rol oynamaqla yanaşı, onun tarixi çox qədim dövrlərə gedib çıxır. "Tuğ" sözünün bir necə mənası var: birində "zirvə", o birində "bayraq". Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biri olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII-ci əsrlərin mənbələrində xatırlanır. Tarixi bilinməyən Ki-Tış qalası və digər abidələri ilə Tuğ, Azıx mağarasına aid milli-mənəvi dayaqlarımızı möhkəmləndirən, tamamlayan, təsdiqləyən kəndlərimizdən biridir. O, bir çox ziyalılarımız kimi Cavad bəyin də taleyində çox mühüm rol oynamışdır.

125 il əvvəl tarix yazmağı, yaratmağı xoşlayan bu kəndin, eləcə də bütün Azərbaycanın həyatında çox mühüm, qeyri-adi bir hadisə baş verdi - rus-Avropa tipli yeni bir məktəbin əsası qoyuldu. O vaxt Qarabağda maarifpərvər əməlləri ilə böyük hörmət qazanmış Sadıq bəy və Mehdi bəy Məlikaslanovların yaxından köməyi, çar hökumətinin icazəsi ilə təşkil olunan bu məktəbə dövrün tanınmış ziyalılarından biri olan Mir Mehdi Xəzani (1811-1893) rəhbərlik edirdi. Onun ölümündən sonra - 1894-1922-ci illərdə məktəbə Məhəmməd bəy Məlikyeqanov, 1922-1934-cü illərdə Mustafa Cahangirov rəhbərlik edib...

Bu məktəbin yetirmələri olan neçə-neçə tanınmış ziyalı tariximizin müxtəlif dövrlərində nəinki Qarabağda, bütün Azərbaycanda ad-san sahibi idi. AXC hökumətinin iki üzvü - poçt, rabitə və dəmiryolu naziri Xudadat bəy Məlikaslanov və Bakı-Lənkəran qubernatoru, haqqında söhbət açdığımız Cavad bəy Məlikyeqanov məhz bu məktəbin yetirmələri idi. Bu kənddən "Hacı Qara" əsərində Mirzə Fətəli Axundov yazıb, "1905-ci ildə" pyesində Cəfər Cabbarlı söhbət açıb. Vaxtilə Qarabağın bu hissəsində böyük Üzeyir bəy dərs deyib -Vətən, millət, qəhrəmanlıq dərsi. O dərslərdən ruhlanan neçə-neçə elm-mədəniyyət xadimi, siyasət adamı, ən başlıcası, hünərvər müəllimlər ordusu yaranıb...

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavad bəy parlamentin üzvü, Zaqafqaziya Seymində müsəlman fraksiyasının daimi nümayəndəsi idi.

1919-cu ildə Lənkəran qəzasında hakimiyyət general Denikinin tərəfdarlarından biri olan polkovnik İlyaşeviçin əlinə kecmişdi. O, Azərbaycan hökumətini tanımaq belə istəmirdi. General-mayor Səlim bəy və Cavad bəyin rəhbərliyi ilə ora göndərilən Azərbaycan Ordusunun hissələri qiyamçıları məğlub edərək Lənkəran qəzasında Azərbaycan hakimiyyətini bərpa etdilər.

1919-1920-ci illərdə Cavad bəy Lənkəran və Muğan qəzasının qubernatoru, Bakı şəhər polis idarəsinin rəisi olmuşdur.

Cavad bəy Məlikyeqanov Azərbaycanda ilk fəhlə həmkarlar təşkilatının yaradıcısı olmuş, Cümhuriyyət dövründə sənayedə aparılan islahat işlərinə başçılıq etmişdir.

Sovet hakimiyyəti illərində - 1920-ci illərdən başlayaraq Cavad bəy 7 dəfə həbs edilmiş, sonuncu dəfə isə həbs edilərək uzaq Kareliyaya sürgün edilmişdir.

Ömrünün 20 ildən çoxunu həbsxanalarda və QULAQ düşərgələrində keçirən Cavad bəy 1942-ci il mayın 18-də dünyasını dəyişmişdir. Ölümündən 17 il sonra - 1959-cu ildə Kareliya Muxtar Respublikası Ali Məhkəməsinin hökmü ilə ona bəraət verilmişdir.

