Heydər Əliyev partiyasında
İlham Əliyev missiyası uğurla davam edir
"Sizi əmin edirəm ki, həm İlham
Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra
da xalqımızın ən layiqli övladlarını öz
ətrafında sıx birləşdirərək Azərbaycan
dövlətinin inkişafı və xalqımızın
firavanlığı yolunda çox işlər
görəcəklər".
Heydər Əliyevin xalqa
müraciətindən
"Yeni
Azərbaycan Partiyası güclü təşkilatdır,
Azərbaycanın ictimai-siyasi həyatında müstəsna
rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası
ilə rəqabət aparmaq iqtidarında deyil. Hətta
digər bütün siyasi qüvvələr
birləşsələr, yenə də bizim işimizə,
siyasətimizə bunun heç bir təsiri olmayacaqdır.
Hamı görməlidir ki, Heydər Əliyev cismən
bizimlə olmasa da, onun ideyaları yaşayır, partiyaya olan
münasibəti davam edir. Partiyaya mənim də
münasibətim eynidir. Mən də öz siyasi
fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Mən sizi əmin etmək istəyirəm ki,
bütün məsələlərdə, o cümlədən
partiya quruculuğu istiqamətində də Heydər Əliyev
siyasətinə sadiq qalacağam. Əminəm ki, biz
hamımız birlikdə həm partiyamızı daha da
gücləndirəcəyik, həm də ölkəmizi
daha da inkişaf etdirəcəyik. Azərbaycan
müasirləşəcək, güclənəcək,
çox zəngin, qüdrətli dövlətə
çevriləcəkdir!"
İlham ƏLİYEV
1992-ci il təsis konfransından sonra
keçirilən ilk ümumpartiya toplantısı olması
baxımından YAP-ın tarixində əlahiddə məqam
kimi nəzərdən keçirilən bu qurultay ölkə həyatının
mühüm siyasi hadisəsi kimi tarixə düşdü.
Çünki I qurultay Heydər Əliyev partiyasının
böyük ictimai dəyər kəsb edən milli
və ümumbəşəri ideyalarla
silahlandığını, qarşıya qoyduğu
vəzifələrin öhdəsindən əzmlə
gəldiyini təsbit etdi.
Tarixi zərurətdən yaranan
siyasi flaqman
Azərbaycanda
milli mənafe və dövlətçilik maraqlarının
təmsilçisi olmaq kimi müqəddəs amalı
özünün siyasi idealı, əsas strateji xətti
seçən Yeni Azərbaycan Partiyasının yaranması
tarixi zərurətdən irəli gəlirdi. Başqa
sözlə, 1992-ci ildə YAP-ın siyasi meydana
çıxması və ümummilli lider Heydər Əliyevin
bu təşkilata sədr seçilməsi
respublikamızdakı gərgin siyasi-ictimai situasiyanın
yaratdığı tələbatdan qaynaqlanan mühüm
tarixi hadisə idi. Bu gün arxaya dönüb o
illərə nəzər salanda fərəhlənirsən ki,
bu yola qədəm qoyan insanlar ozamankı hakimiyyət
dairələrinin YAP-ın yaranmasına
göstərdikləri maneçiliklər, təzyiqlər
qarşısında əyilmədilər. Heç bir
hədə-qorxu onların iradəsini qıra bilmədi. Xalqın arzularının təcəssümü,
yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli
gələrək vətənpərvərlik, əqidə
birliyi, dövlət müstəqilliyi və
azərbaycançılıq ideyalarının möhkəm
təməli üzərində yaranan YAP Azərbaycanın
siyasi həyatına yeni nəfəs verdi.
