Azərbaycan qlobal enerji
təhlükəsizliyinin təminatına daha böyük
töhfələr verir
Beynəlxalq Enerji Agentliyinin
hesabatında ölkəmizin enerji ehtiyatlarından
səmərəli istifadə etdiyi vurğulanır
Yeni
yüzillikdə qloballaşmaqda olan müasir dünya
qarşısında həlli kifayət qədər vacib
əhəmiyyət daşıyan
məsələlərdən biri də enerji təhlükəsizliyinin
təmin olunmasıdır. O da faktdır ki, geosiyasi
ziddiyyət və maraq çəkişmələri ilə
zəngin olan indiki dövrdə qlobal enerji
təhlükəsizliyinin təmin olunması elə də asan
proses deyil, mürəkkəb xarakterə malikdir. Elə bu
səbəbdən də sözügedən məsələyə
beynəlxalq miqyasda yetirilən diqqət daim
yüksələn xətt üzrə inkişaf
etməkdədir.
Qlobal enerji təhlükəsizliyinin təmininə
getdikcə daha böyük töhfələr verməyə
başlayan, bu məsələnin həllində xüsusi
çəkisini artıran, qeyd edilən istiqamətdə
fəal siyasət yürüdən dövlətlər də
mövcuddur ki, onlar sırasında Azərbaycanın
adı olduqca tez-tez hallanır. Danılmaz həqiqətdir ki, dünyanın
enerji xəritəsində artıq özünəməxsus
yeri və mövqeyi olan Azərbaycan hazırda qlobal enerji
təhlükəsizliyinin təminatında mühüm rola
malik əsas ünvanlardan biridir. Buna
səbəb həm ölkənin zəngin enerji
ehtiyatlarına malik olması, həm də böyük karbohidrogen
ehtiyatlarının cəmləşdiyi Mərkəzi
Asiyanın bu resurslarının alternativ yolla dünya
bazarlarına çıxarılmasında əsas tranzit
ölkələrdən biri funksiyasını
daşımasıdır.
Hazırda
özünün enerji ehtiyatlarını, xüsusən də
təbii qaz resurslarını müxtəlif marşrutlarla
dünya bazarlarına çıxaran Azərbaycan yeni
layihələr üzərində fəal iş aparır.
Bununla bağlı dünyanın bir çox
tanınmış şirkətləri, eləcə də
müxtəlif dövlətlər, o cümlədən
Qərb ölkələri Azərbaycanla fəal iş
aparırlar. Məhz bu məqam bir daha Azərbaycanın
böyük enerji resurslarına malik olduğunu və bu
ehtiyatların uğurla reallaşdığını
göstərir. Görülən məqsədyönlü
tədbirlər nəticəsində ölkəmizdə
həm neft, həm də qaz hasilatı mütəmadi olaraq
artmaqdadır. Artıq bu gün Azərbaycanda 50 milyon tondan çox
neft hasil edilir.
Azərbaycanda təsdiq edilmiş qaz
ehtiyatlarının həcmi 2 trilyon kubmetr
qiymətləndirilsə də, "Ümid"
yatağının kəşfi bu sahədə yeni bir
vəziyyət yaradır. Xatırladaq ki,
yalnız Azərbaycanın öz maliyyə imkanları və
mütəxəssisləri hesabına "Ümid"
yatağında aparılmış kəşfiyyat
işləri hesabına əldə olunmuş geofiziki
məlumatların və süxur nümunələrinin
təhlilinin nəticələrinə əsasən burada
böyük yataq olduğu aşkarlanıb. Kəşfiyyat zamanı təkcə
qazılmış beşinci quyuda 250 milyard kubmetr qaz ehtiyatı
olduğu bildirilir. Sözügedən
quyunun perspektivli olması sübut edir ki, buradakı
"Babək" yatağı "Ümid"dən iki
dəfə böyükdür. Yəni
"Ümid"də yaxşı nəticə
alınması o deməkdir ki, "Babək"in
perspektivliliyi iki dəfə artıqdır. Ümumiyyətlə,
əldə olunmuş nəticələrə əsasən
belə hesab olunur ki, əgər ölkəmizin 2 trilyon kubmetr
təsdiq edilmiş qaz ehtiyatı varsa, ən azı 2 trilyon
kubmetr də perspektiv ehtiyatı olacaq.
