Ürəklərdə yaşayan
Kazım Qarabəkir paşa
"...Türk
ordusunun, xüsusən də Kazım Qarabəkir
paşanın adı Naxçıvanda çox böyük
hörmət-ehtiramla yad edilir. Mənim əziz müəllimim
Lətif Hüseynov da mənə demişdi: Heydər,
əzizim, çalış düşmənlərin
qarşısını al, Naxçıvana təcavüzə
imkan vermə. Əgər 1918-ci ildə türk ordusu, general
Kazım Qarabəkir paşa Naxçıvana
gəlməsəydi, hamımızı qıracaqdılar. Bu
mənim gözümün qabağında olan
hadisədir..."
Heydər
ƏLİYEV
Naxçıvan,
16 oktyabr 1999-cu il
Ötən əsrin 20-ci illərinin tarixini
vərəqlədikcə istiqlal savaşında ölüm-dirim
mücadiləsi aparan xalqımızın ən ağır
zamanlarında türk xalqının və qəhrəman
türk ordusunun yardımını, köməyini
gördüyünün şahidi oluruq. Böyük
sərkərdəlik bacarığına malik general-leytenant
Xəlil paşa, Nuru paşa, Musa Kazım Qarabəkir paşa,
Tərik Vəhip paşa və daha kimlər... Bu
sərkərdələr minlərlə Azərbaycan və
Türk oğlunun qanı hesabına Bakını,
Naxçıvanı, Gəncəni, Zəngəzuru,
Qarabağı və bütövlükdə Azərbaycan
və Türkiyəni işğalçılardan,
kütləvi qırğınlardan, talanlardan xilas etdilər,
şanlı tarix yaratdılar.
Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən
bir həftə sonra - 1918-ci il iyunun 4-də Azərbaycanla
Osmanlı imperatorluğu arasında dostluq və
qarşılıqlı yardım haqqında müqavilə
imzalandı. Bu, müstəqil dövlət kimi
Azərbaycanın imzaladığı ilk beynəlxalq
hüquqi, diplomatik sənəd idi. Yeri
gəlmişkən, cümhuriyyətin süqutundan bir
həftə sonra - 1920-ci il mayın 3-də yeni qurulan Ankara
hökuməti özünün tarixdə ilk xarici
diplomatını da məhz qardaş Azərbaycana
göndərdi. Bu... Türkiyənin Azərbaycandaki ilk
səfiri, dövrünün tanınmış
yazıçısı, ictimai və siyasi xadim Məmduh
Şövkət Esendal idi. Gərgin və
çox mürəkkəb bir zamanda Qafqaz regionundakı
hərbi əməliyyatlara rəhbərlik edən Türk
Ordusunun Şərq Cəbhəsi komandanı Kazım
Qarabəkir paşa Türkiyə Böyük Millət
Məclisinin (TBMM) sədri Mustafa Kamal paşaya
göndərdiyi şifrəli teleqramında yazırdı
ki, Bakı ilə diplomatik əlaqələri mümkün
qədər tez yaratmaq lazımdır.
Azərbaycanın ən qədim yaşayış
məskənlərindən biri olan Naxçıvan, demək
olar ki, tarixin bütün dövrlərində ağır
siyasi durumlarla, müharibələrlə, kütləvi
qırğınlarla, aramsız düşmən
həmlələri ilə üz-üzə qalmış, lakin
xalq qəhrəmanlığı və dirənişi
ilə ağır qovğalardan üzüağ
çıxmış, varlığını, dəyərini
qoruyub saxlamışdır. XX əsrin əvvəllərində
də belə idi. Daşnak-bolşevik
birləşmələri qırğınlar, talanlar
törədir, ingilis müttəfiqlər də onlara
havadarlıq edirdi. Məqsəd Naxçıvanı
Ermənistanın ərazisinə qatmaq idi.