YAP-ın yaradılması xəbəri
Azərbaycanın siyasi həyatında ildırım kimi
çaxdı. Demək olar, bütün ölkə bu
hadisədən danışırdı. Heydər Əliyevin
böyük şəxsiyyət olduğunu yaxşı
bilən, onu düzgün qiymətləndirməyi bacaran
sadə vətəndaşlar kütləvi
şəkildə YAP-ın sıralarına qoşulur,
rayonlarda könüllü şəkildə
təşkilatlanırdılar. Təsis konfransından
bir neçə ay sonra YAP-ın sıralarında artıq
minlərlə üzv var idi və təşkilat artıq
ölkədə "ana müxalifət partiyası"
statusu almışdı. YAP müxalifət partiyası kimi
yaransa da, indiki radikal müxalifət partiyalarından fərqli
olaraq, Azərbaycanın dövlətçiliyinə,
milli maraqlarına müxalifətdə deyildi. YAP
o vaxt hakimiyyətə tank belində gələn,
ölkəni anarxiya, xaos girdabına salan, Ermənistanla
müharibədə hərbi üstünlüyü
əldən verən, yeni qazanılmış
müstəqilliyi itirilmək təhlükəsi
qarşısında qoyan qüvvələrə qarşı
müxalifətdə idi. Çünki bütün
Azərbaycan xalqı həmin qüvvələrə
müxalifətdə idi.
1992-1993-cü
illərin məlum hadisələri, ölkəni
bürüyən siyasi böhran xalqı Heydər Əliyevi
ölkənin taleyini həll etmək üçün
Bakıya çağırmağa vadar etdi. Beləliklə də
tarixi proseslər Heydər Əliyevə ölkə
rəhbəri, YAP-a isə hakim partiya statusu həvalə etdi. Heydər Əliyevin ali hakimiyyətə
qayıdışı ilə Azərbaycanda müstəqil
dövlətçiliyin əsaslarının
formalaşması prosesi başlandı. Heydər Əliyevin
uğurlu siyasi xətti YAP-ı da ölkənin siyasi
səhnəsinin ön cərgəsinə çıxardı.
Azərbaycan xalqı YAP-ı Heydər Əliyev partiyası
kimi qəbul etdi. Çünki bu təşkilat
ümummilli liderin siyasi və ideoloji irsinin,
dövlətçilik təcrübəsinin və quruculuq
fəaliyyətinin harmoniyasını özündə əks
etdirirdi.
1993-cü ildən hakim partiyaya çevrilən YAP bu
statusu qazandığı ilk gündən proqramında
qarşıya qoyduğu vəzifələrin icrasına,
ictimai həyatın bütün sahələrində
tərəqqiyə nail olmaq məqsədilə yüksək
fəallıq nümayiş etdirməyə, Azərbaycanı
düçar olduğu təhlükə
və böhranlardan qurtarmaq üçün özünün
məqsədyönlü fəaliyyətinə başladı.
Güclü lideri, mükəmməl proqramı, təkmil
siyasi platforması, qətiyyətli mövqeyi sayəsində,
digər tərəfdən azərbaycançılıq
və dövlətçilik mövqeyində durduğu
üçün öz sıralarında
yüz minlərlə üzvü birləşdirərək
əsl ümumxalq partiyasına çevrildi. Öz
məramında və praktik fəaliyyətində demokratik
prinsiplərə, ümumbəşəri
dəyərlərlə milli xüsusiyyətlərin
vəhdətinə, hüquqi dövlət, vətəndaş
cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına
üstünlük verdi, güclü sosial müdafiə
proqramı ilə fəaliyyət göstərməyə
başladı.
I qurultay YAP-ın
fəaliyyətində yeni mərhələnin
əsasını qoyan siyasi hadisə oldu
YAP-ın
tarixində əlamətdar günlər çoxdur. Heydər Əliyevin və partiyamızın adı
ilə bağlı olan hər bir gün, tarix bizim
üçün doğmadır. İstər Milli Qurtuluş
Günü, istər YAP-ın yarandığı gün
hər zaman bütün xalqımız, YAP üzvləri
və təəssübkeşləri tərəfindən
yüksək səviyyədə qeyd olunur. Bu gün
isə YAP-ın I qurultayının keçirilməsinin 11-ci
ili tamam olur.