Lakin
geoloqların proqnozlarına əsaslanan real ehtiyatların
həcmi bundan daha çoxdur. Bu isə ölkəmizə
onilliklər ərzində böyük miqdarda qaz ixrac
etməyə imkan verir. Tələb olunacağı və yeni
ixrac marşrutları yaranacağı təqdirdə
Azərbaycan hasil etdiyi qazın həcmini əhəmiyyətli
dərəcədə artırmaq üçün lazımi
potensiala malikdir. Prezident İlham Əliyev bununla
əlaqədar bildirmişdir: "Bu gün Azərbaycanda qaz
hasilatının səviyyəsi təqribən 30 milyard
kubmetrə, lap dəqiq desək, 28,5 milyard kubmetrə
bərabərdir. Daxili qaz istehlakı təqribən 10-11
milyard kubmetrdir. Bu o deməkdir ki, qalan həcm ya ixrac edilir, ya
yeraltı anbarlara, ya da təzyiqi saxlamaq üçün neft
laylarına vurulur. Biz qaz hasilatını qısa
müddətdə artıraraq 40 milyard, hətta 50 milyard
kubmetrə çatdıra bilərik, lakin bunun
üçün kontraktlar lazımdır. Buna görə
də biz əsas diqqəti məhz yeni satış
bazarlarının müəyyənləşdirilməsi
məsələsinə yönəltmişik".
Azərbaycanın
enerji ehtiyatlarını uğurla reallaşdırması indi
beynəlxalq miqyasda da açıq etiraf olunur, təqdir edilir.
Bunu dünyanın nüfuzlu qurumlarından olan Beynəlxalq
Enerji Agentliyinin "World energy outlook 2010" adlı yeni illik
hesabatından da aydın görmək mümkündür.
Londonda
təqdim edilən hesabatda dünyanın enerji bazarında
vəziyyətin təhlili ilə yanaşı bu sahədə
2035-ci ilə qədər mümkün tendensiyalar haqqında
proqnozlar verilir. Hesabatda böyük karbohidrogen ehtiyatlarına
malik Xəzər hövzəsinə, o cümlədən
də Azərbaycana geniş diqqət ayrılıb. Bildirilir
ki, Xəzərin karbohidrogen ehtiyatlarının
işlənməsi dünyanın enerji
təhlükəsizliyini gücləndirir. Növbəti iki
onillik ərzində hasilat və ixracı artırmaq
üçün dənizdə kifayət qədər neft
və qaz resurslarının olduğu qeyd edilir. Növbəti
15 il ərzində hasilatın artan xətt üzrə
inkişaf edəcəyi vurğulanır. 2025-2030-cu illər
ərzində gündəlik neft hasilatının 5,4 milyon
barrelə çatacağı proqnozlaşdırılır.
Analoji fikir təbii qaz hasilatı ilə bağlı da
səsləndirilir. Qeyd olunur ki, qaz hasilatı 2009-cu ildəki
159 milyard kubmetrdən, 2020-ci ildə 260 milyard kubmetrə,
2035-ci ildə isə 310 milyard kubmetrə
yüksələcək. Bu zaman əsas hasilatçılar
Azərbaycan, Türkmənistan və Qazaxıstan olacaq.
Hasilata müvafiq olaraq ixrac edilən təbii qazın
miqdarı da artacaq. 2020-ci ildə ixrac həcminin 100 milyard
kubmetrə, 2035-ci ildə 130 milyard kubmetrə
çatacağı proqnozlaşdırılır. Hesabatda o da
xüsusi vurğulanır ki, Xəzər regionu Avropanın,
eləcə də yeni əsas enerji
istehlakçılarından birinə çevrilən
Çinin qaza olan tələbatının böyük bir
hissəsini təmin etmək üçün zəngin
potensiala malikdir.
