İnsan hüquq və
azadlıqlarının etibarlı təminatına
yönəlmiş məhkəmə-hüquq islahatları
Dövrün tələbi ilə
səsləşən mütərəqqi hüquq
islahatlarının aparılması, ədalət
mühakiməsini həyata keçirən məhkəmələrin
müstəqilliyinin təmin olunması, qanunun aliliyi prinsipinin
bütün səviyyələrdə qorunması
vətəndaş cəmiyyəti quruculuğu prosesinin
fundamental şərtlərindən biridir. Təcrübə
göstərir ki, yeni, müasir və təkmil
dövlətçilik modelinin yaradılması, demokratik
idarəetmə meyarlarının cəmiyyət həyatının
ən müxtəlif sahələrində bərqərar
olması çevik hüquqi mexanizmlərin
yaradılmasından bilavasitə asılıdır.
Şübhəsiz,
ictimai münasibətlər qanunlarla
tənzimləndiyindən, cəmiyyət həyatındakı
mühüm yeniliklər hüquq sistemində də
əsaslı dəyişikliklər və yeniləşmə
tələb edir. Bu reallığı nəzərə alan
Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu
məhkəmə-hüquq islahatlarını inamla davam etdirir.
Dövlət başçısı sosial-iqtisadi
uğurların miqyasına, habelə cəmiyyətin demokratik
şüur səviyyəsinin yüksəlməsinə paralel
olaraq qanunların liberallaşdırılmasını,
məhkəmələrin fəaliyyətinin
müasirləşdirilməsini vacib sayır.
Bu
məqsədlə hələ 2004-cü ilin dekabrında
"Məhkəmə-Hüquq Şurası haqqında"
qanun qəbul olunmuş, "Məhkəmələr və
hakimlər haqqında" qanuna bir sıra mütərəqqi
dəyişikliklər edilmişdir. "Konstitusiya
Məhkəməsi haqqında" qanuna əlavə və
dəyişikliklər edilməsi haqqında" 2003-cü il
23 dekabr tarixli qanuna əsasən, vətəndaşların
pozulmuş hüquq və azadlıqlarının
bərpası ilə bağlı birbaşa Konstitusiya
Məhkəməsinə müraciət etməsi hüququnun
həyata keçirilməsi mexanizmləri
müəyyən edilmişdir.
Möhtərəm Prezident İlham Əliyevin inamla
həyata keçirdiyi məhkəmə-hüquq
islahatlarının əsas qayəsində həm də
regionlarda yaşayan vətəndaşların qanuni maraq və
mənafeyinin ədalət mühakiməsi yolu ilə
qorunması mexanizmlərinin təkmilləşdirilməsi
olmuşdur. Bu baxımdan dövlət
başçısının 19 yanvar 2006-cı il tarixli
"Azərbaycan Respublikasında məhkəmə sisteminin
müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" fərman respublikanın məhkəmə
sisteminin əsaslı şəkildə
müasirləşdirilməsi və
təkmilləşdirilməsi prosesində mühüm
addımlardan biri kimi dəyərləndirilə bilər.
Fərman bölgələrdə yaşayan
vətəndaşların məhkəmələrə
müraciət imkanlarını genişləndirmiş, bu
sahədə bir sıra mütərəqqi yeniliklərə
imkan yaratmışdır. Dövlət
başçısının fərmanı əsasında
Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan
apellyasiya məhkəmələri, Naxçıvanda
Ağır Cinayətlərə Dair İşlər
üzrə Məhkəmə, Bakıda 2 saylı Yerli
İqtisad Məhkəməsi, Sumqayıt və
Şəkidə yerli iqtisad məhkəmələri
yaradılmışdır.