I qurultayda partiyanın 1993-1999-cu illərdə
dövlətçiliyin möhkəmləndirilməsi və
inkişaf etdirilməsi, milli maraq və mənafelərin
qorunması, ölkənin hərtərəfli inkişafı
naminə gördüyü böyük işlər
müsbət dəyərləndirildi, qarşıda duran
prioritet vəzifələr müəyyən edildi. Qurultayın ulu öndər Heydər Əliyevin
dərinməzmunlu, proqram xarakterli
çıxışını dinləyərək qəbul
etdiyi qətnaməsində xüsusi vurğulanırdı ki,
1992-ci ildə tarixi zərurətdən yaranan YAP ötən
yeddi il ərzində özünün nizamnamə və proqram
müddəalarına, bəyan etdiyi prinsip və amallara tam sadiqlik nümayiş etdirərək
Azərbaycan dövləti və xalqı qarşısında
şərəflə xidmət etmiş, uğurlu
fəaliyyət göstərmiş, dövrün, zamanın
çətinliklərindən təşkilati və ideoloyi
cəhətdən mətinləşmiş şəkildə
çıxmışdır. Qətnamə
təlatümlü 1988-1993-cü illərə, YAP-ın
yaranmasına və Heydər Əliyevin xalqın tələbi
ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin
və dövlətçiliyimizin
möhkəmləndirilməsinə verilən qiymət
baxımından da diqqəti cəlb edir. "Heydər
Əliyevin Azərbaycanda yenidən hakimiyyətə
qayıdışından sonra partiyanın da yaxından
iştirakı ilə həyata keçirilən bütün
tədbirlər, görülən bütün işlər
Azərbaycanın milli maraqlarına tam cavab verən, onun
dövlət müstəqilliyini, milli
təhlükəsizliyini təmin edən, əhalinin sabit, dinc
və firavan həyatına, ölkənin
tərəqqisinə xidmət edən işlər olmuşdur.
Qurultay həm bütün görülən işləri,
həm də hakimiyyət orqanlarının, partiyanın bu
işlərin həyata keçirilməsindəki rolunu
yüksək qiymətləndirir", - deyə
qətnamədə qeyd olunub.
YAP-ın I
qurultayının işində Azərbaycanın bütün
inzibati rayonlarını əhatə edən partiya
təşkilatlarından seçilmiş 2228
nümayəndə, xarici ölkələrdən 30-dan
artıq qonaq iştirak edirdi. Ulu öndər Heydər
Əliyev qurultayda yenidən partiyanın sədri seçildi.
YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və
Nizamnaməsi də geniş şəkildə müzakirə
olunaraq müəyyən əlavə və
dəyişikliklər edilməklə təsdiq olundu. Qurultayda YAP-ın Proqram və Nizamnaməsinə
uyğun olaraq təşkilatın strateji xətti təsbit
edildi, Azərbaycanın dövlət müstəqilliyinin
qorunması və möhkəmləndirilməsi, onun müasir
beynəlxalq sistemdə layiqli yer tutması,
ölkəmizdə hüquqi dövlət quruculuğu
istiqamətində əsas məqsəd və
vəzifələr müəyyənləşdirildi.
YAP-ın I qurutlayında qəbul edilən və partiyanın
bütövlükdə fəaliyyətinə təsir
göstərən tarixi qərarlarından biri ARDNŞ-in
birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti
vəzifələrində çalışan cənab
İlham Əliyevin YAP sədrinin müavini
vəzifəsinə seçilməsi idi. Bu
tarixi seçim partiyanın gəncləşməsində,
cəmiyyətdəki mövqelərinin və nüfuzunun
yüksəlməsində, sıralarının
genişlənməsində vacib rol oynadı. Həmin
qurultayda tarixi çıxış edən cənab İlham
Əliyevin fikirləri bu gün üçün də öz
aktuallığını saxlayır: "Heç
kəsə sirr deyil ki, YAP Heydər Əliyevin sayəsində
yaranmış, onun şəxsiyyəti ətrafında
birləşmişdir. Məhz bu amil YAP-ın
təşəkkül tapmasında və inkişafında,
ölkənin aparıcı siyasi qüvvəsinə
çevrilməsində həlledici rol oynamışdır.