Bu o zamanlar
idi ki, 1917-ci ildə bolşevik çevrilişindən sonra
Türkiyə ilə Rusiya arasında imzalanan Ərzincan
müqaviləsinin şərtlərinə görə ruslar
Şərqi Anadoludan çəkilməli idilər. Lakin onlar
işğal etdikləri ərazilərdən çəkilərkən
həmin yerləri ermənilərə təslim etməyə
çalışırdılar. Beləliklə,
rusların köməyi nəticəsində ermənilərin
ordusu yaradıldı və sayı 17 minə
çatdırıldı. 1918-ci ilin əvvəllərində
qatil Andranikin rəhbərliyi ilə həmin daşnak ordusu
Ərzurum, Qars, Van, Bitlis, Muş, Naxçıvan və
Zəngəzur da daxil olmaqla bölgədə erməni
dövləti yaratmaq üçün bu
ərazilərə hücum edib əhalini qılıncdan
keçirir, amansız qətllər törədirdilər.
Neçə vaxtdan bəri aparılan Brest-Litovsk
danışıqları da bir nəticə vermirdi. Vəziyyət o yerə çatdı ki, Qafqazda
yaşayan müsəlmanlar, eləcə də
Naxçıvan əhalisi ermənilərin bölgədə
həyata keçirdiyi vəhşiliklərin
qarşısını almaq üçün türk ordusunun
vəziyyətə münasibət bildirməsini tələb
etdi. Böyük sərkərdə Mustafa Kamal paşa
durumun ağır olduğunu nəzərə alıb
təcili tədbirlər görür və əvvəlcə
Tərik Vəhip paşanın komandanlığı
altında 3-cü türk ordusunu yenidən təşkil edir.
Bundan sonra Şərq Cəbhəsinin komandanı Kazım
Qarabəkir paşa vaxt itirmədən özünü
naxçıvanlıların köməyinə yetirir. Bu vaxt Naxçıvanda vəziyyət olduqca
ağır idi, silahsız, topsuz-tüfəngsiz əhali
erməni qaniçənlərinin qarşısında
təkbaşına qalmışdı. Peşəkar
hərbçi kimi vəziyyəti və şəraiti
düzgün dəyərləndirən Kazım Qarabəkir
paşanın rəhbərliyi ilə Türk-Qafqaz Ordusu
hərbi əməliyyatlara başlayır...
Ata tərəfdən kökü oğuz
türklərinin əfşar tayfasından olan
Türkiyənin görkəmli hərbi-siyasi xadimi, general,
Birinci dünya müharibəsindən sonra Osmanlı
Şərq Ordusu baş komandanı Məmmədəmin
oğlu Musa Kazım Qarabəkir paşa 1882-ci ildə
İstanbulda dünyaya gəlmiş, ilk təhsilini
də İstanbulda Sultan Mehmed Fateh adına Hərbi
Rüşdiyyə məktəbində almış, türk
tarixini, ədəbiyyatını, dünya tarixini və bir
neçə xarici dili dərindən öyrənmişdi. O, rəssam, şair, bəstəkar olub, həm
də gözəl kaman çalırmış. Ən
əsası isə, böyük pedaqoq kimi
"çocuqların babası" adına layiq görülüb.
"Öyüdlərim" əsəri uşaqların
təlim-tərbiyəsində böyük rol oynadı. O,
1946-cı ildən 1948-ci ilə - yəni vəfat
edənədək Türkiyə Böyük Millət
Məclisinin sədri olmuşdur.
1918-ci il
iyulun 19-da II Qafqaz-Türk Ordusu qrupu və 35-ci piyada alayı
Naxçıvana doğru hərəkət edir. Səhəri
gün türk-hərbi birləşmələri
Naxçıvana girir və Andranikin quldur dəstəsini
darmadağın edir. Naxçıvanlılar qəhrəman
paşanı alqışlayır, onu öyürdülər.
Tarixi mənbələr deyir ki, 1828-ci ildə ilk
dəfə ermənilər Azərbaycan torpaqlarına,
eləcə də Naxçıvana
köçürüləndə naxçıvanlılar onlara
yardım etmiş, rahat məskunlaşmaları
üçün qayğı və diqqətlərini
əsirgəməmişlər, bir tikə
çörəklərini belə yarı bölmüşlər.
