Qaçqın və məcburi
köçkünlərə yüksək dövlət
qayğısı davam edir
Çadır
düşərgələrinin ardınca fin
qəsəbələrinin ləğvi istiqamətində
addımlar atılır
Sosial-iqtisadi sahədə
qazandığı nailiyyətlərlə, əsasını
qoyduğu uğurlu inkişaf modeli ilə
səciyyələnən Azərbaycanda əhalinin həyat
səviyyəsi davamlı olaraq yüksəlməkdədir. Bu,
ölkənin ümumi tərəqqisində əldə olunan
uğurların, eyni zamanda, hər bir insanın
həyatında da özünü göstərdiyini qabarıq
şəkildə nümayiş etdirir. Yaşanan
inkişaf ölkəmizə qarşı hələ də
davam etməkdə olan işğalçılıq
siyasəti nəticəsində öz doğma
yurd-yuvalarından didərgin düşmüş məcburi
köçkünlərin, qaçqınların
həyatına da təsirsiz ötüşmür. Bu
qəbildən olan insanların həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində
dövlət tərəfindən məqsədyönlü
siyasət aparılır, konkret addımlar atılır.
Görülən işlərin nəticəsidir ki,
əvvəllər dözülməz şəraitdə
yaşayan qaçqın və məcburi
köçkünlər indi müasir tələblərə
cavab verən, infrastruktur səviyyəsi yüksək olan yeni
müasir evlərə, qəsəbələrə köçürülür.
Belə qəsəbələrin açılışında
Prezident İlham Əliyevin iştirakı isə
qaçqın və məcburi köçkünlərə
nə dərəcədə yüksək səviyyədə
qayğı göstərildiyinin daha bir bariz sübutudur.
Yaradılan şəraitlə dövlət
başçısının bilavasitə yerində
tanışlığı, məcburi
köçkünlərin evində qonaq olması, onlarla
birbaşa təması Azərbaycan Prezidentinin bu insanlara
xüsusi diqqətinin real göstəricisidir. Artıq başa
çatmaqda olan 2010-cu ildə qaçqın və məcburi
köçkünlər üçün şəraiti
yüksək səviyyədə olan yeni yaşayış
qəsəbələrinin salınması,
çoxmərtəbəli binaların tikintisi prosesi uğurla
davam edib. Cari il ərzində Bakının
Ramanı qəsəbəsində 70 mənzildən ibarət
beşmərtəbəli bina, Qəbələdə 2,
Goranboyda 3, Yevlaxda 10 beşmərtəbəli bina, Ağdamda
689 mənzildən ibarət qəsəbə istifadəyə
verilib. Ümumiyyətlə isə son 10 ildə qaçqın
və məcburi köçkünlər üçün 67
qəsəbə salınıb. Qəsəbələrdə
20 min mənzil, 126 məktəb, 40 bağça, 40 tibb məntəqəsi
tikilib, 100 minlərlə kilometr su, elektrik, qaz xətti, yollar
çəkilib. Hazırda bu sahədə görülən
işlər müvəffəqiyyətlə davam etdirilməkdədir.
Əlbəttə, öz doğma yurd-yuvalarından
didərgin düşmüş insanlar üçün
salınan qəsəbələr, tikilən evlər
qaçqın və məcburi köçkünlərin
həyat şəraitinin yaxşılaşmasına xidmət
etsə də, onlar bu ünvanlarda müvəqqəti
məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına
qayıdacaqlarını yaxşı bilirlər. Yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar hər
zamankı kimi dövlətlərinin onların arxasında
olacağına tam əmindirlər. İşğal
altındakı ərazilər azad olunduqdan sonra bu
yerlərdə dövlətin yardımı ilə daha
təmtəraqlı, yüksək şəraiti olan evlər
inşa olunacağını da yaxşı bilirlər.
Cari ilin noyabrın 10-da Prezident İlham Əliyev Yevlaxda
məcburi köçkünlər üçün inşa
edilmiş yaşayış binaları kompleksinin
açılışında iştirakı zamanı bununla
əlaqədar bildirmişdir: "Bu gün Azərbaycan
uğurla inkişaf edir, imkanımız var, belə
gözəl evlər yaradırıq. Biz on minlərlə
vətəndaşımızı yeni evlərlə,
mənzillərlə təmin etdik. Ümumiyyətlə, 90
minə yaxın köçkünü biz belə
gözəl evlərə, mənzillərə
yerləşdirdik. Fərdi evlər, mənzillər tikilir,
hər yerdə quruculuq, abadlıq işləri
aparılır. Ancaq necə deyərlər, bu,
müvəqqəti ünvandır. Torpaqlarımız
işğaldan azad olunduqdan sonra həmin ərazilərdə
bundan da gözəl evlər tikəcəyik".