YAP-ın gücü nədədir? Mən bu suala qısaca
olaraq belə cavab verərdim: YAP-ın gücü, ilk
növbədə, onun əvəzsiz lideri Heydər
Əliyevdədir. YAP-ın gücü bundadır ki,
partiyanın yeritdiyi siyasət xalqın maraqlarına
uyğundur. YAP-ın gücü bundadır ki, onun
təməlində duran prinsiplər əməli
surətdə həyata keçirilir. YAP-ın gücü
ondadır ki, Prezidentin və YAP liderinin daxili və xarici
siyasətini xalq bəyənir və
dəstəkləyir".
I qurultaydan
sonra ölkədə yeni bir siyasi mərhələ
başladı və cəmi bir il sonra - 2000-ci ilin noyabrında
keçirilən parlament seçkilərində YAP
qələbə qazanaraq 125 deputat yerindən 75-ni tutdu. Həmin seçkidə cənab İlham Əliyevin
başçılıq etdiyi proporsional siyahı ilə YAP
böyük uğur qazandı, çoxmandatlı seçki
dairələri üzrə deputat yerlərinin
əksəriyyətini qazandı. Bütün bunlar YAP-ın
cəmiyyətdəki nüfuzunu və təsir
gücünü daha da artırdı, həmçinin
bir il əvvəl keçirilmiş I qurultayın
qərarlarının praqmatik siyasi düşüncənin
nəticəsi olduğunu söyləməyə əsas verdi.
YAP sıralarında cəmiyyətin bütün
zümrələrini - gəncləri, qadınları, elm,
mədəniyyət, ədəbiyyat xadimlərini
birləşdirir. Əhəmiyyətli məqamlardan biri də
odur ki, YAP nailiyyətlərinin davamlılığını
təmin etmək məqsədilə vaxtilə gənclər
arasında apardığı siyasi maarifçilik
işinin uğurlu nəticəsini artıq
görməkdədir. Hələ I qurultaydan 4 il
əvvəl - yəni, 1995-ci ildə YAP-ın namizədi kimi
parlament seçkilərində qələbə
qazanmış cənab İlham Əliyev təşkilatın
gəncləşməsində, fəaliyyətinin daha effektiv
qurulmasında müstəsna xidmətlər
göstərmişdi. YAP-ın I
qurultayında təşkilatın çoxminli üzvlərinin
istəyinə uyğun olaraq cənab İlham Əliyevin
partiya sədrinin müavini seçilməsindən sonra
isə gənclərin YAP-a axını daha geniş
vüsət aldı. I qurultay zamanı YAP-ın 160 min
üzvü vardı. Bu gün isə YAP-ın 523 mindən
artıq üzvü var və onların əksəriyyətini
gənclər təşkil edir.
YAP-ın I
qurultayı 1999-cu ilin dekabrında bütün
ölkədəki ictimai-siyasi hadisələrin fonunda ən
aktual və vacib bir mövzu kimi müzakirə olunurdu. Bu, təkcə onunla bağlı deyildi ki, YAP hakim
siyasi təşkilat olduğundan onun ilk qurultayı kütləvi
maraq doğura biləcək bir hadisə təsiri
bağışlayırdı. Həm də onunla
bağlıydı ki, Azərbaycanda müstəqil
dövlətçilik ənənələrinin
yaşamasında müstəsna xidmətləri olmuş
bir siyasi qüvvə artıq yeni dövr üçün
özünün ideoloji doktrinasını məhz bu qurultayda
elan etdi. Bu, bütövlükdə ölkənin ictimai-siyasi
həyatında böyük hadisə idi.
