Sosial-iqtisadi uğurlarla zəngin mərhələ

 

Son 7 ildə həyata keçirilən çoxşaxəli islahatların əsas qayəsində insan və şəxsiyyət amili dayanır

 

Yekunlaşmaq üzrə olan 2010-cu ildə əksər dünya ölkələrində qlobal böhranın təsirləri özünü qabarıq göstərsə də, respublikamızın daxili potensiala əsaslanmaqla həyata keçirdiyi inkişaf strategiyası uğurlu nəticələrin əldə olunmasına imkan yaratmışdır. Bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq 2010-cu ildə Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir.

 

Bu da təsadüfi deyil ki, iqtisadi sahədə keçid dövrünü geridə qoyan Azərbaycanın bazar iqtisadiyyatı sisteminə sürətli transformasiyasının spesifik cəhətləri, daha dəqiqi, respublikanın milli inkişaf modeli ilə bağlı müzakirələrə hazırda dünyanın nüfuzlu elm mərkəzlərində də kifayət qədər həssaslıqla yanaşılır. Aparılan təhlillər nəticəsində bu da birmənalı etiraf edilir ki, XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması aparılan düzgün iqtisadi siyasətin nəticəsidir.

Azərbaycan Prezidenti ötən müddətdə ümummilli liderin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirərək yeni siyasi situasiyanın tələblərinə uyğun zənginləşdirmiş, respublikamız ümumi daxili məhsulun yüksək artım tempi ilə dünyada öncül mövqelərə çıxmışdır. Azərbaycan hökumətinin daha çox diqqət yetirməli olan problemləri düzgün müəyyənləşdirən Prezident İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" ilk iqtisadi fərmanının əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. İqtisadiyyatda mütərəqqi inkişaf meyillərinin daha da sürətləndirilməsi, bu prosesdə yüksək dinamizmin təmin olunması yollarının nəzəri-praktiki və konseptual əsaslarını özündə əks etdirən həmin fərman qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasından ötrü çoxsaylı dövlət proqramlarının hazırlanmasında bir növ baza rolunu oynamışdır. Fərman aidiyyəti dövlət strukturları qarşısında prioritet istiqamətləri müəyyənləşdirərək ölkəmizdə işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, yeni iş yerlərinin açılması, müasir texnologiyalar əsasında yenidən qurulmalı olan yerli müəssisələrdə beynəlxalq standartlara cavab verən məhsulların istehsalı və dünya bazarına çıxarılması, habelə aqrar islahatların başa çatdırılmasına dair bir sıra dövlət proqramlarının hazırlanmasına rəvac vermişdir.

Fərmanla neft gəlirlərindən düzgün istifadəni nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanması da mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. Neft Fondunun vəsaitlərindən səmərəli istifadə olunmasına dövlət tərəfindən göstərilən həssas münasibətin təzahürü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya"nın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu strategiyada vəsaitlərin qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, "insan kapitalı"nın formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulmuşdur. Bu strategiyanın imzalanması bir daha təsdiqləmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev neft sahəsində gəlirlərin idarə olunması, onlardan səmərəli istifadə, habelə şəffaflığın gözlənilməsi məsələlərinə kifayət qədər ciddiliklə yanaşır.

Respublikada müşahidə olunan dinamik iqtisadi inkişaf Bakıda və bir sıra iri şəhərlərdə qabarıq görünsə də, bölgələrdə bu prosesin nisbətən ləng getməsi nəticəsində regional tarazlığın pozulması ölkə başçısını qayğılandıran başlıca məsələlərdən olmuşdur. 2004-cü il fevralın 11-də "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" fərmanın imzalanması da, ilk növbədə, regionların qeyri-proporsional inkişafının qarşısını almağa xidmət etmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı 2003-2008-ci illərdə həm də inkişaf etməkdə olan bütün ölkələr, o cümlədən Azərbaycan üçün xarakterik daha bir vacib problemin həllini - urbanizasiya prosesinin yüksək səviyyəsinin, şəhərlərə yüksək axının qarşısının alınması niyyətini güdmüşdür. Məlumdur ki, keçid iqtisadiyyatlı ölkələrdə urbanizasiya prosesi işsizlik, regional balansın pozulması və sosial xarakterli digər problemlərlə şərtlənir. Deməli, regionlarda yeni iş yerləri açmaqla, əhalinin qaz, su, elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaqla, mədəni-intellektual mühit formalaşdırmaqla, paytaxta və digər iri şəhərlərə kütləvi axını zəiflətmək mümkündür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı əsasında da məhz hər bir bölgənin malik olduğu tarixi məşğulluq ənənələrinin bərpası təmin edilmiş, məqsəd yeni iş yerlərinin yaradılması yolu ilə paytaxta kütləvi axının qarşısını almaq olmuşdur.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın başlıca məqsədi bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.

