"Kitabxanaşünaslıq və informasiya" jurnalı: elmi fikrin yeni nailiyyətidir

 

Bütün sahələrdə olduğu kimi, kitabxanaşünaslıq üzrə də elmi fikrin aprobasiyasında bir çox müxtəlif vasitələrlə yanaşı, dövri və ardı davam edən nəşrlərin xüsusi rolu vardır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu sahə üzrə dövri və ardı davam edən elmi nəşrlərin azlığı və ya elmi baxımdan nüfuzlu olmaması kitabxanaşünaslıq baxımından araşdırılan tədqiqatların mütəxəssislərin və elmi ictimaiyyətin nəzərinə çatdırılmasında müəyyən çətinliklər yaradırdı.

Belə bir şəraitdə milli mədəniyyətimizin, kitabxanaşünaslıq elminin inkişafında mühüm xidmətləri olmuş, orijinal və maraqlı ideyaları, fəaliyyəti ilə fərqlənən əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Xələfov "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və təcrübi jurnalının nəşrinə başladı. A.Xələfovun baş redaktorluğu ilə təsis edilən jurnal informasiya cəmiyyəti şəraitində mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan kitabxanaların qarşısında duran vəzifələrin öyrənilməsində, qabaqcıl təcrübənin təhlilində, elmi nəticələr çıxarılmasında xüsusi əhəmiyyətə malikdir. Dövrün, zamanın tələbatına uyğun olaraq kitabxana işinin ahəngdar inkişafının aktual problemlərinin aşkara çıxarılmasında və həllində yaxından iştirak edən bu jurnalda yeni konsepsiyaların, nəzəri müddəaların hazırlanmasında, həmçinin kitabxana işinə dair imzalanan fərmanların, sərəncamların, qərarların və qəbul edilmiş konsepsiyaların yerinə yetirilməsinə, təbliğinə və izahına dair elmi məqalələrə, mühüm tövsiyələrə geniş yer verilir.

Jurnalda dərc olunan materiallar müasir informasiya mühiti şəraitində milli kitabxanaşünaslığımızın yeni elmi ideyalarla, baxışlarla zənginləşməsində, geniş elmi tədqiqatların aparılmasında, kitabxanaşünaslığın digər elmlərlə, xüsusilə informatika ilə əlaqələrinin möhkəmləndirilməsində və inteqrasiyasında əvəzedilməz mənbələrdir.

Təsadüfi deyil ki, nəşrə başladıqdan sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və təcrübi jurnalının M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında təqdimat mərasimi keçirildi. Bu yaxınlarda jurnalın redaksiyasına xoş bir xəbər gəldi. "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və təcrübi jurnalı Parisdə yerləşən Beynəlxalq ISSN (International Standard Serial Number) Mərkəzi tərəfindən 2219-5882 saylı nömrə ilə ardı davam edən nəşrlərin beynəlxalq reyestrinə daxil edilmişdir.

Respublikamızda kitabxana işi sahəsində öncüllüyü əldə saxlayan professor Abuzər Xələfovun təşəbbüsü ilə jurnalın 2010-cu ildə çıxan 3-cü nömrəsi humanitar elmlər sahəsində tətbiq edilən bir təcrübəyə - BDU-nun kitabxanaşünaslıq kafedrasının 2010-cu ildə apardığı elmi-tədqiqat işinin nəticələrinə həsr edilmişdir. Kafedra 2010-cu ildə "Azərbaycan Respublikasının müstəqilliyi şəraitində əhaliyə kitabxana xidmətinin təşkili (tarixi, müasir vəziyyəti, nəzəri problemləri və inkişaf perspektivləri)" mövzusunu tədqiq etmişdir. Elmi-tədqiqat işində kafedranın 10 əməkdaşı ümumi problemə həsr edilmiş müvafiq mövzuları yerinə yetirmişdir. Burada müasir şəraitdə kitabxanaların təcrübi fəaliyyətinə tətbiq edilə bilən əməli nəticələr öz əksini tapdığından jurnalın redaksiya heyəti həmin elmi-tədqiqat işinin nəticələrinin çap olunmasını məqsədəuyğun saymışdır.

Daha bir fakt: "Kitabxanaşünaslıq və informasiya" jurnalı 25 oktyabr - 1 noyabr tarixlərində Tehranda keçirilən (İran) XVII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalında nümayiş etdirilmişdir.

"Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və təcrübi jurnalında respublikamızın bütün regionlarında, Bakı şəhərində və digər mərkəzi şəhərlərdə əhaliyə kitabxana-informasiya xidmətinin təşkilində yeni iş metod və formalarının öyrənilməsinə və yayılmasına, mərkəzləşdirilmiş kitabxana sistemlərinin əhaliyə kitabxana-informasiya xidməti sahəsində baş verən yeni iş prosesinin qiymətləndirilməsinə və ümumiləşdirilməsinə, elmi-nəzəri nəticələr çıxarılmasına da geniş yer ayrılır. Jurnal həmçinin kitabxanaşünaslıq və informasiyanın ayrı-ayrı sahələrinin, kitabxana işinin tarixinin, kitabxanaşünaslığın elmi-nəzəri və metodoloji məsələlərinin, kitabxana fondu və kataloq sisteminin, oxuculara xidmət işinin, kitabxana iqtisadiyyatının, kitabxanaların elmi-metodik təminatının və kitabxana informatikasının aktual problemlərinin öyrənilməsinə dair aparılan elmi araşdırmaların nəticələrini də dərc edir.

2011-ci ildən etibarən "Kitabxanaşünaslıq və informasiya" jurnalı redaksiya heyətində Türkiyə, Qazaxıstan, Qırğızıstan və Rusiya Milli kitabxanalarının direktorları da təmsil olunacaqlar. Bu da bizim alimlərlə bərabər xarici ölkə mütəxəssislərinin də elmi məqalələrlə bu jurnalda çıxış etmələrinə, beləliklə, Azərbaycan kitabxanaşünaslıq elminin, kitabxana işinin nailiyyətləri ilə beynəlxalq kitabxana ictimaiyyətinin tanışlığına, eləcə də xarici ölkələrdə kitabxana işi ilə bağlı təcrübi fəaliyyətin respublikada öyrənilməsinə şərait yaradacaqdır.

 

Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ,

Azərbaycan MEA Mərkəzi

Elmi Kitabxanasının direktoru,

filologiya elmləri doktoru, professor,

 

Nigar İSMAYILOVA,

BDU-nun Kitabxanaşünaslıq

kafedrasının müəllimi

 

Azərbaycan.- 2010.- 18 dekabr.- S. 6.