I qurultaydan sonra hakim partiyanın
cəmiyyətdəki mövqeləri daha da gücləndi, II
qurultaya qədər üzvlərinin sayı 70 min artaraq 230
minə çatdı. İqtidar partiyası kimi qarşıya
qoyduğu bir sıra mütərəqqi islahatları
uğurla həyata keçirərək Azərbaycanda
sosial-iqtisadi inkişaf meyillərinin
sürətlənməsinə, xalqın maraqlarına cavab
verən tarazlı xarici siyasət yeritməyə,
respublikanın beynəlxalq mövqelərinin və
nüfuzunun yüksəlməsinə nail oldu.
Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabr
ayının 21-də keçirilən II qurultayı da
təşkilatın həyatında taleyüklü qərarlar
qəbul etməsi ilə yadda qaldı. Qurultayda sədrin
birinci müavini vəzifəsinə cənab İlham
Əliyev seçildi. Cənab İlham Əliyevin partiya
sədrinin birinci müavini seçilməsi də ilk
qurultayın qəbul etdiyi qərarların uğurlu
nəticəsinin bariz göstəricisi idi.
Ən doğru seçim
Ümummilli lider Heydər Əliyev 2003-cü il
oktyabr ayının 1-də Azərbaycan xalqına
müraciətində cənab İlham Əliyevlə
bərabər, həm də YAP-a yüksək önəm
verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim
ünvanı kimi məhz İlham Əliyevi və YAP-ı
göstərmişdi: "Üzümü sizə -
həmvətənlərimə tutaraq qarşıdan
gələn prezident seçkilərində prezidentliyə
namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası
sədrinin birinci müavini İlham Əliyevi
dəstəkləməyə çağırıram. O,
yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını
gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir".
2003-cü
ildə keçirilən prezident seçkilərində
Heydər Əliyev siyasi məktəbinin ən layiqli
yetirməsi cənab İlham Əliyevin ölkə Prezidenti
seçilməsi xalqın YAP-a etimadının növbəti
dəfə əyani təcəssümü idi. Azərbaycan
xalqı Heydər Əliyev missiyasını layiqincə davam
etdirən cənab İlham Əliyevi Prezident
seçməklə ulu öndərin ideyalarına səs
verdi. Bu seçki Heydər Əliyev siyasi kursunun
alternativsizliyini bir daha ortaya qoydu. Prezident İlham Əliyev
YAP-ın III qurultayındakı çıxışında
bu barədə belə demişdir: "Heydər Əliyevin
siyasəti yaşamalıdır. Bu, zəmanənin
tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı
daha da gücləndirəcək, Azərbaycan xalqının
həyat səviyyəsinin yaxşılaşmasına
xidmət edəcəkdir. Mən çox şadam ki,
Azərbaycan xalqı 2003-cü ildə öz seçimini
düzgün etdi. Heydər Əliyevin siyasətinə öz
səsini verdi və beləliklə, bu gün də biz
hamımız, Azərbaycan xalqı, Yeni Azərbaycan
Partiyası Heydər Əliyevin siyasətinə sadiq qalaraq onu
davam etdiririk və çox uğurla davam etdiririk".
Elə bu
qurultayda partiya üzvlərinin Heydər Əliyev
ideyalarına dərin sədaqətinin, onun siyasi kursunun ən
layiqli davamçısına böyük inamın ifadəsi
olaraq Prezident İlham Əliyev YAP-ın sədri seçildi.