Fərmanda Məhkəmə-Hüquq Şurasına
məhkəmələrdə hakimlərin sayının
artırılması ilə bağlı təkliflərin
ölkə başçısına təqdim edilməsi
ilə bağlı tövsiyənin əhəmiyyəti də
xüsusi vurğulanmalıdır. Şübhəsiz, apelyasiya
şikayətlərinin çoxluğu bir çox
hallarda birinci instansiya məhkəmələrində
işlərə ədalətli və obyektiv baxılmaması
ilə bağlı olurdu. Yalnız bir
məqamı vurğulamaq kifayətdir ki, son
dövrlərədək Bakı şəhərinin
rayonlarında məhkəmələrin icraatında bir
ildə 500-dən çox mülki, 150-dən artıq
cinayət və digər işlərin olması faktı
hakimlərin nə qədər gərgin iş
şəraitində işlədiyinin bariz
göstəricisi idi. Belə olan halda hər hakim bir
gündə 2, bəzən hətta 3 işə baxmaqla insan
taleyi baxımından həlledici qərar qəbul etməli
idi. Məhz bu səbəbdən də hakimlərin baxdığı
işlər üzrə məhkəmə
araşdırması bəzən səthi olur, vaxtın
azlığı tam və obyektiv məhkəmə
araşdırmasının aparılmasına imkan vermirdi. Bu isə müəyyən hallarda əsassız
və yolverilməz məhkəmə qərarlarının
qəbuluna gətirib çıxarırdı. Fərmanda
məhkəmələrin sayının artırılması
məsələsinə xüsusi diqqət ayrılması
məhz bu və digər obyektiv çətinliklərin aradan
qaldırılması məqsədi güdürdü.
Məhkəmələrdə hakimlərin sayca
azlığının ədalət mühakiməsinin
keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda
həyata keçirilməsində başlıca
problemlərdən biri olduğunu nəzərə alan
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 17 avqust
tarixli "Azərbaycan Respublikası məhkəmələri
hakimlərinin sayının artırılması və
məhkəmələrin ərazi yurisdiksiyasının
müəyyən edilməsi haqqında" fərmanı ilə
respublika məhkəmələri hakimlərinin sayı 153
ştat vahidi artırılmışdır. Hakimliyə
namizədlərin seçilməsi kimi mühüm
vəzifəni yerinə yetirən Hakimlərin Seçki
Komitəsinin məqsədyönlü fəaliyyətinin
nəticəsi kimi indiyədək 235 nəfər - 2007-ci
ildə 55, 2008-ci ildə 102, 2010-cu ildə isə 78
hakimliyə namizəd şəffaf və mütərəqqi
üsulla seçilərək hakim vəzifələrinə
təyin olunmuşlar.
Son
illərdə Azərbaycan Prezidenti İlham Əliyevin
xüsusi diqqət və qayğısı ilə
məhkəmələrin yeni bina və inventarla təmin
olunması istiqamətində də mühüm addımlar
atılır. Bu kimi məsələlər
dövlət başçısının 2009-cu il 6 fevral
tarixli sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü
illər üçün Dövlət Proqramı"nda da
geniş əksini tapmışdır. 2009-cu ilin mayında
Azərbaycan Respublikası Ali Məhkəməsinin
ən müasir standartlara cavab verən yeni binasının
tikilib istifadəyə verilməsi buna əyani sübutdur. Bu,
dövlət başçısının
məhkəmələrin fəaliyyətinə və hüquq
sistemindəki yerinə xüsusi həssaslıqla
yanaşdığını bir daha təsdiqləyir.
2009-cu ilin mayında Ali Məhkəmənin
açılış mərasimində iştirak edən
dövlət başçısı İlham Əliyev
məhkəmələrin çıxardığı
qərarların insan taleyi ilə bağlı olduğunu bir
daha vurğulamış, hakimlərə qanunun aliliyi
prinsipinə daha ciddiliklə yanaşmağı tövsiyə
etmişdir: "Mən binanın
təməl daşının qoyulması ilə
əlaqədar keçirilmiş mərasimdə demişdim ki,
bu bina - Ali Məhkəmə ədalət sarayı olmalıdır
və artıq biz bunu əyani şəkildə
görürük. Çox vacibdir ki, burada qəbul edilmiş
bütün qərarlar ədalətli olsun. Çünki
ədalət hər bir cəmiyyətin inkişafı
üçün başlıca amillərdən biridir. Hər
yerdə ədalət olmalıdır, ilk növbədə,
məhkəmə sistemində. Çünki burada qəbul
edilmiş qərarlar insanların taleyinə təsir
göstərir. Bir də demək istəyirəm ki, heç bir
cinayət cəzasız qalmamalıdır, ancaq günahsız
insanlar da cəzalandırılmamalıdır. Ona görə
hakimlərin üzərinə çox böyük və
şərəfli missiya düşür".
