Xalq artisti Rafiq Babayevin 75 illik yubileyinə həsr olunmuş layihələr hazırlanır

 

Gələn il martın 31-də görkəmli musiqiçi, xalq artisti Rafiq Babayevin anadan olmasının 75 ili tamam olacaqdır. Yubileylə bağlı sənətkarın ailəsi bir sıra layihələr hazırlayır.

Rafiq Babayevin qızı, musiqişünas Fərizə Babayeva AzərTAc-a bildirmişdir ki, yubiley ili çərçivəsində Rafiq Babayevin kompozisiyalarından ibarət yeni albom buraxılacaqdır. Bundan əvvəl Rafiq Babayevin əsərlərinin yer aldığı bir neçə disk işıq üzü görmüşdür. Onlardan ən dəyərlisi 2008-ci ildə Heydər Əliyev Fondunun hazırladığı albomdur. İndi bu albom dünyanın bir çox ölkəsində vardır və istənilən caz həvəskarı onu əldə edə bilər.

Bundan başqa, layihələr sırasına Rafiq Babayevin indiyədək məlum olmayan əsərlərinin nota alınması da daxildir. Rafiq Babayev əsərlərini heç vaxt nota almamışdır. Vaxt məhdudiyyəti əsərləri nota köçürməyə imkan verməmişdir. Onun əsərlərinin, demək olar ki, böyük bir hissəsi yalnız audio şəkildə mövcuddur. Həmin əsərlər nota salınacaq və kitab şəklində təqdim olunacaqdır.

F.Babayeva əmin olduğunu bildirmişdir ki, bu kitab cazı, ümumiyyətlə, Rafiq Babayev sənətini sevən insanlara, xüsusən də gənclərə əsərlərlə daha yaxından tanışlıq imkanı yaradacaqdır. Bundan əlavə, Fərizə Babayevanın musiqişünas Rauf Fərhadovla birlikdə yazdığı "Rafiq Babayev mövzudan improzirvəyə" kitabının Azərbaycan və ingilis dillərinə tərcüməsi nəzərdə tutulmuşdur.

2010-cu ildə rus dilində işıq üzü görmüş kitabda Rafiq Babayevin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan cazının tarixi barədə də məlumat yer almışdır.

 

Azərbaycan.- 2010.- 18 dekabr.- S. 8.