YAP sıralarında birləşən yüz minlərlə
insanın ürəyindən xəbər verən bu
seçim ölkədəki siyasi mühitə də yüksək
ab-hava gətirdi. Xüsusilə qeyd edilməlidir ki, Heydər
Əliyevin əmanəti olan partiyaya sədr seçkisinə
ulu öndərimizin ən layiqli davamçısı, şərəfli
irsin daşıyıcısı cənab İlham Əliyev
alternativsiz getdi. Bu onu deməyə tam əsas
verirdi ki, YAP-ın yüz minlərlə üzvü və
təəssübkeşləri yeni sədri yekdilliklə
dəstəkləyir və onun ətrafında sıx
birləşərək Yeni Azərbaycan quruculuğunda
fəal iştirak edəcək. Özünü tam
doğruldan bu inam YAP-ın daha böyük
nailiyyətlər əldə etməsinə əsas zəmin
oldu.
Cənab
İlham Əliyev 2003-cü ildən sonra Prezident kimi
fəaliyyəti dövründə sübuta yetirdi ki, xalq
öz taleyini ona etibar etməkdə heç də
yanılmamışdır. Prezident İlham
Əliyevin ilk günlərdən çoxşaxəli,
vətənpərvər, praqmatik fəaliyyətinə
nəzərən Azərbaycan cəmiyyətində onun ulu
öndərin təməlini qoyduğu səmərəli
islahatlar kursunu davam etdirməyə və yeni dövrün
tələblərinə uyğun zənginləşdirməyə
qadir alternativsiz lider olduğu qənaəti
qətiləşdi.
Azərbaycanın
siyasi həyatına mühüm hadisə kimi daxil olan
YAP-ın IV qurultayı da böyük ruh yüksəkliyi
və inamla keçirildi. Bu qurultayda bütün
iştirakçılar 2008-ci ildə keçirilmiş
prezident seçkilərində Azərbaycan Prezidenti, partiyamızın
sədri cənab İlham Əliyevin namizədliyinin irəli
sürülməsinə yekdilliklə səs
vermişdilər. Bu qərar tək YAP-ın deyil,
bütün Azərbaycan cəmiyyətinin ümumi istək
və arzularını ifadə edirdi. Azərbaycan
cəmiyyətinin mütləq əksəriyyəti prezidentliyə
cənab İlham Əliyevin namizədliyinin irəli
sürülməsini nəinki istəyir, hətta tələb
edirdi.
Təbii ki,
IV qurultayın əsas diqqəti cəlb edən
məsələsi Prezident İlham Əliyevin geniş,
dərinməzmunlu, proqram xarakterli nitqi idi. Partiyamızın
sədrinin nitqi bir neçə istiqamətdə
məsələləri özündə əks etdirirdi. YAP-ın Azərbaycan cəmiyyətində yeri
və rolu, partiyanın keçdiyi yol, cəmiyyətimizdə
tutduğu mövqe, ulu öndər Heydər Əliyevin
ideyalarının yüksək səviyyədə davam
etdirilməsi bu çıxışda öz əksini
tapdı. Prezident çıxışında
Azərbaycanın bu gün dövlət olaraq söykəndiyi
ideoloji prinsiplərin üzərində dayandı və
göstərdi ki, azərbaycançılıq,
dövlətçilik, müstəqillik Azərbaycan
xalqının istək və arzularını ifadə edən
ideoloji dəyərlərdir.
2008-ci ilin oktyabrında Heydər Əliyev siyasi
kursunun layiqli davamçısı kimi prezident
seçkilərinə qatılan cənab İlham Əliyevin
qələbəsi həm də Yeni Azərbaycan
Partiyasının zəfəri, nailiyyəti idi. 2008-ci il
oktyabrın 24-də keçirilmiş andiçmə
mərasimində Azərbaycan Prezidenti İlham Əliyev
seçkilərdə ona göstərdiyi
etimada, habelə seçki kampaniyasında fəal iştiraka
görə YAP üzvlərinə minnətdarlığını
ifadə edərək demişdir: "İlk
növbədə, mənə yenidən böyük etimad
göstərmiş, məni Prezident vəzifəsinə seçmiş
bütün Azərbaycan xalqına öz dərin
minnətdarlığımı bildirirəm. Azərbaycan
xalqını yenidən əmin edirəm ki, mən bundan sonra
da Azərbaycanın hərtərəfli inkişafı
üçün öz səylərimi
əsirgəməyəcəyəm. Eyni zamanda, mənim
namizədliyimi irəli sürmüş Yeni Azərbaycan Partiyasına
öz təşəkkürümü bildirirəm, seçki
kampaniyasında yaxından iştirak etdiklərinə
görə partiyanın fəallarına minnətdaram".