Lakin bu xeyirxahlığı unudan
ermənilər XX əsrin əvvəllərindən
başlayaraq Azərbaycan türklərinə qarşı
amansız qətliamlara başlamış,
torpaqlarımızı erməniləşdirmək
istəmiş, xüsusən də Naxçıvan kimi
barlı-bərəkətli türk torpağına göz
dikmişlər. Lakin bütün dövrlərdə
qəhrəman naxçıvanlılar düşmənin
arzusunu gözündə qoymuşlar.
1918-ci ilin
yazından başlayaraq Andranik 15 minlik quldur dəstəsi
ilə Naxçıvana soxulur. Onlar ilk olaraq Yaycı
kəndinin 700 evlik əhalisini qılıncdan
keçirərək Araza tökür.
Bu vaxt
istiqlalını yeni qazanan Azərbaycan Xalq Cümhuriyyəti
elə bir siyasi və hərbi vəziyyətdə idi ki,
nəinki Naxçıvan, Bakı, hətta ətraf ərazilər
də rus və ermənilərdən ibarət bolşevik
idarəçiliyində idi. Milli ordusu yox, hərbi güc
zəif, digər tərəfdən də Naxçıvanla
əlaqə yaratmağa bölgədəki
müttəfiqlər imkan vermirdi. Ümid yalnız türk
ordusuna, böyük sərkərdə Mustafa Kamal paşa
Atatürkə idi. Məhz onun göstərişi ilə
Naxçıvanın ağır günlərində
Ənvər paşa və Kazım Qarabəkir paşa
Naxçıvana gəlir, vəziyyəti öyrənir,
müharibənin qaçılmaz olduğunu qət edirlər.
Birinci
dünya müharibəsi başa çatdıqdan sonra
daşnak və bolşeviklər Azərbaycanın hər yerində
- Naxçıvanda, Qarabağda, Zəngəzurda qiyam və
iğtişaşlar törədirdilər. Naxçıvana
İrəvandan keçən dəmir yolunu və
Zəngəzurdan keçən yolları ermənilər
bağlamışdılar. Ermənistan müstəqilliyini
elan etdikdən bir həftə sonra erməni-daşnak
qüvvələri Naxçıvana basqın edir, burada
yaşayan türk-müsəlmanları amansızcasına
qətlə yetirirdilər. Qarşısıalınmaz
vəziyyət yaranmışdı. Bu zaman general-leytenant Nuru
paşanın komandanlığı altında Qafqaz İslam
Ordusu Bakını işğalçılardan azad etmək
üçün qanlı döyüşlərə girmişdi.
Kazım Qarabəkir paşanın komandanlığı
altında döyüşən Qafqaz-Türk ordusu bir
günün içərisində Naxçıvana
yürüş edib daşnakları geri oturdur və
Naxçıvanın yerli özünüidarə
hökumətinin qurulmasına yardım edir.
Məğlubiyyətdən dizi və gözü
qırılan ermənilər İrəvanda da
vəziyyətin gərgin olduğunu görüb paşadan
barışıq istəyirlər. 1920-ci il fevralın 2-də
Kazım Qarabəkir paşanın rəhbərliyi ilə
Gümrüdə Ermənistanla Türkiyə arasında sülh
müqaviləsi imzalanır. Gümrü müqaviləsini
Atatürk yeni Türkiyənin böyük hərbi-siyasi
zəfəri kimi yüksək qiymətləndirmiş, bu
münasibətlə nümayəndə heyətini təbrik
etmişdir. Bundan sonra bir müddət Cəfərqulu xan
oğlu Kəlbalı xan və qardaşı Rəhim xanla
birlikdə Naxçıvanı idarə edir.
