Azərbaycan Turizm İnstitutunda
"Alternativ turizmin inkişafı" mövzusunda
konfrans keçirilmişdir
Azərbaycan Turizm İnstitutunda
(ATİ) "Alternativ turizmin
inkişafı" mövzusunda
konfrans keçirilmişdir. ATİ-dən
AzərTAc-a bildirmişlər
ki, konfransı giriş sözü ilə açan rektor, tarix elmləri
doktoru, professor Cəfər
Cəfərov ölkəmizin
mövcud turizm potensialından, bu istiqamətdə həyata
keçirilən layihələrdən
danışmışdır.
Son illərdə rəhbərlik
etdiyi institutda gənc kadırların yetişməsi istiqamətində
aparılan məqsədyönlü
işlərdən söz
açan natiq kütləvi turizmdən fərqli olaraq, alternativ turizmin insanları bir-birinə yaxınlaşdıran, dostlaşdıran
istirahət növü
olduğunu vurğulamışdır. Bildirilmişdir ki, alternativ turizmə əsasən kiçik və orta sahibkarlıq müstəvisində fəaliyyət
göstərən müəssisələr,
eləcə də ailə və dostların təşəbbüsünə
əsaslanan kənd turizmi, ekoturizm, macəra və digər turizm növləri daxildir.
Rektor bu turizm növünün
ətraf mühitin qorunması, yerli milli adət-ənənələrin
tanınması, xüsusilə,
təbiətlə daha
çox təmasda olmaq imkanını ehtiva etdiyini tədbir iştirakçılarının
diqqətinə çatdırmışdır.
Konfransda "Sağlamlaşdırma
turizmində palçıq
müalicəsinin rolu",
"Tarixi dini abidələrin mühafizəsi",
"Azərbaycanda xalçaçılıq
sənəti və xalçaçılıq məktəbi"
və digər mövzularda məruzələr
dinlənilmişdir.
Məruzələrdə Azərbaycanda
palçıq vulkanlarının
milli sərvət kimi mühafizə olunması, son vaxtlar ölkəmizdəki dini-tarixi
abidələrə turistlərin
marağının çoxalması,
milli-mənəvi dəyərlərimizin
qorunması, nəsildən-nəslə
ötürülməsi və
inkişafında Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri
və digər məsələlər ətraflı
şəkildə şərh
edilmişdir.
Çıxışlarda memarlıq abidələrinin
yerləşdiyi ərazilərdə
infrastrukturun yaradılması,
həmin yerlərdə
bələdçilik fəaliyyətinin
təşkili, bu ərazilərə turizm marşrutlarının daxil
edilməsi və digər məsələlərin
həlli məqsədəuyğun
hesab edilmişdir.
Sonda konfransda
səsləndirilən təkliflərin
həlli istiqamətində
müvafiq qurumlarla birgə iş görüləcəyi diqqətə
çatdırılmışdır.
Azərbaycan.- 2010.- 19 dekabr.- S. 3.