Hakimiyyətin siyasi istinadgahı
Ümummilli lider Heydər Əliyevin
qurub-yaratdığı, onun ölməz ideyalarından
güc alan YAP-ın 2010-cu il noyabrın 7-də
keçirilmiş dördüncü çağırış
Milli Məclisə seçkilərdə də əvvəlki
parlament seçkilərində olduğu kimi, mütləq qələbə
qazanaraq cəmiyyətdəki lider statusunu qoruyub saxlaması təbii
qanunauyğunluq kimi nəzərdən keçirilməlidir.
Azərbaycan vətəndaşlarının 7 noyabr
günü müəyyənləşdirdiyi doğru
seçim konkret partiyaya, bu partiyanı təmsil edən
deputatlığa namizədlərə etimaddan daha çox xalq
müdrikliyinin ifadəsi kimi diqqəti çəkir. Bu seçim Azərbaycan xalqının Heydər
Əliyev ideallarına sədaqətinin, böyük
öndərin müəyyən etdiyi strateji inkişaf kursunu
bu gün əzmlə həyata keçirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
apardığı siyasətin uğurlarına ümumxalq
inamının təntənəsi oldu. 7
noyabr günü müdrik xalqımız bu siyasətin
həyatımıza gətirdiyi nailiyyətlərə,
dövlətçilik əsasları bu uğurlarla
möhkəmlənən, xoşbəxt sabahına doğru
inamla irəliləyən Azərbaycana səs verdi.
YAP-ın parlament seçkilərində qələbəsi
onun ümummilli siyasi təşkilat olduğunu bir daha
təsdiqlədi.
Ümumiyyətlə,
YAP yaranandan keçirilən bütün
seçkilərdə qələbə qazanmış və
hakim partiya statusunu saxlamışdır. Daha konkret ifadə
etsək, ötən 17 ildə ölkəmizdə
keçirilən 4 prezident, 4 parlament, 3 bələdiyyə
seçkilərinin qalibi YAP-ın namizədləri olub. Ona
görə də özündə 523 mindən artıq
insanı birləşdirən YAP ölkəmizin əsas
aparıcı siyasi qüvvəsidir. Bu gün həm
təşkilati göstəricilərə, həm də ictimai
nüfuzuna görə respublikada YAP-a alternativ olacaq
qüvvə yoxdur.
Prezident
İlham Əliyev ölkəmizin əldə etdiyi
böyük uğurların müəllifinin mövcud iqtidar,
eyni zamanda, hakimiyyətin siyasi istinadgahı olan YAP olduğunu
bildirib. Hakim partiyanın cəmiyyətdə böyük
nüfuz sahibi olduğunu və onun üzərində
şərəfli missiya dayandığını
söyləyən Prezidentin bu fikirləri YAP-ın
fəaliyyətinə verilən yüksək qiymətdir:
"Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının
bir parçasıdır. Bütün Azərbaycan
xalqının xoşbəxt gələcəyi
üçün bizim partiyamız əlindən gələni
əsirgəmir və biz bundan sonra da bunu edəcəyik".
Heydər Əliyevin sınaqlardan uğurla
çıxmış və ölkəmizə rifah,
inkişaf bəxş etmiş siyasi kursunu bu gün
böyük nailiyyətlərlə davam etdirən Prezident
İlham Əliyevin bu fikri YAP-ın növbəti
zəfərlərinə təminat yaradır.