Lakin məqsədinə nail olmayan erməni
daşnakları onları qızışdıran
havadarlarının təzyiqi ilə yenidən torpaq
iddialarını gündəmə gətirirlər. 1918-ci il
avqustun 4-də Azərbaycan nümayəndə heyətinin
İstanbuldakı rəhbəri Məhəmməd Əmin
Rəsulzadə Azərbaycanın xarici işlər naziri
Məhəmməd Həsən Hacinskiyə yazırdı:
"Ermənilər Ənvər paşaya xəritə və
layihə təqdim ediblər. Türkiyədən
Sürməlini, Naxçıvanı, Axalkələki,
Eçmiədzini, İrəvanı, Azərbaycandan
Qarabağı, Qazaxı, Zəngəzuru və Ordubadı,
Gürcüstandan isə Borçalını tələb
edirlər".
Naxçıvanın
başı üzərində yenidən qara buludlar
dolaşırdı. Başqa əlac yox idi. İranın
şimal-qərbində ingilislərə qarşı
apardığı uğurlu əməliyyatdan sonra Kazım
Qarabəkir paşa qərargahını Təbrizdən
Naxçıvana köçürür. Bu
gəlişi Naxçıvan camaatı böyük
sevgiylə, sevinclə qarşılasa da, Birinci dünya
müharibəsinin nəticələrinə və 30 oktyabr
1918-ci il tarixdə imzalanmış Mudros müqaviləsinin
şərtlərinə görə, Qarabəkir paşa və
ordusu Naxçıvanı tərk etməli idi. Amma o,
altı əsr dünyanın yarısına hökmranlıq
edən Osmanlı imperiyasının generalı idi,
mütləq bir yol tapmalıydı.
Cümhuriyyətin
əli və imkanları Naxçıvana
çatmadığı halda bu bölgəni necə
ümidsiz, köməksiz qoyub getmək olardı?! Vəziyyəti belə görən görkəmli
hərbi-siyasi xadim Kazım paşa çıxış yolu
tapdı. Yerli özünüidarə rəhbərləri
və şəxsən özünün tədbiri ilə
könüllü olaraq ordudan istefa edib burada qalan türk
əsgərləri və zabitləri, eləcə də
bölgənin aparıcı siyasi liderləri ilə
birlikdə 1918-ci il noyabrın 3-də Naxçıvanda
Araz-Türk hökuməti yaradılır. Məqsədinə
çatmaq üçün ən qatı terror
əməlləri törədən daşnaklar yenidən
Naxçıvana hücum edir, yeni yaranan hökumət də
ölüm-dirim savaşına girirdi. Türk
və Azərbaycan Ordusu paşanın komandanlığı
altında qeyri-bərabər döyüşlərdə
müttəfiqlərin gözü qarşısında
düşməni darmadağın edir, Naxçıvanı,
Ordubadı, Culfanı, Şəruru, İğdırı
və başqa əraziləri erməni
işğalçılarından təmizləyir.
Hər bir naxçıvanlının qəlbində Kazım
Qarabəkir paşa var idi. Araz-Türk hökuməti az sonra
Qars İslam Şurası, sonra da Cənub-Qərbi Qafqaz
hökuməti adı ilə daha böyük türk
ərazilərini və xalqını qorumaqda
əhəmiyyətli rol oynayaraq tariximizə
düşmüşdür.
"Azərbaycan"
qəzetinin 1919-cu il 9 mart tarixli sayında yazılır:
"Dünən Naxçıvandan sürət qatarı
ilə Bakıya -Azərbaycan hökumətinə Türk-Araz hökumətinin
xüsusi missiyası gəlmişdi. Missiyaya
tanınmış şair və dramaturq, öz pedaqoji
fəaliyyəti ilə Bakı əhalisinə yaxşı
tanış olan Hüseyn Cavid də daxildir. Missiya hökumət
tərəfindən fövqəladə səlahiyyətlə
görəvləndirilmişdi". Lakin
Naxçıvanın işğaldan
təmizlənməsində, daşnak qüvvələrinin
məhv edilməsində böyük xidmətləri olmuş
Araz-Türk hökumətinə, təəssüf ki, 1919-cu il
aprelin 12-də bölgəni himayəyə götürən
Böyük Britaniya qüvvələri tərəfindən
son qoyulur, üzvləri Maltaya sürgün edilir. Hökumətin süqutundan sonra Naxçıvan olduqca
ağır vəziyyətə düşür,
bölgəyə ayaq açan müttəfiqlərin
emissarları Naxçıvanı Ermənistan ərazisi
etmək üçün yollar axtarırlar. 1919-cu ilin
mayında bu cür havadarların fitnəsi ilə erməni
quldurları yenidən Naxçıvana girir.