Ümumiyyətlə, Prezidentin son 7 ildə imzaladığı 40-a yaxın Dövlət Proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoymuş, inkişaf prosesində ahəngdarlığı, yüksək dinamizmi təmin etmiş, ölkənin mövcud resursları keçid dövrü üçün səciyyəvi problemlərin tez bir zamanda aradan qaldırılmasına yönəlmişdir. İnkişaf, sosial təminat və strukturyönümlü bu layihələr, ilk növbədə, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasına, insan hüquq və azadlıqlarının təminatına, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsinə, bir sözlə, davamlı və sabit inkişafa xidmət etmişdir.

"Hər bir məmur xalqının xidmətçisi olmalıdır", - deyən dövlət başçısı ötən 7 ildə Nazirlər Kabinetinin müntəzəm olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Bu da hökumətin daha çevik və məsuliyyətli fəaliyyətini şərtləndirməklə yanaşı, həyata keçirilən islahatların səmərəli nəticələr verməsini təmin etmişdir.

Respublikada həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması da obyektiv reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Bütün mütərəqqi cəhətləri ilə yanaşı, bazar iqtisadiyyatı prinsiplərinin respublikamızda bəzi hallarda aztəminatlı təbəqəsinin sosial mənafeyinə qarşı yönəldiyi danılmaz həqiqətdir. Bu baxımdan, aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti ötən 7 illik dövrü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Azərbaycanda yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, qiymətlərin tənzimlənməsi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir.

2009-cu il martın 18-də keçirilmiş ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş mütərəqqi əlavələr və dəyişikliklər də Azərbaycanda hər bir vətəndaşın normal yaşayış səviyyəsinin, sosial rifah halının yüksəldilməsi, firavan yaşayışının təmini yönümündə həyata keçirilən tədbirlərin mahiyyətindən irəli gəlmişdir. Konstitusiyanın 12-ci maddəsinə edilmiş dəyişikliyə görə, insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına daxil edilmişdir. Bu əlavənin Konstitusiyada əksini tapması respublikanın maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artması, hökumətin iqtisadi siyasət strategiyasında sosialyönümlü məsələlərin prioritetə çevrilməsi ilə şərtlənmişdir. Azərbaycan dövləti insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi ilə öz vəzifəsini qətiyyən məhdudlaşdırmayıb, hər kəsin layiqli həyat səviyyəsinin təmin olunmasını da ciddi öhdəlik kimi üzərinə götürmüşdür.

Azərbaycanda uğurla gerçəkləşdirilən sosial təminat tədbirləri insanların həyati tələbatlarının ən azı minimum səviyyədə ödənilməsinə xidmət edir. Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən parlaq göstəricilərindən biri də ötən 7 ildə 900 mindən artıq yeni iş yerinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin 49 faizdən 11 faizə enməsidir. Gənc ailələrin mənzillə təmini üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq qaldırılması da bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.

Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında vurğulandığı kimi, bu ilin ötən 9 ayında icra olunmuş dövlət büdcəsi xərclərinin 2 milyard 65 milyon manatı və ya 30,2 faizi sosialyönümlü tədbirlərin - təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrinin maliyyə təminatına sərf edilmişdir. Bu, 2009-cu ilin eyni dövrü ilə müqayisədə 124 milyon manat və ya 6,4 faiz çoxdur. Böhranla üzləşən bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan hökuməti sosial müdafiə tədbirlərini də xüsusi diqqət mərkəzində saxlamışdır. 2010-cu ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, habelə hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları 10 faiz artırılmışdır. 394 min aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılmışdır. 14 minə yaxın şəhid ailəsi üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinə 50 faiz, 87 min nəfərdən artıq doktorant, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilmişdir.

2003-cü ildən ölkədə məqsədyönlü surətdə həyata keçirilən sosial infrastruktur layihələrinin əsasında da məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanmışdır. Dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşən Xınalıq kəndinə yolun, sovet dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərinin çəkilməsi, eləcə də Naxçıvanın fasiləsiz elektrik enerjisi və qazla təmin olunması, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya idman komplekslərinin tikintisi, çadır düşərgələrinin ləğvi və digər tədbirlər dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin dinamizmini, səmərəliliyini bir daha sübuta yetirir.

Son illərdə ölkədə uğurla həyata keçirilən siyasət Azərbaycan üçün taleyüklü bir sıra layihələrin gerçəkləşməsini, respublikamızın bütövlükdə Cənubi Qafqaz regionunda lokomotiv dövlətə çevrilməsini də təmin etmişdir. Dövlət başçısı İlham Əliyev reallığı düzgün dəyərləndirərək ölkə iqtisadiyyatının hərtərəfli inkişafının stimullaşdırılması üçün neft strategiyasının davam etdirilməsini, "qara qızıl"dan əldə olunan vəsaitlərin digər sahələrə yönəldilməsini vacib saymışdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasının reallaşdırılması baxımından da son 7 ili kifayət qədər uğurlu saymaq olar. Xatırlatmaq yerinə düşər ki, hələ 2005-ci il fevralın 18-də "Əsrin müqaviləsi" çərçivəsində "Mərkəzi Azəri" platforması istismara verilmiş, mayın 25-də BTC-nin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirilmişdir. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakıyla BTC-nin tam istismara verilməsi ilə bağlı möhtəşəm mərasim təşkil olunmuş, beləliklə, kimlərinsə bir vaxtlar əfsanə hesab etdiyi bu layihə "Əsrin müqaviləsi"nin imzalanmasının 12-ci ildönümü ərəfəsində gerçəkliyə çevrilmişdir. Cənab İlham Əliyevin siyasi iradəsi və səyləri ilə ötən beş ildə həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş, Azərbaycanın mavi yanacağı Avropa bazarlarına nəql olunmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, bir müddət əvvəl Xəzərin Azərbaycandakı sektorundakı "Ümid" yatağında külli miqdarda qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemindəki mövqelərini daha da möhkəmləndirəcəkdir.