Milli Məclisdə hazırlanmış və
Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının məhkəmə sisteminin
təkmilləşdirilməsi ilə bağlı bəzi
tədbirlər və "Məhkəmələr və
hakimlər haqqında" və
"Məhkəmə-Hüquq Şurası haqqında"
Azərbaycan Respublikasının qanunlarına
dəyişikliklər və əlavələr edilməsi
barədə" qanun da son illər respublikada həyata
keçirilən məhkəmə-hüquq
islahatlarının uğurlu davamı kimi
qiymətləndirilməlidir. Qanunla
"Məhkəmələr və hakimlər haqqında"
qanunun birinci maddəsinə edilmiş dəyişikliyə
əsasən, ismin müvafiq hallarında verilmiş
"Ağır cinayətlərə dair işlər
üzrə məhkəmə" sözləri ismin
müvafiq hallarında "ağır cinayətlər
məhkəməsi" sözləri ilə əvəz
edilmişdir. Yəni sözügedən qanuna əsasən,
"Ağır cinayətlərə dair işlər
üzrə məhkəmə" bundan sonra, Ağır Cinayətlər
Məhkəməsi adlandırılacaqdır. Eyni zamanda,
"Ağır cinayətlərə dair işlər
üzrə Naxçıvan Muxtar Respublikası
məhkəməsinin" sözləri "Naxçıvan
Muxtar Respublikası Ağır Cinayətlər
Məhkəməsinin" sözləri ilə
dəyişdirilmişdir.
Qanunda
əksini tapan digər mühüm yenilik yerli iqtisad
məhkəmələrinin adının və ərazi
yurisdiksiyasının dəyişdirilməsi ilə
bağlıdır. Belə ki, 4-cü maddəyə
əsasən, qanunun mətnində ismin müvafiq hallarında
verilmiş "yerli iqtisad məhkəməsi"
sözləri ismin müvafiq hallarında "inzibati-iqtisadi
məhkəmə" sözləri ilə əvəz
edilmişdir. Yəni, yerli iqtisad məhkəmələrinin
bundan sonra inzibati-iqtisadi məhkəmələr
adlandırılması nəzərdə tutulur.
Naxçıvan, Bakı, Gəncə, Sumqayıt, Şəki,
Şirvan yerli iqtisad məhkəmələri bundan sonra
inzibati-iqtisadi məhkəmələr adı altında
fəaliyyət göstərəcəklər.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul
tarixli "Azərbaycan Respublikasının məhkəmə
sisteminin təkmilləşdirilməsi ilə bağlı
bəzi tədbirlər və "Məhkəmələr
və hakimlər haqqında" və
"Məhkəmə-Hüquq Şurası haqqında"
Azərbaycan Respublikasının qanunlarına
dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi haqqında" fərmanı ilə bir sıra yeni
məhkəmələr təşkil edilmişdir. Belə ki, fərmanda Ağır Cinayətlərə
Dair İşlər üzrə Azərbaycan
Respublikasının Məhkəməsi əsasında Bakı
Ağır Cinayətlər Məhkəməsinin, habelə
Lənkəranda, Gəncədə, Şəkidə
ağır cinayətlər məhkəmələrinin
yaradılması nəzərdə tutulur. Fərmanla,
həmçinin, Bakı, Lənkəran, Gəncə,
Şəki şəhərlərində yeni ağır
cinayətlər məhkəmələri
yaradılmışdır.
Fərmanla Məhkəmə-Hüquq Şurasına
inzibati-iqtisadi məhkəmələrin və ağır
cinayətlər məhkəmələrinin ərazi
yurisdiksiyasının müəyyən edilməsinə,
habelə Azərbaycan Respublikasının məhkəmə
sisteminə daxil olan məhkəmələrin hakimlərinin
say tərkibinin artırılmasına dair
təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etmək tövsiyə olunmuşdur.
Eyni zamanda, Azərbaycan Respublikası Prokurorluğu fərman
əsasında yeni məhkəmələrin təşkil
edilməsi ilə əlaqədar məhkəmələrdə
dövlət ittihamının müdafiəsi işinin
təşkilində müvafiq dəyişikliklər
etməlidir. Fərmana əsasən, Nazirlər
Kabineti yeni təşkil edilən məhkəmələrin
fəaliyyətinə zəruri şərait yaradılması
üçün onların binalar, avadanlıq, rabitə,
nəqliyyat vasitələri və digər ləvazimatlarla
təmin edilməsi məqsədi ilə tədbirlər
görməlidir.