Mənbələrdə
qeyd olunur ki, bu dəfə Azərbaycan Xalq Cümhuriyyəti
rəhbərliyi Naxçıvanda baş verənlərə
kəskin reaksiya bildirir. Azərbaycanın Ermənistandakı
diplomatik nümayəndəsi Xan Tekinski Ermənistan
hökumətinə bu barədə etiraz notası təqdim
edir. O, Azərbaycanın Baş naziri Nəsib bəy Yusifbəyliyə
yazırdı: "Danışılanlara görə,
ingilislər Şəruru, Naxçıvanı
ermənilərə vermək istəyir. Belə olsa, xalqı
dəhşətli aqibət gözləyir".
1919-cu
ildə ingilislər Naxçıvanda qondarma erməni
qubernatorluğu yaradır. Lakin Naxçıvan camaatı bu
idarəetməni qəbul etmir və nəticədə qurumun
fəaliyyəti yerləşdiyi gərargahdan kənara
çıxmır. AXC-nin Naxçıvanla
əlaqələri müttəfiqlər tərəfindən
əngəlləndiyindən bölgə barədə
məlumatlar yalnız AXC-nin Ermənistandaki diplomatik
nümayəndəliyindən və İran səfirliyindən
alınır. Azərbaycan hökumətinin
başçısı Fətəli xan Xoyskinin qərarı
ilə 1919-cu il martın 19-da İsmayıl xan Ziyadxanov
başda olmaqla İrana fövqəladə diplomatik missiya
göndərilir. Bundan sonra buradakı vəziyyət
barədə məlumatlar həmin diplomatik missiyaya çatdırılır.
1919-cu ilin
yazına doğru Xan Tekinski AXC-nin xarici işlər
nazirinə yazırdı: "Naxçıvan, Şərur,
Vedibasar və Şahtaxtı erməni qoşunları
tərəfindən tutulmuşdur. Naxçıvan Milli
Şurası bunu müttəfiq komandanlığına
bildirməyi və təcili tədbirlər görməyi
xahiş edir". Düşmən qarşısında
təklənən Azərbaycan hökuməti artıq
Türkiyədən yardım ala bilmirdi. Erməni
işğalçılarına qarşı mübarizə
aparan Naxçıvan əhalisi İrana və
Türkiyəyə yenidən nümayəndə heyəti
göndərir. İran şahzadəsinə
çatdırılan məktub əsasında İran
hökuməti Mirzə Əli Heyətin (dünya
şöhrətli alim, cərrah Cavad Heyətin atası)
başçılığı ilə
nümayəndə göndərir ki, vəziyyəti
təfərrüatı ilə öyrənib
hökumətə məruzə etsin.
1919-cu il mayın 19-da Samsuna, oradan da Kazım
Qarabəkir paşanın dəvəti ilə Ərzuruma
gələn Atatürk iyulun 23-dən avqustun 7-dək
Ərzurum konqresində Türkiyənin nicatını
planlayarkən Naxçıvandan Ərzuruma yetişə
bilməyən heyətin Qarsdan teleqrafla göndərdiyi
"Naxçıvan əhalisinin konfransa müraciəti"ni
Kazım Qarabəkir paşa ilə müzakirə edir. Onlar
birlikdə Naxçıvanı necə qurtarmaq barədə
müzakirələr aparır, yollar axtarırdılar.