Xatırladaq
ki, qaçqın və məcburi köçkünlərin
həyat şəraitinin yaxşılaşdırılması
ilə yanaşı, bu insanların məşğulluq
səviyyəsinin yüksəldilməsi istiqamətində
zəruri addımlar atılıb və atılmaqdadır. Bütün bunlar üçün hələ
2004-cü il iyulun 1-də Prezident İlham Əliyevin
sərəncamı ilə "Qaçqınların və
məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və
məşğulluğunun artırılması üzrə
Dövlət Proqramı" təsdiqlənib. 2007-ci ildə
isə həmin sərəncama əlavələr edilib
və buna müvafiq olaraq qaçqınların və
məcburi köçkünlərin sosial durumunun,
yaşayış şəraitinin daha da
yaxşılaşdırılması məqsədilə
ardıcıl tədbirlər həyata keçirilib. Real
şəraitdə isə Azərbaycanın artan iqtisadi imkanları
yurd-yuvalarından didərgin düşmüş insanların
problemlərinin daha sürətli həllinə imkan verir.
Burada bir önəmli fakt xüsusi qeyd edilməlidir ki,
Dağlıq Qarabağ münaqişəsi başlayandan
indiyədək qaçqın və məcburi
köçkünlərə 3,4 milyard dollar vəsait xərclənib.
Həmin vəsaitin 800 milyon dollarını beynəlxalq
təşkilatlar, qalan hissəsini isə Azərbaycan
hökuməti ayırıb. Cari il üçün isə
qaçqın və məcburi köçkünlərin
sosial vəziyyətinin yaxşılaşdırılmasına
310 milyon manat vəsait ayrılıb. Vəsaitin
203 milyon manatı dövlət büdcəsindən, 80 milyon
manatı Dövlət Neft Fondundan, qalan hissəsi isə
humanitar təşkilatların büdcələrindən
maliyyələşdirilib. Ümumiyyətlə isə
dövlət büdcəsindən, Neft Fondundan
qaçqınların və məcburi
köçkünlərin sosial müdafiəsi ilə
bağlı ayrılan vəsaitin həcmi son illərdə
xeyli artıb, onların təyinatı üzrə
səmərəli istifadəsinə nəzarət
gücləndirilib.
Onu da
bildirək ki, qaçqın və məcburi
köçkünlərə Azərbaycan hökumətinin
ayırdığı vəsait nisbət etibarilə
dünyada ən yuxarı göstəricilər sırasında
yer alır. Hesablamalar göstərir ki, Azərbaycan
dövləti hazırda bir məcburi köçkünə
860 dollar pul xərcləyir. Daha bir mühüm fakt isə
qaçqın və məcburi köçkünlər
arasında yoxsulluq səviyyəsinin sürətlə
azaldılmasıdır. Belə ki, əgər bu gün
ölkə üzrə yoxsulluğun səviyyəsi 49
faizdən 11 faizə salınıbsa, qaçqın və
məcburi köçkünlər arasında bu rəqəm
75 faizdən 25 faizə düşüb. Hazırda
Azərbaycanın iqtisadi qüdrəti məcburi
köçkünlərin həyat şəraitinin bundan sonra
daha da yaxşılaşdırılmasına imkan verir. Elə ona görə də müxtəlif
beynəlxalq humanitar təşkilatlar da bu sahədə
ölkəmizdə çalışmaq istədiklərini
bəyan edirlər. Şübhəsiz ki, bu, ilk növbədə,
Azərbaycanda beynəlxalq humanitar təşkilatların
fəaliyyətinə yaradılmış münbit
şəraitdən irəli gəlir. Digər tərəfdən
o da vacib faktordur ki, həmin təşkilatların
ayırdıqları vəsaitə Azərbaycan
hökumətinin zəmanəti var. Elə bu da
sözügedən təşkilatların ölkəmizdə
fəaliyyət göstərməsini daha da
stimullaşdırır. Hazırda Azərbaycanda 70
beynəlxalq humanitar təşkilat fəaliyyət
göstərir, çoxlu sayda belə qurum isə
ölkəmizdə dövlət qeydiyyatına
düşmək üçün növbəyə
dayanıb.
Azərbaycan
dövləti isə qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində
görülən işləri gələn il ərzində
də davam etdirəcək. Bu kontekstdə
Mingəçevir şəhərində,
Ağcabədidə, Goranboyda məcburi
köçkünlərin mənzillərlə təmin
edilməsi istiqamətində işlərin aparılması,
həmçinin Bakı şəhərindəki yataqxanalarda,
eləcə də respublika ərazisində
məktəblərdə və hərbi hissələrdə
məskunlaşmış məcburi köçkünlərin
köçürülməsinə başlanması
nəzərdə tutulur. İlk olaraq təhsil
müəssisələrinin yataqxanalarında
məskunlaşanlar köçürüləcək.