Sənəddə
bildirilir ki, Azərbaycan neftlə yanaşı, son illər
həm də qaz hasilatçısı və
ixracatçısı olan ölkəyə çevrilib.
Hazırda Azərbaycan Ermənistan istisna olmaqla bütün
qonşularına qaz satır. Hesabatda qeyd olunur ki, Xəzər
qazının əsas alıcısı Rusiya olsa da, Avropa
və Çin istiqamətlərinə satış da artacaq.
Xüsusilə gələcəkdə Azərbaycandan
Türkiyəyə doğru cənub dəhlizinin inkişaf
etdirilməsi daha böyük həcmdə Azərbaycan
qazının Qərbə doğru istiqamətlənməsinə
imkan verəcək. Agentlik ekspertləri Azərbaycanın
enerji ehtiyatlarından səmərəli istifadə
baxımından Xəzərdəki qonşularından
irəlidə olacağını gözləyir.
O da bildirilir
ki, Azərbaycanda neft hasilatı qarşıdakı bir
neçə ildə gündə 1,3 milyon barrelə
çatacaq və 2014-cü ildə hasilat özünün
ən yüksək həddinə yüksələcək. Sənədə görə Azərbaycan 2020-ci
ildən sonra Qazaxıstandan Avropaya neft nəqlində əsas
tranzit ölkəyə çevriləcək. Əksər
ekspertlər isə Azərbaycanın hələ
qarşıdakı onillər ərzində əsas neft hasil
edən ölkələrdən biri kimi qalacağını
düşünür. Buna konkret misal olaraq
xatırlanır ki, hətta ehtiyatının tükəndiyi
gözlənən yataqlar da hazırda neft verməkdə davam
edir. Məsələn, xatırlanır ki, 1949-cu ildə
istismara verilən Neft Daşları yatağının
ehtiyatları hesablamalara görə 1997-ci ildə
tükənməli idi. Amma bu yataq hələ də ilə
bir milyon ton neft verir. İndi verilən proqnoza görə
isə Neft Daşları 2028-ci ilə qədər də neft
verməkdə davam edəcək.
Bir sıra
tanınmış beynəlxalq ekspertlər də hesab
edirlər ki, Azərbaycanın qarşıdakı illər
ərzində qlobal enerji təhlükəsizliyinin təmin
olunmasında rolu indiki ilə müqayisədə əhəmiyyətli
dərəcədə yüksələcək. Buna konkret
sübut kimi Azərbaycanın iştirakı ilə
reallaşan yeni layihələr göstərilir. ABŞ-ın
"Heritage" Fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji
siyasəti üzrə aparıcı eksperti Ariel Koen bu
kontekstdə "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI)
layihəsinə diqqət çəkir. Onun
sözlərinə görə, Azərbaycanın maye
qazının Gürcüstandan Qara dəniz vasitəsilə
Rumıniya və Mərkəzi Avropanın digər
ölkələrinə nəqlini nəzərdə tutan AGRI
layihəsi Xəzər regionundan Avropaya qaz tədarükü
marşrutlarından ən perspektivlisi ola
bilər: "Bu gün AGRI Xəzər regionundan Avropaya qaz
tədarükü marşrutlarından ən perspektivlisi ola
bilər. Ola bilsin, bu layihə Avropa
üçün prioritet hesab edilən Nabukko qaz boru
kəmərindən daha tez həyata keçirilsin".
Xatırladaq
ki, cari ilin sentyabrın 14-də Bakıda Azərbaycan,
Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi
üzrə Bakı Bəyannaməsini imzalayıblar.