Dayaqlarımız möhkəmdir
YAP-ın
Azərbaycan cəmiyyətində dayaqları ilk gündən
çox möhkəmdir. Elə bir bölgə, rayon yoxdur ki,
orada YAP yerli təşkilatları fəaliyyət
göstərməsin. Onların demək olar ki, hamısının
təsis konfransı YAP-ın yaradılmasından bir
qədər sonra, partiyamız hələ
müxalifətdə olarkən keçirilib.
1993-cü ildə yaradılan YAP-ın Xətai rayon
təşkilatı da ötən 17 ildə böyük
inkişaf yolu keçmiş, öz sıralarını daim
genişləndirmiş, partiyamızın proqram və
prinsiplərinə uyğun olaraq qarşıya qoyulan
vəzifələrin icrasını ləyaqətlə
yerinə yetirmişdir. Hazırda Xətai rayon
təşkilatı partiyanın proqram vəzifələrinin
həyata keçirilməsində, ölkəmizin
sosial-iqtisadi inkişafında fəal iştirak edir.
Onu da qeyd etmək istərdim ki, YAP Xətai rayon
təşkilatı özünün VIII konfransından
ötən müddətdə fəaliyyətini daha da
canlandırıb, partiya üzvlərinin sayı xeyli artıb.
2008-ci ilin prezident seçkisində, 2009-cu ildə
keçirilən referendumda, bələdiyyə
seçkisində, nəhayət, ötən ay
keçirilən parlament seçkilərində YAP Xətai
rayon təşkilatı xeyli fəal olub. Həm
seçicilər arasında maarifləndirmə
işlərinin, həm də partiyanın
təbliğatının aparılmasında YAP Xətai rayon
təşkilatı tərəfindən mühüm
tədbirlər həyata keçirilmişdir. Bütün
bunlar hər seçkidə Xətai rayonu üzrə
partiyanın qələbəsinin təmin edilməsində
mühüm rol oynamışdır.
Hazırda
təşkilatımızda birləşən YAP
üzvlərinin sayı 16 min nəfərə yaxındır.
Ərazi ilk partiya təşkilatlarının sayı isə
150-dir. Müqayisə üçün əminliklə qeyd
etmək istərdim ki, bu gün radikal müxalifət
partiyalarının ümumilikdə üzvlərinin sayı
YAP-ın bir rayon təşkilatının üzvlərinin
sayına çata bilməz. YAP Xətai rayon
təşkilatında birləşən üzvlərimiz
ölkənin, o cümlədən təmsil etdiyimiz Xətai
rayonunun ictimai-siyasi, iqtisadi, mədəni həyatında
və digər sferalarda fəal iştirak edir, öz
əməlləri ilə dövlətimizin inkişafına
xidmət edirlər.
Öz
sıralarında ictimaiyyətin bütün
təbəqələrini birləşdirən YAP ümummilli
lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı
kimi cəmiyyətdə öz aparıcı rolunu
günü-gündən möhkəmləndirməkdədir. Partiyanın getdikcə daha çox nüfuz qazanaraq
cəmiyyətimizin əsas siyasi qüvvəsi, hakim partiya
statusunu özündə saxlaması da yaradılmasında
olduğu kimi, tarixi zərurətin ifadəsidir. Ən
əsası, Heydər Əliyev partiyasında İlham
Əliyev missiyası şərəflə,
məsuliyyətlə, fədakarlıqla, nəticəsi
misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla
müşayiət olunur. YAP bundan sonra da Prezident
İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər
Əliyevin ideyalarını, məqsəd və
məramlarını rəhbər tutaraq Azərbaycanın
qüdrətlənməsinə, dövlətçiliyimizin
inkişafına xidmət edəcək, xalqın yeganə
etimad ünvanı olaraq hakim siyasi təşkilat statusunu
daim özündə saxlayacaq.
Hüseynbala MİRƏLƏMOV,
YAP Xətai rayon
təşkilatının sədri,
Milli Məclisin deputatı
Azərbaycan.- 2010.- 21 dekabr.- S. 2.