BTC ilə yanaşı, Azərbaycan qazını dünya bazarlarına çatdıracaq Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verilmiş, Azərbaycanın mavi yanacağı - Türkiyə və Yunanıstan ərazisindən keçməklə - Avropaya çatdırılmışdır. Strateji əhəmiyyətli bu layihələrin həyata keçirilməsi sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş, ölkəmizin dünya üçün önəmi daha da artmışdır. Eyni zamanda, ABŞ və bir sıra Qərb dövlətlərinin birmənalı qarşılamadığı Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi də dövlət başçısı İlham Əliyevin diplomatik səyləri nəticəsində uğurla gerçəkləşmiş, heç bir ölkədən iqtisadi enerji asılılığı olmayan Azərbaycanın Cənubi Qafqaz regionundakı lider mövqeyi daha da möhkəmlənmişdir.

Azərbaycanın mühüm uğurlarından biri də onun qısa müddətdə Avropa üçün alternativ enerji mənbələri formalaşdırmaq, neft kəmərlərini şaxələndirmək təşəbbüslərini praktik fəaliyyət müstəvisinə keçirməyə nail olmasıdır. Respublikamız öncə GUAM çərçivəsində, sonra isə daha böyük geosiyasi arealda fəal əməkdaşlıq çevrəsi yaratmaqla Avropanın bir sıra aparıcı dövlətlərini yeni enerji təhlükəsizliyi sistemi ətrafında müzakirələrə cəlb edə bilmişdir. Bu baxımdan Azərbaycanın nefti və qazı hesabına yaradılacaq enerji təhlükəsizliyi sistemi ilə bağlı 2007-2008-ci illərdə Krakov, Vilnüs, Kiyev və Tbilisidə təşkil olunmuş enerji sammitlərinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Beynəlxalq əhəmiyyətli bu tədbirlərdə GUAM dövlətləri ilə yanaşı, Qazaxıstan, Polşa, Litva, Latviya, Estoniya, Rumıniya, Bolqarıstan kimi dövlətlərin də yaxından iştirak etməsi Avropada alternativ enerji mənbələrinə olan obyektiv tələbatın miqyası barədə aydın təsəvvür yaradır. "Nabukko" layihəsini həyata keçirəcək yeni konsorsiumun - Sarmatiyanın əsas məqsədi də məhz Azərbaycan Respublikası, Gürcüstan, Ukrayna və Polşa respublikalarının ərazisindən keçməklə Xəzər dənizindən Avropa bazarlarına və beynəlxalq bazarlara gedən daşınma sistemlərinin reallaşdırılmasının mümkünlüyünü təhlil etməkdir.

2010-cu ilin sentyabrında Azərbaycan, Gürcüstan, Rumıniya prezidentlərinin, habelə Macarıstan Baş nazirinin iştirakı ilə AGRI ("Azerbaijan-Georgia-Romania Interconnector") layihəsi ilə bağlı anlaşma memorandumunun imzalanması da respublikamızın neft və qaz kəmərlərinin şaxələndirilməsi sahəsində ardıcıl və məqsədyönlü siyasət yeritdiyini göstərir. Məlumat üçün bildirək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanmışdır. Sentyabrın 15-də isə Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI layihəsi çərçivəsində birgə müəssisənin yaradılmasına dair anlaşma memorandumu və yeni şirkətin nizamnaməsinin layihəsi imzalanmışdır. AGRI layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda maye hala salınıb Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Gələcəkdə Azərbaycan qazını Avropa Birliyinə üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaqdır.

Ümumilikdə bu sahədə qazanılan uğurlar göstərir ki, respublikamız son 2 ildə dünya iqtisadiyyatına sarsıdıcı zərbə vuran qlobal maliyyə böhranından maksimum sığortalanmış, çətin şəraitdən az itki ilə çıxmışdır. Böhrana qarşı etibarlı sipərə çevrilən bu mütərəqqi inkişaf strategiyası qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məqamları özündə ehtiva etmişdir. Əminliklə demək olar ki, Azərbaycan xalqının milli mənafeyinə cavab verən bu siyasət qarşıdakı illərdə də inamla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.- 21 dekabr.- S. , 4.