Koenin dediyinə görə,
Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan
Prezidenti Mixeil Saakaşvili və Rumıniya Prezidenti Trayan
Besesku, eləcə də Macarıstanın Baş naziri Viktor
Orban Bakıda qazın Gürcüstan və Qara dəniz
vasitəsilə Avropaya tədarükü üzrə
layihənin həyata keçirilməsinə yeni impuls
veriblər. Üç ölkə lideri maye təbii qaza
üstünlük verirlər: "Layihəyə
yüksək səviyyəli diqqət onu
fikirləşməyə əsas verir ki, yeni ideya yaxın
vaxtlarda digər dövlətləri də cəlb
edəcək". Onun sözlərinə görə, AGRI
layihəsi üzərində işlərin başlanması
haqqında bəyannamənin imzalanması ilə Avropa enerji
təhlükəsizliyi barədə bəzi zəmanət
əldə edib: "Bu gün ekspertlərin çoxu hesab edir
ki, AGRI Avropa İttifaqının enerji
təhlükəsizliyinə nail olmaq üçün ən
yaxşı qərardır. Bu marşruta maye
qazın Avropaya tranziti üçün Xəzərlə
Azərbaycana tədarük etmək niyyətində olan Türkmənistanın
da maraq göstərməsi az əhəmiyyət kəsb
etmir".
Koen onu da
xatırladıb ki, Ukraynanın yanacaq və energetika naziri Yuri
Boyko AGRI layihəsində maraqlı olduğunu ifadə edib
və ölkəsinin Odessada maye təbii qazın idxalı
üzrə terminal tikildikdən sonra ildə 10 milyard kubmetr
maye təbii Azərbaycan qazı almağa hazır olduğunu
bildirib. Onun fikrincə, AGRI layihəsi fəaliyyətə
başladıqdan sonra Azərbaycanın enerji resursları
Avropa bazarlarına, xüsusən də Mərkəzi və
Şərqi Avropa və Balkan ölkələrinə
çıxacaq. Avropanın vahid qaz
şəbəkəsi yaradıldıqdan sonra
uzunmüddətli perspektivdə Bakı Qərbi Avropada
aktivlərdən istifadə edə biləcək, bu,
Azərbaycan və onun layihə tərəfdaşları
üçün mühüm geosiyasi uğur olacaq.
Qarşıdakı
dövr ərzində dünyanın enerjiyə olan
tələbatının daha da artacağı
gözlənilir. Beynəlxalq Enerji Agentliyi hesab edir ki,
2035-ci ilə qədər neft yenə də istifadə olunan
ən əsas enerji növü kimi qalacaq. Onun
ardınca da kömür gələcək. Qaz
istehlakı da sürətlə artacaq və dünyanın
enerji tələbatının ödənməsində
qarşıdakı iyirmi beş ildə
təbii qazın rolu yüksələcək. Qaza
tələbat hər il 1.4 faiz artaraq 2035-ci
ildə indikindən 44 faiz daha çox olacaq. Nüvə
enerjisinin payı 2035-ci ildə indiki 6 faizdən 8 faizə
çatacaq. Bərpa oluna bilən enerji
növlərindən istifadə 7 faizdən 14 faizə qalxacaq.
Tələbatın artmasına görə neftin
qiyməti də artacaq. Agentliyin proqnozuna
görə neftin bir barreli 2035-ci ildə 113 dollar olacaq. Agentliyin Baş direktoru Nabuo Tanaka Londonda hesabatın
təqdimat mərasimində deyib ki, ümumilikdə enerji
dünyası görünməmiş
qeyri-müəyyənlik içindədir. Onun fikrincə, iqtisadiyyatın böhrandan
qurtarması enerji sahəsinin də qarşıdakı
illərdə necə bir dövrə qədəm qoyduğunu
aydınlaşdıracaq. Onun
sözlərinə görə, Agentlik 2008-2035-ci illər
arasında enerjiyə tələbatın 35 faiz
artacağını gözləyir.
Dünyanın
enerjiyə olan tələbatının artması və qlobal
enerji təhlükəsizliyinin təmin edilməsi
məsələsində isə qarşıdakı illər
ərzində mühüm rol oynayacaq
dövlətlərdən biri kimi məhz Azərbaycan
çıxış edəcək.
Rasim BAYRAMOV,
Azərbaycan.- 2010.-9 dekabr.- S. 1.