Atatürklə müzakirədən sonra Kazım Qarabəkir
paşa türk zabitlərindən bir neçəsini ordudan
fərarilik etmiş kimi göstərməklə gizli
şəkildə Naxçıvana göndərir. Həmin vaxtdan Naxçıvana rəsmi
şəkildə türk bölmələri gəlir. İki
tabor kimi təşkil olunan bu qüvvələr həm yerli
özünümüdafiə qüvvələrinin
hazırlanmasında, həm də Naxçıvanın
müdafiəsində yaxından iştirak edirlər.
Kazım Qarabəkir paşa general Veysel Unuvəri bu hissələri
təftiş etmək üçün Naxçıvana
göndərir və bu ərazidə qalıb onlara
rəhbərlik etməyi ona tapşırır. Bu vaxt
Naxçıvanda xalqın qəhrəman oğulları da
daşnak-quldur birləşmələrinin ərazidən
çıxarılmasında qəhrəmancasına
vuruşur, əhalinin qanı bahasına düşmənlər
bölgədən çıxarılırdı.
Bir
müddət sonra ingilislərin və amerikalıların
yaratdıqları oyuncaq general-qubernatorluqlar ləğv edilir. Onlar fəaliyyətdə olarkən də
bölgədə hakimiyyət felən Cəfərqulu
xanın başçılığı ilə
Naxçıvan Milli Şurası tərəfindən idarə
olunurdu. 1919-cu il oktyabrın 26-da Səməd bəy
Cəmillinski Naxçıvana yeni qubernator təyin edilir,
ABŞ qubernatoru polkovnik Delli isə bir müddət onun
yanında nümayəndə kimi qalıb
çalışır.
General
Kazım Qarabəkir paşanın komandanlığı
altında Naxçıvan düşmən
işğalından təmizlənsə də, 1920-ci ilin
aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut edir
və XI qırmızı ordu sərhədlərdən
içəri daxil olur. Ruslar Naxçıvanı
ermənilərə vermək üçün yenidən
fəaliyyətə keçir, türk qoşunlarının
Naxçıvandan çıxmasında təkid edirdilər.
Təkidlərə baxmayaraq, Kazım Qarabəkir paşa daha 8
ay oradaki taborlarla birlikdə Naxçıvanda qalır. Bu
qəhrəman türk generalının məqsədi
Naxçıvanın taleyi üçün tam siyasi
təminat almaq, nəyin bahasına olursa-olsun buranı
erməni-rus caynağından çıxarmaq idi. Bunun
üçün birinci addım Naxçıvan
məsələsini Moskva müqaviləsinin əsas
bəndlərinin birinə salmaq di. O, buna var
gücü ilə çalışırdı. Sonradan
yazdığı "Bolşeviklərlə səkkiz ay
birlikdə" xatirələr kitabında general Veysəl
Unuvər Azərbaycan türkləri ilə birlikdə
çiyin-çiyinə erməni
işğalçılarına qarşı
mübarizələrdən və Naxçıvanın
taleyindən danışır.
Naxçıvan
uğrunda gedən qanlı döyüşlər
səngisə də, bölgənin taleyi həll
olunmamışdi, düşmənlər bu torpaqları
Ermənistan ərazisinə qatmaq üçün
dəridən-qabıqdan çıxırdılar. Lakin qəhrəman türk sərkərdələri
Mustafa Kamal paşa Atatürk və silahdaşı Kazım
Qarabəkir paşa Türkiyənin özündə
vəziyyətin son dərəcə ağır olmasına
baxmayaraq, Naxçıvanın bir qarışını da
düşmənə vermək niyyətində deyildilər.