Cavad bəyin həyat yoldaşı Məryəm xanım Bayraməlibəyova (1898-1987) Azərbaycanda maarifçiliyin əsasını qoyanlardan biri idi. O, ilk təhsilini Bakıda rus-müsəlman məktəbində almış, daha sonra müqəddəs Nina qız məktəbini qızıl medalla bitirərək pedaqoji fəaliyyətə başlamışdır. 1918-1920-ci illərdə Bakıda və Lənkəranda qız məktəblərinin açılmasında onun müstəsna xidmətləri olmuşdur. 1921-1937-ci illərdə Məryəm xanım Bakı Sənaye Texnikumunda və Tibbi-Pedaqoji Texnikumda fəaliyyət göstərmişdir.

Sonralar Məryəm xanım Moskvada ali təhsil alaraq hüquqşünas olmuşdur. 1925-ci ildə I Ümumittifaq müəllimlər qurultayında N.K.Krupskaya ona SSRİ Maarif Komissarlığında yüksək vəzifə təklif etmiş, lakin Məryəm xanım Azərbaycandan ayrılmaq istəməmişdi.

1937-ci ildə Məryəm xanım keçmiş müsavat funksionerinin həyat yoldaşı kimi həbs edilərək Arxangelskə, sonra isə Qazaxıstana sürgün edilmişdir. O, 1948-ci ildə "islah olunaraq" Bakıya qayıtmış, yalnız 1956-cı ildə bəraət ala bilmişdir.

Bu kəndin ad-san qazanmış oğullarından biri də Xudadat bəy Ağabəy oğlu Məlikaslanovdur (1879-1935). Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Xudadat bəy Azərbaycanın məşhur ictimai-siyasi xadimlərindəndir. O, 1905-ci ildə Qarabağda erməni təcavüzünə, qırğınına qarşı fəal mübarizə aparan Ağa bəyin oğludur.

Xudadat bəy ilk təhsilini Şuşa realnı məktəbində almış, sonra isə məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Rusiya imperiyasının paytaxtı Sankt-Peterburqda Dəmiryol İnstitutuna daxil olaraq təhsilini davam etdirmişdir.

1904-cü ildə Xudadat bəy institutu əla qiymətlərlə bitirərək Voloqda-Peterburq dəmiryolunun inşasında mühəndis kimi çalışmağa başlamışdır. 1905-ci ildə Xudadat bəy Tiflis şəhərinə Zaqafqaziya Dəmiryolu İdarəsinə məsul işə göndərilir. Məhz həmin dövrdə onun rəhbərliyi altında Qafqazda mühüm dəmiryolları inşa edilib istifadəyə verilir.

1917-ci ilin mart ayında müvəqqəti hökumət Xudadat bəy Məlikaslanovu Zaqafqaziya Dəmiryolu İdarəsinin rəisi təyin edir. 1917-ci ilin noyabrında bu idarə Zaqafqaziya Dəmiryolu Komissarlığına çevrilir və Xudadat bəy komissar vəzifəsini icra edir. 1916-cı ildə komissarlıq Zaqafqaziya Federativ Respublikasının nazirliyinə çevrilir və Xudadat bəy dəmiryol naziri olur.

1918-ci ilin mayında Azərbaycan Zaqafqaziya Seymindən çıxaraq öz müstəqilliyini elan edir və Xudadat bəy Məlikaslanov müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü olmaqla yanaşı, dəmiryol, poçt və teleqraf naziri olur.

Bilik və bacarığı nəzərə alınaraq sovet hakimiyyətinin ilk illərində ona toxunmamışlar. O, Tikinti, Nəqliyyat və Rabitə Komitəsinin sədri işləmiş, dəfələrlə Azərbaycanın ali seçkili orqanlarında rəhbər vəzifələrə seçilmişdir.

Azərbaycanın ilk texnika elmləri doktoru - professorlarından biridir, 3 monoqrafiya və 70-dən çox məqalənin müəllifidir.

