Şairin sənət idealı
Xalq şairi Nəriman Həsənzadə
illərdir ki, oxucuların çox sevdiyi və müntəzəm oxuduğu,
ədəbi tənqidin
yüksək dəyərləndirdiyi,
həmkarlarının ehtiram
göstərdiyi söz
ustadlarından biridir.
Şöhrətin sevinci, yaşın kədəri
Tərs kimi ikisi bir vaxta
düşür, -
deyən Nəriman Həsənzadə bir şair kimi elə maraqlı poetik dünya sahibi, bədii təfəkkür yiyəsidir
ki, onun oxucu ürəyində öz yeri, öz
yozumu var. Bu günlərdə sevimli şairin yeddicildlik - "Seçilmiş əsərləri"nin birinci cildi
çapdan çıxmışdır.
Ədəbi tənqid
tərəfindən bütün
yaxşı şairlərin
ünvanına qanadlanan
eyni xislətli xoş sözlər var: xəlqi, vətəndaş şairdir,
istiqlal və azadlıq şairidir, hürriyyət vurğunudur
və sairə. Əlbəttə, bu məziyyətlərin hamısını
Nəriman Həsənzadə
yaradıcılığına aid etmək mümkündür. Yəni
bu, çətin deyil ki, nümunələr
əsasında şərh
edəsən ki, müəllif hansı şeirində xəlqi şairdir, hansında daha çox fəlsəfidir, yaxud azadlıq carçısıdır.
Nəriman Həsənzadə
poeziyası, bütün
bunlarla bərabər,
etiraflardan ibarətdir.
Şairin yeni kitabında da bu qərib və
qəribə duyğular
duyulmaqdadır:
Bir insan ömrünü girov qoymuşam,
Bir şair ömrünü yaşatmaq üçün.
Doqquz bölmədən ibarət
olan yeni kitabda Nəriman Həsənzadə yaradıcılığının
əks-sədası o qədər
geniş və rəngarəngdir ki, bəzən hansı şeiri təqdim etməkdə, hansı poetik nailiyyətdən, nümunədən danışmaqda
çətinlik çəkirsən. Çünki bədii sözün ləyaqət bayrağını
bütün yaradıcılığı
boyu ucalıqda saxlayan Nəriman Həsənzadənin qələmindən
nə çıxıbsa,
məzmunludur, bitkindir
və mükəmməldir.
Onun lirik şeirlərində oxucu ürəyini titrədən,
insan ovqatında xoş duyğular, intibahlar oyadan, min köhnəliyin içində
min bir təzəlik yaradan böyük Sözün qüdrəti
var:
Nə vaxt yetişirsə böyük
sənətkar,
Hər xalqın şöhrəti
o vaxta düşür.
Ötən əsrin
sonlarında xalq şairi Bəxtiyar Vahabzadə Nəriman Həsənzadənin bir kitabına yazdığı
ön sözdə bildirirdi: "...Nəriman
Həsənzadə dünyada
gözəllik, nəciblik,
zəriflik axtarır və bunları bəzən olmayan yerdə də görür, çünki
gözəllik və zəriflik bu şairin sənət idealıdır. O, yalnız
bu ideya eşqinə yazıb-yaradır.
Bax budur onun nəğmələrinin
baş motivi".
Elə bu motivə sadiqliyidir ki, Nəriman Həsənzadənin şeirləri
həmişə oxucunu
isidib, düşündürüb,
bəzən də bilmədiklərini ona həzincə pıçıldayıb:
Yer qazıram,
qum çıxır,
Bal yeyirəm,
mum çıxır.
Şeytandan danışırlar,
Erməni qohum çıxır.
Yeni nəşrə
filologiya elmləri doktoru, professor Buludxan Xəlilov yazdığı ön sözdə haqlı olaraq Nəriman Həsənzadəni "taleyi
özü ilə doğulan" şair adlandırır. Həqiqətən də iki əsrin ələyindən
çıxaraq müasirlərinin
sırasında klassikləşən,
seçilən, çağdaş
poeziyamızın görkəmli
nümayəndəsi Nəriman
Həsənzadə ədəbiyyatımızın
ədəbi üfüqlərində
parlayan bir sənətkardır. Adətən deyirlər ki, şairlər öz talelərini yazırlar.
Maraqlıdır ki, Nəriman
Həsənzadənin taleyi
elə əsl şair taleyidir. Nədən belə söyləyirik?
Belə bir fikir var
ki, əsl şeir dərddən doğulur, Nəriman Həsənzadə erkən
atasını itirib, sonra da qayğısına,
məhəbbətinə sığındığı
anasını. Yetimliyin hər
cür əzabını,
zülmünü gördüyündən
çox həssas və kövrək ürəyə malikdir.