Öncə Bakı Dövlət Universitetinin yataqxanası
boşaldılacaq. Bu ali məktəbin yataqxanasındakı
məcburi köçkünlərin köçürülməsi
ayrılmış maliyyə vəsaitinə uyğun olaraq,
mərhələli şəkildə həyata
keçiriləcək. Həmin məcburi köçkünlər
Masazır qəsəbəsində tikiləcək yeni
yaşayış məntəqəsinə
köçürüləcək. Yeri gəlmişkən qeyd
edək ki, gələn ildən artıq Masazırda
çoxmərtəbəli binaların inşasına
başlanacaq. Hazırda Bakı Dövlət Universitetinin
yataqxanasında 7000-ə yaxın məcburi köçkün
yaşayır. Ümumilikdə Bakıda 47 min ailə - 216 min
məcburi köçkün məskunlaşıb.
Gələn il Azərbaycandakı fin
qəsəbələrinin böyük əksəriyyətinin
ləğvi nəzərdə tutulur. Ümumilikdə isə
2013-cü ilə qədər ölkə ərazisindəki
bütün fin qəsəbələrinin ləğvi
gözlənilir. Üç belə qəsəbənin
ləğvindən sonra görüləcək
işlər sayəsində daha 13 fin qəsəbəsində
yaşayan məcburi köçkünlər müasir
standartlara uyğun evlərlə təmin ediləcək. Artıq İmişlidə fin
qəsəbəsində məskunlaşmış məcburi
köçkünlər üçün yeni
yaşayış məntəqəsinin salınması məqsədilə
torpaq sahəsi ayrılıb və həmin sahə
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin balansına daxil edilib. Eyni zamanda,
Ağcabədi və Şəkidə də bu
məqsədlə torpaq sahəsi ayrılıb, orada
layihələndirmə işləri başa
çatdırılıb. Bu zaman diqqət
yetirilən önəmli məqamlardan biri ondan ibarətdir ki,
məcburi köçkünlər üçün yeni
qəsəbələr onların
məskunlaşdığı ərazidə salınır
və sözügedən məqam müəyyən
parametrlər baxımından olduqca böyük
əhəmiyyətə malikdir. Belə ki, məcburi
köçkünlərin əksəriyyəti olduqları
rayonlarda öz işlərini qurublar. Ona görə də
onları öz işlərindən kənarlaşdırmamaq
üçün elə məskunlaşdıqları rayonlarda
yeni qəsəbələr tikilir. Bu da öz
növbəsində məcburi köçkünlərin yeni
yaşayış məskəninə
köçürüldükdən sonra işsizlik problemi
ilə qarşılaşmamalarına gətirib
çıxarır.
Beləliklə,
çadır düşərgələrinin ardınca
artıq ölkəmizdə fin qəsəbələrinin
ləğvi sahəsində də uğurlu addımlar
atılır. Xatırlatmaq yerinə
düşərdi ki, cənab İlham Əliyev 2003-cü il
oktyabrın 1-də prezident seçkiləri
ərəfəsində ilk görüşünü
Biləsuvar rayonu ərazisində məcburi
köçkünlər üçün salınmış
yeni qəsəbələrdə keçirərkən
bildirmişdir ki, ölkədə bir dənə də olsun
çadır düşərgəsi qalmayacaq. Bundan sonra qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həlli
istiqamətində görülən işlərin
miqyasının daha da genişlənməsi nəticəsində
onlar üçün bütün sosial-texniki infrastruktura malik
yeni müasir qəsəbələr salındı. 2007-ci ilin
dekabrında ölkədə sonuncu çadır
düşərgəsi də ləğv olundu. İndi fin
qəsəbələrinin də tamamilə ləğvi
istiqamətində əməli addımlar atılır.
Bütün bunlar ümummilli lider Heydər
Əliyevin qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həlli
istiqamətində həyata keçirdiyi siyasətin onun
layiqli davamçısı Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsinin bariz göstəricisidir.
Eyni zamanda, dövlət
başçısının həyata keçirdiyi siyasət
hər bir Azərbaycan vətəndaşında olduğu kimi,
öz doğma torpaqlarından didərgin düşmüş
insanlarda da tezliklə ata-baba yurdlarına qayıdacaqlarına
möhkəm bir əminlik yaradıb. Bu
səbəbdən qaçqın və məcburi
köçkünlər Prezident İlham Əliyevin
ətrafında daha sıx birləşir, onun
yürütdüyü siyasəti tam
dəstəkləyirlər.
Bir mühüm məqamı da qeyd etmək
lazımdır ki, dövlətlə yanaşı,
qaçqın və məcburi köçkünlərin
üzləşdiyi problemlərin dünya ictimaiyyətinin
diqqətinə çatdırılması və onların
həlli istiqamətində Heydər Əliyev Fondu da misilsiz
xidmətlər göstərməkdədir.
Xüsusən də, məcburi köçkün
uşaqların təhsil problemlərinin həlli
istiqamətində fond tərəfindən mühüm
addımlar atılır. Yüksək
qayğı ilə əhatə olunan məcburi
köçkünlər tezliklə öz doğma
torpaqlarına qayıtdıqdan sonra da dövlətin, onun
başçısının, ulu öndərin adını
daşıyan fondun xüsusi diqqət və köməyini
hər zaman öz üzərlərində hiss
edəcəklərinə əmindirlər.
Azərbaycan.- 2010.- 21 dekabr.- S. 1.