Sonrakı illərdə Xudadat bəy ömrünün sonunadək ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Politexnik İnstitutunda inşaat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Onun təşəbbüsü ilə Bakıda Dəmiryol Texnikumu açılmış, metropoliten yaradılmasının ideya müəlliflərindən biri də Xudadat bəy olmuşdur.

30-cu illərin əvvəllərində SSRİ-də ilk repressiyalar dalğası başlayanda Xudadat bəy keçmiş müsavatçı kimi 1930-cu ildə həbs olunmuş və 1933-cü ildə həbsdən azad edilsə də, 1934-cü ilin avqustunda yenidən həbs edilmişdir.

Xudadat bəy Ağa bəy oğlu Məlikaslanov 1935-ci ilin iyun ayında vəfat etmiş, 1959-cu ildə ona bəraət verilmişdir.

Azərbaycan Sovet Ensiklopediyasını vərəqləyərkən bu "xəsis" məlumatların arxasında qalan insan taleləri, qırılmış ümidlər, yarımçıq arzular göz önundə canlanır.

Qarabağa, xüsusən onun dağlıq hissəsinin inkişafına, orada yaşayan azərbaycanlı əhalinin problemlərinə ümummilli lider Heydər Əliyev həmişə diqqət yetirib. Ümumiyyətlə, istər Dövlət Təhlükəsizlik Komitəsinin sədri, istərsə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olduğu bütün dövrlərdə o, erməni millətçiliyinə qarşı amansız mübarizə aparıb. Bu mənada, 1968-ci ildə Xankəndidə azərbaycanlılara qarşı baş verən vəhşiliklər zamanı göstərdiyi qətiyyəti hadisə iştirakçıları indi də yaxşı xatırlayırlar.

1988-ci ildə Qarabağda başlayan məlum hadisələrdən sonra kənd sakinləri kimi Tuğ məktəbi də öz qaçqın ömrünü yaşamağa başladı. İşğala qədər Tuğ məktəbində 420 şagird təhsil alır, 55 müəllim, 24 texniki işçi çalışırdısa, indi onların sayında xeyli fərq var. Beyləqanda salınan "Yeni Tuğ" qəsəbə məktəbində hazıda 105 şagirdin təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olur. Müəllim və şagirdlərin böyük bir hissəsi fəaliyyətini müxtəlif məktəblərdə davam etdirirlər. Şərait dəyişsə də, problemlər çoxalsa da, məktəb əvvəlki ənənələri qoruyub saxlamağa çalışır...

Ölkə Prezidentinin 31 sentyabr 2007-ci il tarixli sərəncamı ilə məcburi köçkünlərin təhsilə marağının artırılması, milli-mənəvi dəyərlərin qorunub saxlanması məqsədilə Tuğ kənd məktəbinin 125 illiyinin geniş qeyd olunması da nəzərdə tutulurdu. Bu, eyni zamanda, Azərbaycanda təhsilin inkişafına verilən böyük qiymət idi. Bu, həm də öz doğma kəndində, ata-baba torpağında yaşamaq, təhsil almaq, gün-güzəran qurmaq istəyən hər bir tuğlunun arzusunun, istəyinin ifadəsi idi.

Bu arzuya güc verən, onu göylərə qaldıran isə xalqın iradəsi, Prezidentin inamıdır: "Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyən müxtəlif sənədlər, faktlar mövcuddur. Bildiyiniz kimi, ermənilər bu bölgəyə XIX əsrin əvvəllərində köcürülmüşlər. Ondan sonra müxtəlif səbəblər üzündən Dağlıq Qarabağda erməni əhalisi əksəriyyət təşkil etmişdir. Bunun nəticəsində XX əsrin əvvəllərində, 1920-ci illərdə Dağlıq Qarabağda muxtar vilayət yaradılmışdır. Dağlıq Qarabağın bütün tarixi, toponimləri, coğrafi adlar Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlıdır. Bütün kəndlərin, şəhərlərin adları Azərbaycan tarixini təcəssüm etdirir".

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2010.- 18 dekabr.- S. 6.