Ona görə də bu yuxa qəlbin
pıçıldadıqları təsirli, yaddaqalan olub. Xarakterindəki, davranışındakı nəzakət, diqqət, səmimiyyət bütün
şeirlərinin ahəngində
var. Nəriman Həsənzadə
şeirlərinin bir qüdrəti də bax bundadır. Onun şeirlərindəki səmimiyyət
yüzlərlə nəğməyə
qanad verib. Elə yeni nəşrdə də tanınmış bəstəkarların musiqi
həyatı verdiyi onlarla nəğməsi toplanıb. Bu şərqilərin hər
birində böyük
bir məhəbbətin,
insan duyğularının
yaşantıları dil
açır. Nəriman Həsənzadə
şeirləri poeziyamızın,
musiqi libası geymiş misraları isə mahnı janrımızın inciləridir.
Xalq artisti Zeynəb Xanlarovanın ifasında səslənən onlarla mahnısı var Nəriman Həsənzadənin.
Bu gün də o nəğmələri dinləyəndə
sanki retro aləminin sehrinə düşürsən,
Nə şərəfli
bir iş ki, bu gün
Nəriman Həsənzadə
haqqında, onun şeirləri barəsində
söz demək səadəti bizə də nəsib olub. Yaradıcılığının
baş qəhrəmanı
milli-mənəvi dəyərlərimiz,
tariximiz, kökümüz,
Vətənimiz olan Nəriman Həsənzadə
haqqında fikir yürütmək, münasibət
bildirmək, professor Nizami
Cəfərovun təbirincə
söyləsək, əslində
elə Azərbaycan poeziyası barəsində
danışmaq deməkdir.
Bu iki varlığı
bir-birindən ayırmaq
qeyri-mümkündür. Nəriman Həsənzadə poeziya adlı bu sirli
aləmin əbədiyaşar
sakinidir.
Yeni nəşrdə hər yaşın oxuyacağı
şeirlər var. İstedadlı
şair uşaqlar üçün də maraqlı, yaddaqalan şeirlər müəllifidir. Kitabın
sonunda "Heç nə istəməyən qız" bölümündə
məhz balacalar üçün qələmə
alınmış poetik
nümunələr toplanıb:
- Ata güllü
bir corab al,
heç nə daha istəmirəm.
Sən tülkülü
bir kitab al,
heç nə daha istəmirəm.
Bir plaş
al, iki bayraq,
bir qara zont, bir ağ
papaq...
Heç nə daha istəmirəm...
Uşaqlar üçün
qələmə alınmış
"Qızım", "Xatirə", "Heykəl",
"Şeytan qız",
"Nazim", "Qızıl
lələk nağılı",
"Solmaz" kimi şeirlər balacaların
duyğu və düşüncələrinə, yaşlarına, təfəkkür
tərzinə uyğundur.
Bu şeirlərdə həm də elə maraqlı süjet xətti, yadda qalmaq qüdrəti
var ki, baş
sındırıb əzbərləməyə
lüzum yoxdur. Bir dəfə eşitdin, yadda qalır. Sadə, düşündürücü və mənalı şeirlərin uşağın
təfəkküründə, danışıq tərzində
təsiri əvəzsizdir.
Nəriman Həsənzadə
şeirlərinin birində
söyləyir: "Şairlə
bir görüş, ya adi bir
söhbət Allaha xidmətdi, bəndəyə
hörmət". Həqiqətən də Nəriman Həsənzadə kimi sevilən bir şairin şeirlərini oxumaq, onun poeziyasının
cazibəsinə düşmək
oxucuya mənəvi rahatlıq, ruhi bir sakitlik gətirir.
Onun şeirlərindəki incəlik,
zəriflik, insan taleyinə olan həssas münasibət və müdriklik hikmət dəryasından
süzülən incilərə
bənzəyir. Oxuduqca
heyrətlənirsən, düşünürsən,
başdan-ayağa nəcib
duyğulara, fikirlərə
bələnirsən:
Qaranlıq işıqdan
görünmür heç
vaxt,
İşıq qaranlıqdan görünür
ancaq.
Bax bu fəlsəfəsinə,
bu müdrik fikirlərinə görə
Nəriman Həsənzadə
poeziyasında qaynayan bədii dilin şəffaflığı, səlisliyi,
sərrastlığı oxucunu
daim bu böyük
şairin şeirlərinə
çəkir. Müəllif inamla söyləyir
ki, "kitab da bir ömrün
vəsiqəsidi, gah sevinc bürüyər, gah kədər məni". Biz də bu ömür
vəsiqəsinin hər
vərəqində Azərbaycan
poeziyasının çox
görkəmli nümayəndəsinin
real həyat sınaqlarından
çıxmış bədii
fikrinin, poetik düşüncəsinin şahidi
olduq.
Flora XƏLİLZADƏ,
Azərbaycan.- 2010.- 19 dekabr.- S. 5.