Dövlət başçısının 2010-cu il 9
avqust tarixli "Azərbaycan Respublikası apelyasiya
instansiyası məhkəmələrinin, ağır
cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi
məhkəmələrinin və hərbi
məhkəmələrinin ərazi yurisdiksiyası
haqqında" fərmanı da bu baxımdan mühüm
əhəmiyyətə malikdir. Fərmanla Azərbaycan
Respublikası apelyasiya instansiyası
məhkəmələrinin, ağır cinayətlər
məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin
və hərbi məhkəmələrinin ərazi
yurisdiksiyası təsdiq edilmişdir. Prezident
İlham Əliyevin 2010-cu il 9 avqust tarixli
"Məhkəmə quruluşunda bəzi
dəyişikliklər, hakimlərin ümumi sayı və
məhkəmələrin ərazi yurisdiksiyası
haqqında" fərmanı da Azərbaycan Respublikasında
məhkəmə quruluşunu təkmilləşdirmək
məqsədi daşıyır. Fərmanla
respublikanın məhkəmə sisteminə daxil olan
məhkəmələrin hakimlərinin ümumi sayı 600
nəfər müəyyən olunmuş, eyni zamanda
Cəlilabad şəhərində Cəlilabad Hərbi
Məhkəməsi təşkil edilmişdir. Fərmanla
Ağır Cinayətlərə Dair İşlər
üzrə Azərbaycan Respublikasının Hərbi
Məhkəməsi, Ağdam Hərbi Məhkəməsi, Qazax
Hərbi Məhkəməsi, Lənkəran Hərbi
Məhkəməsi və Sumqayıt Hərbi
Məhkəməsi ləğv edilmişdir.
Fərmanla, həmçinin, "Azərbaycan
Respublikası məhkəmələri hakimlərinin
sayının artırılması və
məhkəmələrin ərazi yurisdiksiyasının
müəyyən edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 447
nömrəli fərmanı qüvvədən
düşmüş hesab edilmişdir. Eyni
zamanda, Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə Cəlilabad Hərbi Məhkəməsinin
təşkil edilməsi, habelə hərbi
məhkəmələrin ərazi yurisdiksiyasının və
səlahiyyətlərinin genişləndirilməsi ilə
əlaqədar fəaliyyətlərinə zəruri
şəraitin yaradılması üçün onların
bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri
və digər təşkilati-texniki vasitələrlə
təmin edilməsi məqsədilə tədbirlər
görmək tapşırılmışdır.
Xüsusi
vurğulamaq istərdim ki, son illər ordu quruculuğu
sahəsində atılan inamlı addımlar hərbi xarakterli
cinayətlərin azalması ilə müşayiət olunur.
Silahlı Qüvvələrdə nizam-intizamın
gücləndirilməsi, əsgər və zabit heyətinin
mənəvi-psixoloji ovqatının yüksəldilməsi,
onların qanuni hüquq və azadlıqlarının
qorunması istiqamətində atılan addımlar
səmərəsini verir. Ağır
Cinayətlərə dair İşlər üzrə Azərbaycan
Respublikası Hərbi Məhkəməsi də
fəaliyyəti dövründə dövlət
başçısının fərman və
sərəncamlarından, tövsiyələrindən irəli
gələn vəzifələri həyata
keçirməklə respublikamızda hərbi
cinayətlərin araşdırılmasında obyektivliyin,
şəffaflığın, bir sözlə, ədalət
mühakiməsinin demokratikliyinin təmin olunmasına
çalışmışdır.
Bu gün hərbi məhkəmə orqanları
üzərlərinə düşən məsuliyyəti,
dövlət başçısının yüksək
etimadını dövlətçilik ideyalarına
sədaqətlə, xidməti vəzifələrinin
icrasına daim vicdanlı münasibət bəsləməklə
doğrultmağa səy göstərirlər.
Məhkəmə-hüquq sistemində aparılan islahatlar,
qəbul edilmiş yeni qanunlar və digər qanunvericilik
aktları bizi daha fəal və səmərəli çalışmağa,
qanunların aliliyinin təmin edilməsi uğrunda daha
barışmaz və prinsipial olmağa ruhlandırır.
İnqilab NƏSİROV,
Ağır Cinayətlərə
dair İşlər üzrə Azərbaycan
Respublikası Hərbi Məhkəməsinin
sədri
Azərbaycan.- 2010.- 21 dekabr.- S. 5.