1921-ci il martın 16-da Moskvada Rusiya ilə
Türkiyə arasında, 1921-ci il oktyabrın 13-də isə
Qarsda Türkiyə ilə Azərbaycan, Gürcüstan və
Ermənistan arasında anlaşma imzalandı. Rusiya
nümayəndəsinin iştirakı ilə
bağlanmış müqavilədə Naxçıvanın
Azərbaycanın tərkibində qalması və muxtar statusa
malik olması, eləcə də
Naxçıvanın taleyi ilə bağlı
təhlükə yarandıqda Türkiyənin
təminatçılığı məsələsi
birdəfəlik öz həllini tapdı. Tarixi
müqaviləni imzalayan nümayəndələrdən biri
də Kazım Qarabəkir paşa idi. Böyük
türk sərkərdələrinin Azərbaycanın milli
maraqlarına və ərazi bütövlüyünə
verdiyi töhfələr qədirbilən xalqımızın,
naxçıvanlıların yaddaşındadır.
Tarix unudulmur. 1999-cu il oktyabrın 16-da ulu
öndər Heydər Əliyev həm Naxçıvan Muxtar
Respublikasının yaranmasının 75 illiyi, həm də
Naxçıvanın xilaskarı Kazım Qarabəkir
paşanın əziz xatirəsinə ucaldılmış
məscidin açılışı münasibətilə
Naxçıvana səfər etmişdi. Böyük
öndər Naxçıvanın xilasında böyük rol
oynamış türk generalından danışarkən dedi:
"Azərbaycan ən ağır dövrlərində
Türkiyənin və türk xalqının
yardımını görüb və daim buna
minnətdardır. Xüsusən 1918-19-cu
illərdə böyük Atatürkün
sərkərdəliyi və başçılığı
ilə istiqlal savaşı apararkən öz
torpaqlarını ermənilərdən və başqa
düşmənlərdən təmizləyərkən
türk xalqı Azərbaycana, Naxçıvana öz
böyük xidmətlərini göstərdi. 1921-ci
ildə Qarsda Azərbaycan xalqı üçün çox
əhəmiyyətli olan Qars anlaşması imzalandı. Onu
Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan
imzaladılar. Bu imzalarla Naxçıvanın
Azərbaycanın tərkibində olması təsdiq edildi.
Burada əsas rolu Türkiyə oynadı. Həmin tarixi Qars
müqaviləsinin altında bizim hörmətli Kazım
Qarabəkir paşanın imzası var.
...Hörmətli
diyanət işləri bakanı deyir ki, bu məscid Heydər
Əliyevin əsəridir. Mən buna çox məmnunam, amma
eyni zamanda həqiqət də budur ki, mən burada
işləyərkən körpünü açdıq, yollar
açıldı, getdik-gəldik. Mən rica etdim ki,
Türkiyə buraya hər türlü yardımlar edir, amma
burada bir məscid, came də yaradılsın. Çünki
xalqımız 70 il dindən ayrı düşüb. Yəni
qəlbində dini saxlayıb, amma din yasaq, qadağan olunubdur.
Naxçıvanda Allah evi azdır, bunu etmək
lazımdır. Mənim bu ricam da qəbul edildi. Diyanət
İşləri Bakanlığının qərarı
ilə bu camenin tikilməsi üçün yer
axtarıldı. Biz birlikdə bu yeri tapdıq. Sonra camenin layihəsini
gətirdilər, baxdıq və onun əsası qoyuldu. Sonra
mən Bakıya getdim, Azərbaycana rəhbərliyə
başladım. Daim maraqlanırdım ki, burada inşaat,
tikinti necə gedir, nə vaxt qurtaracaq. Çünki
tələsirdim ki, gəlib bu cameni görüm,
açılışında iştirak edim. Allah bu qisməti
mənə verdi. Ona görə də mən böyük
iftixar hissi ilə bu təntənəli, hörmətli
məclisdə iştirak edirəm. Bu hadisə
münasibətilə hamınızı ürəkdən
təbrik edirəm. Güman edirəm ki, artıq biz bu lenti
bərabər kəsməliyik".
Hazırladı:
Rəsmiyyə RZALI,
Azərbaycan.- 2010.- 19 dekabr.- S.5.